QƏBULZADƏ
BABA BƏY ABDULLA ƏFƏNDİ OĞLU (10.12.1893, Qax –
29.10.1937, Bakı)
(Başlanğıcı qəzetimizin
ötən şənbə sayında)
AXTARIŞ VƏ HƏBS
1937-də
tuthatut başlayan kimi Baba bəy özünün də
keçmiş parlament üzvü kimi mütləq həbs
olunacağını gözünün altına aldı və
həbsdən yayınmaq üçün tez-tez
yaşayış yerlərini dəyişməyə
başladı. Ancaq bunun faydası olmayacaqdı, çünki
onun adı artıq Sumbatovun imzaladığı, Şəki
rayonu üzrə “xüsusən təhlükəli əksinqilabi
ünsürlər”in (güllələnəsilərin)
siyahısına düşmüsdü və quş olub
uçsa, balıq olub dənizin dibinə ensə də
çekistlər ondan əl çəkən deyildilər.
Gerçəkdən də onlar Baba bəyi axtarıb tapmaq
üçün dəridən-qabıqdan çıxsalar da
iki ay yarımdan sonra onu ələ keçirdilər.
Gəlin
Baba bəyin AR Milli Təhlükəsizlik Nazirliyinin arxivində
saxlanılan istintaq işiylə tanış olaq.
Azərbaycan
Xalq Daxili İşlər Komissarlığı (XDİK;
“NKVD”) Qax rayon şöbəsi rəisi Asanov’un 14 fevral 1937-də
Şəkidəki həmkarına göndərdiyi məktubdan
aydın olur ki, B.b.Qəbulzadəni tutmağa həmin vaxtdan
hazırlaşırlarmış.
Nuxa
(Şəki) rayon 10-cu əməliyyat qrupunun rəisi
Çernov 27 avqust 1937-də Azərb. XDİK Vartaşen, Bərdə,
Balakən və Ağdam rayon şəbələrinin rəislərinə
məktub göndərərək tələb edir ki, bu “iri
obyekt”i ərazinizdə səylə axtarın, tutsanız mənə
xəbər verin .
Çekistlər
onun sorağını gah Qaxın Güllük kəndindən,
gah Gəncədən, gah Zaqataladan, gah Bakıdan... alırlar.
Nəhayət, sentyabrın 9-da XDİK Qax RŞ rəisi
Tağıyev Şəki çekistlərinə xəbər
verir ki, B.b.Qabulzadə Bakıda, Suraxana küçəsində
6-cı döngənin 4-cü evindədir. Məlumat tezliklə
Bakıya – Markaryan’a çatdırılır. Həmin
ünvanda yaşayan qaxlı Əhmədiyyə Məmmədov
17 sentyabrda dindirilərkən bildirir ki, Baba bəy bu
ünvanda yoxdur. O, Bakıya dünən gəlib və mənə
zəng edərək Kamenisti (Daşlıq) küçəsində
107 saylı evdə, dostunun yanında qaldığını
deyib, Qax raykoopittifaqının sədri Məmmədov onu
soruşarsa ünvanını ona verməyi
tapşırıb. Həmin Məmmədov indi “İnturist”də
qalır.
Bundan
sonra Qaxdan Bakıya xüsusi əməliyyatçılar
göndərilir. Onlar “İnturist”də sədr Məmməd Məmmədov’u
taparaq dostu Baba bəyi həmin otelə
çağırmağa onu məcbur edirlər (halbuki həmin
Məmmədov indiyədək Baba bəyi tutulmaqdan
qurtarmağa çalışırdı) və ayın 18-də
Qax çekistləri onu burada həbs edərək Bakıda məsul
növbətçiyə təhvil verirlər .
Tutulan vaxt üstündə 470 manat tapılıb.
Qızlarının
dediyinə görə,1937-də sonuncu dəfə
həbs ediləndə Qaxdakı evində axtarış aparan
çekistlər nəinki bütün sənədlərini, hətta
xoşlarına gələn qab-qacağı da biryolluq
götürüb aparıblar.
