Maqnit dalğalarının
yaratdığı möcüzə
BU MÖCÜZƏ BƏŞƏRİYYƏTƏ
YENİ ÜNSİYYƏT SİSTEMİ VƏ ZƏNGİN SƏSLƏR
PALİTRASI BƏXŞ ETDİ
Azərbaycan
radiosu-85
Noyabrın 6-da Azərbaycanda radionun müntəzəm yayıma başlamasının 85-ci ili tamam olur. Bu münasibətlə filologiya elmləri doktoru, BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının professoru Qulu Məhərrəmlinin radio tariximizin ilkin dövr tarixi ilə bağlı silsilə yazılarını sizə təqdim edirik.
Xatırladırıq ki, Q.Məhərrəmli təkcə tanınmış praktik jurnalist, publisist və teleaparıcı deyil, həm də media mütəxəssisi, o cümlədən televiziya və radio tariximizin nüfuzlu araşdırmaçılarından biridir. O, radionun tarixi, nəzəriyyəsi və yaradıcılıq problemlərindən bəhs edən “Radio dalğalarında”, “Danışır Təbriz”, “Radio dərsləri”, “Deystvie u mikrofona”(rus dilində) və “Radiodramaturgiya dili” kimi kitabların müəllifidir.
Radio-bəşərin
gerçəkləşənxəyalları
Bu gün çoxları radioya bir keçmiş kimi baxır, onu yaxına buraxmır, görüntüsü olmayan səsdən darıxır, internet və televiziya ilə müqayisədə isə, ümumiyyətlə “danışan qutu” nağılına az qala istehza edir. Neynəməli, indi kimi qınamaq olar ki?! Əslində belə münasibət radio üçün təzə deyil, kino güc yığanda, teatra maraq artanda, televiziya meydana çıxanda da onu beləcə “gözümçıxdıya” salmışdılar. Amma zaman keçdi, insanlar çox əyləncələrdən bezərək, yenidən mehrlərini radioya saldılar, onun əsrarəngiz səslər dünyasının sehrinə düşdülər... Hər şey təkrarlanır: bu gün də adamlar kinodan, videodan, hay-küylü şoulardan usananda, kompyuter oyunlarından təngə gələndə və ya sadəcə öz dünyalarına qapılmaq istəyəndə üzlərini radioya çevirirlər.
Bəşər tarixinə böyük kəşflər dövrü kimi daxil olmuş 19-cu əsr dünyaya bir sıra texnoloji möcüzələrlə yanaşı, radionu da bəxş etdi. Bu əsr elektromaqnit dalğalarının köməyi ilə insanların minillik “danışan qutu” arzularını işıqlı bir gerçəkliyə çevirdi. Əvvəlcə T. Edisson insan səsini yazıb-yenidən canlandıra bildi, sonra dünya elmi (Hamilton, Maksvel,Hers, Faradey) fəzada elektromaqnit dalğalarının olduğunu aşkar etdilər. Mahiyyətcə eyni ani əlaqələr sisteminə aid olan səslər dünyası ilə (fonoqrafla) elektromaqnit dalğalarının birləşməsi radionun kəşfinə gətirib çıxartdı (M. Maklüen). İtaliyada (Boloniyada) ingilis mühacirinin 20 yaşlı oğlu Q. Markoninin və rus mühəndisi A. Popovun təxminən eyni vaxtda (1894-95) həyat verdikləri radio, tezliklə bəşəriyyətə öz misilsiz xidmətlərini göstərdi.
