Rəsul Rza poeziyasında novatorluğun folklor qaynaqlarıfolklor qaynaqları

 

Bilal ALARLI

 

Azərbaycan ədəbiyyatında novator şair kimi şöhrət qazanmış, sərbəst şeirin böyük ustadı Rəsul Rza təkcə poeziyada yenilikçi kimi tanınmayıb, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparıb, şifahi xalq ədəbiyyatı nümunələrinə qayğı ilə yanaşıb, bu nümunələrin toplanılıb nəşr edilməsinə çalışıb, onlardan yaradıcılıqla bəhrələnib. O, ədəbiyyatı milli şüurun formalaşması yollarında xüsusi bir mərhələ sayırdı və buna görə də bütün yeniliklərində milli dəyərlərdən uzaq düşməməyə çalışırdı.

Rəsul Rza yalnız özünü bir millət kimi dərk edən xalqın yüksək inkişaf mərhələsinə qalxa biləcəyini yazırdı. O, “Milli şüur və milli iftixar” (1945) adlı məqaləsində milli şüuru çox dəqiq və aydın şəkildə ifadə edir: “Milli şüur-bir xalqın öz istedad və bacarığını dərk etmək, millətin ümumi mənafeyi və ziyanını görmək, ümummillətin rifah və səadəti üçün çalışmaq yolunda hər cür fədakarlığın zəruri olduğunu dərk etməkdir”. Öz yaradıcılıq kredosunu məhz bu prinsiplər üzərində quran şair milli şüurun oyanışında ədəbi sərvətin rolunu birincilər sırasında görürdü. Azərbaycan xalqının yetirdiyi alim, şair və yazıçılar millətin milli şüurunun artmasında, onun azadlıq və istiqlaliyyət yolunda apardığı mübarizədə çox böyük xidmətlər göstərmişlər. Şifahi söz sərvəti, klassik və müasir ədəbiyyat həmişə bu məqsədə xidmət etmişdir. Səttarxan, Bağırxan və Xiyabani haqqında qoşulub-düzülmüş el nəğmələrinin və dastanların təsir gücü elə bu qəhrəmanların gördüyü iş qədərdir. Rəsul Rza yazırdı ki, Azərbaycan xalqı yaratdığı tarixi simaların həyatı, işi və əsərləri ilə fəxr edir.

Rəsul Rza Azərbaycan xalqının milli söz sərvətinə, o cümlədən folklora milli şüurun inkişafının nəticəsi kimi baxırdı və belə hesab edirdi ki, yeni yaradılan ədəbi nümunələr də məhz bu ali məqsədə xidmət etməlidir. Onun yaradıcılığında folklor önəmli yer tutur. O, folklora formal münasibət bəsləmir, həm folklor sərvətinin qoruyucusu kimi çıxış edir, həm də ondan yaradıcı şəkildə bəhrələnirdi. R. Rza yaradıcılığının folklor qaynaqlarını iki qrupa bölmək olar:

– Xalqın folklor sərvəti haqqında əsərləri;

– Mövzusunu şifahi xalq ədəbiyyatından alan əsərləri.