Bildirim
ki, istintaq sənədlərində saxtakarlıqdan doğan
çoxlu yanlışlıqlar var. Məsələn, 1497
saylı həbs orderinin tarixi 20 sentyabr 1937 göstərilib ,
halbuki onun həbsi əksər sənədlərdə 18
sentyabr ,bəzilərində hətta 18 noyabr kimi qeyd olunub. Yuxarıda adı çəkilən, Şəkiyə
məsul olan çekist Çernov Baba bəyin Zaqatalanın
Tala kəndindən olduğunu (?!) yazır. Bunlar kütləvi ölüm qurumunun (“NKVD”-nin)
insan taleyinə necə biganə yanaşdığının
göstəricisidir.
Əbdülməbud Əfəndiyev’in
9 fevral 1937-ci ildə XDİK Şəki şəhər
şöbəsinin səlahiyyətli nümayəndəsi
İ.K.Xasayevə verdiyi ifadədən: “1923/24-cü ildə Ə.Qədimov
DSİ tərəfindən Zərgər Əlibala, Kar Dəllək
ləqəbiylə tanınan Nəsrulla Əfəndiyev, Məhəmməd
Vahab oğlu və Baba Qəbulov’la birlikdə həbs edildi. Bu
dəfə onları mühakimə edib hər birinə 2,5 və 3 il iş verdilər”.
İSTİNTAQ
“NKVD”
müstəntiqləri Müsavat Partiyasının üzvlərini,
Cümhuriyyət Parlamanının üzvlərini,
Cümhuriyyət dönəmində mühüm dövlət
vəzifəsi tutmuş adamları, eser və menşevikləri...
həbs etdikdən sonra çox da dərin istintaqa ehtiyac
görmürdülər, cünki bu mənsubiyyətlər
onların güllələnməsinə, yaxud Sibirə
göndərilməsinə yetərliydi. Bu üzdən də
müstəntirlər öncə müxtəlif şahidlərdən
(başlıca olaraq artıq həbs edilmişlərdən)
onlar haqqında “kirləndirici” materiallar toplayır, sonra
onları “xalaxətrinqalmasın” bir, uzaqbaşı iki dəfə
dindirərərək protokol tərtib edir, bununla da
istintaqı yekunlaşdırırdı, qalırdı məhbusa
mənhus hökmün oxunması. Baba bəy Qəbulzadə
də istisna deyildi. Çekistlər onun haqqında “kirləndirici”
bilgi toplamaqçün şahidlər: “Nuxa işçisi” qəzetinin
keçmiş şöbə müdiri, məhbus Vəlibəyov
Rəşid Zeynal oğlu (1905), şəhər təhsil
şöbəsinin partkomu Hüseynov Əbdülrza Qafar
oğlu (1890), pedaqoji məktəbin hərbi rəhbəri Xəlilov
Cabbar Hacı Əbdülhəlim oğlu (1893), bədən tərbiyəsi
texnikumunun müəllimi, Baba bəyin şagirdi olmuş Əbdürəhimov
Məhəmmədəli Məhəmməd oğlu (1905), 11-ci
məktəbin müəllimi Xəlilov Məcid Xəlil
oğlu (1909) və dərzi Bəşirov Qulu Bəşir
oğlu’ndan (1867) ifadə almışdılar. Bu
ifadələrin necə alındığını 1958-ci ildə
yenidən dindirilmiş şahid Cabbar Xəlilovun söylədiklərindən
öyrənirik. 1937-də ondan necə ifadə
alındığını C.Xəlilov belə
açıqlayır: “...23 sentyabr 1937-ci ildə küçədə
işə gedərkən Şəki rayon milis şöbəsinin
yanındakı körpüdə o zaman Şəki redaksiyasının
direktoru olan Hüseynov Əbdülrza qarşıma
çıxdı və əlimdən tutaraq dedi ki, Siyasi idarədə
səni şahid kimi göstərmişəm, gedək, dindirmə
protokolunu imzala. Mən də getdim və
sözün tam mənasında öncədən
hazırlanmış protokola qol çəkdim. Qol
çəkəndən sonra mənə bildirdilər ki, “bu
protokol Şəki seminariyasının müəllimi Qəbulov
Baba haqqındadır” .
