Hicran
ömrünün bəyaz sahili
TEYMUR KƏRİMLİNİN “HİCRAN
ÖMRÜ” KİTABI HAQQINDA DÜŞÜNDÜKLƏRİM
Türk
dünyasının ölməzlərindən olan Nazim Hikmət
dostu, sirdaşı olan Mikayıl Rəfiliyə həsr etdiyi
şeirində yazırdı:
Şair ola
bilərdin, professor oldun.
Amma məsələ
bunda deyil.
Nədənsə
eyni fikri əlimdə olan bu kitabı, ədəbiyyatşünas
alim Teymur Kərimlinin “Hicran ömrü” adlı şeirlər
kitabını oxuyarkən beynimdən keçirdim. Amma təəssüf
eləmədim. Çünki T.Kərimlinin şair kimi
görünməməyi poeziya üçün itkidirsə də,
onun alim kimi fəaliyyəti bizim ədəbiyyatşünaslıq
elmimizə, klassik dəyərlərimizin təbliği və
tədqiqi istiqamətində nailiyyətlərimizə bir
qazancdır, başucalığıdır. O qədər ki, hətta
bu gün ədəbiyyatşünasların içərisində
belə onun inkişaf dövrlərinə, mərhələlərinə
müvafiq qütbləşmə, tədqiq elədikləri
zamana və sənətkar irsinə qapılıb daralma gedirkən
T.Kərimli xiridarı olduğu klassik ədəbiyyat qədər
onun çağdaş dövrü, ədəbi prosesi
haqqında dəqiq və səlis fikir yürüdə bilir.
Alimin yeni dövrdə çapdan çıxan “Nizami və
tarix”, “Görünməyən Füzuli” kitabları əslində
yeni düşüncə, təfəkkür quruculuğu
prosesindəki elmi çabasından , klassika ilə
çağdaşlığın qovuşuğundan hasilə
gələn mətnlərdir. Məlumdur ki, keçid
dövrü kimi xarakterizə olunan 1990-cı illərdə
klassik irs yeni ədəbi və mədəni quruculuq
üçün, yeni ədəbi-estetik dəyərlərin təşəkkülü
üçün mühüm əhəmiyyət
daşıyırdı və yeni zamanın irəli
sürdüyü problemlərin həlli və təhlili tələbatı
klassik irsi milli dəyərlər işığında, azad təfəkkür
məcrasında “oxumağı” mütləqləşdirirdi.
T.Kərimlinin bu dövrdə çap olunan “Nizami və tarix”,
“Görünməyən Füzuli” kitablarında əbədi
“insan –zaman”, “Tanrı-mən”, “həyat-ölüm” kimi məsələlərinin
rakursunun tapılmasına, onların dövrün mürəkkəb
və təzadlı proseslərində, harmoniya və mənəvi
kamillik axtarışlarında iştirak edən milli sərvət
kimi qiymətləndirilməsinə uğurlu bir cəhd
vardı. Birinci kitabda müasir tarix dəyişən xronotopun
indisində obyektiv təcrübələr məxəzi kimi
qiymətləndirilir və Nizami irsi bu zəmində enerji mənbəyi
kimi xarakterizə olunurdusa, ikinci kitab başqa bir dahi- Füzuli
tilsiminin “tozunu silməyə” yönəlmiş missiya idi. O qədər
ki, şair haqqında mövcud olan ”bu dünyadakı şerlərin
əksəriyyəti görünən torpaqların və ən
yaxşı halda görünən göy üzünün
şeridir. Füzuli şeri isə görünməyən
göy üzünün şeridir” (Vaqif Bayatlı Odər)
kimi fikirləri təqib qılaraq, eyni zamanda
füzulişünas kimi “puzxənd” eyhamlara giriftar olmamaq nədənindən
görünməyən göy üzünün şairini məchul,
sirli-sehirli dünyanın adamı kimi təqdim etməyi
özünün əməl borcu bilirdi. Kitabın hətta
adında ehtiva olunan qayəsi isə milli-mədəni ruhun
Füzuli müəmması önündə hələ də
çaşqınlığına bir işarə olmaqla
yanaşı bu dürlü varlığı naşı və
diletant yanaşmaların cəngindən almağa yönəlmiş
mübarək addım idi.
