Daş yaddaşımız – qədim Şabran şəhəri

 

I. Uzaqlardan gələn karvan

 

Karvan ağır-ağır, yorğun-yorğun yol gəlirdi. Lök dəvələr lökküldəyə-lökküldəyə, adamların tozlu-torpaqlı sir-sifətlərindən, saç-saqqallarından tər-su damcılaya-damcılaya, istidən-bürküdən ayaqlarını çəkə-çəkə yol gəlirdi karvan ...

Və birdən alnına dəyən sərin mehdən diskinən kimi oldu yorğun karvanbaşı.

Sarban başını qaldırıb gözlərini irəli zillədi. Az qala sönüb öləzimiş gözlərinə birdən işıq gəldi.

Sarban cadar-cadar olmuş dodaqlarını qurumuş dili ilə islatmağa çalışıb əllərini göyə qaldırdı:

– Şükür sənə, Allah, çatırıq Şabrana!..

Karvan əhli-zəvvarlar bu sözləri eşitmişdilər və hamı bir-birlərini muştuluqlayırdılar: “Şabrana çatırıq, Şabrana çatırıq...”

İşıqlaşan gözlər uzaqdan görünən məscid minarələrinə zilləndi ...

Alimlərin araşdırmalarına, tədqiqlərinə, bir də elmi mənbələrin təsdiqinə görə Azərbaycanın keçmiş tarixinin bütün dövrlərində, ta ki, ötən yüzilliyimizin əvvəllərinə qədər İrandan, Gürcüstandan, Aran yurdunun digər bölgələrindən gətirilən bütün ticarət, alış-veriş malları və hərbi yüklər Şamaxıdan keçərək Dərbənd və Niyazabad limanlarına daşınmış, oradan da Dağıstana, Rusiyaya və başqa ölkələrə quru və su yolu ilə göndərilmişdir.

Bu yolu xalq “Şirvan yolu” adlandırıb.

Orta əsrlər ərəb müəlliflərinin də təsvir etdikləri bu yoldan iki min il istifadə edilib.

Şabran şəhəri də Cənub-Şərqi Avropa ilə Ön Asiyanı birləşdirən bu böyük karvan yolunun üstündə yerləşir.

 

II. İlk sözü arxeoloqlar dedi ...

 

Şabran şəhərinin arxeoloji qalıqlarını ulu keçmişimizin daş yaddaşına çevirib bu günəcən qoynunda yaşadan Şabran torpağı, keçmişi ilə öyünməyə haqqı çatan yurd yerimiz ...

Şabran xarabalıqlarında arxeoloji kəşfiyyat işlərinə ilk dəfə 1935-ci ildə professor E.A.Poxomov tərəfindən başlanılıb. Qısa fasilədən sonra 1939-cu ildə qazıntılar yenidən davam etdirilib.

Tədqiqatçılar bir də aradan 40 il keçəndən sonra görkəmli arxeoloq C.Ə.Xəlilovun rəhbərliyi ilə Şabrana qayıdıblar.

1980-1993-cü illərdə isə Qazıməmməd-Mozdok qaz kəməri xəttinin çəkilişi ilə bağlı Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsinin daimi fəaliyyət göstərən ekspedisiyası tarix elmləri doktoru, professor R.B.Göyüşovun rəhbərliyi altında Şabranda geniş miqyasda arxeoloji qazıntı işlərini davam etdirərək bu qədim şəhəri daha ətraflı tədqiq edib öyrənmişlər.

Tarix elmləri namizədi F.Ə.Abbasovanın başçılığı ilə 2002-ci ildə Şabranda yenidən tədqiqat işlərinə başlanıb. Uzun müddət Şabranda aparılan arxeoloji qazıntılarda yaxından iştirak edən Fatma xanım nəticədə “Şabran” adlı sanballı və geniş oxucu kütləsi üçün maraqlı olan bir kitab (Bakı-“Elm” nəşriyyatı-2002) yazıb nəşr etdirib.

