Şahmarı unutmaq olar?!
On bir il əvvəl, avqustun 31-də
gözəl şairimiz Şahmar Əkbərzadə
dünyadan köçdü, bu il onun 70 yaşı
olacaqdı
On bir il keçib onun
dünyasını dəyişməsindən. 2000-ci il, 31 avqust idi, 59 yaşının tamamına
dördcə ay qalırdı.
Göy buludsuz,
çay bulaqsız çağlamaz,
Yalqız
arı pətəkdə şan bağlamaz.
Hicran
dağı hansı qəlbi dağlamaz,
Kök
üzülsə budaq vaxtsız solar, heyyy!
Budağlara o
dövranlar qayıtmaz,
O qartallar, o tərlanlar
qayıtmaz.
O elatlar, o
karvanlar qayıtmaz
Binələrin
gözü yolda qalar, heyyy!
Şahmar, bəsdir,
zildə durma, keç bəmə,
Dağ
üstündən dağı çəkmə sinəmə.
Məhəbbətin
kökü varsa, qəm yemə-
Qoca dünya
boşalar hey, dolar heyyy!
Ömrümdə
bizim sənət dünyasından olan çox adamın qəfil
ölümünə təəssüflənmişəm. Əli Kərimin, Sərdar Əsədin,
İsa İsmayılzadənin, Eldar Baxışın, Vidadi Məmmədovun,
Nüsrət Kəsəmənlinin, Ağamalı Sadiqin, Nadir
Cabbarlının, Akif Səmədin, Əliağa Aslanın,
Aydın Səlimzadənin... bir də iki Şahmarın –
gözəl hekayələr müəllifi Şahmar
Hüseynovun və poeziyamızda, publisistikamızda silinməz
izlər buraxan Şahmar Əkbərzadənin.
Misal gətirdiyim
şeiri Şahmar, ölümündən on altı il öncə – 1984-cü ildə qələmə
alıb. Şeiri misra-misra, hətta
söz-söz oxuyanda belə ondan VİDA qoxusu gəlir. Birinci və ikinci bənddə kədər var,
üçüncü bənddə nikbinlik. Elə bil,
Şahmar on dörd il sonrakı
ölümünü qabaqcadan hiss edirmiş, ondan əvvəl
isə doğulduğu Qarabağın qəhrini çəkəcəkdi:
O elatlar, o karvanlar qayıtmaz, Binələrin gözü yolda
qalar heyyy!
Açığını
deyim, mən Şahmar Əkbərzadə ilə dost
olmamışam, amma ədəbiyyat çeşməsindən
su içdiyimiz üçün bir-birimizi yaxşı
tanıyırdıq. Mən onun mətbuatda
çıxan gözəl şeirlərini oxuyurdum,
rastlaşanda həmin şeirlər haqqında ürəyimdən
gələn tərif deyirdim və o, uşaq kimi sevinirdi.
Ömrünün son illərində onun redaktor
olduğu “Mədəniyyət” qəzetinə yazılar
aparırdım, bu yazıları şəxsən özünə
təqdim edirdim (belə tapşırmışdı), ən
yaxın nömrədə onları çap edirdi, hətta
kiçik büdcəsi olduğuna baxmayaraq, qonorar da verirdi.
Tez-tez
eşidirdim ki, Şahmar bütün türk
dünyasının nəhəng sənətkarı olan
Çingiz Aytmatovun görüşünə gedir və
Çingiz Aytmatov Şahmarı çox sevir. Şahmar
dünyasını dəyişəndə o böyük sənətkar
çox sarsılmışdı. Polad
Bülbüloğlu yazır: “Bişkekdə Çingiz
Aytmatovun yubileyinin keçirildiyi günləri
xatırlayıram. Şənliyə
dünyanın hər yerindən çoxsaylı qonaqlar gəlmişdi.
Şahmarın alovlu
çıxışları bütün
iştirakçıları valeh edirdi. Onun
söylədiyi bəzi kəlmələr hətta dillər əzbəri
olmuşdu. Qəzetlər onun sözlərini manşetə
çıxarmışdılar: “Yaşasın
Qırğızıstan – Manasstan və Çingizstan!”.
Bəli,
Şahmarı sevirdilər. Onun dönməz
türkçülüyü, azərbaycançılığı,
yurdsevərliyi dillər əzbəri olmuşdu. Hər
bir insana sevgi və ehtiramı da bu ali
sevgidən doğurdu. Türk
dünyasının öndər simalarından olan Oljas
Süleymenov da Ç.Aytmatov kimi Şahmarın
ölümünü eşidib sarsılmışdı.
Şahmarın
dostluq etdiyi, illər boyu ünsiyyət
bağladığı sənətkarlardan biri də
böyük şairimiz Bəxtiyar Vahabzadə idi. Onları birləşdiriən
, ürəklərini bir araya gətirən səbəblər
çox idi. Şahmar özünü həmişə
Bəxtiyarın tələbəsi sayırdı, ustad-tələbə
münasibətində ən önəmli cəhət odur ki,
məslək birliyi həm də dostluğa çevrilsin.