Radio “dil” açdığı 1919-cu ilə qədər Morze əlifbası ilə “danışırdı”. Bu əlifba ilə yayılan radiosiqnallar dəniz və okeanlarda qəzaya uğramış yüzlərlə gəmini fəlakətdən xilas etdi, o cümlədən “Titanik”in sağ qalmış sərnişinlərinin hayına yetdi, mühasirəyə düşmüş ordulara yol göstərdi, səhralara nəfəs gətirdi, okean üzərindən Avropa ilə Amerika arasında rabitə yaratdı, təyyarələri istiqamətləndirdi. Nəhayət, radio evlərə ayaq açdı, musiqi və teatrı da mənzillərə daşıdı, milyonlarla insan üçün xəbər və bilik mənbəyinə çevrildi, zövq tərbiyəçisi oldu, tənha qalmış adamlara ümid verdi, çoxlarının pənah yerinə çevrildi.
Ötən əsrin 20-ci illərindən başlayaraq radio Azərbaycanın da ictimai-mədəni həyatını xeyli dəyişdi. Düzdür, artıq yaşı 85-i haqlamış bu radionun tarixi, bəlli ideoloji səbəblərdən, bütövlükdə təbliğat tarixidir. Lakin bu da faktdır ki, mövcud olduğu uzun illər ərzində radiomuz bir çox böhranlı məqamlarda xalqımızın ümid və təsəlli yerinə çevrilib. Bu gün, müstəqillik dövründə yeni ictimai mahiyyət kəsb edən, sosializmdən miras qalmış yaradıcılıq stereotiplərindən, təbliğat-təşviqat xəstəliyindən yaxa qurtarmağa çalışan radio cəmiyyətdə daha təsirli informasiya vasitəsi rolunu oynamağa çalışır. Uzun illər ərzində bu radio dinləyiciləri məlumatlandırmaq, ölkədə və dünyada baş verən mühüm hadisələr barədə onları xəbərdar etməklə yanaşı, həm də mədəniyyətimizin inkişafında, sənət incilərimizin, ədəbiyyatımızın, ədəbi dilimizin, nitq mədəniyyətimizin, xüsusən musiqimizin təbliğində və milli ruhu yaşatmaqda əhəmiyyətli rol oynayıb.
Səs
yaddaşımız: efirdən əvvəlki tarixçə
Əslində 85 illik yubiley rəqəmi arxasında qalan illər ölkəmizin keşməkeşli tarixinin, onun maqnit lentlərinə hopmuş ziddiyyətlərlə dolu ictimai-siyasi həyatının bir parçasıdır. Özündə uzun zamanların gərdişlərini, xoş məqamlarını və ağrı-acılarını yaşadan bu illər xalqımızın zəngin mədəniyyətinin salnaməsi, misilsiz musiqi xəzinəsi və nəhayət, bizi hər an duyğulandıra biləcək səs yaddaşımızdır. 20-ci əsrin çox burulğanlarından keçən, çox tufanlarına sinə gərən bu illərin ağırlığı, efir əzabları radio sənətini yaşadanların, həmişə onun təəssübünü çəkənlərin çiyinlərində olmuşdur. Radio, sözün həqiqi mənasında, bu səs məbədinə illər uzunu ayaq döymüş jurnalistlərin, necə deyərlər, iynə ilə gor qazan redaktorların, reportyorların, şərhçilərin, diktorların və cəfakeş texnik-mühəndislərin gözlə görünməyən kollektiv əsəridir. Bu gün həmin “əsəri” Azərbaycandan çox-çox uzaqlarda da intizarla gözləyir, dinləyir və ona kövrək addımlarını atan müstəqil bir ölkənin radio dalğalarında eşidilən doğma səsi kimi ehtiram göstərirlər.
Bəs, Azərbaycan radiosu hansı tarixi şəraitdə təşəkkül tapıb, necə formalaşıb, hansı texniki-yaradıcılıq mərhələlərindən keçib, burada kimlər çalışıb, bu radio hazırda hansı dövrünü yaşayır və yeni minilliyin əvvəlində hansı inkişaf yolunu seçir? Əlbəttə, bu suallara cavab vermək üçün ötən əsrin 20-ci illərinin ortalarına qayıtmaq, arxivlərə baş vurmaq, nadir sənədləri araşdırmaq, tarixin iz saldığı qəzetlərin saralmış səhifələrini vərəqləmək və radionun səs yaddaşını canlandırmaq lazım gəlir.
