Yaxın
sahillərdə...
Birinci
gün
....Gürcüstan yaşıldı,
yaşıl.Hara getsən, harda gəzsən elədi...Hələ
dağların arasıyla yol gedəndə çay vadisinin
gözəlliyini də bunun üstünə gəlsən... Hələ
adamların üzünə yansıyan ruh rahatlığın
da bunun üstünə gəlsən.
... Bu
şəhər Qara dəniz sahilində liman şəhəridi
və böyük turistik ərazidi. Orta əsrlərdə
Lazikanın, sonra Gürcüstanın bir parçası olub.
Daha sonra buraları meqrel knyazları idarə edib.1547-də
hakimiyyət keçib Osmanlılara və 300 il bu torpaqlar
onlara aid olub. 1878-də ruslar gəlib və...Bu gün ölkənin
mədəni və iqtisadi həyatında mühüm rol
oynayır. Tarixçilərin bu şəhər haqqında
ilk məlumatlarına ilkin dövrlərdə rast gəlinir. O
vaxtlar Batus deyirlərmiş. Aristotelin, Plininin, Flavi Arrianın
əsərlərində də belə keçir. Sonra tarixin
dolanbaclarında hakimləri, sülalələri, dinləri dəyişdirib
– amma əldən-ələ
keçsə də gözəlliyi dəyişməz
qalıb. Məhz bu amil bu gün əhalinin mozaik tərkibini
formalaşdırıb. 20-ci əsrin
başlanğıcında siyasi təbəddülatlar yenə
dəyişimlərə səbəb olub və Osmanlılar
yenə şəhərin sahibi olublar. Sonrası məlum –
Birinci Dünya Müharibəsinin sonu, Osmanlının məğlubiyyəti
və Sovetlər və yenidən Gürcüstana ilhaq.
Yazırlar ki, gürcü müsəlmanları özləri
xahiş ediblər onları Gürcüstana birləşdirsinlər.
Görürsüz böyük dövlətlər kiçik
xalqların xahişlərinə necə diqqətlə
yanaşırlar? Ehhh, nə fərqi tarixdə nə olub, nə
olmayıb? Əsas odur ki, MƏN
burdayam. BATUMİDƏYƏM...
...Oteldə yerləşəndən
sonra gedib salamlayacam Böyük dənizi – Qara dənizi. Məni
görüb də, mənə baxıb da
çırpınsın bir az...
...Üzümü görən kimi hava
niyə qaş-qabağını salladı bilmirəm,
yağış çisələyir... Hava da mənə
oxşayır... Ovqat adamıdı... E, hər nə isə
odu... (bu nöqtələrdə yaza bilmədiklərimdi)
Küçələrdə asfaltı
söküb, yerinə xırda –kəsmə daş
düzürlər. Görüntü olaraq gözəldi. Təzadlı
olub şəhər—20 il əvvəl belə deyildi...Hə də,
20 il əvvəl çox şey başqa cür idi, mən də
başqa idim.
Qəribədi Qara dəniz məni vecinə
almadı... Nə çırpındı, nə
çabaladı. Elə qıvrım –qıvrım gəlib,
döndü geriyə... İnciyimmi dənizdən... Yox,
qız , illərdən inci , bəlkə iyirmi il əvvəlki
SƏNİ xatırlayır QARA
Dəniz ... Bu günkü MƏNİ tanımadı...
Rəsul Rza demişkən—küləklər
də sığallamır çiçəkləri ...
O yerdəki heç bir əzilib-büzülmə
olmadan rahat oturub bir fincan çay içmək olur, ya da ...
SİQARAMIN DUMANINA SARSAM, SAKLASAM SENİ...
Sabah gün çıxsın
artıq...
İkinci
gün
Gecə bir leysan yağdı ki, gəl
görəsən... Yağışın
şırıltısı, millət vəkilinin xorultusu mənə
laylay çalsalar da yata bilmədim. Yuxum ərşə
çəkilmişdi və bu avantajdan istifadə edərək
bəzi müşahidələrim də oldu. Gecə kefi
kök otelə qayıdan adamların melodiyalarını dinlədim.
Qəribədi, içki kimlərisə xoşbəxt edə
bilir. Elə şən səsləri vardı ki...
... Aydın və günəşli bir
gün oldu. Səhər yeməyinə gedəndə
gördüm ki, dünənki kimi otelin hollunda qızlar oxuyur.
Ağırbaşlı, ədalı bir kişi də lap elə
dünənki kimi onlara göstərişlər verir. Otelin
sahibidi yəqin, bazburutundan oxşayır.Gürcü dilini
bilməsəm də Sakartvelo, Xevsuretiya, İmeretiya, Svanetiya
sözlərindən anlaşılır ki, mahnı
Gürcüstanı vəsf edir. Otel sahibi səhər tezdəndən
qızları oxudub ləzzət alır deyəsən... Əməlli
xozeyin görkəmi var.
