Bolşevik Rusiyasının Azərbaycan siyasətinə Türkiyənin münasibəti (1920-1923)

 

1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal etdi. Bu işğala beynəlxalq şərait, Rusiyanın Azərbaycan neftinə və əlverişli strateji mövqelərə yiyələnmək niyyətləri, Antanta dövlətlərinin Rusiya və Türkiyəyə qarşı apardıqları müharibədə hər iki ölkənin düşdüyü ağır vəziyyətdə müttəfiqliyinin zərurətə çevrilməsi, ingilisləri Qafqazdan, Yaxın və Orta Şərqdən qovmaq niyyətləri, geosiyasi şərait və s. təsir etdi.

Bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyuldu. Azərbaycan Sovet Sosialist Respublikası quruldu. Azərbaycan xalqının tarixində yeni bir dövr başladı.

Bundan sonra bolşevik hökuməti Azərbaycanda amansız bir siyasət yürütməyə başladı. Azərbaycan dövlətçiliyi məqsədli şəkildə məhv edilir, yenicə qurulmuş Azərbaycan sovet hökumətinin səlahiyyətləri əlində alınır, əhalinin malı və mülkü müsadirə edilir və ölkənin təbii sərvətləri mərkəzə daşınırdı. Aprel işğalından sonra kommunist adı altında Azərbaycana gələn ermənilər əksinqilabi ünsürlərlə mübarizə adı altında Azərbaycan xalqına, xüsusən milli ziyalılara divan tutur, repressiyaya məruz qoyurdular. Bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə milli ruhlu şəxslərin xarici ölkələrə mühacirəti də başladı. Onlar əsasən Türkiyədə yerləşdilər.

Soruşulur: Bu məsələlər o zaman müttəfiq olan Rusiya ilə Türkiyə arasında münasibətlərdə müzakirə olunubmu? Mustafa Kamal Paşa başda olmaqla yeni Türkiyənin Azərbaycanda yürüdülən bu siyasətə münasibəti necə olmuşdur?

Qeyd etmək lazımdır ki, bu məsələlərə dair arxivlərdə kifayət qədər materiallar vardır. Azərbaycan və Rusiya arxivlərində uzun illər boyu sovet dövründə “məxfi” və “tam məxfi” saxlanılmış sənədlər əsasında məsələlərə aydınlıq gətirməyə çalışaq.

 

***

 

Məlum olduğu kimi, Türkiyə ərazilərinə sahib olmağa və Rusiyada bolşevizmi beşiyində boğmağa çalışan Antanta ölkələrinə qarşı mübarizə Rusiya və Türkiyəni müttəfiqə çevirmişdi. Bu müttəfiqlik isə bütün Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirdi. Bolşevik Rusiyasının işğalına məruz qalan Azərbaycan sovetləşdirildi. Rusiyanın Azərbaycanda siyasətini izləyən Türkiyə hökuməti həyata keçirilən amansız tədbirlərə qarşı qəti mövqeyini daim nümayiş etdirirdi. Azərbaycan və Rusiya arxiv sənədləri bir daha sübut edir ki, Türkiyə hətta sovet sistemi şəraitində Azərbaycanın müstəqil olmasına tərəfdar olmuş və bu məsələni dəfələrlə danışıqlarda qaldırmışdır.

Türkiyənin rəsmi adamları aprel işğalından sonra ermənilərin bolşevik adı altında Azərbaycana gəlmələrindən və düşünülmüş şəkildə azərbaycanlıları qırmalarından narahatlıq keçirirdilər. Məsələn, Sovet İnformasiya bürosunun Türkiyədəki rəhbəri Astaxov 1921-ci il yanvarın 8-də RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerinə göndərdiyi “tam məxfi” teleqramında yazırdı ki, Trapezunddan (Trabzon) Millət Məclisinin üzvü məşhur kamalçı Şükrü bəy onunla söhbətində Azərbaycanda baş verən çevrilişin səmimi olmadığına inandığını bildirmişdi. Şükrü bəy belə hesab edirdi ki, Antanta ölkələrinin əlində alət olan ermənilər əksinqilaba qarşı mübarizə adı altında azərbaycanlıları qırmağa qadirdirlər. Şükrü bəy sovet nümayəndəsindən bu fikirlərini çap etməyi xahiş etmiş və bunun türk xalqının əhval- ruhiyyəsi olduğunu bildirmişdi.