Bu gün həmin şahidləri kiminsə
suçlamasını doğru saymıram – onların, demək
olar ki, hamısı hazır protokola qol çəkməyə
məcbur edilib. O dönəmdə kiminsə imza atmaqdan boyun
qaçırması onun özünün və ailəsinin
labüd fəlakəti deməkdi; bu üzdən də
onların bu hərəkətinə, əsasən,
anlayışla yanaşmaq lazımdır. Protokolların saxta
olduğu, öncədən hazırlandığı bundan bilinir ki, onların hamısı məzmunca
bir-birinin təkrarıdır:
– Baba bəy
keçmişdə iri mülkədar, bəy, müsavat
parlamentinin üzvü olub;
– onun əmiləri İslam bəy və Mustafa bəy,
əmisi oğlu Zaman bəy Qəbulov’lar da (onların
heç biri Baba bəyin əmisi, əmisi oğlu deyil,
atasının əmiuşaqlarıdır) iri
müsavatçılar olub, müsavat parlamentinin üzvü
olublar (ağ yalandır! İslam bəy Zaqafqaziya Seyminin
üzvü olub, Mustafa bəy Bakı şəhərinin polis
rəisi işləyib), əksinqilabi fəaliyyətə
görə onların hamısı 1920-də güllələnib
(qohumların güllələnməsi də ciddi suç
sayılırdı!);
– Baba bəy
1918-ci ildə Şəkidə Müsavat partiyasını
yaradanlardandır (bu da yalandır, çünki o, “Əhrar”
partiyasının üzvü olub);
– o, 1923-24-cü illərdə Şəkidə
yerli müsavatçılar Məhəmmədəli Xəlifəzadə
və Veysəl Mustafazadə ilə birgə sovet hakimiyyətinə
qarşı təbliğat aparıb (bu, doğrudur);
– məktəbdə müsavat parlamentinin sədri
(?!) Məhəmmədəmin Rəsulzadə’nin
redaktorluğu ilə Türkiyədə çıxan, gizli
yolla xaricdən gətirtdiyi “Yeni Qafqaziya” jurnalını ucadan
oxutdurub və bunun üstündə işdən
çıxarılıb (əslində onun oxuduğu
jurnalın özü yox, Məhəmməd Səid Ordubadi’nin
ona qarşı yazılmış məqaləsində gedən
sitatlardı), az sonra həbs edilib;
– 1930-cu
ildə Baba bəy və atası – İMAM Abdulla əfəndi
(onun imamlığını müstəntiqlər protokollarda
iri hərflərlə yazıb gözə soxurlar) çox
gizli şəkildə (yəni “əlimizdə heç bir
sübut olmasa da”!) sovet hakimiyyətinə qarşı təbliğat
aparıblar, cahil xalqı qırmızı əsgərlərə
qarşı çıxmağa çağırıblar.
1930-dakı Şəki üsyanı zamanı Baba bəy Şəkidə
çıxışında sovet hökuməti və kommunist
partiyasına düşmən münasibət bəsləyib (ağ yalandır! Abdulla əfəndi, əksinə,
xalqı üsyandan çəkinməyə
çağırıb, Baba bəy isə Şəki
üsyanı zamanı Bakıda həbsdəydi, Şəkiyə
gedə bilməzdi);
– Baba bəy
Şəkidə çox vaxt antisovet fabrikant Əsgər
ağa Məmmədov, sürgündən yeni
qayıtmış qolçomaq Lütfullah Hüseynov, Tabaq
Qurban və başqa antisovet ünsürlərlə
oturub-durub, onlarla birgə sovet hökumətinə
qarşı əksinqilabi millətçi təbliğat
aparıb, mövcud rejimə qarşı kəskin sözlər
işlədib, müsavatçılıq ideyalarını təbliğ
edib (fakt doğru olsa da yazılış tərzi “keçinin
su bulandırması”dır). Onda müstəsna təbliğat-təşviqatçılıq
bacarığı olduğuna görə ətrafdakılar
üçün sosial təhlükə doğurur;
– Baba bəy
həbs olunacağını bildiyinə görə gizlənərək
istintaqdan yayınıb.