...Bu da plyaj. Pullu deyil – amma Türkiyədəki
kimi də deyil. Yəni hər otelin öz sahəsi yoxdu.
İynə atsan yerə düşməz – o qədər adam
var. Bizimkilər də çoxdu buralarda. (Yəni solaxay iş
üçün buralara gəlməyə dəyməz).
Günəş ilıqdı, yandırmır. Və Qara dənizin
sularında islanıram. Akdənizin suyu kimi acı deyil, duzlu
deyil...Rəşad, duzlu deyil Qara dəniz! Hüznlü də
deyil...
...Gürcü mətbəxini sevirəm,
amma qorxuram yeməkləri təsvir etsəm Seymur Baycanın mətnlərinə
oxşasın yazdıqlarım. Vaz keçdim bu fikirdən...
Bütün Gürcüstanda olduğu
kimi Batumidə də monumental heykəllər çoxdu. Medeya
diqqətimi çəkdi... Medeya bilirsiz kimdi? Qızıl Dərinin
dalınca gələn Arqonavtlara yardımçı olan,
Yasona yol göstərən, sonra xəyanətə uğrayan
və qəzəbindən öz övladlarını qətl
edən QADIN. Hər halda dünya ədəbiyyatı bu QADININ
yanından ötüb keçməyib. Mən də
keçmirəm, durub uzun-uzadı baxıram bu QADINA.
Özünə layiq heykəli var. Ümumiyyətlə,
Batumidə antik mifologiyaya aid heykəllər çoxdu. Hətta
fontanlar da belə təsvirlərlə bəzədilib. Qədim
Kolxida sayılır axı buralar. Buralar və Abxaziya.
İndi gürcülərin əli
çatmır Abxaziyaya, amma bura var da...
Nə işdisə hər gecə feyerverk olur burda. Əvvəl
elə bildim bayram –zaddı, soruşdum da... Amma yox ,elə
keflərindən atəşfəşanlıq
eləyirlər... Ürəkləri
bayram havasındadı...
Gecə yata bilsəm, bu da mənimçün bayram olardı...
Üçüncü gün
...Səhər dəhşətli baş ağrısı və Alikin qızlarının səsinə oyandım. (unutdum qeyd edəm
ki, qaldığımız
otel ALİK adlanır
və otelin qarşısında gördüyüm
yepyekə Hammerin də nömrəsində
yepyekə ALİK yazılıb.
Deməli, xozeyin Alikdi, qızları da mələdən odu.) Bu baş ağrısı məndə
uşaqlıqdan var və təxminən Ponti Pilatın baş ağrısı kimi bir şeydi.
Təbii, mən Pilat olmadığım üçün kimsəni
edam edib də baş ağrısından
qurtulası deyiləm...
Amma hərdən belə bir istək
də oyanır içimdə...(gələndən
sonra fikirləşdim,
fikirləşdim ki, niyə Bulqakov yadıma düşdü,
niyə? Sən demə, elə avqust ayında, amma 1939 –cu ildə Bulqakovu bura ezamiyyətə göndərməliymişlər
– “Batum” pyesini işləmək üçün.
Bu pyes yazıçının
vicdan sövdələşməsi
olacaqmış – Stalinə
həsr olunub, onu antik –mifik
qəhrəmanlara bənzədəcək
bir əsər olmalıymış. Amma sonra Xalqlar Atası
nə fikirləşibsə
pyesi tamaşaya qoymağı qadağan ediblər. Hər nə isə – bu fəhmlə kimlərisə xatırlamaq
da bir xəstəlikdi
deyəsən ).
Deməli, bu ağrı ilə günüm zay olacaq. Günün
altında qala bilməyəcəm, bu o anlama gəlir ki, dənizə gedə bilməyəcəm
və şəhərdə
gəzə bilməyəcəm...
Ölü kimi yataqda qaldım. Axşama yaxın bir az özümə
gələn kimi işıqları az qala göyləri də parıldadan bu şəhərdə veyillənmək fikrinə
düşürəm.
...Millət, burda faytonları ləğv etməyiblər.
Atlar, bəzəkli faytonlar şəhərə
yaraşıq verir. Mən də bu yaraşıqdan yerimək istəməyən
ayaqlarım üçün
istifadə edirəm.
Batumun gecəsi də bir ayrı aləmdi.
Mozaik bir aləmdi. Hər dildə söhbət eşitmək mümkündü,
hər rəngdə insan görmək mümkündü...
