Moskva, Moskva...

  

Yaxşı yadımdadır Peredelkino...”

 

 (Əli Kərim)

 

1.  

                                            

Təyyarəmiz səhər on birə qalmış uçmalıydı deyə, gərək ən azı iki saat öncədən hava limanında olaydıq. Gecəni yata bilmədim, səhərəcən yerimin içində qıvrılıb-açıldım, tez-tez saata baxdım, gedəcəyimiz böyük şəhəri – Moskvanı düşünə-düşünə səhəri dirigözlü açdım.

Axşamdan sinoptiklərin verdiyi məlumatlara göz atmışdım ki, görüm orda havalar necədir. Valideynlərim, dostlarım, Moskvaya tədbirə getdiyimi bilən hər kəs birinci bu cümləni deyirdi: “Qalın paltar götür, ora çox soyuq olur”. Bunu deyənlərin arasında Moskvada heç olmamış adamlar da vardı, amma onlar elə əminliklə danışırdılar ki, elə bil hər ay konteynerlə burdan Moskvaya şaxta vurub, hava alveriylə məşğul olurlar...

Səhər bir stəkan çay içdim, çantamı çiynimə vurub evdən çıxdım. Bir taksi saxlatdım, ənənəvi qaydada pəncərəyə doğru əyilib soruşdum ki, ay dayı, hava limanına neçəyə apararsan? Sağ olsun dayı, səhər-səhər bütün cavabların içindən ən sevmədiyim variantı seçib, üzümə çırpdı: “Nə verərsən, verərsən...” Mən “8 manat” – dedim. Qismət cavab atəşilə susduruldu: “On eləginən, gedək”. “Gedək deyirsən, gedək də”.

Bilmirəm səhər olduğu üçün beləydi, ya bəxtim gətirmişdi ki, yollar boş idi, dayı məni düz 8 dəqiqəyə hava limanına çatdırdı. Mən borcumu verib baqajdan çantamı götürəndə, tezcə öz rekordunu təzələmiş “Formula 1” pilotları kimi məğrur tərzdə gülümsündü və Bakı ləhcəsiylə dedi: “Sekkiz dağaya getirdim ha səni, baxma ki, dayuvun 57 yaşı var, dayunyollarda çox sürüb e”.

Baxma ki, 57 yaşı var, nə deməkdi bu? Necə baxmaq olar ki, adamın 57 yaşı var? Bəlkə mənim bilmədiyim gizli, mistik bir təlimdən xəbərdardı bu dayı? Vallah xəbərim yoxdur. Ya dabilim, bəlkə hava limanına gələndə bəzi adamlar havalanırlar?

Dayıyla sağollaşıb ürəyimdə dedim ki, canım üçün bir sənsən, birMixail Şumaxerdi bu dünyada, üçüncüsünü tanımıram...

Biletimi, xarici pasportumu, çantamı, ciblərimi göstərə-göstərə birtəhər gedib çıxdım azad zonaya. “Duty free”də azca avaralandım, siqaret çəkmək üçün yer axtardım. Axırda qərara gəldim ki, içəridəki kafelərdən birində əyləşib yalandanFantasifariş verim, rahat-rahat siqaretimi tüstülədim.

Səfər yoldaşım olacaq Pərvin hələ gəlib çıxmamışdı.

 

2.

 