Folklor nümunələrinin toplanılması və araşdırılması R. Rzanı həmişə düşündürmüşdür. O, 1939-cu ildə Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik etməyə başladığı vaxtlarda burada folklor şöbəsi də fəaliyyət göstərirdi. R. Rza milli söz sərvətimizə başçılıq edən bir adam kimi şifahi xalq ədəbiyyatı nümunələrinin toplanılmasına, təsnifləşdirilməsinə və nəşrinə xüsusi qayğı ilə yanaşırdı. Elə həmin illərdə Azərbaycan xalqının iki böyük eposu – “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları kütləvi sayla nəşr olunmuş, atalar sözü və məsəllər, bayatılar, nağıllar ayrıca kitab halında dövlət vəsaiti hesabına işıq üzü görmüşdür. Bu zaman Yazıçılar İttifaqının katibi olmuş Cəfər Cəfərov xalqın ənənələrinə həmişə sadiq qalan R. Rzanın “şəxsiyyətindəki xəlqiliyin köhnəliyə patriarxal tərəfdarlıq dərəcəsinə qədər çatdığını” bildirirdi. Bu cəhət özünü daha çox adət-ənənələrə münasibətdə, şifahi söz sərvətimizə qayğıda göstərirdi. Belə olmasaydı, Kərkük türkmənləri ilə bağlı narahatlıq, onların folkloruna hədsiz maraq da meydana çıxmazdı. “İraq ellərinin yaxın töhfələri” adlı məqaləsi İraq-Kərkük folkloru haqqında tam bir elmi araşdırmadır. Sonralar bir çox alimlərin, xüsusən, Qəzənfər Paşayevin bu sahədə gördüyü əvəzsiz işlər R. Rza narahatlığının əsaslı olduğunu üzə çıxardı: M. Füzuli ərəb və fars dillərini bildiyi və ərəblərin cəmləşdiyi Bağdadda yaşadığı halda, şeirlərini Azərbaycan türkcəsində nə üçün və kim üçün yazmışdır? Böyük şair elə türklərin – Kərkük türkmənlərinin arasında yazıb-yaratmışdır və burada onu anlayanların zəngin şifahi ədəbiyyatı – dastanı, nağılı, xoyratı, bilməcəsi mövcud olmuşdur. Füzuli dili dilindən, dərdi dərdindən olan doğma xalq əhatəsində ömür sürmüşdür. Kərkük xoyratları R.Rzanın İraq türkmənlərindən Azərbaycana gətirdiyi müjdədir. Onun sayəsində Azərbaycan folklorşünaslığı zəngin bir səhifəyə – “İraq-Kərkük xoyratları”na sahib çıxdı. R.Rzanın xoyratlar haqqında yazısı o qədər kamildir ki, bu kitabın sonrakı nəşrlərindən çıxarılmadı və demək olar ki, daimi ön sözə çevrildi.

R.Rza heyrətlə yazırdı: “Neçə əsrdir ki, Kərkük, Ərbil, Mosul dolaylarında yaşayan, dili, adət və ənənəsi ilə hakim ərəb xalqına heç bir bənzəyişi olmayan... sayı yarım milyona yaxın bir xalq tarixini, milli xüsusiyyətini, möhnət və sevincini, arzularını, ümidlərini şeirin sehrkar dili ilə ölümsüz xoyrat, bayatı və mahnılarında ifadə edir”. Onu burada yaşayanların hansı mədəniyyətin varisi sayılması, hansı tarixi-ictimai hadisələr burulğanına düşüb İraqın şimal nahiyələrində oturaq olması çox narahat edirdi. O, bu işin tarixi materialları saf-çürük eləyən, obyektiv faktların inkaredilməz həqiqəti ilə silahlanan tədqiqatçılara, alimlərə məxsus olduğunu söyləsə də, ilk araşdırmanı özü aparır, güman, ehtimal və fərziyyələrində zərrəcə yanlışlığa yol vermir. Tutuşdurmalar, təhlillər, dil müqayisələri edir və düzgün nəticələr çıxarır. Məsələn, bir xoyratdakı “Əyil yaylığın götür, Mən götürsəm, söz olar” misralarını Cənubi Azərbaycan bayatısındakı variantla eyniləşdirir: “Qız, dəsmalını qovza, Mən qovzasam, söz olu”. R.Rza xoyratlarla bayatıların arasında variant oxşarlığı axtarmaqla kifayətlənmir, o, həm də bir sözün, yaxud söz birləşməsinin dəyişdirilməsi ilə mətnin bədii təsir qüvvəsinin artmasına diqqət çəkir (Məsələn: qəm ovlağımdır – qəm ortağımdır; dodaqların bal-şəkər – dodaqların xam şəkər və s.). xoyratların təsvir və ifadə vasitələri, qafiyə (hətta qulaq qafiyəsi) sistemi, idiomlar və frazologizmlər xüsusilə maraq doğurur. “Xoyratlar ən qısa formada ifadə olunmuş insan duyğusu, insan fikridir” deyən R.Rza bu kiçik şeir parçalarındakı lakonizmi önə çəkir. Lakonizm isə sərrast ifadələrdən asılıdır. Qəm qudurdu, üstümə vaxt daraldı, dərdim məni mələdir kimi obrazlı ifadələr R.Rzanın özünün poetik dünyaduyumuna təsirsiz ötmürdü. O, Kərkük xoyrat və manilərini toplayan Tərzibaşının əməyini əvəzsiz bir iş sayırdı.

