Behbud ağa Şahtaxtinskinin publisistik fəaliyyəti və “Kaspi” qəzeti

 

Müstəqilliyin xalqların tarixi taleyində əvəzsiz nemət olmasını etiraf etməmək mümkün deyil. O mənada ki, 160 ildən artıq bir müddətdə müstəmləkə havasızlığında nəfəs ala bilməyən xalqımızın suverenliyini qanı bahasına bərpa etməsi onun öz tarixinə, ədəbiyyatına, bir sözlə, etnik-mədəni sisteminə yenidən, ayıq nəzərlərlə baxması zərurətini ortaya qoyur. Vaxtilə ömrünü, qüvvəsini mənsub olduğu millətin yolunda əsirgəmədən fəda edən Vətən övladlarının xalqla bir olan əsas amalları, məqsədləri məhz müstəqillik məfkurəsindən baxılanda daha aydın görünür...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 21 fevral 2011-ci il tarixli sərəncamına əsasən oktyabrın 12-də 130 illik yubileyi qeyd olunan Behbud ağa Şahtaxtinski elə bir soy-kökə mənsubdur ki, o nəslin digər nümayəndələri də öz fəaliyyətləri ilə milli dövlətçiliyimizə böyük xidmətlər göstərmişlər. Böyük şəxsiyyətlərin ömrü illərlə deyil, onların əməlləri ilə ölçülür. 43 illik bir ömrə sığışmayan bu qədər çoxcəhətli fəaliyyəti, diplomatik manevrləri, jurnalistik və publisistik yaradıcılığı Behbud ağanın ensiklopedik bilikli bir insan olduğunu təsdiq edir. Behbud ağa Şahtaxtinskinin publisistik fəaliyyətinin, siyasi-analitik görüşlərinin öyrənilməsində “Kaspi” (1881-1919) qəzetinin də mühüm yeri vardır. Qeyd edək ki, Behbud ağa Şahtaxtinski bu mətbuat orqanı ilə yanaşı, “Baraban” jurnalı və “Zakavkazye”, “Nicat”, “Azərbaycan”, “Bakinski raboçi”, “Kommunist” və s. qəzetlərdə də çıxış edərək dövlətin, millətin və xalqın taleyi məsələləri ilə bağlı öz maraqlı mülahizələrini bildirmişdir”. Behbud ağa sadaladığımız mətbuat orqanlarından “Baraban” dərgisinin redaktoru olsa da, digər qəzetlərdə də ardıcıl və yüksək səviyyəli məqalələrlə çıxış etmişdir. İndi isə tarixə bir ekskurs edək: “Kaspi” qəzetinin Azərbaycanın mətbuat mənzərəsində tutduğu mövqeyə, yerinə yetirdiyi missiyaya qısaca nəzər salaq.

1900-cü ilə qədər Qafqazda 56-ya qədər qəzet çap olunmuşdur. Bunlardan 23-ü rus, 15-i gürcü, 15-i erməni, yalnız 3-ü Azərbaycan dilində idi. Təkcə bu göstərici Azərbaycan xalqına onun dilinə olan ögey münasibəti çox açıq şəkildə ortaya qoyur.Kaspiqəzeti çarizmin senzurasına baxmayaraq, fasiləsiz olaraq 38 il nəşr olunub. Rusiya müsəlmanları Şərq dünyasının əsas aparıcı informasiya vasitələrindən biri olub. 1891-ci ildəKəşkülqəzeti bağlanandan sonra təxminən 10 il ərzindəKaspiqəzeti yeganə informasiya qaynağı kimi çıxış edib. Qəzetin 1881-ci ildən 1919-cu ilədək 10 min 65 nömrəsi çıxmışdır.

Qəzetdə H.Zərdabi, N.Nərimanov, M.Mahmudbəyov, S.M.Qənizadə, F.Köçərli, C.Məmmədquluzadə, M.Şahtaxtlı, B.Şahtaxtlı başqaları çıxış edirdilər. M.Şahtaxtlı 1891-ci ilin iyun ayından etibarənKaspiqəzetinə redaktorluq etmişdir. Azərbaycan mövzusunu da ilk dəfə olaraqKaspi”yə gətirənM.Şahtaxtlı olmuşdur. Ancaq senzuranın diqqətindən yayınmaq məqsədilə qəzet M.Şahtaxtlının rəsmi imzası ilə çap olunmamışdır. 1902-ci ildə C.Məmmədquluzadənin Dəlmə bağları haqqındakı ilk məqaləsi Kaspiqəzetində işıq üzü görmüşdür. maraqlıdır ki, bu böyük Azərbaycan ziyalılarının qaldırdıqları çoxsaylı problem məsələlər qəzetin ümumi məsləki ilə daban-dabana ziddiyyət təşkil etmişdir.