Təyyarədə yanımda əyləşən kişi uçağımız qalxanacan, təxminən dörd nəfərə zəng vurdu, beş-altı da mesaj yazdı.Səsindən, davranışından, telefonunun markasından, kostyumunun rəngindən (niyəsini bilmirəm, mənə həmişə elə gəlib ki, qəhvəyinin o tonunda kostyum geyinən adamlar nəsə yaxşı adam olmurlar, gərək yaddaşımda çox eşələnim, bəlkə səbəbini tapdım) məndə tipik fırıldaqçı ovqatı yaradan bu adamın kiməsə yazdığı mesajlardan birinə, ədəbsizcəsinə, göz atmaq imkanım oldu: “Min dəfə demişəm işimin üstündə zırıldama. Məni də unut. Bəlkə bir də görüşmədik“. Aqressiv başlayıb, poetik bitən bu mesajın məzmunundan aydın olurdu ki, kişi bu sms-i bir qadına yazır, yəqin ki, o qadın bunun həyat yoldaşı deyil (yoxsaunut, bəlkə bir görüşmədik” yazmazdı) və aralarında uzunmüddətli münasibət var (“min dəfə demişəm” sözü dil vərdişi olsa da, müəyyən bir vaxtı da ifadə edir). Həm də bu sms-dən aydın olurdu ki, iki tərəfin arasındakı münasibətdə kişi üstündür, çünki “zırıldama” deyəndən sonra, yalançı romantiklik edib “məni unut” yazmışdı, həm də hiyləgərcəsinə “bir də görüşmədik” yazaraq, qadını yalvartmağa hesablanan bir etinasızlıq ifadə eləmişdi. Düşündükilərimi doğruluğunu yoxlamaq üçün bir variant vardı, təyyarəmiz yerindən qalxmamış kişiyə cavab gəlməliydi və mən də birtəhər o cavabı görməliydim. (Bu qəribə maraq məndə necə oyanmışdı, hələ də bilmirəm.) Bəxt üzümə güldüsms tez gəldi. Oturacağımı özüm üçün tənzimləyirəm bəhanəsiylə sağ-sola çevrilib arada mesaja göz atmağa imkan tapdım: “Niyə elə deyirsən? Mən axı sənə neyləmişəm? Niyə gözümü yolda qoyursan, ürəyimi yaralayırsan? (((“

Stüardessa telefonlarımızı söndürməyi, kəmərlərimizi bağlamağı xahiş etdi. Uçağımızın ayağı yerdən üzüldü. Yanımdakı kişi gözlərini yumub musiqi dinləməyə başladı.

 

3.

 

“Domodedovo” hava limanında düşüb Pərvinin baqajını götürdük və Moskvanın şaxtasına çıxıb “Peredelkino”ya necə gedəcəyimiz haqqında düşünməyə başladıq. Ətrafda çoxlu avtobus, maşın vardı. Bir az o yan-bu yana baxdıq, avtobusların marşrutları ilə maraqlandıq və taksiylə getmək qərarına gəldik. Taksi sürücüsüPeredelkinosözünü eşidəndə soruşdu ki, köhnə, yoxsa yeni Peredelkino? Ürəyimdə dedim, zalım oğlu, mənim nə bilim təzədi ya köhnədi? İçimdə dedim, bu Peredelkino, deyəsən, bizim Günəşli kimi bir yerdi. Bir çox məşhur yazıçının kitablarında əsərin yazılma tarixdən sonra əlçatmaz bir yer kimi gözümüzü qamaşdıran, haqqında saysız ithaf şeiri yazılmış əfsanəvi Peredelkinoya sürücünün belə münasibəti məni çaşdırdı. Nəhayət, dedik ki, yəqin köhnə Peredelkino olar. “Balonka kurtkageyinmiş, yekəpər, sarışın, hər cümlədən sonra nəfəs almağından çoxdanın siqaret aludəçisi olduğu hiss edilən bu rus kişisi, bizim konkret ünvanı bilib-bilmədiyimizi soruşdu. Mən ünvanı dəqiqləşdirdim: Lenin rayonu, Poqodina küçəsi 4. Sürücü çəkməcəsindən naviqatorunu çıxarıb işə saldı. “Məmnun-məmnun biz indi oranı taparıq” – dedi. Naviqatorun displeyində əvvəlcə rayonun, sonra küçənin adını yazıb axtarışa verdi. Axtarış nəticə vermədi. Kişi təəccüblənib axtarış təkrarladı və yenə eyni nəticəsizlik təkrarlandı. Bizdən Peredelkinoya konkretüçün getdiyimizi soruşdu, əlavə etdi ki, yəni orda haranı axtarırsınız? Mən dedim ki, bizə Peredelkino yaradıcılıq evini getmək lazımdır, ora “Gənc yazarların 1-ci beynəlxalq müşavirəsində” iştirak etmək üçün dəvət olunmuşuq. Fikirləşdim ki, yazıçılıq, ədəbiyyat sözünü eşidəndə sürücümüz başlayacaq bizimkilər kimi o saat öz yazdığı gənclik “şeir”lərini bizə sırımağa. Allaha şükür, elə bir şey olmadı. Onun məqsədi sadəcə ünvanı tapmaq idi. Çünki Peredelkino yaradıcılıq evi yeni çağın bu gözəl alətindəki xəritədə görünmürdü. Texnologiya ədəbiyyata ağız büzürdü.