Və Şabran haqda bu yazımızda elə bizim də ara-sıra üz tutduğumuz bir mötəbər elmi mənbə də elə bu tarixi-arxeoloji tədqiqat işidir. Arxeoloji tədqiqatların ilk dövrlərində şəhərin ərazisi təxminən 40 hektar hesab olunurdu. Son tədqiqatlar nəticəsində isə Şabran çayın hər iki sahilində binə-bölgə bağlamış bu qədim yurd yerinin 110 hektardan çox bir ərazini əhatə etdiyi müəyyənləşib.

Arxeoloqlar Şabran şəhərinin IV əsrdə, özündən əvvəlki möhtəşəm yaşayış yeri zəminində meydana gəldiyini söyləyirlər.

Doğma tariximizin mühüm qaynaqlarından biri olan Abbasqulu ağa Bakıxanovun məşhur “Gülüs-tani-İrəm” kitabında qeyd edilir ki, “Gülüstani- İrəm”i Qaf dağının yaxınlığında, son dərəcə təravətli, axar-baxarlı, gözəl çeşməli və meyvə ağacları olan bir yer kimi təsvir etmişlər. Ehtimal ki, bu da Qubanın Şabran adlı səfalı obasından ibarətdir, bu söz xalq arasında da çox məşhurdur.

Şabran şəhəri XVIII əsrədək intensiv yaşayış məskəni olub. Mənbələrdə şəhərin adı 1796-cı ilədək çəkilir.

Tariximizin “bir ayrılmaz yoldaşı, addımbaaddım onu izləyən qəm karvanı-müharibə, vuruş, qan” (Sabir Rüstəmxanlı) Şabran torpağından da yan keçməyib.

Çox da uzaq olmayan ötən əsrlərdən gələn bu səs də Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” kitabındandır: “Şirvan bəylərbəyi Həsənəli xan Şəki mahalında öldürüldü. Üsmi Mürtəzaəli Əmir Həmzə oğlu Üsminin komandası altında bir dəstə əsgər göndərdi.

...Şabran şəhərinin üstünə yürüdülər. Şiddətli müharibədən sonra buranı aldılar və dağıdıb od vurdular.

Üsmi xanədanına aid olan və bu hadisəni təsvir edən bir nüsxədə (salnamədə) yazıldığına görə onlar beşikdəki uşaqları belə öldürmüşlər. Şabran çayının sağ kənarında olan bu məşhur şəhərin xarabaları indi də buranın böyüklüyünü və abadlığını göstərməkdədir.

Elə həmin müharibə zamanı su kəməri də dağılıb sıradan çıxdığından şəhər tamamilə boşaldı.

Qeyd etdiyimiz kimi, Şabran şəhəri çox əlverişli mövqeyə malik olub. Dəniz və quru ticarət yolunun kəsişdiyi bir yerdə yerləşib. Çox mühüm ticarət karvanı dəniz yolunun lap yaxınlığından keçib. Və bəlkə də elə buna görə xalq etimologiyasında Şabranın – Şəbi (gecə) “ran”-məkan şəkilçisi, gecələmək yeri, gecə karvansarası mənasında yozulur.

 

III. Əsrlərdən gələn səslər

 

Şabran şəhərinin adı çox qədim tarixi mənbələrdə qeyd edilir. Şəhərin adına II əsrdə yaşamış məşhur yunan alimi Ptolemeyin əsərində başqa şəkildə rast gəlmək mümkündür.

Şabran şəhərinin salınması yazılı mənbələrdə əsa-sən Sasani hökmdarı Xosrov Ənuşirvanın adı ilə bağlansa da, etnoqrafik, toponimik və bir sıra yazılı mənbələrə istinad edən tədqiqatçılar onu hunlara mənsub sabar-subar-Sabir tayfalarının adı ilə əlaqələndirib əvvəlcə Sabiran (“Sabirlər ölkəsi”), daha sonra isə Şabran şəklində işlənməsi qənaətinə gəlmiş, yaşayış yeri kimi şəhərin əsasının bizim eradan əvvəl I minilliyin ortalarında qoyulduğunu ehtimal edirlər.

