Ümidim var ki, yüzillər keçəndən sonra da məni oxuyacaqlar

 

XALQ YAZIÇISI MÖVLUD SÜLEYMANLI İLƏ AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ GÖRÜŞ KEÇİRİLİB

 

Dünən Azərbaycan Dillər Universitetində Filologiya fakültəsinin təşkilatçılığı ilə Xalq yazıçısı, əməkdar incəsənət xadimi Mövlud Süleymanlı ilə görüş olub. Fakültənin dekanı Fikrət Cahangirov tədbir iştirakçılarına yazıçının həyat və yaradıcılığı haqda geniş məlumat verib. O deyib ki, Mövlud Süleymanlı 1943-cü il mart ayının 18-də indiki Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində (əski adı Cücəkənd) dünyaya gəlib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. O,1968-ci ildə Azərbaycan Dövlət Radiosuna işə qəbul edilib. Əvvəlcə “Gənclik”, sonra “Ədəbiyyat və İncəsənət” baş redaksiyasında redaktor kimi çalışıb. 1964-cü ildə “Azərbaycan gəncləri” qəzetində ilk şeiri – “Əllərim” çap olunub. 1969-ci ilin oktyabrında məşhur “Bulaq” verilişinin ilk müəllif nömrəsini yazıb. Verilişin Azərbaycan folklorunun, etnoqrafiyasının, dilinin, məişətinin təbliğində əhəmiyyətli rol oynadığı əsas götürülərək, onun müəllifi M.Süleymanlı 1974-cü ildə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülüb. 1974-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına ssenarist kimi qəbul edilib. 80-ci illərdə onun ssenarisi əsasında “Bəyin oğurlanması” və Moskva Dövlət Kinematoqrafiya Komitəsinin sifarişilə “Çətirimiz buludlardır” bədii televiziya filmləri çəkilib. M.Süleymanlı 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1976-1980-ci illərdə Yazıçılar İttifaqının orqanı olan “Ulduz” jurnalında nəsr şöbəsinin müdiri olub, 1980-1988-ci illərdə isə “Azərbaycan” jurnalında nəsr şöbəsinə rəhbərlik edib. “Dəyirman” povesti üzrə səhnələşdirilmiş pyes Hüseyn Ərəblinski adına Sumqayıt Dram Teatrında, “Satqın” əsəri “Yuğ” Teatrında tamaşaya qoyulub.

 Universitetin “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri Fəridə Səfiyeva deyib ki, rəhbəri olduğu kafedrada dəfələrlə görkəmli yazıçılarla görüşlər keçirilib: “Azərbaycan ədəbiyyatı kafedrası 2005-ci il noyabr ayından fəaliyyət göstərir. Azərbaycan ədəbiyyatı zəngin tarixə malikdir. Bizim kafedranın işi tələbələri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və onların bəşəri ideyaları təbliğ edən əsərləri ilə tanış etmək, ədəbiyyatın inkişaf meylləri və istiqamətləri barədə tələbələrdə təsəvvür formalaşdırmaq, ədəbi-bədii əsərləri sistemli və ardıcıl şəkildə öyrətməkdən ibarətdir. Kafedrada tələbələrin məşhur Azərbaycanlı şair və yazıçılarla görüşünə olduqca böyük önəm verilir və mütəmadi olaraq tələbələrin ədiblərlə görüşməsinə, dialoqa girmələrinə şərait yaradır. Bu cür tədbirlər tələbələrin, eyni zamanda onların görüşünə gələn ədiblərin sevinc və marağına səbəb olur. Fikrimcə, Mövlud Süleymanlı ilə bugünkü görüş də yaddaqalan olacaq”. F.Səfiyeva vurğulayıb ki, M. Süleymanlı uzun müddət Azərbaycan Dövlət Televiziyasının “Xalq yaradıcılığı” redaksiyasına baş redaktor vəzifəsində çalışıb: “Bu gün Azərbaycan Radiosu hər kəsin anladığı, sevdiyi, qəbul etdiyi dillə və səslə danışır. İlk dəfə olaraq M.Süleymanlının ruhunun və qələminin məhsulu olan “Tanrı duaları” səhər erkən Azərbaycan Radilosu ilə evlərimizə nur, bərəkət, halallıq, vətən sevgisi çilədi. Xalqımızın islamaqədərki inancları, alqışları mayasında yazılmış “Tanrı duaları” bir neçə illər gəncləri torpaq sevgisi, qız-gəlini namus-qeyrət damarı ilə, qocalara şəfqət, yaşlılara hörmət və qayğı hissləri ilə “böyütdü”. M.Süleymanlı Azərbaycan Televiziyasının “Xalq yaradıcılığı” redaksiyasına rəhbərlik edərkən çox qısa vaxt ərzində ədəbi-bədii verilişlərdə əsaslı keyfiyyət dəyişikliyinin yaradılmasına müvəffəq olub. Televiziyada bir-birinin ardınca folklor, etnoqrafiya ilə bağlı çox dəyərli “Sizə hardan deyim?”, “Təbriz gözəlləməsi”, “Şirvan gözəlləməsi”, “Yurd yeri” və başqa verilişlər hazırlanıb”.