Qeyd etmək lazımdır ki, Azərbaycanda bolşeviklərin yürütdüyü siyasətə Türkiyədən edilən etirazlar bəzi ölkələrin rəsmi dairələri tərəfindən Rusiya ilə Türkiyə arasında ixtilafların olması kimi qiymətləndirilirdi. Məsələn, Parisdə nəşr edilən “Tan” qəzeti 1921-ci il yanvarın 20-də bolşevik Rusiyası ilə Anadolu hökuməti arasında fikir ayrılıqlarının, şübhələrin, hətta Azərbaycanın Türkiyəyə birləşməsi istəyinin olduğunu yazırdı. Bu yazıya cavab olaraq Türkiyənin “ Hakimiyyet Milliye” qəzeti həmin ilin yanvarın 27-28-də yazırdı ki, bizimlə bolşeviklər arasında Azərbaycan üstündə heç bir mübahisə yoxdur. Onda nəyə görə Avropa Anqora (o zaman Ankara belə adlanırdı-M.Q.) ilə Azərbaycanı və bolşevikləri bir-birinə vurmaq üçün çirkin niyyətlərindən istifadə edir. Qəzet yazırdı ki, bizim üçün qəti olan budur, istər Azərbaycan olsun, istər Suriya, istərsə də digər torpaqlar – bu qardaşlarımız azad yaşasınlar.

Türkiyə bolşevik Rusiyasının müsəlmanlara qarşı yürütdüyü siyasətini iki ölkə arasında münasibətlərdə mühüm amil sayır və bu barədə sovet xadimlərini daim xəbərdar edirdi. Belə ki, bolşevik Rusiyasının müsəlman xalqlarına münasibəti və Azərbaycanda yürütdüyü siyasət 1921-ci ilin yanvarında Ankaraya səfər edən Şərq xalqlarının təbliğatı və fəaliyyəti şurasının səlahiyyətli nümayəndəsi Eşba ilə görüşdə Türkiyənin xarici işlər naziri Bəkir Sami bəy tərəfindən qaldırıldı. Bəkir Sami bəy ona açıq şəkildə dedi ki, indiyədək Rusiya müsəlmanları nəinki müstəqillik, hətta heç münasib bir muxtariyyət də almayıblar. Başqırdıstan, Tatar Respublikası, Şimali Qafqaz – bütün bunlar uydurma respublikalardır. Muxtar respublikaların əsas idarəçiliyi mərkəzi hökumətin əlindədir. Şimali Qafqazı götürək. Nəyə gərə Dağıstan və Terek dağlıları ayrılmışlar? Nəyə görə Ufa Başqırd Respublikasından alınmışdır?

Söhbətdə Bəkir Sami bəy daha sonra bolşevik Rusiyasının Azərbaycanda yürütdüyü siyasətə etiraz edərək qəti şəkildə dedi: “Azərbaycanı götürək. Uydurma bir şişman adam Nərimanov vardır. Fövqəladə Komissiyanın sədri, hətta Qırmızı ordu hissəsinin yefreytoru ona nəyi deyirsə, onu da edir. Faktiki olaraq Azərbaycanın bütün siyasətinə Azərbaycanı tanımayan, bilməyən, onunla heç bir ümumi bir bağlılığı olmayan Orconikidze ( Serqo Orconikidze Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində bilavasitə iştirak etmiş sovet və Kommunist Partiyası xadimi – M.Q.) rəhbərlik edir. Azərbaycanda bütün sərvətlər Rusiyaya daşınır. Nəticəsi budur ki, Azərbaycan fəhlə və kəndliləri ağır ehtiyac içərisindədirlər. Soruşulur: bu sərvətlər hara itdi?” Bəkir Sami bəy birmənalı olaraq Eşbaya dedi: “Bunu ona görə sizə söyləyirəm ki, müsəlmanlara münasibətdə siyasət Rusiya ilə Türkiyə arasında böyük amildir. Moskvanın yeni siyasətinin çar hökuməti zamanındakı kimi müsəlman xalqlarına qarşı olan ikinci faciə olduğuna dair hər hansı şübhələri aradan qaldırmaq lazımdır”. Eşba Bəkir Sami bəyin Rusiyanın milli siyasətinə dair söylədiklərinə etiraz etmək istəsə də, Türkiyənin xarici işlər naziri “açıq danışmaq ümumi işimizə xidmət edər” dedi.