XII əsrdə yaşamış ərəb tarixçiləri İbn Xordabeh və Əl-İdrisi xəbər verirlər ki, Sasani hökmdarı Xosrov Ənuşirvan Əş-Şabran və başqa şəhərləri saldırdı.

Orta əsrlərin digər ərəb tarixçisi İbn Əl-Əsir özü-nün məşhur “Əl-Kamil fit-tarix” kitabında yazır ki, Qubad öldükdən sonra Ənuşirvan onun yerinə keçərək padşah oldu, onun-atasının işlərini daha da qüvvətləndirdi. Ənuşirvan Fərqanə və Əl-Bərcanda müharibə etdikdən sonra qayıdıb Şabran və bir sıra başqa şəhərləri bina etdirdi.

“Kitabi-məsalik ül-məmalik” əsərinin müəllifi, IX əsr məşhur ərəb coğrafiyaçılarından İstəxri və İbn Hövqəl isə Azərbaycanın Şamaxı, Beyləqan, Qəbələ və s. şəhərləri ilə yanaşı Şabranın da gözəl, geniş və məhsuldar yararlı torpaqlara malik olduğunu yazırlar.

Əl-İdrisi (1154-cü il) özünün “Coğrafiya” kita-bında və tərtib etdiyi xəritədə Arranın və Şirvanın əsas şəhərləri sırasında Əş-Şabranı qeyd edir.

“Əcayib-ad-dünya” adlı kitabında isə ərəb müəllifi Şirvan və Tiflis arasında “çox əlverişli” yaşayış məntəqəsi olan Şabrandan bəhs edir ki, “onun əsas istehsal malı ipəkdən ibarətdir”.

“Hüdud – əl-Ələm” ə görəsə (982-83-cü illər) Şabran (Şaburan) Şirvanın inzibati mərkəzidir və dənizə yaxın, əlverişli bir yerdə yerləşir.

XIII əsrin yazılı mənbələri içərisində Azərbaycanın bir çox şəhərlərini qısaca şəkildə xarakterizə edən Yaqut Həmavi “Coğrafiya lüğəti” adlı əsərində Şabrandan da söhbət açır.

İstəxri və Yaqutinin (təqribən 930-cu illər) əlyazmalarında isə deyilir ki, “Xəzər dənizinin sahilində kiçik, lakin çox möhkəmləndirilmiş Şabran şəhəri yerləşir”.

Müqəddəsi (təqribən 985-ci illər) Şabran haqqında belə məlumat verir ki, o, düzəngahda yerləşir, böyük şəhərdir, tikililəri daşdandır, bazar meydanında məscid yerləşir, ətəyindən çay axır.

Ötən əsrin görkəmli alimlərindən akademik A.Y.Krımski özünün “Nizami və müasirləri” kita-bında Şabranın mərkəzi şəhər olduğunu, yalnız orta əsrlərdə əhalisinin seyrəldiyini, paytaxtın öz əvvəlki gurluğunu itirdiyini göstərir.

 

IV. Axtarışlar, tapıntılar

 

Şabran şəhərində aparılan arxeoloji qazıntı işlərinə əsasən tədqiqatçılar dörd tikinti dövrünü aşkara çıxartmışlar.

III əsrdən başlayan birinci dövr VIII əsrədək davam edir. İkinci dövr XI-XIII, axırıncı dövr isə XIV- XVIII əsrləri əhatə edir.

Şabranda aparılan arxeoloji tədqiqatlar burada mədəni təbəqənin qalınlığını ayrı-ayrı sahələrdə müxtəlif olduğunu göstərir.

