ADMİU-da sənətkar sayğısı

 

Azərbaycanın xalq yazıçısı, Dövlət mükafatları laureatı, dramaturq və ədəbiyyatşünas Mirzə İbrahimovun anadan olmasının 100 illiyi ilə əlaqədar respublika miqyasında keçirilən tədbirlər sırasına biri də əlavə olundu. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən növbəti elmi konfrans bu əlamətdar yubileyə həsr olunmuşdu və bir sıra fərqli xüsusiyyətləri ilə yadda qaldı. Konfransı giriş sözü ilə açan ADMİU-nun tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Sadıqov xalqımızın mənəvi tərbiyəsində, mədəni inkişafında əvəzsiz rol oynamış sənətkarın 100 illik yubileyinin keçirilməsi üçün bu ilin iyul ayında sərəncam imzalayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçıları, eləcə də universitetin tələbə və müəllim heyəti adından təşəkkür və minnətdarlığını bildirdi.

Hələ çıxışlar başlamazdan öncə “Rejissor sənəti” fakültəsinin hazırladığı, M.İbrahimovun həyat və yaradıcılığını əks etdirən sənədli video film nümayiş olundu. Yazıçının geniş siyasi-ictimai fəaliyyətini, ailə-məişət həyatını yığcam, təsirli boyalarla təsvirə gətirən film konfrans iştirakçılarına xoş təsir bağışladı.

“Mirzə İbrahimov şəxsiyyəti” mövzusunda məruzə ilə çıxış edən “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Aqşin Babayev unudulmaz yazıçımızın elmi, bədii, fəlsəfi sahələrdəki titanik fəaliyyətini işıqlandırmaqla həm də onun insani xüsusiyyətlərindən söhbət açdı, şəxsi xatirələrini dilə gətirdi. Konfransa dəvət olunanlar sırasından “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı, “Azərbaycan” qəzetinin əməkdaşı, yazıçı-publisist Flora Xəlilzadə sənətkarla bağlı mülahizələrini, xatirə və düşüncələrini buraya toplaşanlarla bölüşdülər. Universitetin müəllimi, əməkdar jurnalist Zakir Abbas Mirzə İbrahimovun yaradıcılığından ən seçmə, yadda qalan epizodları, eləcə də onun siyasi-ictimai fəaliyyəti illərində əsl qəhrəmanlıq sayıla biləcək addımlarını misal gətirdi.

ADMİU-nun IV kurs tələbəsi Aysel Abbasova da M.İbrahimovun yaradıcılığının gənclər üçün örnək olduğundan danışdı, “Böyük dayaq” romanının motivləri əsasında çəkilən bədii filmin onda doğurduğu müsbət, duyğulu assosiasiyaları heç zaman unutmayacağını söylədi. Elmi konfransın ən təsirli, emosional dəqiqələri isə yazıçının qızı, bəstəkar, xalq artisti Sevda İbrahimovanın çıxışı sayəsində yarandı desək, yanılmarıq. Sevda xanımın atası ilə bağlı çoxlarına bəlli olmayan xatirələrini, böyük sənətkarın ailə başçısı, ata kimi qeyri-adi, ülvi məziyyətlərini dilə gətirərkən keçirdiyi hiss və həyəcanlar hamını duyğulandırdı. Və sonda S.İbrahimova 10 il əvvəl, atasının 90 illik yubileyinin keçirilməsi üçün sərəncam imzalamış Heydər Əliyevin ruhuna rəhmətlər dilədi və Ulu öndərin davamçısı İlham Əliyevin 100 illik yubiley münasibəti ilə verdiyi sərəncama görə ailəsi adından cənab prezidentə minnətdarlığını bildirdi.

 

 

İntiqam

 

525-ci qəzet.- 2011.-1 noyabr.- S.7.