“Hicran
ömrü”sə alimin başqa, mənəvi-ruhsal
dünyasını sərgiləyən bir ömür
kitabıdır. Alimliklə ruhun qidasını doyurmaq olmur
axı, neyləyəsən ki, ürək dediyimiz nəsnə
yalnız şeir dilinə yuvasından çıxır və
bu məqamda poeziya, şeiriyyat insanın ruhi-psixoloji ovqatını
sərgiləyən ən mahir vasitəyə dönür. Əslində,
mən şairliyə heç vaxt peşə kimi
baxmamışam, şairlik poetik yaşam hadisəsidir,
insanın iç dünyasının şəklidir. Ona
görə də mübaliğəsiz bütün sənət
sahiblərinin peşələrinin yanına şair
sözü qədər əlavə olunan, yaxud bu iddiada
bulunmağa təşnəli olunan ikinci bir təyin yoxdur. Həkim-şair,
neftçi-şair, riyaziyyatçı şair, bəstəkar-şair
və s.. və i., nə qədər peşə saymaq olar,
şair sözünün təyini kimi. Təbii, bunlardakı
şair sözünü daha əvvələ
çıxartmaq da olar, bir şərtlə ki, yazılan
şeirlərin mayasında, şah damarında istedad olsun, həm
bu zaman şair adının özü təyin olmaq qüdrətini
ehtiva edəsidir.
“Hicran
ömrü”ndəki şeirlər qeyri-adi nəfəsdən,
yeni, orijinal siqlətdən xəbər vermir. Lakin T.Kərimlinin
şeirlərində poetik yaşam var, məna tutumu,
duyğulandırmaq gücü inkarolunmazdır. Onlarda ilk
növbədə, dünyaya, taleyə, insan dəyərlərinə
kompleks yanaşma ifadə olunur.. Şeirlərdəki estetik
tutum, misralardakı dinamika, oxucularla danışıq dili ilə
ünsiyyət qurmaq səriştəsi pərakəndə,
yalnız hansısa misranın künc-bucağına səpələnmiş
halda deyil, bütöv, kompleks yanaşmanın təzahürüdür.
Bir şey də var, bəlkə də struktur bizə
tanışdır, bu şeirlər sanki mövcud qəliblər
üzərində qurulub, lakin bizə həmin tanış
olan bu klassik forma-biçimlərə müasirliyin,
çağdaşlığın nəfəsi
qaynayıb-qovuşmuş haldadır.
Deyirlər,
məhəbbət cavanlaşdırır,
Bəs niyə
qocaltdı bu sevda məni?
Saçımı
çıxartdı əcəb “ağ günə”,
Günümü
qaraltdı bu sevda mənim.
Giley-güzarımı
deyimmi yara?
Yaramın
üstündən vurur min yara...
Mən hara, əzaba
bu dözüm hara?-
Gözümdə
ucaltdı bu sevda məni!
Girmədi
könlümə tərk etmək üçün,
Girdi –can
evimi tərpətmək üçün.
İpək
saçlarına bənzətmək üçün,
Günbəgün
saraltdı bu sevda məni.
Şeir
bütöv, kompleks münasibətin nəticəsi kimi hasilə
gəlir, yəni yalnız bir misranın, ayrılıqda,
hansısa bir ifadənın uğur yükü altında gizlənmir,
onun kölgəsində gəzmir. Məsələn,
kitabdakı bu şeirə bənzər poeziyamızda minlərlə,
bəlkə daha çox nümunələr yazılıb, bu
təbii bir prosesdir, ansaq bu şeirdə elə bir bakirəlik
damarı, sevgi titrəkliyi var ki, bu elə bütün səmimi
hissli şeirlərin boyuna biçilib. Yəni o damarı tutub
ya yaxşı yazmaq olar, ya da sadəcə boş vermək,
boş buraxmaq. Şəhriyarın çox sevdiyim “Behcətabad
xatirələri “ adlı şeirində belə bir beyt var: “ Əzbəs
məni yarpaq kimi hicranla saraldıb, baxsan üzünə sanki
qızılgüldü qızarı”. Ovqatın rənglə
bəyan olması, rəngə qarışması, aşiqin
üzünə çökməklə onun içini sərgiləməsi
bayatılarımızdan bu günümüzədək
sözün şəkli olub, ruhun əhvalını bəyan
edən işarə sayılıb
Bir zamanlar sən
mənə canımdan
yaxın
idin,
Sərin bir
bulaq kimi qəlbimə axan idin.
İndi mən
oyanmışam...
sən
şirin yuxum idin,
İndi
ürəyim yanar, indi gözlərim ağlar.
Harda
qaldı o günlər. harda qaldı
o
çağlar?
