Moskva qeydləri...
İyirmi il əvvələ qədər Moskva Sovet gənclərinin böyük əksəriyyəti üçün arzular, xəyallar şəhəri idi. İttifaq dönəmində, deyək ki, Kiyevdə yaşayan yeniyetmə ilə Bakıda yaşayan yaşıdını bir istək birləşdirirdi: Moskvada olmaq, azından Kremlin ətrafında bir iki dövrə vurmaq, Leninin ölməz mumiyasına tamaşa eləyib, ölmüş ruhuna fatihə oxumaq... Həmin dövr üçün bu arzunun reallaşması o qədər də çətin deyildi (əlbəttə ki bircə fatihə oxumaqdan başqa).
İndiki gəncliyin xəyalları daha çox əyləncə barlarıyla dolu Avropa şəhərləriylə bağlı olduğundan Moskva bizimçün əvvəlki sirliliyini, mübhəmliyini itirib bəlkə də. Lakin, anadan olandan 2 “sovet gənci” ilə bir evdə yaşamışam. Hər birinin də Moskvaya aid xatirələrini çox qürurla danışdıqlarının şahidi olmuşam. Atam məktəbi bitirəndə sinif yoldaşları ilə Moskvaya gedib gəzməyini həftənin birinci yarısında bir dəfə, ikinci yarısında isə iki dəfə danışmasaydı da, həftənin sonunda, istirahət günü mütləq yeddi dəfə danışmalıydı. Anam isə atasıyla 12 dəfə İmperiyanın müxtəlif şəhərlərini gəzsə də, Moskvanın müstəsna yerdə durduğundan dönə-dönə danışıb. Ona görə də bəzən “moskva” sözü mənə “nardaran”, “buzovna”, “əmircan” sözləri qədər yaxın görünüb. O vaxt mənim nəzərimdə doğma olan məkanlar da elə təqribən bu sıra ilə düzülürdü – Türkan, Buzovna, Moskva, Masazır və ən nəhayət, ADPU....
...Təyyarə şəhərin mərkəzindən 45 km. aralı olan Domodedovo kəndində yerləşən hava limanına enərkən pəncərədən aşağı baxdım və əvvəlcə göz işlədikcə görünən sarı rəngdən çaşdım. Elə bil Rusiyanın mərkəzi torpaqları sarılıq xəstəliyinə tutulmuşdu. Sonra ailəmdəki “sovet gəncləri”nin “Moskva yamyaşıl şəhərdir...” sözlərini xatırlayıb başa düşdüm ki, onların şəhəri oktyabr ayının sayəsində əynindən yaşılı soyunub payızı geyinib. Təyyarə enənə yaxın şəhərdə havanın temperaturu barəsində məlumat verilirdi: + 6 dərəcə selsi. Bakının istisindən nazik bir donda çıxan adam üçün sadəcə bu məlumatın özü üşüdücü Xəzridən də betər idi. Təyyarədən hava limanına düşən kimi “Gənclər”imin dayanmadan “qalın geyin”, “özünlə isti geyim götür” demələrinin səbəbini anladım. Sovet İmperiyasının 12 “Qəhrəman şəhər”indən biri olan Moskva məni soyuq qarşılamışdı. Ona görə sanki ilk dəfə düşdüyü yerdə hansısa məkanı öyrənməyə çalışan adamlar kimi hər qabağıma çıxandan – “Bilmirsiz, burda isinmək üçün Bakını hardan tapmaq olar?” – deyə soruşmaq istəyirdim. Amma qorxurdum ki, cavab əvəzinə moskvalıların sifətində sarımtıl və lovğa təbəssümlərlə üzləşim. Digər çıxış yolu çantamdakı guya qalın olan üst geyimlərindən götürüb geyinmək idi. Tənbəl-tənbəl bir kənara çəkilib çantamı hava limanında guya qaçacaqmış kimi bərk-bərk sarındığı şəffaf çadradan azad elədim, sarı donlu Moskvadan çox da geri qalmamaq üçün qırmızı plaşımı geyindim. Üzümü Qismətə tutub dedim: “Hə... İndi gedək”. Söhbət Bakını Meqapolis adlandırıb ona hüznlü şeirlər yazan gənc şairdən gedir, hər bir adamın alnına əyri-üyrü hərflərlə yazılmış qismətdən yox.