Bu ittihamlar, demək olar ki, yalnız nöqtə-vergül
fərqiylə bütün protokollarda əksini tapıb. Müstəntiq
yalnız tarixcə ən sonuncu şahidin – Məcid Xəlilovun
ifadəsinə Baba bəyin “xalq düşməni Əliheydər
Qarayev’lə sıx əlaqədə olduğu” faktını
artırıb. Bu da güllələnmə hökmünə
haqq qazandıran suçlardandı...
Artıq dediyim kimi, Baba bəy bütün həbsi
boyunca bircə dəfə dindirilib – dövlət təhlükəsizliyi
leytenantı Zelenski 4 oktyabr 1937-də 5387 saylı məhbusla
“söhbət edib”. Protokolda müttəhimlə bağlı önəmli
qeydlər bunlardır: 1893-cü ildə Az. SSR Qax rayonunun Qax kəndində
doğulub; eyni vaxtda bir neçə ünvanı olub: 1) daimi
yaşayış yeri – Qax, bundan başqa eyni vaxtda Bakıda –
Kamenistaya, 107 ünvanında, Əfəndiyevin mənzilində
və Suraxana küç., 6-cı dalan, 4-cü evdə, şəxsi
mənzilində yaşayıb; deməsinə görə,
pasportunu 1937-ci ilin avqustunda itirib; həbsinədək
Kamenistaya, 107 ünvanında gizli, qeydiyyasız yaşayıb;
“Prodsnabmos” (Moskva yeməkxanalar birliyi) Gəncə şöbəsində
tədarük üzrə müvəkkil işləyib; sosial mənşəcə
bəy ailəsindəndir, atası İMAM olub; sosial vəziyyəti:
inqilabdan əvvəl – bəy, inqilabdan sonra – qulluqçu; ailə
tərkibi: 1) arvadı Cəriyət Ramazan qızı – 28
yaş, 2) oğlu Lütfullah – 20 yaş, Gəncədə Az.
K/T İnstitutunda oxuyur, 3) qızı Naimə – 5 yaş, 4)
qızı Minirə – 3,5 yaş, 5) oğlu Əkrəm – 2
yaş, 6) atası Abdulla Hacı Baba oğlu – 85 yaş, 7)
anası Dürnisə – 73 yaş, 8) qardaşı Sədi – 28
yaş, Zaqatalada müəllim; təhsili – 1910-cu ildə
Zaqatalada ali ibtidai məktəbi bitirib;
partiyalılığı – Azərbaycanın sovetləşməsinədək
“Əhrar” partiyasının üzvü; inqilabdan sonra – 1920-ci
ildə həbs edilib və 16 gündən sonra
buraxılıb, 11.06.1927-ci ildə həbs edilib və Az.SSR CM
63-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan
məhrum edilib; keçmiş müsavat hökuməti
parlamentinin (?!) üzvü olub.
Vur-tut 7 səhifə yarım olan dindirmə protokolunun
bütün mətnini verməklə oxucunu yormaq fikrində
deyiləm. Ancaq ən mühüm nöqtələrə diqqəti
yönəltmək istəyirəm.
Müstəntiq artıq təkcə şahid ifadələrinə
əsasən qarşısındakı şəxsin hökmən
güllələnəcəyinə əmindir, bu üzdən
də çox məsələdə dərinə getmir,
müttəhimin üstünə
çığırıb-bağırmır, ondan
özünə qarşı zorla hansısa ifadəni
almağa çalışmır. Əlindəki sənədlər
“daşdan keçən” olduğuna görə Baba bəyin
özünü cinayətdə suçlu sayıb-saymaması
da əslində onu elə də maraqlandırmır. O,
müttəhimin heç tərcümeyi-halını da
öyrənməyə can atmır (halbuki başqa müstəntiqlər
müttəhimin indiyədək həyatı boyunca
bulunduğu bütün vəzifələri, işləri
söyləməsini tələb edir).