Adət-ənənələrə, şifahi xalq yaradıcılığına olan rəğbəti və bu sahədə gördüyü işlər R.Rzanın novator şair kimi yetişməsinə mane olmamış, əksinə, bu milli örnəklər onun ənənəvi köklər üzərində daha möhtəşəm yeniliklər etməsinə, sərbəst şeirə musiqililik gətirməsinə şərait yaratmışdır. R. Rza folklor nümunələrindən faydalı şəkildə bəhrələnirdi. Bir bayatının təsiri ilə böyük bir poema yazmışdır. Oxucu həmin bayatının yaratdığı ovqatı poemanın hər misrasında hiss edir. “Qızılgül olmayaydı” poeması məhz folklordangəlmə ruha köklənmişdir. “Qızılgül olmayaydı” misrasıyla başlayan bayatı haqqında R.Rzanın maraqlı fikirləri vardır. O, “Gözəl dost” (1946) adlı məqaləsində “hər bir azərbaycanlının bildiyi” bu bayatını “yalnız fərdi məhəbbətin ifadəsi” saymır, “bu, könül iztirabının yanıqlı ifadəsi , böyük bir hissin, dərin bir məhəbbətin, saf bir duyğunun aynasıdır” deyir. R. Rzanın ədəbi silsilələri də folklor motivləri əsasında yazılmışdır. Ədəbi silsilənin izlərinə folklorun lirik nümunələrində, klassik poeziyamızda rast gəlirik. əlbəttə, struktur baxımından fərqlənsə də, halay, haxışta və digər mərasim, mövsüm nəğmələri silsilə xarakterdədir. Məsələn, toy nəğmələri nişan, qız toyu, oğlan toyu kimi silsilə şəklində yaradılmışdır. N.Gəncəvinin “Sirlər xəzinəsi” və Ş. İ. Xətainin “Dəhnamə” poemaları da silsilə ardıcıllığı olan epik və lirik mətnlərdən ibarətdir. R.Rza özü Azərbaycan poeziyasının yeni formalarının kənardangəlmə olmadığını, onların milli yazılı və şifahi poeziya mənbələrindən qidalandığını bildirirdi. O, milli poeziyanın şəkli xüsusiyyətlərini təkmilləşdirərək “Məktublar silsiləsi”, “Dəniz nəğmələri”, “Krım xatirələri”, “Rənglər” və sair adlı əsərlər yaratmışdır ki, bunlar mövzusuna görə bir-birinə bağlı olan, lakin hər biri bitkin şeir təsiri bağışlayan poetik mətnlərdən ibarətdir. Bu ədəbi silsilələr içərisində “Rənglər” xüsusi yer tutur. “Rənglər” digər silsilələrə nisbətən daha çox mübahisə doğurmuş və daha çox araşdırılmışdır. Əslində R. Rza sözün rəng çalarlarını yaratmışdır, belə demək mümkünsə, bu nümunələr hisslərin və duyğuların, nifrətin və məhəbbətin, yuxunun və gerçəkliyin sözlə çəkilmiş tablolarıdır. “Rənglər”in müəllifi bu silsilədə xalq dünyaduyumunu əsas götürdüyünü, rənglərlə bağlı xalq arasında məşhur olan obrazlı ifadələrdən, deyimlərdən qidalandığını bildirirdi. Bu, təkcə məzmunla bağlı deyil. Burada şəkli xüsusiyyətlər də folklordan qaynaqlanır. Şeirin sərbəstliyinə baxmayaraq, fikrin ifadəsi bayatıvaridir, qısa, hər sətri bir fikir ifadə edən misralar bitkindir. Alliterativ və assonanslı daxili ahəngdarlıq, diqqəti çəkməyən, lakin axıcılıq yaradan qafiyə bu şeir parçalarını folklor nümunələri ilə müqayisə etməyə imkan verir.

