Bakıda polyak şairi Çeslav Miloşa həsr olunmuş tədbir keçirilib

 

Oktyabrın 25-də “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruq İdarəsi “Şirvanşahlar Saray Kompleksi”ndə görkəmli polyak şairi, Nobel mükafatı laureatı Çeslav Miloşa həsr olunmuş tədbir təşkil edilib. Tədbir Azərbaycan Yazıçılar Birliyi, Polşanın Bakıdakı səfirliyi və “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruq İdarəsinin təşkilatçılığı ilə gerçəkləşib.

ANN.az-ın məlumatına görə, Çeslav Miloşun (1911- 2004) 100 illik yubileyilə bağlı tədbirdə iştirak etmək üçün vaxtilə onun şəxsi katibəsi və köməkçisi olmuş Aqnessa Koşinska Bakıya gəlib və sözügedən tədbirə qatılıb.

Görüşün məqsədi barədə qısa məlumat verən “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babulloğlu eyni zamanda A.Koşinska barədə bəzi bilgiləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, A.Koşinska Polşanın Yagellon Universitetinin polyak filologiyası üzrə məzunudur, Miloş yaradıcılığının bilicisi, redaktor və ədəbi tənqidçi kimi tanınır. 1996-cı ildən Miloşun ölümünədək – 2004-cü ilə qədər onun şəxsi katibəsi və köməkçisi kimi çalışıb. Nobel mükafatçısının vəfatından sonra Koşinska onun Krakov şəhərində yerləşən evinin və muzey-arxivinin, eləcə də şairin əsərlərinin hüquqlarının sahibidir. 2010-cu ildə A.Koşinskanın “Miloş haqqında söhbətlər” adlı kitabı işıq üzü görüb. Sonra söz Polşanın Azərbaycandakı səfiri Mixail Labendaya verilib. Azərbaycan dilində etdiyi çıxışda səfir şair Çeslav Miloşun dünya ədəbiyyatında yerindən danışıb və onun ölkəmizdə tanınmasından məmnunluğunu dilə gətirib.

AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid görüşün təşəbbüskarlarına minnətdarlığını bildirərək, Azərbaycan dilində çıxışına görə səfir M.Labendaya, həmçinin Bakıya gələrək bu görüşə qatıldığı üçün xanım A.Koşinskaya təşəkkür edib. R.Məcid Miloşun dünya poeziyasında xüsusi yer tutduğunu önə çəkərək, onun yaradıcılığının Azərbaycanda da təbliğ olunmasının əhəmiyyətini vurğulayıb.

A.Koşinska tədbir boyu Miloşun ömür və yaradıcılıq yolu, onun dünyagörüşü, ədəbiyyat, həyat və insanlar haqda düşüncələri barədə ətraflı məlumat verib, Polşa ədəbiyyatının dünyada tanınması istiqamətində görkəmli şairin xidmətləri və başqa məsələlər haqda söz açıb, iştirakçıların suallarını cavablandırıb. Görüş iştirakçıları Çeslav Miloşun şeirini müəllifin öz səsindən dinləyib, onun müxtəlif illərdə çəkdirdiyi fotoşəkillərdən ibarət geniş slayda tamaşa ediblər. A.Koşinska və S.Babullaoğlu şairin şeirlərini (orijinalda və Azərbaycan dilində) səsləndiriblər.

 

 

525-ci qəzet.- 2011.- 27 oktyabr.- S.7.