Bəkir Sami bəy ilə görüşdən sonra Eşba yanvarın 29-da Mustafa Kamal Paşanın qəbulunda oldu. Söhbət zamanı Eşba sovet respublikaları arasında mübahisələrə səbəb olan sərhədlərin artıq əhəmiyyətini itirdiyini bildirərək dedi ki, məsələn, kommunist Azərbaycanı öz ərazisinin bir hissəsini könüllü olaraq kommunist Ermənistanına vermişdir.

Rusiya ilə münasibətlərin təməllərinin möhkəm olmasını arzulayan Mustafa Kamal Paşa bolşevik Rusiyasının müsəlman xalqlarına münasibətdə yürütdüyü siyasətə dair məsələ üzərində durdu. O, Rusiyadan gələn şəxslərin məruzələrindən və digər mənbələrdən bəzi təfərrüatların aydın olduğunu təəssüflə bildirərək “bu, türk xalqında şübhə doğurur, bizim arzularımızı da çətinləşdirir ” dedi. Əlavə etdi: məsələn, şayiələr gəzir ki, ruslar Bakını tutarkən orada həbslər aparıblar və adamları edam ediblər, Azərbaycanın sərvətləri Rusiyaya daşınmışdır. Türküstanda da müsəlmanların qırğınına bənzər bir şey baş vermişdir. Atatürk bundan başqa Moskvanın bəzi addımlarının da şübhələr doğurduğunu bildirdi. Bununla bağlı olaraq Ermənistan ilə imzalanan 1920-ci il 2 dekabr tarixli Gümrü sülh müqaviləsinin yerinə yetirilməsinə Rusiyanın mane olduğunu açıq şəkildə söylədi.

Türkiyənin bu mövqeyi digər ölkələrin diplomatik dairələrinin də diqqətindən kənarda qalmırdı. Ukraynanın Qafqazdakı diplomatik missiyasısının rəhbəri İvan Kraskovski 1921-ci il yanvarın 20-də mərkəzə yazdığı məxfi qrifli “Ukrayna. Qafqaz. Müsəlmanlar” adlı əsas tezislərində qeyd edirdi: “Kamalizm və Türkiyə, Qafqaz və Orta Asiya müsəlmanları yaxşı bilirlər ki, bolşevizmin siyasəti Rusiya imperiyasının siyasətidir, onun qələbəsi onların sakit yaşamasını təhdid edir”.

Türkiyə rəhbərlərinin bolşevik Rusiyasının Azərbaycanda siyasətinə belə münasibətinin böyük əhəmiyyətli var idi. Bu, hər şeydən əvvəl, bolşeviklərin Azərbaycanda daha qəddar siyasət yürütməsinin qarşısını alırdı.

Bolşevik hökuməti tərəfindən Azərbaycanda əhalinin malı və mülkünün müsadirə edilməsi Türkiyənin etirazlarına səbəb olurdu. 1921-ci il fevralın 3-də TBMM-in Tiflisdəki nümayəndəsi Kazım bəy sovet nümayəndəsi Şeynman ilə görüşərək Azərbaycanda sovet hakimiyyətinin azərbaycanlı kəndlilərin mülklərini müsadirə etməsinə Ankara hökumətinin etirazını Moskvaya və Orconikidzeyə çatdırmağı rəsmi şəkildə bildirdi. Bunun Türkiyənin qəti mövqeyi olduğunu söylədi.

Sovet tərəfi isə bu mövqeyə fərqli yanaşdı. Fevralın 8-də Şeynman Türkiyə tərəfinin müvafiq müraciətini Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova və Azərbaycan SSR xalq xarici işlər komissarı Mirzədavud Hüseynova göndərdi. O, Türkiyənin bu hərəkətini daxili işlərə qarışmaq və kamalçıların Azərbaycan əhalisi arasında nüfuz qazanmaq istəyi və Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi qiymətləndirdi.