Azərbaycanda müntəzəm radioverilişləri 1926-cı il noyabrın 6-da başlandığına görə ölkəmizdə radionun tarixi də rəsmən həmin gündən hesablanır. Əslində isə ölkəmizdə radio quruculuğunun tarixi bir neçə il əvvələ gedib çıxır. Bu tarix ötən əsrin önəmli bir dönəmində ölkənin istiqlaliyyətini bəyan etmiş, müsəlman Şərqində ilk parlamentli respublika yaratmış, qısa müddətdə dövlətin ərazi bütövlüyünü bərpa etmiş, dövlət dili haqqında qanun qəbul etmiş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1918-ci ilin iyulunda Gəncədə yaratdığı radiostansiyanın fəaliyyəti ilə başlanır. Həmin il sentyabrın 15-də Qafqaz İslam ordusunun köməyi ilə Bakı azad edildikdən sonra hökumət paytaxtı buraya köçürsə də, Gəncə radiostansiyası rabitə məqsədləri üçün tam gücü ilə işləyirdi.
20-ci əsr Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazmış cümhuriyyətin uzaqgörən liderləri ölkənin Avropa ilə əlaqələrini genişləndirməyə, ələ düşmüş tarixi fürsətdən bəhrələnərək gənc dövlətin müstəqilliyini möhkəmlətməyə çalışırdılar. Onlar təkcə siyasi-diplomatik sahədə deyil, iqtisadiyyat, xüsusən neft sənayesi və kommunikasiya sahəsində də Qərb texnologiyasından bəhrələnməyə can atırdılar. Bu baxımdan, inkişaf etmiş bir ölkə kimi Fransa ilə əlaqələrə xüsusi diqqət yetirilirdi. Məhz bu əlaqələrin faydalı nəticəsi idi ki, 1919-cu il oktyabr ayının ortalarında Fransa hərbi missiyası ilə birlikdə Fransanın Ticarət və Sənaye Nazirliyinin nümayəndəsi də Bakıya gəlmiş, xarici ticarət naziri M.Y.Cəfərovla danışıqlar aparmışdı. Arxiv sənədləri təsdiq edir ki, məhz bu səfərdən sonra Fransanın teleqraf və telefon kompaniyası Azərbaycan Respublikasının poçt-teleqraf işlərini ümumdünya standartlarına uyğunlaşdırmaq və Gəncə radiostansiyasını Eyfel qülləsindəki Avropa radiostansiyasına qoşmaq üçün Parisdəki Azərbaycan nümayəndələri ilə qarşılıqlı razılaşmaya əsasən, Azərbaycana xeyli radiorabitə avadanlığı göndərmiş və öz mühəndislərini ezam etmişdi.
Bu əməkdaşlıq nəticəsində Bakıda radio quruculuğu işi sürətləndirilmiş, Gəncədəki stansiya qısa müddətdə yenidən qurulmuşdu. Təsadüfi deyildir ki, 1919-cu ilin noyabrında Azərbaycan Parlamentinin sədri, Paris sülh danışıqlarında AXC nümayəndə heyətinə başçılıq etmiş Ə.M.Topçubaşov ilk dəfə Eyfel qülləsindəki radiostansiyadan məhz Gəncə radiostansiyasına birbaşa xətlə Azərbaycan Respublikası Nazirlər Şurasının sədrinə belə bir teleqram göndərmişdi: “Əziz Vətənimizin iqtisadi və mədəni tərəqqisində böyük rol oynayacaq Azərbaycanın ilk radiostansiyasının fəaliyyətə başlaması münasibətilə Sizi təbrik edirəm”. Fransa ilə poçt-teleqraf sahəsində imzalanmış sazişdən az sonra Ə.M.Topçubaşov İsveçrənin Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqına üzv olmaq üçün Beynəlxalq Büroya ərizə ilə müraciət etmişdi.