Arxeoloji qazıntılar Şabran şəhərinin bir vaxt Azərbaycanın inkişaf etmiş iqtisadi-siyasi-mədəni mərkəzlərindən biri olduğunu sübut edir. Yüksək şəhər mədəniyyətinə məxsus olan Şabranda sənətkarlığın müxtəlif sahələri-dulusçuluq, dəmirçilik, misgərlik, zərgərlik, dabbaqlıq, tikinti quruculuğu, hərb sənəti yüksək inkişaf etmişdi. Əlverişli təbii-coğrafi mövqedə yerləşməsi burada iqtisadiyyatın, xalq təsərrüfatının geniş sahələrinin inkişafına şərait yaratmışdı.

Bunu elə tədqiqatlar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri də sübut edir.

Aşkar edilən xüsusi formalı təsərrüfat quyuları, dənəzənlər, üzüm şirəsi sıxmaq üçün daşlar, kirkirələr, vəl hissələri, oraq, çin, dəhrə və s. təsərrüfat alətləri, arxeoloji qazıntılar zamanı Şabranda çörək bişirmək, meyvə qurutmaq və evləri qızdırmaq üçün ayrı-ayrı təndirlər aşkar olunmuşdur. Şabranda taxılçılığın, çəltikçiliyin, üzümçülüyün inkişaf etdiyini göstərir.

Şabranda istehsal edilən kənd təsərrüfatı məhsul-ları əsasən satış üçün hazırlanır, qonşu ölkələrə ixrac olunurdu.

XVI əsrdə Azərbaycanda olmuş Hollandiya dənizçisi Yan Streysin qeyd etdiyi kimi, Şabranda başqa yerlərə nisbətən ucuz, keyfiyyətli və əla növ düyü yetişdirilməsi, ingilis dənizçisi – taciri Cenkinsonun isə buradan ucuz ipək alıb gəmilərə yükləyərək Həştərxana yola düşmələri Şabranda çəltikçiliyin və baramaçılığın ənənəvi təsərrüfat sahəsi kimi yüksək inkişafından xəbər verir.

XIII əsr farsdilli “Əcayib əd-Dünya” adlı mənbədə də Şirvan və Tiflis şəhərləri arasında yerləşən, zəngin sərvətli Şabranın əsas məhsulunun çoxlu ipək olduğu göstərilir.

XVII əsr məşhur türk səyyahı və tarixçisi Övliyya Çələbi Şamaxı paytaxt olanadək Şirvanşahların baş şəhəri olmuş Şabranda orta əsrlər dövründə istehlakın böyük ehtiyac olan qırmızı boya-manera bitkisi becərilməsi haqqında məlumat verir. Əbdürəşid əl-Bakuvi isə Şabranda yetişdirilən bu boyaq otunun başqa ölkələrə ixrac olduğunu yazır.

Şabran ulu tariximizin uzun bir dövründə şimaldan-cənuba və cənubdan şimala olan bütün hücumlar, döyüş və basqınlar zamanı əsas dayaq meydanına çevrilmiş, savaşların bütün ağırlığı məhz şabranlıların üzərinə düşmüşdür.

Lakin qanlı-qadalı müharibələrin ağrı-acısına baxmayaraq, Şabranın mövcud olduğu tarix boyu bura-da sənətkarlıq yüksək səviyyədə olmuşdur.

Şabran sənətkarlarının fəaliyyəti çox geniş bir sahəni əhatə edirdi. Şəhərdə dulusçuların sayı daha çox olub, şəhər dulusçuları hazırladıqları qablara öz möhürlərini vururmuşlar və bu möhürlərə əsasən də tədqiqatçılar Şabranda 14 məşhur dulusçuluq emalatxanası olduğunu ehtimal edirlər.

Şabranda aşkar olunan saxsı məmulatlar dörd dövrü əhatə edir.

III-VIII əsrlərə aid olan saxsı qablar əsasən əldə formalaşdırılmış və şirsizdirlər.

İkinci dövr-IX-XI əsrlərə aid əşyaların hazırlanması texnikası isə nisbətən təkmilləşir və anqoblu (astarlı) monoxrom (yaşıl və qəhvəyi rəngli) şirli qablar meydana çıxır.