Belə bir şəraitdə Türkiyə Rusiyanı daha dərindən tanımaq, öyrənmək istəyirdi. Buna görə də Türkiyədə Rusiyanı təhqiq edən, öyrənən bir komissiya quruldu. Bu komissiyanın üzvü İsmayıl Sübhi Soysallı Azərbaycana səfər edərək çoxlu görüşlər keçirdi, vəziyyəti öyrəndi və bir məruzə hazırladı. Onun 1921-ci ildə TBMM sədri Mustafa Kamal Paşaya göndərdiyi məruzəsi bolşeviklərin Azərbaycanda yürütdüyü siyasəti və Türkiyənin bu siyasətə münasibətini aydın şəkildə göstərir. İsmayıl Sübhi Soysallı yazırdı ki, həqiqətən Azərbaycanda bolşeviklər hökmranlıq edirlər. Ordunun Azərbaycana daxil olması ilə üsyanlar başlamışdır. Bolşeviklər yüzlərlə kəndi yandırmışlar. Bəzi yerlərdə yalnız türklərin əhalini sakitləşdirməsi hesabına müqavimət göstərilməmişdir. Azərbaycan əsgəri üçün İtaliyadan alınan mundirlər bolşeviklər tərəfindən - Qırmızı ordu tərəfindən müsadirə edilmişdir. Xalq isə zorakılığa dözmür, silahı vermir və üsyan üçün məqam gözləyir. Məruzədə Azərbaycanda hakimiyyətin təşkili barədə də məlumat verilirdi. Deyilirdi ki, Bakıda sovet hakimiyyəti yalnız Moskvanın hökmü ilə hərəkət edir. Xalqın aclıq çəkdiyi, ordunun isə xalqın malı və mülkünü müsadirə etməsi nəticəsində rifah içində olduğu qeyd edilirdi. Ermənilərin Fövqəladə Komissiyada hökmranlıq etdikləri, köhnə ədavətə görə azərbaycanlılardan qisas aldıqları yazılırdı. Bolşeviklər varlıların evlərini əlində almışdı. Kəndlilər də hakimiyyətə nifrət edirdilər.

Məruzədə yazılırdı ki, sözdə müstəqil olan Azərbaycan əslində Rusiya Kommunist Bolşevik Partiyasına tabedir. Bu respublika sovet quruluşu tərəfindən dağıdılmış və qarət edilmişdir. Məruzədə Azərbaycandakı bütün köhnə qüvvələrin məhv edildiyi vurğulanırdı. Müəllif yazırdı ki, Azərbaycanda hakimiyyət əvvəlcə ermənilərin əlinə keçdi və müsəlmanların qırılması qəddarlıqla həyata keçirildi. Bu siyasət həqiqi rus kommunistləri tərəfindən deyil, kommunist adı altında ermənilər və digərləri tərəfindən edilir. Rus millətçilərinin hərəkətlərindən hətta yaxşı rus kommunistləri şikayət edirdilər. Məruzədə Fövqəladə Komissiyanın tamamilə azərbaycanlılara qarşı olduğu, sovet hakimiyyətinin qurulduğu 10-11 ay ərzində 8 min nəfərin güllələndiyi, onların 2 min nəfərinin ziyalı olduğu vurğulanırdı. Hətta Bakıya gələn Stalin də bütün bunlara görə millətçilərin qarşısında qızarmışdı. Azərbaycanın idarəçilik aparatı rus, erməni və gürcülərdən ibarət idi. Bu aparat müsəlmanların deyildi. Azərbaycan kommunistləri Azərbaycana gəlməkdə bolşeviklərə kömək etdikləri üçün peşman olmuşdular. Şəhər dağıdılmışdı. Bakının nəhəng anbarlarının malları tamamilə bolşeviklər tərəfindən daşınmışdı. 100-150 min türk lirəsi dəyərində zinət əşyaları və xalça daşınmışdı. Kəndlilərdən hər şey, hətta sonuncu at müsadirə edilsə də, kənd əhalisi şəhər əhalisindən yaxşı yaşayırdı. Məruzədən məlum olurdu ki, Azərbaycan cəmi 10 min nəfər kommunist var idi. Onları da heç kim sevmirdi. İsmayıl Sübhi Soysallı yazırdı ki, ümumiyyətlə, sovet Rusiyası indi Azərbaycan üçün tərbiyəçi, öyüd-nəsihət verən deyil, qarətçidir.