Təəssüf ki, bir çox sahələrdə olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti radio quruculuğu sahəsində də öz planlarını axıradək reallaşdıra bilmədi. Bütövlükdə beynəlxalq şərait, o cümlədən Qafqazda yaranmış hərbi-siyasi vəziyyət, xüsusən bolşevik Rusiyasının güclənməsi və Türkiyənin öz mövcudluğunu qorumaq üçün ölüm-dirim savaşında təklənməsi durumu xeyli çətinləşdirdi. Bölgədə yaranmış vəziyyətdən bəhrələnərək Oktyabr inqilabının zəfər yürüşünü Çar Rusiyasının keçmiş hüdudları boyunca davam etdirən bolşeviklərin Cənubi Qafqaza hərbi müdaxiləsi Azərbaycan, Gürcüstan və Ermənistanda milli hökumətlərin süqutuna səbəb oldu. Beləliklə, Azərbaycanda milli radio quruculuğu işi də yarımçıq qaldı.
Leninin “kağızsız və məsafəsiz
qəzet”i haqqında 200 sənəd
Bolşevik Rusiyasında insan zəkasının çox böyük nailiyyətlərindən biri olan radioya biganə qalmadılar. Rabitədə və hərbi işlərdə əvəzsiz texniki vasitə olan radionu indi həm də təbliğat-təşviqat silahına çevirmək üçün Moskvada və müttəfiq respublikaların paytaxtlarında geniş tədbirlər görülür, müvafiq qurğular tikilirdi. Təbii ki, Şərqin qapısı olan neft Bakısına xüsusi diqqət yetirilirdi. Çünki buranı bütün müsəlman dünyasına təbliğat meydanı kimi istifadə etmək çox əlverişli idi. Təsadüfi deyildir ki, 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının 11-ci ordusunun köməyi ilə Bakıda Sovet hakimiyyəti qurulduqdan bir neçə ay sonra həmin ölkənin Mərkəzi İcraiyyə Komitəsinin (MİK) “Sovet Qafqazı” təlimat-təşviqat qatarı Azərbaycan paytaxtına gəlmişdi. Həmin qatarın vaqonlarından birində xüsusi radiostansiya yerləşdirilmişdi. Həmin radiostansiyanın məqsədi bir tərəfdən Sovet hökumətinin gücünü göstərmək, digər tərəfdən bolşeviklərin Qafqaz yürüşünü dünyaya car çəkmək idi.
Azərbaycanda radionun yaradılması və onunla bağlı təcrübə-sınaq işləri Rusiyada bu sahədə gedən intensiv proseslərlə sıx şəkildə aparılırdı. Orada isə 1917-ci il Oktyabr inqilabından sonra bolşeviklər radionu idarəetmə və təbliğat vasitəsinə çevirmək üçün aramsız laboratoriya sınaqları keçirirdilər. Xüsusən XKS sədri V.İ.Lenin “kağızsız və məsafəsiz qəzet” adlandırdığı radionun bu sahədəki müstəsna əhəmiyyətini irəlicədən görür və hər vəchlə mütəxəssisləri radiotexnikanı sürətlə inkişaf etdirməyə çağırırdı. O, xüsusi dekretlə 1918-ci ilin dekabrında Nijni Novqorodda radio-laboratoriya yaradılmasını vacib hesab etmiş, ona xeyli vəsait ayırmış və bu sahədə axtarışlar aparan professor Mixail Bonç-Bruyeviçi işə dəvət etmişdi. Bu da təsadüfi deyildir ki, Rusiyada radiotexnika işlərinə və radioyayımına dair qəbul edilmiş ilkin rəsmi sənədlərin təxminən 200-də Leninin imzası vardır.