Məni kimsə
əyməzdi,
məni əyən
sən oldun,
Gül donunu
çıxarıb alov
geyən sən
oldun.
Bir vaxt “sevirəm”
sözün mənə
deyən sən
oldun;
O
sözü eşidirmi indi başqa qulaqlar?..
Harda
qaldı o günlər,
harda
qaldı o çağlar?
Nağıllardan
doymadıq,
bizə nə
dedi gerçək?
Səni, ey
gidi dünya, səni, ey gidi gerçək!
Vüsal
nağıla döndü,
hicran –əbədi
gerçək.
Həsrətin
acısıdır, indi sinəmi dağlar,
Harda
qaldı o günlər,
harda
qaldı o çağlar?
T.Kərimlinin
şeirlərində klassik şeirin havasından gələn
düşüncə tərzi, yazı ədası var və
bu hava, havacat o qədər güclü, dominant mövqeyə
malikdir ki, hətta modern düşüncə kontekstindən
yazdığı şeirləri belə içində əridir,
yox edir. Kitabda əruz vəzninin tələbləri səviyyəsində
uğurlu poetik nümunələr ortaya qoyulub ki, onlar
aşiqlik bəlasının yaşantılarını, əzabı
ilə ərşə ucalmaqdan zövq alan sufi-panteist
dünyagörüşün ruhi-psixoloji məqamlarını
sərgiləyən nümunələrdir.
Mənim bu
zülmə dözən könlüm aslan
ər
kimidir,
Nə gizlədim,
qaniçən yar da şiri-nər kimidir.
Səninlə
olduğum o günlər
indi
keçmiş olub,
Gözümdə
o günlər lap indilər kimidir.
Şəkər
dadıdır, əzizim, sənin o son öpüşün
O busəni kəsən
andan dilim zəhər kimidir.
T Kərimli
qəzəl janrına, onun daxili struktur özəlliklərinə
yaxşı bələddir. Bu mənada, müəllif qəzəlin
kanonlaşmış obraz və məna poliqonuna özünəməxsus
dil, sintaksis səviyyəsində yüngülvari bir əl gəzdirməklə
ona çağdaşlıq donu geydirə bilir... Əlbəttə,
XXI əsrin çərəyində oturub min il əvvəlin
şeir dili ilə danışmaq o qədər də asan
deyil, yeni zaman yeni düşüncə planı gətirməyi
zəruri edir, fikirlər, onların ifadəsi və mənalanması
da təbəddülatlara, yeni modifikasiyalara məruz qalır.
Deyə bilərik ki, əgər bu gün flyaş, mesaj, test,
amobioz kimi sözlər həyatımızın bir hissəsinə,
gündəlik yaşantımızın əsas lüğət
tərkibinə çevrilibsə, bu halda niyə də poetik
lüğət tərkibi, bədii sintaksis yenilənməsin.
Amma klassika elə klassikadır, özümlülüyü,
çoxqatlı lüğət tərkibi də öz yerində,
həmişə baqi. Bu mənada, demək olar ki, müəllifin
ifadə tərzindəki modernlik islahatı yalnız zahiri
effekt yaratmaqla məhdudlaşmır, daha çox onunla
maraqlı və mənalı görünə bilir ki,
şeirin büsbütün məzmun planı dəyişir,
istifadə olunan komponentlər biri digərinə uyar və
münasib götürülür. Şeirdə ehtiva olunan
obrazlılıq ümumən məzmun planına tabe tutulur,
sevən aşiqin hisslərinin tərcümanı olan nəsnələrin
hərəkətverici qüvvəsi kimi çıxış
edir. Nəticədə, T.Kərimli yeni dövr
insanının fikir və düşüncələr
dünyasını, ehtiva etdiyi dünyagörüşü
çağdaş Azərbaycan poeziyasında köhnə
şeir formasında, amma yeni və fərqli düşüncə
kontekstində oturuşdura bilir.
Sən ilim,
ayım, günümsən,
gözəlim,
göyərçinimsən,
Elə bil
vitaminimsən,
yaşamaq ziyandı sənsiz.
Belədir bu
eşqə qayda,
nə xeyir
verir, nə fayda,
Bu həyat
bir iynə boyda,
bu
ömür bir andı sənsiz.
Ürəyim
yanan mayakdı,
gecələr
gözüm oyaqdı,
Yaşamaq
çətin sınaqdı,
ağır
imtahandı sənsiz.
Dururam
obaş səhərdən,
tutulur sinəm
qəhərdən.