Onu
yalnız güllələmə hökmünə
yardımçı ola biləcək məsələlər
ilgiləndirir. İlk sualı belədir: “Keçmiş sosial
mənşəyiniz haqqında ətraflı
danışın” . Baba bəy onun
bütün suallarını cavablandırır, Zelenski isə
onun cavablarında yalnız özünə lazım olan yerləri
əksinqilabi rəng də qatmaqla qeyd edir: “Bəy ailəsindənəm,
atam İmam olub, mən isə keçmişdə bəy, indi
isə qulluqçuyam”.
Müstəntiqin ikinci sualı əslində məhbusun
tərcümeyi-halıyla bağlı olmalıydı, o isə
güllələnmiş qohumların adlarını bir-bir
saymağı, onların haçan və nəyə görə
repressiyaya uğradığını söyləməyi tələb
edir.
Baba bəy
gələcək tarix üçün yaddan
çıxmasın deyə heç nəyi gizlətmir:
1920-ci ildə Azərbaycanda sovetləşmə
aparıldıqdan sonra əksinqilabi fəaliyyətlərinə
görə (bu, hökmən müstəntiqin
artırmasıdır) bu qohumlarım tutulub və güllələnib:
1) Qəbulov İslam bəy – keçmiş Müsavat
Partiyası Zaqatala təşkilatının katibi; 2) Qəbulov
Mustafa bəy – Bakı şəhərinin keçmiş
polismeysteri, 3) Qəbulov Süleyman bəy, 4) Qəbulov Həşim
bəy və 5) onun oğlu Qəbulov Yusif.
Müstəntiqin
tələbiylə Baba bəy bunları da danışır:
“1920-ci ilin may ayında Xüsusi şöbə orqanları məni
Qax kəndində həbs edib, 16 gün həbsdə
qaldıqdan sonra Bakıya göndərilmişəm, orada məni azad ediblər. İkinci
dəfə Azərb. Baş Siyasi İdarəsi
(BSİ) 11.06.1927-ci ildə məni Qax kəndində həbs
etdikdən sonra Zaqatalaya, oradan da Şəkiyə, daha sonra
Bakıya göndərilmişəm və istintaqım
Bakıda aparılıb. Eyni iş üzrə mənimlə
birgə Zaqatalada bunlar da həbs edilib: 1) həkim Qədimov Əliabbas,
2) Nurullah əfəndi Qazızadə – müəllim, “Əhrar”
partiyasının keçmiş üzvü, 3) Ramazan Qaracayev
– alverçi, 4) Əhməd Abdullayev – İstehlak kooperativində
işləyirdi, 5) Əhməd Bərbərlinski – mülkiyyətçilərdəndir,
6) Cahangir – soyadını unutmuşam, 7) [Yusifov] Məhəmməd
Vahab oğlu (soyadını unutmuşam) – alverçi, 8) və
9) Salamov qardaşları: Əlibala və Əliəkbər –
zərgər və alverçilər. [...] Həkim
Əliabbas Qədimov aramızda keçmiş es-er kimi
tanınmışdı; o, İstanbulda oxuyub və 1914-cü
ildə (1917-ci ildə – Ə.T.) İstanbulun
sosialist təşkilarlarından İsveçrədə
keçirilən sosialistlərin qurultayına nümayəndə
göndərilib (həmin qurultayda Əli bəy Hüseynzadə
də olub və çıxış edib – Ə.T.).
[...] Mən, Qədimov, Nurullah əfəndi Qazızadə cəzamızı
çəkərkən həmişə bir yerdə
yatmışıq. Həmin həkim Qədimov, bildiyimə
görə, bir neçə ay öncə Qubada yenidən həbs
edilib...”.
(Ardı
gələn şənbə sayımızda)
Ədalət TAHİRZADƏ
525-ci qəzet.- 2011.- 29 oktyabr.-
S.25.