...Yolumuz Peredelkinoya idi. Burada Yazıçılar Birlikləri Beynəlxalq İttifaqının keçirəcəyi Gənc Yazarların I Beynəlxalq Müşavirəsinə dəvətli idik. Bəlkə ona görə çatandan içimdə qəribə, mistik aura var idi. Rus ədəbi mühitiylə, ordakı gənc yazıçılarla tanış olmaq yaranmış marağın bir tərəfi idisə, digər tərəfi də bəzi Azərbaycan romanlarının, şeirlərinin yarandığı məkanı görmək idi.
Moskvanın Bakıdan betər tıxacları imkan verirdi ki, yolları, adamları, maşınları, binaları rahat müşahidə edim. Yol boyu, göz işlədikcə tozağacı meşələri görünürdü. Şükürlər olsun ki bu meşəliklərdə kababxanalar, istirahət mərkəzləri görünmürdü. Gözlərim ağacların arasında “Pelmen dünyası”, “Borş aləmi”, “Nənəmin bubliki”, “İvanovun kvası” kimi restoran adları axtarsa da, şükür ki tapmırdı. Bu qeyri-adi, bəzən nida kimi dümdüz, bəzən sual kimi beli əyilmiş ağaclara tamaşa elədikcə 1924-25-ci illərdə Mərdəkanda bir illik qonaq olmuş Sergey Yeseninin ağ tozağacına yazdığı misraları (Belaya bereza pod moim oknom...) öz-özümə təkrarlayaraq məktəb illərini xatırlayırdım. Düşünürdüm, Yesenin bilsəydi ki, Sovet hökuməti onu barmağına dolayıb, İran əvəzinə Mərdəkana göndərib, qaça-qaça yola çıxardı və özünü qarşısına çıxan arabanın altına atıb öldürərdi.
Bu arada taksi sürücüsü
maşınındakı ən son naviqator sistemini dayanmadan “qurdalayaraq”
lazım olan ünvanı axtarırdı.
Fikirləşirdim, olardı burda Bakı
taksiləri, elə bircə dəfə gedəcəyin yerin “Gülçöhrə” şadlıq evi, yaxud 10-cu “kalon”un yanında olduğunu deyən kimi
işıq sürəti ilə lazımi ünvana
çatdırardılar. Bizimkilərin naviqatoru
deyəsən ancaq başlarındadı. Yoxsa ki, bu
cansız naviqator heç
ürəyimizcə deyildi... Amma naviqatorun yarıtmazlığının və
tıxacların bir müsbət tərəfi
var idi ki,
sürücüdən şəhər haqqında maraqlı informasiyalar almaq imkanı
yaradırdı. Məlum
oldu ki, mənim babamdan 3 yaş kiçik olan (1935) Moskva Metropoliteninin 182 stansiyası
var. Metro əhalinin əsas
istifadə etdiyi nəqliyyatdır. Çünki, şəhər küçələrindəki
tıxaclar dözülməz
və keçilməzdir.
Hətta
meriya avtobusların saatlarla tıxaclarda qalmaması üçün
xüsusi xətlərlə
marşrut yollarını
ayırıb. Elə bizim
sürücünün də
ötən ildən mer seçilmiş Sobyanin Sergey yoldaşdan ağız dolusu şikayət etməsinə
səbəb bu idi. Yəni yollar onsuz da
ensiz idi, bu xətlərlə hərəkət bir az da çətinləşib.
Domodedovodan Peredelkinoya getdiyimiz vaxt mənə sonsuz və üzücü gəldi. Elə bil
gedib çatmaq bilmirdik. Şəhər nədənsə bomboz görünürdü.
Yol boyu əkilmiş ağacların sarılığına
qarışan yeganə
rəng boz idi. Nədənsə içimdə belə
bir əhval yarandı ki, Moskva içində BOZartma bişirilmiş böyük bir qazandı. Hətta bəzən nağıllarda
çuğundur yanaqlı,
günəbaxan saçlı
təsvir olunan rus gözəlləri də dayanacaqda dayanan xanımların timsalında boz görünürdülər. Sanki, Sovet dövrünün
parlaqlıq, rəngarənglik
qadağaları bu şəhəri hələ
də tərk etməyib. Binalara, yollara, dayanacaqlara tamaşa etdikcə adam özünü
bizim mikrorayonlarda hiss edirdi. Bakının mərkəzindən fərqli olaraq Moskvanın yeni tikililəri də bomboz rənglənmişdi.
