Şəfəq Əlixanlı: “Azərbaycan radiosu 85 il ərzində böyük bir akademiyaya məxsus missiyanı yerinə yetirib”

 

1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun fəaliyyətə başlaması ölkəmizdə mühüm ictimai-siyasi və mədəni hadisə idi. Müstəqil Azərbaycanda həmin gün teleradio işçilərinin peşə bayramı kimi qeyd olunur. Azərbaycan Radiosunun ədəbiyyat və incəsənət redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı əmindir ki, jurnalistdən böyük ürək və sevgi tələb edən Radio – özü də böyük sevgiyə layiqdir!..

– 85 yaşlı radioda çalışmaq sizin üçün nə deməkdir?

– Radio həyatımın mənasıdır. Gənclik çağımdan radiomuzun ən sədaqətli dinləyicilərindən olmuşam. Nə vaxtsa eşitdiyim bir ifadəni yüz kərə təsdiqləyirəm: Azərbaycan radiosu böyük bir akademiyadır, elm və bilik mənbəyidir. Bu verilişləri dinləyə-dinləyə, insan özündən bixəbər, böyük elmlərin qapılarını açır. O üzdən burda çalışmaq insana qürur verir.

– Necə oldu ki, radioda işləmək qərarına gəldiniz?

– Oxuduğum 132 saylı orta məktəb Azteleradioya yaxın olduğundan, müxbirlərin yolu çox tez-tez düşərdi. Son sinifdə bizdən müsahibə almağa gələn müxbirin “kim olmaq istəyirsən?” sualının cavabında “jurnalist, sözün əsl mənasında ədəbiyyatçı” olacağımı söyləməyimlə müxbirin mikrofonu mənə uzatmağı bir oldu. Sinif yoldaşlarımdan müsahibə almağı mənə həvalə etdi. Məktəbdə ədəbi tədbirlər aparmaq təcrübəm olduğundan, bu mənə çətin gəlmədi. O müsahibədən sonra, yəni 1973-cü ildən Radionun “Ədəbi-dram” verilişləri redaksiyası ilə əməkdaşlıq etməyə başladım. Sonradan ADU-nun filologiya fakültəsini bitirib, Azərbaycan radiosunda çalışdım. Bu ocaqda kiçik redaktorluqdan baş redaktorluğa qədər yaradıcılıq yolu keçdim. İlk dəfə efirə “Sabahınız xeyir”lə çıxdım. İndi “Sabahınız xeyir” verilişinin 37 yaşı var və hər bazar günü onu ilk günkü sevgiylə efirə hazırlayıram.

– 70-ci illərdə TV artıq populyar idi. Nə əcəb radioya üstünlük verdiniz?

– Radioya sevgimi heç əskiltməmişəm. Televiziyadakı parlaqlıq mənim gözümü qamaşdırmayıb. TV-də çalışan həmkarlarımın əməyini hədsiz dərəcədə yüksək qiymətləndirirəm. Orada iş böyük zəhmət tələb edir. Amma radio insandan daha çox ürək istəyir. Efirdən deyilən söz qulaqdan birbaşa ürəyə yol alır. Radio dinləyicinin təsəvvürünü zənginləşdirir. Mən efirdəki sözü bütün çalarları, boyaları ilə görür və dinləyicimə ünvanlayıram...

– Bir zaman TV-lərin radionu, teatrı, qəzetləri sıxışdırıb meydandan çıxaracağı iddia olunurdu. Amma bu gün ölkəmizdə radioların da sayı artıb, teatr və qəzetlər də fəaliyyətdədir. İndi isə deyirlər ki, internet hər şeyi sıxışdırıb atacaq...

– ...Əlbəttə, texnogen əsrində dinləyicini heyrətləndirmək, öz efir tezliyində saxlamaq o qədər də asan deyil. Hərdən təlaşlanırsan, görəsən TV-də praym-taym zamanı radiodakı verilişimiz dinlənirmi? Dinlənir, canlı efirə, redaksiyaya çox sayda zəng gəlir. Buna görə bir daha əminliklə deyirəm, radio, televiziya, “net” saytları, eləcə də sənətin başqa növləri bir-birinə paralel, mane olmayacaq, heç vaxt kəsişməyəcək xətlərə bənzəyir... Tamaşaçı, dinləyiciyi o yollardan istədiyini seçir.

– Əsasını Ordubadinin qoyduğu ədəbi-dram redaksiyasının radio tamaşaları hələ də yaşlı nəslin xatirindədir. Azərbaycan radiosu bu ənənəni qoruya bilibmi?