Məruzədə Azərbaycanın gələcəyinə də münasibət bildirilirdi. Yazılırdı ki, əhali ümidsizliyə qapılmışdır. Xalq belə bir sual verirdi: nə zaman türklər gələcək və bizi xilas edəcəklər. Hətta milli hisslərdən uzaq olan Azərbaycan ziyalıları da belə bir ağır şəraitdə milli ideyalar axtarırdılar. Məruzədə deyilirdi ki, tacirlər və sənətkarlar öz ruhları ilə əsl müsəlman və türkdürlər. Kəndlilərdə də milli hisslər oyanır. Yerli burjuaziya iflas etmişdir və ümidlərini Türkiyəyə bağlayır. İnsanlar deyirlər: qoy bolşeviklər nefti götürsünlər, ancaq bizim ölkəmizi versinlər. Məruzədə Nəriman Nərimanovun millətçi olduğu qeyd edilir və vurğulanırdı ki, əvvəlcə onlar kommunizmin nə olduğunu anlamamışdılar, indi isə peşmançılıq hissi keçirirlər. Moskvaya səfərdən qayıdan Nərimanov əleyhdarlarına Leninə istinadən demişdi ki, Şərq mövcuddur, mövcuddur, onun xüsusi adət-ənənələri də. Kim başqa cür düşünürsə, qoy buradan çıxıb getsin və başqa bir yerdə işləsin.

Məruzədə bolşeviklər əleyhinə hər yerdə üsyana hazırlıq işləri getdiyi yazılır və tövsiyə edilirdi: “Mən Avropa əleyhinə olanlar arasında və inqilabı Rusiya ilə mübahisə yaratmaq istəmirəm. Lakin o, çətin vəziyyətdədir. Azərbaycan milli dirçəlişə möhtacdır, biz ona kömək əlimizi uzatmalıyıq”.

Türkiyə hökuməti Azərbaycanın Rusiyadan asılı vəziyyətə salınmasından narazılıq edirdi. Bununla bağlı olaraq Rusiyanın Cənubi Qafqazdakı nümayəndəsi Leqran 1921-ci il iyunun 29-da Orconikidzeyə və Çiçerinə məktubunda yazırdı: “Türklər Azərbaycanın Rusiyadan asılı olmasından narazıdırlar. Onun yazdığına görə, Türkiyənin Qafqaz siyasətində birinci element Azərbaycanın müstəqil siyasət yürütməsini istəməsidir”. Leqran daha sonra Bəkir Sami bəyin “heç bir Azərbaycan Respublikası yoxdur, şişman adam Nərimanov vardır. Azərbaycanın müstəqilliyindən yalnız Nərimanov qalmışdır, o da cümə günü” fikirlərini də yazırdı.

Türkiyə hökuməti Cənubi Qafqaz respublikalarının Zaqafqaziya Federasiyasında birləşdirilməsi məsələsinə diqqət ayırırdı. 1921-ci ilin dekabr ayında qəbul edilən bu qərara görə, Azərbaycan, Ermənistan və Gürcüstan öz aralarına olan sərhədləri ləğv edərək mərkəzi Tiflis olmaqla federasiyada birləşirdilər. Bu hadisəyə diqqət ayıran Türkiyənin “Axşam” qəzeti 2 dekabr tarixli sayında yazırdı ki, bununla da Azərbaycan, Ermənistan və Gürcüstan öz müstəqilliklərindən məhrum olurlar

Türk mətbuatında çap edilən məqalələrdə yazılırdı ki, Azərbaycan Rusiyanın təsiri altına düşdükdən sonra müstəqilliyi boş bir şeydir. Bu gün Qafqazda 600 min nəfər rus əsgəri vardır. Yalnız onların sayəsində bolşevizm ayaqda durur. Azərbaycan çox varlı bir ölkədir. Aydındır ki, Azərbaycan olmadan Rusiya əvvəlki kimi ola bilməz. Məlumdur ki, çarizm dövründə Azərbaycan təkcə nefti ilə Rusiya xəzinəsinə ildə 100 milyon qızıl rubl verirdi. Məgər Rusiya belə bir ölkədən imtina edə bilərmi?