XI-XIII əsrlərə aid dulusçuluq məmulatları içərisində isə kaşılar, su tüngləri, nəbati heyvan və insan təsvirləri ilə bəzədilmiş saxsı qablar, fayans əşyalar, möhürlü, inkrustasiyalı saxsılar, zoomorf əşyalar üstünlük təşkil edir.

Dördüncü tikinti dövrünün-XIV-XVIII əsrlərin saxsı məmulatları içərisində isə artıq zoomorf əşyalara təsadüf olunur, çoxrəngli saxsı qablar daha çox diqqəti cəlb edir.

Şabranın müxtəlif tarixi dövrlərə aid aşkar olunub tapılan şirli və şirsiz qabların növləri çox müxtəlifdir. Qazıntılar zamanı üzə çıxarılan təsərrüfat küpləri, nehrə, sərnic, bardaq, kuzə, süddan tipli qablar, küpə, bərni, dolça, stəkanabənzər əşyalar, silbic, aftafa, manqal, qazan, çörək təknəsi, boşqab, xeyrə-bulud, kasa, piyalə, nəlbəkivari qablar, duz qabları, şamdan, çıraqlar və s. dulusçuluq məmulatları həm də tariximizin maraqlı maddi-mədəniyyət nümunələridir.

Şabran dulusçuları məişətdə işlədilən müxtəlif təyinatlı əşyalarla yanaşı gildən bəzək əşyaları da düzəldirlər. Üzüklər, muncuqlar, düymələr onların hazırladığı maraqlı əl işləridir. XIV-XVII əsrlərə aid bəzək əşyaları içərisində mavi rəngli muncuqlar, o cümlədən gözmuncuqları, üzüklər daha çox üstünlük təşkil edir.

Orta əsrlər Azərbaycan tarixinin görkəmli tədqiqatçılarından biri olan Sara xanım Aşurbəyli Şabranı ölkənin digər şəhərlərini də öz məhsulları ilə təmin edən iri saxsı istehsalı mərkəzlərindən biri hesab etməkdə haqlı idi.

Şirvanşahlar dövlətinin tarixinin bir çox maraqlı səhifələri Şabranla bağlı olub, XI əsrdə Şirvanşahların ailə sərdabələri bu şəhərdə yerləşib və Şirvanşah Yezid ibn Əhməd və qızı Şəmkiyə burada dəfn ediliblər.

Qızıl Orda xanı Toxtamışla döyüşdə zəfər çalan Teymurləngi Şabranda qarşılayan Şirvanşah İbrahim öz rəqibi üzərində qələbəsinə görə qalıb hökmdarın şərəfinə böyük bir ziyafət verir.

Bir qəmli məkan-Şirvanşahların mərkəzi zindanxanaları da uzun müddət Şabran şəhərində yerləşib və şahlıq üçün xüsusilə təhlükəli hesab edilən dustaqlar da məhz bu zindanxanalarda cəzalarını çəkməli olublar.

 

V. Əcnəbi səyyahlar Şabranda

 

Yurdumuz həmişə qonaq-qaralı olub. Xoş niyyətlə torpağımıza ayaq basanları duz-çörəklə qarşılamışıqsa, düşmənin qabağına silahla çıxmışıq.

Kraliça Yelizaveta Tudorun hakimiyyəti illərində İngiltərənin Səfəvilər dövləti ilə ticarət əlaqəsi yarat-maq üçün Təbrizə gələn nümayəndələri 1562-ci ildə gəmi ilə Şabran şəhərində sahilə yan almışlar.

Elə həmin yüzillikdə Hollandiya dənizçisi Yan Streys də bu şəhər haqda maraqlı məlumatlar qoyub getmişdir. O, Şabranda “son dərəcə yaxşı və ağ düyü” olduğunu qeyd edir. Şabran şəhərinin qədim zamanlarda sədlə əhatə olunduğunu, burada hətta “vaxtı ilə Makedoniyalı İskəndərin qoşunları üçün çörək bişirilən təndirlərin qalıqlarını gördüyünü” söyləyir.

