Azərbaycanın rəqs qrupu Meksikadakı Beynəlxalq Mədəniyyət Festivalında çıxış edib

 

Meksikanın Akapulko şəhərində 5-ci “La Nao” Beynəlxalq Mədəniyyət Festivalı keçirilir. Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfirliyin təşkilatçılığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Meksikaya qastrol səfərinə yollanmış 4 nəfərdən ibarət rəqs qrupu (rəqqaslar: C. Qubadov, T. Əliyev, Z. Hüseynquliyeva, A.Kamilova) festivalda konsert proqramı ilə çıxış edib. Festival çərçivəsində oktyabrın 25-də Akapulko şəhərindəki Beynəlxalq Siyasi Elmlər İnstitutu binasında müasir Azərbaycanın inkişafı və Akapulko şəhərindən də keçən İpək Yolunun tarixində Azərbaycanın rolundan bəhs edən “İpək Yolu” mövzusunda elmi konfrans keçirilib. Səfir İ. Muxtarov konfransda geniş təqdimatla çıxış edib. O, Azərbaycanın tarixi, dövlətçilik ənənələri və XX əsrin əvvəllərində demokratik institutların inkişafı, Şərqdə ilk parlament respublikası olmuş Azərbaycan Demokratik Respublikasının 23 aylıq mövcudluğu, habelə Azərbaycanın Sovet İttifaqı tərkibinə qatılması və SSRİ daxilində əhəmiyyətli rolunun tarixindən danışıb. Səfir Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və münaqişənin nəticələri barədə də ətraflı məlumat verib və iştirakçıları maraqlandıran sualları cavablandırıb. Elə həmin gün Azərbaycanı təmsil edən rəqs qrupu Akapulko şəhərinin mərkəzində yerləşən, ekoloji qoruq ərazisi olan “İgnacio Manuel Altamirano Parkı” ərazisində konsert proqramı ilə çıxış edib.

 

 

525-ci qəzet.- 2011.- 29 oktyabr.- S.16.