Sürücü inadla öz axtarışlarını davam etdirirkən, biz gözümüzü pəncərədən dışarı zilləyib, ilk dəfə gördüyümüz şəhərin küçələrini, insanlarını, yollarını, kafelərini anlamağa, yaddaşımıza köçürməyə çalışırdıq. Moskvadakı tıxacların yanında bizim tıxaclar Qulliverin yanında liliput kimidir. Peredelkinoya çatmağımıza hələ iki saat vardı və bizim bu vaxt ərzində maşının pəncərəsindən müşahidə etdiyimiz bütün evlər, adamlar hamısı boz, ağ-qara təsir bağışlayırdı. Bunu iqlimlə, nə bilim, fəsillə də əlaqələndirmək olar. Amma şəxsən mən bütün bu bozluğu, yorğunluğu, ətaləti təbiətlə bağlamıram. Mənə görə, dağılmış bir imperiyanın miskinliyini, qaramatını hələ öz üzərindən, qanından, iliyindən ata bilməyən bir şəhərin, ölkənin keçmişlə vidalaşa bilməməyinin ağrısıdır bu rənglər.

Əgər təxminən 20-25 il bundan öncə Moskvada eksperiment üçün bir adamı götürüb hansısa qapalı bir yerə salsalar, informasiya almaq imkanları olmasaonu 2011-ci ildə azad etsələr, əminəm ki, o çox da fərqində olmayacaq ki, Sovet imperiyası artıq yoxdu.

Yolboyu sezdiyim bu bozluğun, cansıxıcılığın təəssüratını elə təzəcə Pərvinlə bölüşmək istəyirdim ki, o məni qabaqladı: “Burda hər şey çox boz və darıxdırıcı görünür” – dedi.

 

4.

 

Peredelkino Yaradıcılıq Evini soraqlaşıb tapdıq. Şam, ağcaqayın ağacları içində itib-batmış bu yerin tamam başqa cür aurası var. Hündür, yamyaşıl şamlar və saralmış yarpaqlarını, istifadə olunmuş bilet kimi, hər yana səpələmiş başqa ağacların yaratdığı qəribə kontrast adamın yadına “Windowsda masası” üçün nəzərdə tutulan “Payız” adlı məşhur görüntünü salır.

Uzun-uzun ağaclar, sarı-sarı yarpaqlar, təkəmseyrək adamların keçdiyi dar, köhnə küçələr, vaxtilə burda yaşamış məşhur şairlərin evləri, indi orda yaşayan məşhur yazarların villaları və o villaların həyətindən üzünü yola tutub hürən itlərin səsi buranı kiminsə əsərinə, romanına bənzədirdi. Yazılıb bitibmi Peredelkino, ya hələ qaralamadı bu? Bilmək olmur.

Taksi düz həyətə sürdü. Düşüb naviqatorlu dostumuzun borcunu ödədik və keçdik içəri. Bizi cırıltıyla salamlayan, bəlkə də 70 yaşı olan qapının yazıq görkəmi indiki dünyanın şeirə münasibətini xatırladır. İçəridə gəlişimizə elə sevindilər ki! Tezcə adımızı, soyadımızı yazıb götürdülər, qeydiyyatdan keçdik. Buranın necə bir yer olduğunu anlamağa macal tapmamış, bizə “Literaturnaya qazeta”, “Vestnik” jurnalı və tələsmədən bir neçə günə doldurmalı olduğumuz bir anket verdilər. Hə, bir də təbii ki, sabahdan başlanacaq seminarların, görüşlərin saatı, yeri əks olunmuş proqram.

Əfsanəvi Peredelkino bizi gülərüz qarşıladı.

 

(Ardı var)

 

 

QİSMƏT

 

525-ci qəzet.- 2011.- 29 oktyabr.- S.25.