Bəxtiyar müəllimin çox böyük
bir səmimiyyətlə Şahmarın “Ona yanıram ki”
kitabına yazdığı ön sözü
xatırlayıram. Adı belədir: “Düşündürmək,
yandırmaq və inandırmaq”. Bəxtiyar müəllim
yazırdı:
“Sərhəd
kənarında, cavan yaşımda
Həsədim
utanıb yerə girirdi.
İki
quş dimdiyi ağac başında
Vətəni
vətənə birləşdirirdi.
Bu misralar bizi
Şahmar nəfəsinin, Şahmar yanğısının od aldığı ocağa aparır. Misal gətirdiyim üç bəndlik
“Dağdağan” şeirini oxu, qorlanma görüm, necə
qorlanmırsan? Araz qırağında o
taydan, bu taydan çör-çöp daşıyıb yuva
qura-qura “Vətəni vətənə birləşdirən”
iki sağsağana bax, Azərbaycanın keşməkeşli
taleyini anma görüm, necə anmırsan? On iki misrada deyilənlər məni cild-cild salnamələrdən
çox barındırır”.
Bəxtiyar
Vahabzadənin o kiçik, amma Şahmarı bir insan və
şair kimi sevdirən-tanıdan o yazısında Çingiz
Aytmatovun adı çəkilir: “Çingiz Aytmatovun mənə
yazdığı məktubdakı bir fikri xatırlamaya bilmirəm:
“Özündən çox özgələrə yananlar,
el-obalarımızı düşünənlər haqqında
fikirləşəndə Şahmarı anıram”.
Şahmar
Əkbərzadənin “Ona yanıram ki” şeirlər kitabı
qarşımdadır və deyim ki, hər dəfə
yaxşı bir şeir oxumaq həvəsilə o kitabı də
əlimə götürür, açıb vərəqləyir
və həmişə birinci olaraq “Üzeyirbaycan” şeirini
axtarıram. Bu şeirin adının
altında “Anam Qarabağa” sözləri yazılıb.
“Şikəstə” oxuyub, sən zaman-zaman
Qızıl torpağına dərd-qəm əkmisən.
“Heyratı” üstündə
ayağa qalxıb
Zülmün anasına dağlar çəkmisən.
Elin dar günündə,
ağır günündə
Söykənib yenilməz vüqarına sən,
Qızın Nüşabənin ləyaqətiylə
Fateh İsgəndərə
diz çökdürmüsən!
İndi də Vətənim
yanıb-yaxılır
Başından əksilən tək bircə tükə.
Ölməz Füzulinin əsli, nəsli də
Sənin Bayatından düşüb Kərkükə.
Torpağın nəğməkar, daşın nəğməkar
Yayılıb şöhrətin, şanın hər yana.
Bir dahi oğlunun
barmaqlarıyla,
Himni sən yazmısan Azərbaycana.
Adını Vətənə yaraşdırıram,
Üzeyirbaycanım, ey ulu
binəm!
Ölməzlər yetirən boz torpağına
Babam qurban olub,
növbədə mənəm.
Məşhur
“Qarabağnamə”lər sizə məlumdur. Amma poeziyamızda
“Qarabağnamə”sini düşünəndə onlarla ən
gözəl şeirlərin içində Şahmarın bu
şeirini də xatırlamamaq olmur. Və
o kitabdakı bir çox şeirləri “Üzeyirbaycan” silsiləsinə
daxil etmək olar. Məsələ onda
deyil ki, Şahmar o şeirlərdə doğulduğu
torpağa – Qarabağa məhəbbətini poeziya sevgisinə
çevirirdi, söhbət ondan gedir ki, Qarabağ
böyük, o taylı-bu taylı Azərbaycan demək idi
Şahmar üçün. Gərək
birinci doğulduğun torpağa ürəkdən
bağlanasan ki, böyük Vətəni də sevə biləsən.
Şahmarın
yaradıcılığında baş mövzu Azərbaycandır. O, sovet dövründə onlarla şairin
Azərbaycanı mədh edən və çox vədə
bir-birinin təkrarı olan şeirlərdən fərqli olaraq
Vətənin birliyi, bütövlüyünü arzulayan,
haçansa bunun həqiqət olacağına inanan bir şair
kimi diqqəti cəlb edirdi. Tək deyildi.
Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza,
Söhrab Tahir, Sabir Rüstəmxanlı, Məmməd
İsmayıl kimi vətənpərvər şairlər də
bu sırada itdi.