– Şübhəsiz, qorunub saxlanılır. Mən özüm həmin “radio-teatr”la böyüdüm. Bu gün çox şadam ki, Azərbaycan radiosunun “Qızıl Fond”undakı teatr xəzinəsində mənim də payım var. Müəllifi olduğum və tərcümə edib, radio üçün səhnələşdirdiyim tamaşalarla...

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi o ağır illərdə cəmiyyətdə çaşqınlıq vardı, keçid dövrünün acıları hər bir insanın, xüsusən gənclərin üzündən oxunurdu. Jurnalistika fakültəsində dərs dediyim üçün bütün bunları özüm yaşayırdım. Hiss edirdim ki, radionun elmi təbliğatçıya çevrilməsinə böyük ehtiyac var. Və...Nobel mükafatı laureatlarının əsərlərini tərcümə edib radio üçün səhnələşdirərək silsilə tamaşalar təqdim etdik. Klassiklərimizin seçilmiş əsərlərinin yenidən efirə gəlməsinə çalışdıq. Bədii əsəri oxumağa səbri çatmayan hər kəs qısa vaxt ərzində bu əsərləri dinləmək, mənəvi qida almaq imkanı qazana bilsin deyə.

O zaman bu işdə bizə dəstək olan insanlara sonsuz təşəkkürüm var. Həmin dövrdə əsəri səsləndirmək üçün akyorları radioya gətirmək çox çətin idi. Rejissor işi ağır zəhmət tələb edirdi. Belə vaxtda indiki sədrimiz, o zaman sədr müavini vəzifəsində çalışan Arif Alışanov bizə çox dəstək oldu. Arif müəllim: – Nə olursa-olsun, radio tamaşalarını davam etdirmək lazımdır, – deyirdi. Özü çox böyük ədəbiyyat həvəskarı, zövqlü oxucu olduğu üçün təqdimatlara məmnuniyyətlə qol çəkirdi. Bu inamın nəticəsidir ki, radio-tamaşalarımız bu gün də dünyanın ən aparıcı kanallarıyla rəqabət apara biləcək gücdədir. O çətin günlərdə hər birimiz “bu gün üçün deyil, sabah üçün” yaşayırdıq. Azərbaycan radiosu zamanın fövqündə dayanıb, efir əngəlliyindəki daha uzaq hədəfləri görərək, geniş üfüqlərə doğru addım atmağa çalışırdı...

– Azərbaycan radiosu özəl radiolarla rəqabət şəraitində özünü necə hiss edir? Sizin onlardan üstünlüyünüz və ya zəifliyiniz nədədir?

– Düşünmürəm ki, Azərbaycan radiosu özəl radiolarla rəqabət aparır. Onlar bizimlə rəqabət aparmaq niyyətində ola bilər. Ən böyük üstünlüyümüz odur ki, Azərbaycan radiosu böyük məktəbə və səs xəzinəsinə malikdir. Tarix öz işini görüb. Böyük sənətkarların çıxışlarının Azərbaycan radiosundan başqa bir yerdə lentə alınması daha mümkün deyil. Yetər ki, bugünkü gənclik minnətdarlıq hissi ilə həmin xəzinədən bəhrələnsin və onu qoruyub gələcək nəsillərə ötürsün. Zamanla ayaqlaşmağa çalışdığımızdan sürət və ahəng Azərbaycan radiosuna gəlib. Özəl radiolardakı həmkarlarıma da uğurlar diləyirəm, amma onlar mütləq böyük məktəb keçməlidirlər. Çünki özəl radiolarda ara-sıra rastlaşdığımız milli-mənəvi dəyərlərdən uzaq, etik normaları aşan, ana dilinə hörmətsiz münasibət var. Radio efirinə çıxan istənilən gənc mikrofon önündə sözün məsuliyyətini dərk edərək dayanmalıdır.

– Bəs bugünkü gənclik üçün 85 yaşlı radio maraqlıdırmı? Doğrudanmı, gəncləri yalnız şou-biznes qalmaqalları və ya hansısa bəsit ideyalar maraqlandırır...

– Dinləyici haqlı olaraq, əsrin, zamanın surətini umur proqramlardan... Zamansa, bizdən sanki bir addım öndə gedir, dünyanın bir qütbündən – o biri qütbünə yollar heç belə gödək olmamışdı...