O dövrdə Çar Rusiyasının senzura qılıncının iti olduğu bir dönəmdə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin, baş redaktor Əlimərdan bəy Topçubaşovun yaradıcı kollektivin məşəqqətli səyi nəticəsində qəzet Azərbaycançılıq istiqamətində fəaliyyətini davam etdirə bilmişdir. 1919-cu ildə fəaliyyətini dayandıranKaspiqəzetimüstəqilliyimizi əldə etdikdən sonra 1999-cu il mart ayının 7-dən fəaliyyətini yenidən bərpa etməklə öz missiyasını uğurla davam etdirir”.

XIX əsrin sonu, XX əsrin əvvəllərində görkəmli maarifçi, mətbu ictimai xadim Məhəmmədağa Şahtaxtlının xalqı qarşısındakı xidmətlərini nəinki təkrarlayan, hətta siyasi diplomatik cəhətdən bir qədər irəli aparan Behbud ağa Şahtaxtinskinindigər rusdilli mətbuat orqanları ilə yanaşı, “Kaspiqəzetində bir çox əhəmiyyətli məqalələri çap olunmuşdur”. Əgər M.Şahtaxtlı Fransada fransız dilində çap etdirdiyiTürkiyəni necə xilas etməliadlı çox sanballı məqaləsində Osmanlı Türkiyəsini xilas etməyin yollarını necə əsaslandırılmış şəkildə göstərirdisə, Behbud ağa Şahtaxtinskinin, xüsusilə 1917-ci ildəKaspiqəzetinin müxtəlif saylarında işıq üzü görən “Son günlərin hadisələrinə dair”, “Müsəlman gerçəkliyinin quruluşu”, “Son həftənin hadisələrindən”, “Müsəlman camaatının zəhmətkeş təşkilatlarının işlərindən”, “Fərəhli hadisələrdən”, “İkisindən biri”, “Bizim cəbhələrin yarılmasına dair”, “Siyasi düşüncəsizlik”, “Bir anın məsələlərinə dair s. məqalələrində Rusiyada gedən ictimai-siyasi proseslərə diqqət çəkirdi. Rusiyanın xilası timsalında islam ümmətinin qurtuluşu məsələlərindən bəhs edirdi. Eyni zamanda Rusiyanın beynəlxalq münasibətlər sistemindəki fəaliyyətinə siyasi-diplomatik səviyyədə qiymət verirdi.

Doğrudur, XX əsrin əvvəllərində tənqidi realist ədəbiyyatımızın bir çox nümayəndələrinin satira, felyeton bəzi hallarda məqalələrində üstü örtülü şəkildə çar istibdadına Sovet Rusiyasının saxtakar, ikiüzlü siyasətinə qarşı müəyyən eyhamlar vurulmuş, tənqidi fikirlər söylənmişdir. Ancaq Behbud ağanın yüksək siyasi intellektinin diplomatik səriştəsinin məhsulu olan məqalələri Azərbaycan siyasi publisistikasının yaddaqalan, tarixi nümunələridir. Fikrimizcə, onun tezislər şəklində irəli sürdüyü siyasi-analitik mülahizələri baxışlar sistemi beynəlxalq münasibətlərin tənziminə hesablanmış siyasət dərsləridir.

Kaspi” qəzetinin 5 may 1917-ci il 99-cu nömrəsində çap olunanSon günlərin hadisələrinə dair” məqaləsində Behbud ağa Şahtaxtinski Rusiya-Türkiyə münasibətləri müstəvisində müsəlman əhalinin başına gətirilən oyunlara diqqət çəkir. Xristian olmayanların silahsızlaşdırıldığı bir vaxtda guya müsəlmanların məqsədli şəkildə silahla təmin olunmalarını tənqid edən Behbud ağa yazırdı: “Türkiyədən işğal edilmiş Qars vilayətində və ətraf yerlərdə belə araqızışdırıcı şayiələr yayılır ki, müsəlmanlar hansısa cinayət məqsədləri üçün silahlanırlar. Bu şayiələrin əsasında günahı olmayan müsəlmanları döyürlər və hətta öldürürlər, onların əmlakını qarət edib talayırlar”.