Xəzər sahilindəki bu limandan bəhs edən dövrü-nün tanınmış alimi, XVI əsr Almaniyasında olan xırda feodal dövlətlərindən birinin – Holşteyn Hersoqunun sarayında çalışan Adam Oleari isə yazır: “ Şabran təmiz bir şəhərcikdir, orada biz limana-sahilə yan almışdıq, dənizin sahilində yerləşir”.

XVII əsrin məşhur türk səyyahı və tarixçisi Övliya Çələbinin verdiyi məlumata görəsə, Şabranda 70 məhəllə, hər məhəllənin də öz məscidi olmuşdur. Çələbinin yazdığına görə, Şabran öz saf havası və şirin suyu ilə Təbrizdən sonra ikinci şəhər hesab olunurdu. O, şəhərin memarlıq abidələrindən, xüsusi ilə Toxmaq xan , Əfşar xan, Uzun Həsən məscidlərindən söz açır, onları bir memarlıq abidəsi kimi yüksək qiymətləndirir.

 

VI. Qaynaqlar nələr deyir ...

 

Fəzlullah Rəşiddin “Cami Ət-Tavarix.

(“Tarixlər toplusu”-XIII əsr)

“Oğuz Dərbənd vilayətindəki işlərini tamamladıq-dan sonra Şirvan və Şamaxıya elçi göndərib bu xəbəri verdi: “Buraya gəldiyimizi hər halda eşitmiş olacaqsınız. Vardığımız hər bir ölkə bizdən nə əmr edilmişsə yerinə yetirdi. Keçdiyimiz yerlərdə almadığımız bir ölkə, boyun əyməyən və itaət yolunu tutmayan bir hökmdar qoymadıq qalsın. Əgər indi siz öz istəyinizlə bizə el olursunuzsa, cavab göndərərək qulluq göstərməyiniz gərəkdir. Yox, əgər dikbaşlıq və üsyanda inad edəcəksinizsə, savaşa hazır olun. Biz də bu elçilərin həmən ardınca gəlirik.

 Bu xəbər onlara yetişincə, Oğuzun elçisinə hər cür hörmət göstərdilər. İtaət və qulluq yolunu tutub hədiyyə olaraq doqquz qır at göndərdilər. Oğuz Şamaxıya gəlib 14 gün orada qaldı. O günlərdə Şaberan əhalisi xəzinə vergisini gətirib ödədi ...”

Əl-Kufi. “Kitab Əl-Fütuh”.

926-cı ildə ölmüş ərəb tarixçisinin bu əsərində hadisələr xəlifə əl-Müstainin hakimiyyətinin sonu-nadək izlənilmişdir. (632-866-cı illər).

“Salman ibn Rəbiyyə və İran əhalisindən onunla olanlar ... Şirvan torpaqlarına yaxınlaşıb düşərgə saldılar. Şirvan hakimini çağırıb onunla təzminat vermək şərti ilə barışıq bağladılar. Sonra Şirvandan hərəkət edərək Şabran və Maskata çatdılar. Bundan sonra o, dağlardakı hakimlərin (mülük əl–cibal) yanına öz elçilərini göndərərək onları yanına gəlmək üçün dəvət edir, onlar hamısı ona pul, hədiyyələr gətirərək, hər il məlum təzminat verməyə razılaşırlar. Bütün bunlara o da razılığını verdi”.

 

Son söz əvəzi

 

Görkəmli Norveç alimi, məşhur dəniz səyyahı Tur Heyerdal 1981-ci ildə Azərbaycanda qonaq olarkən Şabran şəhərində gedən arxeoloji qazıntı işləri ilə də maraqlanmış, bu qədim şəhəri “orta əsr Şərqinin nadir abidəsi” adlandıraraq, öz təəssüratında yazmışdır ki, “Şabran vasitəsi ilə biz sizin xalqın keçmişinə çox yaxşı səyahət edə bildik ...”

 

 

Aydın TAĞIYEV

 

525-ci qəzet.- 2011.- 13 sentyabr.- S. 4.