1922-ci il avqustun 21-də isə Moskvadakı Mərkəzi Radio-Telefon Stansiyası Rusiya ərazisində geniş sınaq verilişləri apardı. Sınaqlar tezliklə öz bəhrəsini verdi. 1924-cü il noyabrın 23-də SSRİ-də müntəzəm radio verilişlərinə başlandı. Artıq radioda canlı insan nitqinin səslənməsi rabitəçiləri teleqraf kodlarını açmaq, siqnalları mətnə çevirmək əzabından xilas etdi. İndi simsiz radio vasitəsilə canlı insan səsi hər hansı dekreti, məlumatı, xəbəri xeyli uzaqlara yayırdı. Məhz paytaxt Moskvada radiotexnika sahəsindəki bu mühüm nailiyyət digər müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda da radio verilişlərinin təşəkkülünə güclü təkan verdi.
Bakıda radio yaratmaq təşəbbüsü daha çox həvəskarları hərəkətə gətirmişdi. Xüsusən 1923-cü ilin iyulunda SSRİ Xalq Komissarları Sovetinin qəbul etdiyi “Xüsusi təyinatlı radiostansiyalar haqqında” qərar Azərbaycanda radio həvəskarları hərəkatının genişlənməsinə səbəb oldu. Moskva radiosunun verilişlərinə qulaq asmaq arzusu, Xəzər Hərbi Dəniz Donanmasının Bayıl radiostansiyasından aparılan sınaq verilişlərinə maraq ? bütün bunlar Azərbaycanda müntəzəm radioyayımı təşkil etmək yolunda göstərilən səyləri daha da gücləndirdi. İlk radio verilişləri, məhz radio həvəskarlarının fəaliyyəti sayəsində öz auditoriyasını genişləndirdi. 1924-cü ildə Moskvada “Radionun Dostları Cəmiyyəti” təsis edildikdən sonra eyni qurum Bakıda da yaradıldı və ölkədə radio həvəskarlığı işini planlı şəkildə təşkil etmək vəzifəsi qarşıya qoyuldu. Həmin işin icrasını Respublika Həmkarlar İttifaqları Şurası (AHİŞ) öz üzərinə götürdü. Bu təşkilatda radio həvəskarları hərəkatına rəhbərlik etmək, dərnəklərin fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək üçün ayrıca Radio Bürosu yaradıldı. Həmin büro ilk gündən radio verilişlərinin bütün Azərbaycan ərazisində eşidilməsi üçün geniş yayımlı stansiyanın tikintisinə nail olmağı qarşısına məqsəd qoydu. Çünki belə bir stansiya olmadan respublikada radio həvəskarlığı işini inkişaf etdirmək çətin idi. Buna görə də Respublika Xalq Komissarları Soveti (XKS) 1925-ci il 22 aprel tarixli iclasında Bakıda bütün Azərbaycana xidmət edə biləcək və yayım dairəsi 600 kilometr olan radio verilişləri stansiyası tikməyi qərara aldı. Bu məqsədlə xüsusi komissiya yaradıldı.
Bu proseslərlə yanaşı radio həvəskarları sınaq verilişlərini davam etdirir, canlı efirə çıxır və məhdud radiusda proqramlar yayımlayırdılar. Bakı və onun ətrafında güclə eşidilən ilk sınaq verilişlərinin əsasını qəzet materialları, sonralar radioqəzet adlanacaq icmal materialları, siyasi felyetonlar, daha çox elanlar, silsilə konsertlər və həm də radio həvəskarlarının işinə dair yeniliklər təşkil edirdi. Radio işi sahəsindəki bütün bu canlanmalar müntəzəm yayımın tezliklə başlayacağından xəbər verirdi.
Artıq 1925-ci ilin sonunda Azərbaycan MİK və respublika XKS-nin 16 dekabr tarixli birgə iclasında tezliklə əhatəli yayım dairəsinə malik radiostansiyanın işə düşəcəyi və yerlərə qəzetlərin xülasəsinin, Rusiyada olduğu kimi, radio vasitəsilə çatdırılacağı barədə danışılırdı. Bu o demək idi ki, Bakıda kütləvi radioyayıma 1926-cı ilin noyabrından bir neçə ay tez başlamaq imkanı vardı. Lakin sovet ənənəsinə görə, belə mühüm yeniliklər mütləq hansısa əlamətdar ildönümə töhfə olmalı idi.