“Müsəlman gerçəkliyinin quruluşu” məqaləsində isə Behbud ağanın Məhəmmədağa Şahtaxtlıya məxsus cəsarətinin şahidi oluruq. Bunu ona görə cəsarət adlandırırıq ki, o zaman Rusiyanın ünvanına “qəsbkar” ifadəsini işlətmək böyük risk demək idi. Məqalədə oxuyuruq: “Qəsbkar Rusiya təkcə rus xalqı üçün deyil, ondan asılı olan Şərq müsəlman xalqları üçün də acınacaqlı həyat şəraitinə çevrilmişdir. Mütləqiyyət rus hakimiyyəti inqilabçıları cəzalandırmaqla bərabər, qonşu İran ərazisində yaşayan müsəlmanları çaşqın vəziyyətə salmaq, sonradan bu əraziləri işğal etmək üçün külli miqdarda rus pulu sərf edirdi”. Behbud ağanın belə qeyrətli davranışını sonradan onun Leninə yazdığı məktublarından da görmək mümkündür. Görkəmli akademiklər İsa Həbibbəyli və İsmayıl Hacıyevin aşkar edib Azərbaycan ictimaiyyətinə təqdim etdiyi bu dəyərli məktublar Behbud ağanın bolşevizmin bir nömrəli şəxsinə qorxmadan, çəkinmədən rus siyasətinin fəsadları haqqında açıq fikirlər söyləməsi və Qızıl ordunu “irticaçı” kimi qiymətləndirməsi böyük siyasi hadisədir.

Behbud ağa Şahtaxtinskinin “Kaspi”də çap olunan elə bir məqaləsinə rast gəlmək mümkün deyil ki, orada Rusiya despotizminin ağır nəticələrindən və müsəlman əhalinin düçar olduğu acı məhrumiyyətlərdən bəhs olunmasın. Siyasi düşüncəsizlik” adlı məqaləsində müəllif bir çox problemləri diqqət mərkəzinə çəkir. İlk növbədə Behbud ağa Şahtaxtinski “Fəhlə və hərbçi deputatları sovetinin xəbərləri” qəzetinin “az qala hər nömrəsində baş məqalələrin müsəlmanlara həsr olunduğunuqeyd edir. Və vurğulayır ki, müsəlman cəmiyyətində mövcud olmayanpanislamizmxofu yaratmaqla onsuz da problemlər məngənəsində boğulan bir qövmün daha da dözülməz duruma düşməsinə səbəb olacaqdır. Adını çəkmədiyi bir müəllifin eyniadlı məqaləsini tənqid edərək göstərirdi ki, “o, müsəlman milliyyətçiliyindən tədricən xristianlığa qənim kəsilmiş “panislamizm” düzəltmiş və nəhayətdə müsəlmanları ümumən azadlığın və xüsusilə də içində olduğumuz inqilabın düşməni kimi qələmə vermişdir. Nəticədə o, “müsəlman millətçiliyini inqilabi iradə qarşısında, onun tələbləri qarşısında baş əyməyə məcbur etdirməyi” inqilabi demokratiyaya tövsiyə edir”. Eyni zamanda Behbud ağa Rusiyanın düşünülməmiş xarici siyasətinin də özünə haqq qazandırma mahiyyətində olduğunu vurğulayaraq yazırdı: “Siyasi düşüncəsizlik” məqaləsinin müəllifi menşeviklərə xas çılğınlıqla Asiya materikində təzahür edən ədalətsizlik hallarına əsaslanaraq İtaliyanın “dinc işğal” siyasətini müdafiə edir. Rusiyanın bəyan edilmiş prinsiplərə qoşulmaq çağırışına Albaniya üzərində öz protektoratlığını (imperialistlərin müstəmləkə xalqları əsarətdə saxlama üsullarından biri – F.Y.) elan etməklə cavab verən İtaliyanın əməllərindən rus demokratiyasının hiddətləndiyi bir zamanda yerli demokratik qəzetin bu daimi yazarı müsəlman şurasının üzərinə var qüvvəsilə düşür ki, bəs onun etiraz çağırışı nə isə xoşagəlməz bir şeydir”.