Sanki belə yolla binanı tikən fəhlələr, yaxud “prorab”lar gələcəkdə
bu evləri köçəcək imkanlılara
öncədən öz
nifrətlərini bildirirdilər.
...Nəhayət, 80 km.-dən
çox məsafə
qət edib çatdıq Peredelkinoya.
Bura Moskvanın Lenin rayonunun ərazisi hesab olunur. Tarixi XVII əsrə aid olan yerin adı
həmin əsrdə bu ərazidə yerləşmiş “Peredeltsı”
(hərfi tərcümə
etsək, “yenidən quranlar”, “yenidən dəyişdirənlər”) kəndinin
adından götürülüb.
Ardıcıllıqla kəndə müxtəlif
ailələr – Leontevlər,
Dolqorukovlar, Samarinlər
sahib olublar. Amma bəlkə
də bu ərazinin əsl tarixi 1934-cü ildən başlanır. Uşaqlığını
çardaqda yanıb ərimiş şamlardan yeni şam düzəldib
kitab oxumaqla, qocalığını isə
“Klim Samginin həyatı” (ölüm
romanı bitirməyə
imkan verməyib) romanını yazmaqla keçirən Maksim Qorkinin məsləhəti
ilə həmin ildə burada Sovet yazıçılarının
daimi və müftə istifadəsində
olacaq “Yaradıcılıq
evi” tikilməyə başlayıb. Eyni zamanda bu ərazidə 50 ikimərtəbəli
bağ evi tikilib ki onların
da ilk sakinləri Aleksandr Serafimoviç,
Leonid Leonov, Lev Kamenev, Boris Pasternak, İlya İlf, Yevgeni Petrov və b. olmuşlar. Adlarını sadaladıqlarımdan
başqa yazıçı
şəhərciyində Konstantin Simonov, Yevgeni Yevtuşenko, Bella Axmadulina, Bulat Okucava kimi rus
klassikləri də yaşayıb-yaratmışlar ki,
indi onlardan bəzilərinin ev muzeyləri Peredelkinonun yaraşığına çevrilib.
Bəlkə də bu ədiblərin ev muzeyləri
rus ədəbiyyatsevərləri
üçün müqəddəsdir,
amma bunlardan daha müqəddəs bina Rus Provaslav
Kilsəsi Patriarxının
İqamətgahıdır. Uzaqdan qızıl və platin suyuna çəkilmiş
fiqura bənzəyən
mükəmməl bina
adamda bir qədər də vahimə yaradır.
Peredelkinonun maraqlı və mistik tərəflərindən
biri də təkcə diri şair və yazıçıları deyil
həm də artıq vəfat etmiş ədəbiyyat adamlarını bir yerə toplamasıdır. Belə ki,
burada böyük bir yazıçılar qəbiristanlığı var. Sağ
ikən yaradıcılıq
evlərində bir yerə yığışaraq
yeyib-içən, yazıb-yaradan
rus dahiləri indi də elə
həmin ölülər
məkanında birgə
dincəlirlər.
... Taksi sürücüsünün bir-iki
“Saşa”dan, “Brat”dan yolu soruşması ilə gəlib “Yazıçıların Yaradıcılıq
Evi”nə çatdıq.
Soyuqdan donmuş əllərimizlə
Qismətin yüngül,
mənim ağır çantamı sürüyə-sürüyə
girdik binaya. İlk öncə bizə “xoş gəldin” edən Təşkilat Komitəsinin üzvlərindən
biri Pereyaslova Marina Vladimirovna oldu. Sonradan öyrəndik ki, bu xanım müasir
rus ədəbi tənqidinin tanınmış
nümayəndələrindəndir.
Salamlaşıb özümüzü
təqdim edəndən
(Mı iz Azerbaydjana) sonra ətrafıma baxınca
ilk ağlıma gələn
fikir bu oldu: görəsən, gəldiyimiz taksi zaman maşını deyildi ki? Elə bil
keçmişə, Sovet
dövrünə qayıtmışdıq.
Binanın təmirindən tutmuş,
qeydiyyat şöbəsində
oturan 120 kiloluq xanımın danışığına
kimi, hər şey köhnə sovet filmlərini xatırladırdı. Ürəyim bu mühitdə sıxılsa da, üzümdəki təbəssümü
səliqəyə salıb
doldurmalı olduğumuz
blankları götürdüm.
(Ardı var)
PƏRVİN
525-ci qəzet.- 2011.- 29 oktyabr.-
S.24.