Gicəlir
başım da hərdən,
elə bil
piyandı sənsiz.
T.Kərimlinin
şeirlərində sevgi real, sevən isə ayaqları
üstdə möhkəm dayanan aşiqdir. Bu şerlərdə
gerçəkliyin təbiiliyi, ruhsal abstraksiya ilə canlı
yaşam stixiyası arasında qanunauyğun bir
bağlılıq, rabitə və sintez var. Şair eşq, məhəbbət
dünyasında can nisar etməyə hazır olduğunu
göstərməklə, aşinalığını sərgiləməklə
bərabər, bu dünyanın realiyasına da bir yaşam
ehtirası təlqin edir. Bu baxımdan, T.Kərimlinin lirik “mən”i
ayağını yerdən üzmədən sevən,
özünü Tanrı, dünya və təbiətlə vəhdətdə
dərk edən obrazdır: Ümumiyyətlə, T.Kərimli
öz hisslərini-istər ağrı, istər sevinc
ovqatında olsun, ifadə eləməyə gücü
çatan müəlliflərdəndir. Bu güc yalnız
elmin yox, həm də yaşanılan ömrün halallıq dərəcəsinin,
dünyanı müəyyən dərk məqamına yetən,
içindəki “mən”i mənəvi-ruhani müstəviyə
adlayan bir insanın varlıq göstəricisidir.
Şeytan gəlir
oğrun-oğrun,
İnsanı
haqdan ayıra.
Kərəmli
ev sahibini
Əziz
qonaqdan ayıra.
Gör kiminən
bəhsə-bəhsə,
Girib istəyir
tələsə,
İsmayılı
qurban kəsə,
Qoçu
bıçaqdan ayıra.
Biri
düzdü min kişidən,
Gəlir ala
din kişidən.
İmanı
mömin kişidən,
Dumanı
dağdan ayıra.
Üzə
desə hamı düzü,
Mərdlərin
bir olsa sözü,
Bacararmı
iblis özü,
Əti
dırnaqdan ayıra.
Kitaba ön
söz yazan Abuzər Bağırov haqlı olaraq bu şeirləri
“təbəssümdən mayalanan poeziya” adlandırıb. Yumor
əslində, T.Kərimlinin şair üslubunu səciyyələndirən
ən başlıca keyfiyyətlərdən biridir. Hansı vəzndə
yazılmağından asılı olmayaraq bu hiss kitabdakı
bir çox yerləri istila eləyib, bu və ya digər şəkildə
müəllifin ifadə və yanaşma tərzində dominant
xəttə çevrilir. Hərçənd “bizim
yaddaşımız unutmaq tərbiyəsi almayıb” (Lets), o
da ola yaradıcı insanın, söz adamının
yaddaşı. Bu mənada, keçmişin xatirələrindən
qurulan yaddaş hasarı önündə gülümsəmək
bir qədər zor iş, – bura hopan itkilərin,
acıların çeşidinə baxın –torpaq, dost,
yoldaş itkisinin ağrıları, nahaq yerə hicran
ömrü deməmiş ki, həyatına...( Füzuli dad
çəkdi hicran günündən / Mənim qismətimdə
hicran ömrü var”, yaxud “Həsəd aparıram bəxtəvərlərə
/ Mənə qəm yükünü daşıma
düşdü.”) Amma Əli Kərimin sözlərini bir
balaca dəyişib desək, yenə də yaşamağa
çoxdur təsəlli... Çətini hicran dənizinin
hardasa bəyaz sahili olduğuna ümid edərək
yaşamaqdır və yenə də çətini o sahili
axtarıb tapmaqdır...
Bu dünya
özü də əbədi deyil,
Kosmosda əbədi
zaman ömrü var.
Bütün
ömürlərdən uca tutulan
Nə
yaxşı dünyada insan ömrü var.
lll
“Şair ola
bilərdin, professor oldun.
Amma məsələ
bunda deyil”.
“Məsələ
bunda deyil” – yazırdı Nazim əfəndi. Məsələ
nədəydi ki. İstedadda, zənnimcə. Çünki ya
elə, ya da belə, fərqi yoxdur – yetər ki, istedad olsun,
yetər ki, seçilmişlərdən olasan. Onda
yaradıcı insanın səsinin bu göy qübbəsinin
altında daim yaşayacağına təsəllisi də
böyük olar.
Elnarə AKİMOVA,
filologiya üzrə fəlsəfə
doktoru
525-ci
qəzet.- 2011.- 29 oktyabr.- S.28.