Bir neçə il öncə içimdə qəribə bir həyəcan vardı. Azərbaycan radiosu sanki addımlarını ləngidir, həyatla ayaqlaşmağa nəfəsi çatmırdı. Radio üzrə indiki sədr müavini Cavanşir Cahangirov kollektivə təqdim ediləndə fikirləşdim ki, həyatı boyu televiziyada çalışan bir insan həqiqətənmi radionu bizim qədər sevə, duya biləcək? Üç-dörd ay keçdi. Bura cavanların axını vardı. Cavanşir müəllim həm gənclərə, həm də səriştəli nəslə bərabər yaradıcı mühit yaratdı və: – Radiomuzun əvvəlki şöhrətini qaytarmalıyıq, – dedi, – bu isə gənclikdən necə istifadə etməyimizdən asılıdır. Sürət, zamanın ritmini tutmaq cavanlardan, yaşlı nəsildənsə peşəkarlığı ilə yüksək efir mədəniyyəti, intellekt tələb olunurdu. Bu gün 85 yaşını haqlayan radiomuz gəncləşərək, yeniliyin üzünə qapı açaraq, istədiyinə nail olub. Efirimizdəki yeni nəfəslər, gənc səslər, bəzən hətta ilk anda efirə yaramadığını düşündüyün səslər var. Amma bu səsin arxasında ağıl, ritm, həyat dayanır. Və artıq onun səsilə barışırsan. İntellekt mütləq öz varlığını təsdiq edir.

Gənclərin şou-biznes qalmaqallarına marağına gəldikdə isə, görkəmli ədibimiz Nəriman Nərimanovun çox gözəl bir fikri var: Əsl natiq çıxışını nə alimin, nə çobanın səviyyəsinə kökləməz. Ən çətini də o “qızıl mərkəzi” tapmaqdı. Aparıcı sıradan dinləyicinin səviyyəsindən bir boy ucada durmalıdır. Yüngül şou, bayağı söhbətlər, qeybət bir müddət öz ətrafına dinləyici toplaya bilər. Amma düşünün, bu insanlara nə verir? Yalnız yanlışlıq və çaşqınlıq. Ona görə, hərdən “dinləyicini başımıza toplaya bilirik ki...” deməklə öyünən insanlara, xüsusilə gənclərə xatırlatmaq istərdim ki, belə kiçik, bəsit duyğular dəryadakı yelkənsiz qayıqlar kimidir, dərin dəryalarda üzən böyük gəmilərə bənzəməyə çalışın.

– Bu gün ədəbiyyatımızdakı boşluqdan, ssenari qıtlığından, aktyorların cılızlaşmasından tez-tez söhbət açılır. Radio mövcud vəziyyətdən necə çıxır?

– Biz hələ ki, kasadlıq çəkmirik. Azərbaycan radiosu 24 saat fasiləsiz çalışır. Amma redaksiyanın qovluğunda növbəsini gözləyən maraqlı hekayə, əsər, tamaşalarımız əksilmir. Düşünürəm təbiət kimi, ədəbiyyat və söz sənəti də qabarma və çəkilmələr dövrünü yaşayır. İndi bəlkə də Azərbaycan mədəniyyətində növbəti qabarmaya təkan anıdır. Deyim ki, gün də dəyərli əsərlərlə Azərbaycan radiosuna üz tutanlar az deyil.

– 85 yaşlı radio xalqımıza nə verdi?

– Azərbaycan radiosu 85 il ərzində böyük bir akademiyaya məxsus missiyanı yerinə yetirib. Bir sıra ölkədə milli-mənəvi dəyərləri, dilin saflığını qorumaq üçün böyük institutlar çalışır. Bizdə isə bunu Radio təkbaşına həyata keçirib. Milli Radiomuz hətta imperiya illərində xalqımızın dilini, adət-ənənələrini qoruyub, milli şüurun, ziyalılarımızın formalaşmasında, dövlətçilik ənənələrimizin unudulmamasında müstəsna rol oynayıb. Tariximizi əks etdirən tamaşa və verilişlər, ilk baxışdan adi görünən bədii qiraət parçaları keçmişimizə inam, sabahımıza, gələcəyimizə ümid aşılayıb. Müstəqilliyin bərpasında da radio əməkdaşlarının uzun illər çəkdiyi zəhmətin payı var. Azərbaycan radiosuna nahaq “Ana radio” demirlər. Həyatımız ana laylasının 4 misralıq bayatısından, xeyir-duasından boy verir. Mənə elə gəlir ki, 85 yaşlı Azərbaycan radiosu xalqımızın taleyində “Ana laylası” rolunu oynayıb.

– Yubiley qarşısında həmkarlarınıza nə arzulayırsınız?

– Radioya məhəbbət. Çünki radio fədakarlıq sevir. Qeybdən gələn səsin ürəklərə yol tapması üçün əllərindən gələni əsirgəməsinlər. Dinləyici soyuqda, ya istidə əyləşdiyinin, əhvalının yaxşı, ya da pis olduğunun fərqinə varmaz. O, səndən həmişə isti ürək sözünü gözləyir. Səmimi olmağı və radionu ləyaqəti ilə sevməyi arzulayıram. Radio bu böyük sevgiyə layiqdir.

 

 

SEVİNC

 

525-ci qəzet.- 2011.- 27 oktyabr.- S.7.