Azərbaycan radiosu məhz Böyük Oktyabr sosialist inqilabının 9-cu ildönümü münasibətilə “danışdı”. Halbuki, hələ “Yeni yol” qəzeti həmin hadisədən beş ay əvvəl ? iyun ayında Bakı radiostansiyasından bəhs edən reportajda bildirirdi ki, paytaxtda radiotelefonun quraşdırılması sona çatmışdır. Hətta qəzet öz oxucularını heyrətləndirməyə çalışırdı ki, istifadəyə veriləcək radio-telefon musiqi ilə yanaşı, siyasi mühazirələri və müxtəlif məzmunlu çıxışları da yayacaq...
“Alo,
alo! Danışır Bakı stasionu!”
Artıq
1926-cı il noyabrın 5-də “Bakinski
raboçi” qəzeti oxucularına xəbər verirdi ki, paytaxtın
bütün meydanlarında
və klublarda səsucaldan qoyulub və sabah Bakıda
radiostansiya işə
başlayacaq. Nəhayət,
gözlənilən an yetişdi
və 1926-cı il noyabrın 6-da artıq SSRİ-nin böyük sənaye mərkəzlərindən birinə
çevrilmiş Bakının
iri küçə və meydanlarında, həmçinin şəhərin
digər kütləvi
yerlərində quraşdırılmış
radiocihazlar xışıldayaraq
dilə gəldi. Əvvəlcə rus, sonra isə Azərbaycan dilində qırıq-qırıq
“Alo! Alo! Danışır Bakı stasionu!”
sözləri eşidildi.
Bu sözlər yoldan keçənləri ayaq saxlamağa və o vaxt üçün qeyri-adi olan bir olaya ? hansısa
qurğudan gələn
səsi dinləməyə
vadar edirdi. Çoxları o zaman qrammofonabənzər qurğudan
insan səsinin yayılmasına heyrətlə
baxır və lazımınca dərk etmirdi ki, bu
cansız qurğu bəşər dühasının
yaratdığı böyük
bir kəşfin ? radionun
artıq Azərbaycana
da geniş ayaq açdığından
xəbər verir. Bu yenilik, həmçinin Azərbaycanın ictimai-siyasi
həyatında, o cümlədən
milli jurnalistikada da yeni bir
spesifik sahənin açıldığının, bütövlükdə mədəniyyət
və təbliğat cəbhəsində təzə
bir eranın başlanmasının ilk siqnalları
idi...
Verilişlər Kommunist küçəsində
(indiki İstiqlal
–red.), hazırkı Azərbaycan
Elmlər Akademiyasının
əsas binasının
üçüncü mərtəbəsində,
sol guşədə yerləşən
üç otaqdan ibarət kiçik studiyadan yayımlanırdı. Birinci otaqda
bütün divar boyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu. Bu, şəhər translyasiya
şəbəkəsinin mərkəzi
məntəqəsi idi.
Aparatları bir nəfər
növbətçi texnik
idarə edirdi. İkinci otaq studiyaya giriş otağı idi. Efirə çıxmaq üçün
dəvət olunanlar studiyaya keçməzdən
əvvəl öz növbələrini gözləyirdilər.
Bundan sol
tərəfdə kiçik
bir kabinə də var idi.
Bu kabinədən studiyanın içərisini
görmək və nəzarət etmək üçün bir pəncərə açılmışdı.
Pəncərənin qarşısında adi bir çamadanın
içində qurulan aparat bir tərəfdən
studiyanın mikrofonunu,
digər tərəfdən
isə nəqledici xətti birləşdirirdi.
(Ardı var)
Qulu MƏHƏRRƏMLİ,
Professor
525-ci qəzet.- 2011.-1 noyabr.- S.4.