Ədibin qələm dostlarından Səyyad Aran qeyd edib ki, ömrünü mənalı keçirən insan müəyyən yaşa çatandan sonra arxaya dönüb baxanda ürəyi sakitləşir: “Görür ki, ömürdən ötən o illəri heç də hədər yerə “xərcləməyib”. Mövlud Süleymanlı da illərini hədər yerə “xərcləməyən” insanlardandı. Əlinə qələm alandan sözə, əsrarəngiz, sonu görünməyən poetik dünyaya heyran olan Mövlud Süleymanlının yumruq boyda ürəyinə böyük bir aləm yerləşib. Həmin dünyanın şaxtasını, qarını, boranını, çovğununu, istisini, küləyini həmişə Mövlud Süleymanlı öz poeziyasında poetik dillə vəsf edib. Elini-obasını, torpağını və vətənini onun kimi sevən adamlar çox deyil, o, təpədən-dırnağa yurduna, vətəninə, millətinə bağlı insandır”.

Mövlud Süleymanlı görüşü təşkil edənlərə və iştirakçılara təşəkkürünü bildirərək deyib: “Mənim belə görüşlərim çox az olub. Tribunanı sevmədiyim üçün belə görüşlərin təşkilinə razılıq verməmişəm. Mən hətta şeir yazdığımı da uzun zaman insanlardan gizlətmişəm. Ayda-ildə bir dəfə şeir də yazıram. Yazıçılıq mənim ən yaxşı göründüyüm səmtdir. Orada çox rahat oluram. O tərəfdə qocalmıram, məni başqa tərəflər qocaldır. Mənim danışığım heç maraqlı deyil. Mən gizlində xoşbəxt olan adamam. Növbətçi sözlərlə parlaq şəkildə çıxış eləmək mənlik deyil. Mənim ağzım boşdur, dilimdə heç nə yoxdur, hamısı içəridən gəlir. Həmişə Azərbaycan xalqını və özümü olduqca maraqlı təqdim etmişəm. Özümü dünya çapında maraqlı yazıçı sayıram. Həmişə məni oxuyanların heyrətini hiss etmişəm. Amma bu, heç məni maraqlandırmır da... Mən özümə inanmasam, belə danışmaram. Ümidim var ki, yüzillər keçəndən sonra da məni oxuyacaqlar. Mənim sərhədlərə sığmayan fikirlərim var. İnsan 60 yaşından sonra özündən və qoyub getdiklərindən danışa bilər, hətta danışmalıdır da. Gözəl yazıçı olmaq üçün, məncə, ilk növbədə, mütləq milli olmaq lazımdır”. M.Süleymanlı bugünkü ədəbi mühit haqqında fikirlərini bölüşüb: “Ədəbi mühitə baxanda çox maraqlı insanlar görürəm. Elə ədəbi gənclik görürəm ki, az qalıram qarşısında ayağa qalxam. Bu gün çox qəribə, giley-güzarla qarşılanan, amma maraqlı gənclik müşahidə edirik. Mənə çox xoşdur ki, bugünkü gənclik yaşlı nəsildən qorxmur. Bu duyğu sənin üstünə gəlir və sən də cavanlaşmaq məcburiyyətində qalırsan”.

Çıxışından sonra M.Süleymanlı tələbələrin suallarını cavablandırıb.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 29 oktyabr.- S.16.