Səttar dünyası – rənglərin ruhu, boyaların harmoniyası

 

Bugünlərdə İçərişəhərdə yerləşən “Art qalereya”da Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadənin əsərləri nümayiş olunurdu. Bəlkə, sərgi hələ də davam edir. Adıçəkilən məkan Səttar Bəhlulzadənin əsərlərinin aurası ilə çox uyuşurdu. Antik bir məkan. . Qədim daş-divar. Düzdür, həmin məkanda rəssamın barmaqlasayılacaq qədər əsəri sərgilənir. Onlardan da düz altısı nara həsr olunub. Elə sərginin reklamında da, çox doğru yerə, nar təsviri verilmişdi. Elə nardan başlayaq. Səttarın nara olan bu isti münasibəti heç də təsadüfi deyil. Nar, Səttarın gözündə, fırçasında dünyanın simvollarından biridir. Nar da bu dünya kimi sirli və möcüzəlidir. Bu dünyanın işlərinə əl aparmaq narın içərisindən-quruluşundan, düzülüşündən baş çıxarmaq qədər müşküldür. Ancaq Səttarın fırçasında ilk baxışda zahirən hər şey çox sadə görünür. Elə bu sadəlik də çoxlarının gözündə dahiyanə əsərlər müəllifini adiləşdirir. Səttarın əsərlərinə onun öz sağlığında belə ağızbüzənlər olub. Özü də lap çox olub. Ancaq Səttar öz aləmində olub, ağızbüzənlərə (pedantlara) əhəmiyyət belə verməyib. Səttar onları ona görə vecinə almırdı ki, canında-qanında sənət yanğısı var idi. Bu gün də Səttardan, onun əsərlərindən söhbət düşəndə çoxları bu əsərləri cızmaqara kimi qəbul etdiklərini dilə gətirirlər. Amma o da var ki, başa düşməyənlər də etirafda bulunurlar ki, Səttarın əsərləri cəzbedicidir, təsirlidir. Bu “inkarçıların “ özləri belə Səttarın rənglərinin harmoniyasını, boyasının ruhunu dərk etməsələr də, bu əsərlərin qarşısında tam laqeyd qala bilmirlər, daha doğrusu, bu əsərlər onları rahat buraxmayır, tam laqeyd qalmağa imkan vermir. Bəyənməyənlər də baxırlar, öz aləmlərində nəyinsə barəsində düşünürlər, hətta təəccüblənirlər də. Sənətin zaman-zaman dəyişilməyən ən ali missiyası bax elə budur: düşündürmək və təəccübləndirmək. Bəli, Səttarın əsərlərinə göz atıb keçmək, ilk baxışdan dərk etmək mümkün deyil. Adam bu əsərlərə baxanda nə barədəsə fikirləşməyə məcbur olur. Yaxşı deyiblər ki,heyrət varsa, sənət var. Səttarın əsərləri sadəcə göründüyü kimi deyil. Onun əsərlərinin zahirinin altında bir astar yatır. Bax, elə Səttarın gizlinləri həmin astarda, alt qatdadır.

Səttar Bəhlulzadənin tabloları praktiki formadan çox, romantik şəkildə dərk olunur. Bütün əsərlər insanın dünyabaxışından, həyatıdərkindən mayalanır. Səttarın da əsərləri onun romantizmindən qidalanır. Səttar Bəhlulzadə bir insan kimi də romantik-idealist olub. Mənə Səttar Bəhlulzadəni sağlığında görmək nəsib olmayıb. Ancaq onun əsərlərindən görünür ki, o, daxilən çox təlatümlü ( bəlkə də, zahirən qaradinməz bir şəxs olub ) bir insan olub. Əsərlərindəki şiddətli sənət yanğısı da bu fikrimizi təsdiqləyir.

Bu məqamda həmin məkanda Səttar Bəhlulzadənin sərgilənən bir fotosundan söz açmamaq ən azı insafsızlıq olardı. Ədalət naminə qeyd edim ki, həmin fotoya adicə foto demək, ona fotoaparatın statik, donuq bir məhsulu kimi baxmaq mümkün deyil. Dünyanın gərdişindən –dərd – ələmindən dərin xəyallara dalmış Səttarın nazik, uzun barmaqları arasından siqaret tüstülənir. Dünyamı Səttarı sorğu-sual edir, yoxsa Səttar sirrini verməyən dünyanı?! Bu fotoda Səttarın nə qədər əzabkeş bir insan olduğu da açıq-aydın görünür. Bir də bu fotodan Səttarın nə qədər fərqli bir adam olduğu görsənir.

Mənə elə gəlir ki,onun yaradıcılığında təbiət mövzusuna üstünlük verməsi onun fərqli bir adam-fövqəl azad adam olması ilə birbaşa bağlıdır. Səttarın bütün tablolarında intəhasız bir azadlıq var. Təbiətin özündə süslü, nizamlı,özünütənzimləyən bir azadlıq hökm sürür. Səttar Bəhlulzadə təbiətin sirrini öz duyduğu, öz bildiyi kimi rənglərin diliylə açmağa çalışıb.

İncəsənət tarixçisi olmasam da, onu əminliklə deyə bilərəm ki,Səttar Bəhlulzadə Azərbaycan rəngkarlığında məqamında ən böyük inqilabı edib. Böyük rəssam özünəqədərki yolla yox, özünəməxsus tamam təzə bir yolla getməli olub. Azərbaycan rəngkarlığına novatorluq gətirən görkəmli rəssamın mədəniyyət və incəsənət tariximizdə çox şərəfli bir yeri vardır. Mənə elə gəlir ki, Səttar Bəhlulzadə dünya rəngkarlıq sənətində də təkdir, bənzərsizdir, orijinaldır. Səttarın rəngkarlıqda əfsanə yaratdığı və özünün də əfsanəyə çevrildiyi danılmazdır. Sənət də onda əfsanələr yaradanlara ölməzlik bəxş edir.

Səttar Bəhlulzadə həmişə yaşayacaq bir sənətkardır. O, heç vaxt unudulmayacaq. O, həmişə yaşayacaq. O, daim xatırlanacaq. Bu əbədiyyətin, daim anılmağın sirri, onun yaradıcılığını ölməyə qoymayan görkəmli fırça ustasının həyat fəlsəfəsinin mayasındakı romantizmdir.

 

 

Xeybər GÖYYALLI

 

525-ci qəzet.-2011.- 27 oktyabr.- S.7.