“Rənglər”in folklor qaynaqları köməcli olduğundan onu “mifik-fəlsəfi lirika örnəyi”, bəzən də “musiqi prinsipli lirik silsilə” adlandırırlar. Rənglərin və sayların simvolik, rəmzi yozumları vardır. Burada mifik təfəkkürdən qaynaqlanan, inanc və sınamaları ifadə edən təsəvvürlər üstünlük təşkil edir. Azərbaycan xalqının rəng simvolikası (yozumları) elə rənglərin aşıladığı assosiativ duyğular qədər rəngarəngdir. R. Rza rənglərin folklor ifadəsini yaxşı bildiyindən onu poeziyaya gətirmiş və olduqca maraqlı şeir nümunələri yarada bilmişdir.

 

Ağ, qara, yaşıl, qırmızı;

hərəsi bir sınaqla bağlıdır.

Biri həsrətimizi xatırladır,

biri dərdimizi, biri arzumuzu.

Hərəsində bir məna arayıb,

bir səbəb görən var.

Kim bilir, kim sınamış,

kim bunu ilk dəfə demiş:

Qara-matəm,

qırmızı-bayram, 

sarı-nifrət rəmzi imiş.

Kim bilir, keyfinin nə vaxtında,

kim olmuş, rəngləri belə damğalayıb,

belə ayıran.

 

R.Rza bir çox şeirləri üçün folklor ideyalarını əsas götürmüşdür. Məsələn, “Çinar” şeirində kökü torpaqda olan insanların əzəmətindən söhbət açılır. Torpağa dərindən kök salan Çinarın sağ-solunu övladları bürümüşdür və buna görə o məğrurdur:

 

Belə məğrur dayanmaqda haqlıyam,

Mən kökümlə bu torpağa bağlıyam.

 

R.Rzanın folklorla bağlılığını onun nəğmələrində daha aydın görmək mümkündür. Şairin öz mahnı mətnlərini “nəğmə” adlandırması da maraqlıdır, bu söz şifahi xalq ədəbiyyatının əmək, toy, yas nəğmələrini xatırladır. Xalq musiqisinə marağının nəticəsidir ki, o, bu musiqinin dərin bilicisi Ü. Hacıbəyov haqqında məqalə yazmaqla kifayətlənməmiş, ona bir neçə şeir həsr etmişdir. “Nəğmələr doğulanda” adlı şeirdə göstərir ki, balaca Üzeyir “Koroğlu” operasından və “Arşın mal alan” operettasından çox-çox qabaq sayaçı sözlərini və “Kəsmə şikəstə”ni dinləmişdir. Quş nəğməli ağaclar, beşik başından “axan” ana laylaları bu qara gözlü uşağın ilk musiqi duyumunu formalaşdırmışdır:

 

Bir qara gözlü uşaq

söykənib qaya daşına,

dinləyirdi tütək səsini

ara-sıra gələn

qırıq kəlmələri tək-tək:

“Kərə, tayın gördüm,

kürə, tayın görmək gərək”.

 

R.Rzanın özünün yazdığı nəğmələrdə isə ahəngdarlıq o qədər güclüdür ki, onları hansısa musiqi alətinin müşayiəti olmadan belə uğurla ifa etmək mümkündür. Belə nəğmələri xalq mahnılarından ayırmaq çətindir:

 

Gözlərin aladır yar,

Bir cüt piyalədir yar.

Dərdlərimin dərmanı

Başıma bəladır yar.

Ala gözlü yar,

Şirin sözlü yar,

Gülər üzlü yar,

Şirin sözlü yar.

 

Yaxud:

 

Söylə nədir bu ədalar, bu işvə, bu naz,

Gedər bir gün bu gözəllik sənə də qalmaz!