Türkiyə tərəfi Rusiyanın Azərbaycanda yürütdüyü siyasətə etirazlarını demək olar ki, bütün rəsmi görüşlərdə də bildirirdi. Məsələn, Lozan konfransı zamanı, 1922-ci il dekabrın 23-də Türkiyə nümayəndə heyətinin rəhbəri İsmət İnönü RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin ilə keçirdiyi görüşdə Rusiyanı Azərbaycanı ruslaşdırmaqda ittiham etdi. İsmət İnönü ilə keçirdiyi növbəti görüşlərin biri haqqında müavini Litvinova məlumat verən Georgi Çiçerin yazırdı ki, türklər özlərini bütün müsəlmanların təmsilçisi hesab edirlər

Türkiyə tərəfi SSRİ qurulduqdan sonra da müsəlmanların istismarından narahatlığını bildirirdi. Azərbaycanda və Qafqazda olan türk təbəələrinin zorakı yolla çıxarılması üçün sovet hakimiyyətini ittiham edirdi. Rusiyanın Azərbaycanda yürütdüyü siyasətə Türkiyənin münasibəti digər bir formada da özünü göstərdi.1923-cü il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulması münasibətilə Ankarada Azərbaycan nümayəndəliyinin keçirdiyi rəsmi qəbula Türkiyə tərəfindən heç bir nümayəndə gəlmədi. Azərbaycan nümayəndəliyinin əməkdaşı Zeynalov xalq xarici işlər komissarı Mirzədavud Hüseynova göndərdiyi teleqramda yazırdı ki, bu, türklərin bizə münasibətini qiymətləndirmək üçün göstəricidir

Aprelin 29-da Türkiyənin “Axşam” qəzetində dərc edilmiş bir məqalədə Azərbaycanda sovet hakimiyyətinin qurulması bütün Azərbaycan türkləri üçün matəm günü kimi təqdim edilirdi. Yazılırdı ki, Türkiyə Azərbaycan xalqını bolşevik şeytanlarına qarşı üsyana çağırır. Məqalə belə fikirlərlə bitirdi: “Mavi, yaşıl və qırmızı Azərbaycan bayrağı Türkiyənin bayrağı kimi yenidən dalğalanacaqdır”.

Bu məqaləyə cavab olaraq Azərbaycan nümayəndəliyi Türkiyə Xarici İşlər Nazirliyinə etiraz notası göndərərək Azərbaycanı 28 aprel münasibətilə təbrik etmədiyi üçün Türkiyə tərəfinə iradını bildirdi. Belə bir məqalənin çapını dostluq və qardaşlıq haqqında müqavilənin 10-cu maddəsinin pozulması kimi qiymətləndirdi.

Türkiyə xalqı və hökuməti istiqlal uğrunda ağır müharibə aparmasına baxmayaraq, daim Azərbaycandakı vəziyyətlə maraqlanmış, konkret mövqeyini ortaya qoymuş, bolşevik Rusiyasını qəddar siyasətdən çəkindirməyə, Mustafa Kamal Atatürkün dediyi kimi, “bolşeviklərin Azərbaycanda yürütdükləri siyasətin bütün müsəlman dünyası üçün bir nümunə olduğunu ehtiyatla başa salmağa çalışmışdır”.

Rusiya ilə müttəfiq olmasına baxmayaraq, Türkiyə hökuməti bu ölkənin ərazisində yaşayan türk və digər müsəlman xalqlarına qarşı yürüdülən sərt siyasətə etirazını bildirmişdir. Yaranmış mövcud vəziyyətdə Rusiya bir çox hallarda bu etirazlarını dinləsə, beynəlxalq şəraitin təsiri altında bəzən sərt siyasət yürütməsini azaltsa da, sonrakı illərdə Türkiyə Qərb ölkələri ilə yaxınlaşdıqda sovet hökuməti də ölkə vətəndaşları olan türk və müsəlman xalqlara qarşı qəddar siyasəti həyata keçirdi. Azərbaycanda 20-ci illərin sonları və 30-cu illərdə on minlərlə azərbaycanlı türkçü, turançı, millətçi və Türkiyə agenti adı altında repressiya edildi, həbsxanalara atıldı, sürgün edildi və öldürüldü. Sovet rəhbəri Stalinin hakimiyyəti illərində mərkəzi hökumət SSRİ-nin türk və müsəlman xalqlarına etibar etməyərək onların nümayəndələrini ölkə rəhbərliyindən daim uzaq tutmağa çalışdı. Hətta SSRİ-nin Türkiyə ilə sərhədindəki türk və müsəlman əhalinin yaşadığı kəndlər köçürüldü.

 

 

Musa QASIMLI

 

525-ci qəzet.- 2011.- 3 sentyabr.- S.14-15.