Şahmar az
yazırdı, amma lazım olanda, məqamı çatanda yazırdı, ilhamını
zorlamırdı. Bir neçə
sifarişdən, təkiddən
sonra Şahmar şeirlərini “Azərbaycan”
jurnalı redaksiyasına
gətirdi. Baxıb gördük
ki, Şahmarın şair xarakteri qətiyyən dəyişməyib,
şeirlərində yenə
həmin o patriotik duyğular, hisslər yaşayır. Amma bu şeirlərdə , təbii ki,
90-cı illərin ictimai-siyasi
ab-havası duyulurdu. Şahmar Azərbaycan torpağının
iyirmi faizinin işğalına dözə
bilmirdi, bunu özü və xalqı üçün böyük dərd hesab edirdi, keçid
dövrünün bitib-tükənməyən
məhrumiyyətləri, insanların
düçar olduğu
əzab-əziyyətlər onun ürəyini parçalayırdı.
Ümidini göyə tutub bu ölkə
Yananıyla yanmayanı bilinmir!
Ahıl-cahıl bir-birinə qarışıb,
Qananıyla qanmayanı bilinmir!
Qarğa qartallardan adlayır başa,
Pələnglər baş əyir o bədzat quşa.
Necə alışmasın, yanmasın meşə,
Bülbülüylə saxsağanı bilinmir!
Haqq savaşı dönüb alış-verişə,
Kasıb-kusub mat qalıbdı bu işə.
Aman Allah, döyüşə
bax, döyüşə,
Satqınıyla
qəhrəmanı bilinmir!
Şahmarın
“Mərkəzi poçtxana” adlı bir şeiri də var ki, bu
şeir vətənpərvərliyin poeziyada ən həzin, ən
kövrək notları kimi misilsizdir. Şair Mərkəzi
Poçtxanaya gəlir, amma harasa, konkret bir ünvana teleqram
göndərmək niyyəti yoxdur. Çünki teleqram
vurulası obalar, ellər, yollar, dağlar, çöllər
var ki, onların həsrətini çəkir.
Bu payız
küsəcək məndən Qarabağ,
Yollarda qalacaq gözü
yolların.
Payım
budaqlardan özün asacaq,
Bağrı
çatlayacaq güleyşə narın.
Olarmı
təcili teleqram verim
Qönçə
balaları solan güllərə?
Öpüş
sovqatım var, necə göndərim
Çörəkli
çöllərə, barlı çöllərə?
Bir quşam,
mənimki gətirib belə,
Çıxmaz
ürəyimdən Əppəklidərə.
Xəbər
ver, Cənuba köçən durnalar
Bu gecə qəlbimdə gecələsinlər.
Şahmar
qarabağlı idi və onun
danışığında, rəftarında, ədasında
məhz keçmiş Qarabağ
kişilərinə məxsus bütün
əlamətlər cəmləşmişdi. Deyə bilmərəm,
onun babası, babasının babası bəy
olub, ya olmayıb, amma Şahmarda bir bəylik, özü də
ziyalı bəyliyi, qüruru görürdüm.
Çıxışlarında da o əda, o qürur
apaydın hiss edilirdi.
Təbii
ki, onun xatirəsi yad olunan bu
balaca yazıda bütün
şeirləri barədə söz açmaq çətindir və haçansa, daha geniş bir yazı da yazacağam. Amma budur, əlimdə bir başqa kitab var: “Şahmar
Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat
Mükafatı laureatlarının şeir
antologiyası” (tərtib edənlər Elçin
İsgəndərzadə və Adil Şirin). Deməli, Şahmar
unudulmayıb. Onun adına Beynəlxalq Ədəbiyyat Mükafatı da təsis olunub və bu mükafatın bir xeyli laureatı var (Sabir Rüstəmxanlı, Tofiq
Abdin, Vaqif Bəhmənli,
Nizami Cəfərov, Yavuz
Bülənt Bakilər (Türkiyə), Zəlimxan Yaqub, Orxan Aras
(Almaniya), Adil Şirin, Akif Səməd,
Çingiz Əlioğlu, Əli
Daşqın (Güney Azərbaycan), Əlisəmid
Kür, Əkbər Qoşalı,
Nadırbek Alimbekov
(Qırğızıstan), Rəşad Məcid, Qulu Ağsəs, Əsəd Cahangir,
Timur Əbdüləziz Bayatlı (İraq) və b.
Bu yazını bitirəndə
bir də Şahmarın kitabına
baxdım. Adı tutdu məni. ONA YANIRAM Kİ... İndi biz ona
yanırıq ki, Şahmar bizim sıralarımızda deyil.
Və Şahmarın sanki əbədiyyətdən
göndərdiyi – amma
1985-ci ildə yazdığı
bir şeirindən bu üç bəndlə sözümü
tamamladım:
Qarabağdan əsən yellər,
Cığırlarım yol olubmu?
Mənsiz Damcı bulağının
Göz yaşları sel olubmu?
Şahbulağın döşündəki,
Qaramanın qaşındakı,
Ürəyimin başındakı
Tikanlar kol-kol olubmu?
Doğulduğum doğma yeri
Görməmişəm yazdan bəri,
Çəmənlinin çiçəkləri
Həsrətimdən kül olubmu?
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2011.- 3 sentyabr.- S.20.