 

R.Rzanın nəğmələri genetik yaddaşın sızıntıları olduğundan könül oxşayır. “Üzüyümün qaşı firuzədəndir”, “Sənə də qalmaz”, “Ala gözlü yar”, “Kəklik”, “Gilavar”, “Bəlkə yarım gələr oldu”, “Əhdimizə inan yar”, “İnsaf da yaxşı şeydir” kimi nəğmələrə Tofiq Quliyev, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Rauf Hacıyev, Ələkbər Tağıyev və başqa bəstəkarlar olduqca gözəl musiqilər bəstələmişlər. Musiqi seçimi nəğmənin mətnindən gəldiyindən ifalar da nümunəvi alınmışdır. Məsələn, “Gilavar” nəğməsi folklordakı “Əs, ey gilavar” mövsüm nəğməsini xatırladır:

 

Fəsil-fəsil dəyişdikcə havalar,

könlümüzdə nəğmə desin ilk bahar.

Sən də qoşul bu nəğmənin səsinə,

gilavar, ay gilavar!

 

“Bəlkə yarım gələr oldu” nəğməsi isə balıqçıların küləyə müraciətinə bənzəyir. O, “Əsmə, külək” misrasının çoxsaylı təkrarından ibarət olan balıqçı nəğməsinin ritminə uyğundur:

 

Əsmə, külək, əsmə, külək!

O dağlarda bir az yuban!

Əyil, budaq, bəlkə yarım

Gələr oldu bu yollardan.

 

Nəğmələr R.Rza yaradıcılığında mühüm yer tutur. Şair “Ölən nəğməm” adlı şeirində öz nəğmələrinin el nəğmələrindən seçilmədiyini bildirir.

 

R.Rza uşaq şeirləri də yazmışdır. Bunların bir qismi “Yuxuma gəlmişdi Ezop”, digər qismi isə “Uşaq oyunları” adı altında qruplaşdırılmışdır. Uşaq şeirlərini də sərbəst vəzndə yazan şair təkcə uşaqları deyil, böyükləri də düşündürür. Bu şeirləri folklordan götürülmüş parçalar daha da zənginləşdirmiş, sadələşdirmişdir. Məsələn:

 

Bir oyundu məzəli:

Bir kürəkdə neçə yumruq,

Qışqırardıq dörd yandan:

–Əl üstə kimin əli?

–Filankəsin?

–Tapmadı! Hay tapmadı!

Qaldırın, vurun, yalandı!

 

Yaxud:

 

Balbalacan, batır keçi,

Qoz ağacı, qotur keçi,

Yırıl, yırtıl,

Su iç, qurtul.

 

Sözün obrazlı və lakonik ifadəsi folklordan qaynaqlanır. Buna görə də R. Rza şeirinin dili aydındır:

 

Elə aydındır bu dil,

nadan yüz il oxusun-

yenə bir şey anlamaz.

 

Ezopu “müdrik kölə” adlandıran şair onun haqqında iki şeir yazmışdır:

 

Ezop gedib,

dili qalıb,

dünyanın min bir müşkülü qalıb.

Bəzən qorxudan işlənir,

bu dil,

bəzən qəzəbdən.

 

Ezop dili əslində folklor dilidir, hikmətini sətiraltı mənalarında gizləyən bir dildir. Ezop da bu dilin gücünə söykənir, xalq hikmətinə arxalanırdı. Ezopun gücü bu dildə, bu dilin gücü isə Ezopda, yəni xalqın təmsilçisində idi. R. Rza yaradıcılığı da belə bir hikmətə malikdir. Onun poeziyası xalq yaradıcılığından qaynaqlanır, kökü dərinlərdədir. Şairin öz dili ilə desəm, bu şeirlər kökü torpağa bağlı olan əzəmətli çinarı xatırladır.

R.Rza yaradıcılığı milli poeziyanın ritmik poetikadan (qəlibli və qafiyəli şeirdən) semantik poetikaya (obrazlı ifadələrə və daxili poetikaya) keçid dövrüdür. Azərbaycanda semantik poeziyanın inkişafı Rəsul Rzanın adıyla bağlıdır. 

 

 

525-ci qəzet.- 2011.- 8 sentyabr.- S. 7.