Behbud ağa ŞahtaxtinskininSon həftənin hadisələrindən” adlı məqaləsində “siyasi müdriklik” ifadəsinə rast gəlirik ki, bu da ümumiyyətlə, rus siyasətində olmayan, ancaq Behbud ağa kimi peşəkar bir diplomatın baxışlarında ortaya çıxa bilərdi. Müəllif bu ifadəni Rusiyanın qonşu dövlətlərlə münasibəti kontekstində gündəmə gətirir. Əslində Rusiyanın mehriban qonşuluq və əməkdaşlıq prinslərinə heç bir zaman əməl etmədiyi fikrini diqqətə çatdırır: “Rusiya Ukrayna muxtariyyətinə həssas yanaşmamaqla yanaşı, bu muxtariyyətə əngəl olur, ondan qopmağa çalışan Finlandiyanı da özündən asılı saxlamağa çalışır ki, bu da rus demokratiyasına ziddir. Siyasi müdriklik Rus rəhbərliyindən tələb edirdi ki, FinlandiyaUkrayna məsələsində sülhsevər mövqe tutsun”. Fikrimizcə, Behbud ağanın Rusiyanı müdrikliklə idarə olunandemokratik görmək arzusu, əslində rus sevgisindən deyil, Zaqafqaziyadakı müsəlman çoxluğun taleyini düşünmək zərurətindən irəli gəlirdi.

B.Şahtaxtinski bütün müharibələrin əleyhinə idi. I Dünya müharibəsinin törətdiyi fəlakətlərdən və dünya dövlətlərinin yürütdüyü siyasətin mahiyyətindən xəbərdar olan böyük diplomat Rusiyanın mövqeyinin anlaşılmaz olduğunu qeyd edirdi. Onun fikrincə, siyasi gedişatdan asılı olaraq Rusiya xarici siyasətində seçim etməlidir. Müəllif “İkisindən biri” məqaləsində yazır: “Beləliklə, demokratik Rusiya üçün tale ixtiyarında ikisindən biri qalır: ya ingilis-fransız imperialistlərinin avantüralarının fəal iştirakçısı olur, yaxud ən pisi Mərkəzi Avropanın müttəfiqi olur”. Daha sonra fikirlərini davam etdirən Behbud ağa “Hər cür məzəmmətdən azad olaraq Rusiya gərək öz münasibətini xalqların apardıqları böyük müharibəyə (I Dünya müharibəsi – F.Y.) bildirsin və təsadüfən o özünün səsləndirdiyi şüarına əməl etsin. Həmin şüar belədir: Qəsbkarlıqsız azadlıq və xalqın öz istəyi əsasında təzminat”.

Vaxtilə fransız Lüsyen Büvanın Məhəmmədağa Şahtaxtlı haqqında dediyiBütün müsəlman Şərqi Məhəmmədağa Şahtaxtlıya minnətdar olmalıdır” fikirlərini heç tərəddüd etmədən Behbud ağaya da şamil etmək olar. Çünki çətin və kəşməkəşli taleyi ilə məhz Azərbaycanın ərazi bütövlüyünü düşünən, bütün müsəlman əksəriyyətinin qayğıları ilə yaşayan böyük şəxsiyyətin apardığı qətiyyətli mübarizə və diplomatik manevrləri bunu deməyə əsas verir. Məntiqi olaraq bu, sovet ideologiyasının prinsiplərinə müvafiq nəticədir. Əgər “bu qovğadan çıxa bilsəydi” də, 37-ci ilin repressiyası ondan da yan keçməyəcəkdi. Behbud ağa Şahtaxtinskinin böyük cəsarəti, siyasi ayıqlığı və təkrarsız diplomatik hazırlığı onu xalqımızın yaddaşında əbədi etmişdir.

 

 

Fariz YUNİSLİ,

AMEA Naxçıvan Bölməsinin

elmi işçisi

 

525-ci qəzet.- 2011.- 27 oktyabr.- S.7.