Amma nə
müşahidə elədim
– yeni, gənc nəsil rus dilini yadırğayıbsa
da, balaca uşaqlarıyla bu dildə danışan gürcülərin sayı
çoxalıb. Görünür,
rus dilinin önəmini anlamağa başlayıblar. Məmləkət
daxilində sayın millət vəkili üçün daşıdığım
funksiyalara (ensiklopediya,
vitrin, katibə, redaktor və sairə ) xaricdə tərcüməçi funksiyası
da əlavə olunduğundan bizimçün
də gündəmin vacib məsələsidi.
...Bulvar və plyaj bir
aradadı. Bulvarda yerə taxta döşəyiblər. Səbəbləri
barədə ancaq mülahizə yürütmək
olar. Yenidən qurulur hər şey, amma səliqə-sahmanla qurulur.
Maraqlı kompozisiyalar,
heykəlciklərlə zəngindi
bulvar...
...Baş ağrım yenə baş qaldırır deyəsən... Pilatın
ağrısı ay işığında
çoxalırdı... Ay olsaydı
göydə mən də dənizdə yakamoza tamaşa edərdim – YOXDU... YAKAMOZ yoxdu...
Uzaqda bir gəmi ağır-ağir
ləngər vurur...Sezən necə oxuyurdu?.. SƏN DƏ OLMAZSAN ƏGƏR BATAR
ARTIK BU GƏMİ...
...BEN HALA DOLAŞIYORUM AVARƏ , HANİ
GÖRSƏN ENİ –KONU DİVANE ... NE YAPDIYSAN OLMADI NƏ
ÇARƏ...
Yetər artıq dolaşdığın...
Dördüncü gün
Göydə süzən paraşütü
izləyirəm sahildən...Gülməli gəlməsin,
amma neçə illərdi bu paraşüt arzusu mənimçün fiksideya
halına gəlib. Hətta keçən il Antalyada tam qərara gəldim, bütün ləvazimatı
əynimə keçirdim
və ... son anda vaz keçdim – göyün bir qatında ürək çatmazlığından ölmək
fikri məni daşındırdı arzumdan.
Məndən qəhrəman
olmaz anlaşılan...
Hər şeyi çox götür-qoy edirəm. Yox, bəzən alt-üst elədiyim də olur...prinsiplərimi. Amma bu paraşüt
məni birtəhər
edəcək... İndi
göydəki bəxtəvərə
baxıb da fikirləşirəm ki, niyə belə olur, niyə? Niyə istəklərimiz,
arzularımız və
imkanlarımız üst-üstə
düşmür heç
vaxt? Belə baxırsan lap yaxındadı,
əlini uzatsan götürəcəksən... Amma əlini uzatdığın an elə
yandırırlar ki, külünü neçə
il təmizləyib qurtara bilmirsən...YORULDUM
HƏR BULDUĞUMDA KAYB ETMEKDEN...Lənət
şeytana, bu nə fəlsəfədi yadıma düşüb
? Dəniz var, günəş var ...
Düzdü, dalğa da var...Amma havaya qalxa
bilmirsən, heç olmasa dənizə baş vur, həzz
al həyatdan...
... Peşman oldum qəhrəmanlıq göstərməyimdən, heç
suya girmək lazım deyilmiş...Dalğa məni elə çırpdı ki ora-bura heç
çıxa bilmirdim sudan, dartıb çıxardılar. Arada
sevimli eynəyimi də su apardı.
Qəribədi həmin
eynəyi mənə keçən il elə Gürcüstanda hədiyyə eləmişdilər,
elə Gürcüstanda
da kayb etdim.
Kayıblar yalnızca
eynəklər olsaydı
nə vardı ki...
Hər nə isə, gedənin dalınca ağlamayım, sudan –zaddan içib toxtamaq lazım gələcək . 13-14 yaşlı
cocuqlar arada gəzib su, dondurma, qarğıdalı
flan satırlar. Balaca zənbilləri var, ağzını açıb
da istədiyini verirlər ordan . Amma məsələ bu deyil – bu
balaca zənbilin üstündə, bu balaca uşaqların əlində kiçicik kassa aparatı var və onlar
hər qarğıdalıya
görə bizə çek verirdilər. Allahım, deməli hər şeyi düzəltmək olar —sadəcə istək lazımdı...Yoxsa burda da imkanlar
və istəklər üst-üstə düşmür?..
...Kayb etdiklərimi
düşünə –düşünə otelə qayıdıram. Sayın millət vəkili hər zaman olduğu kimi TV seyr edir.
Amma birdən səslər diqqətimi cəlb edir. Çoxdan bu filmi görmürdüm, çoxdan ... TV-də “Kral Liri “ göstərirlər.
Maraqla izləyirəm
(Şekspiri sevirəm,
“Kral Liri”-də xüsusən ). Dublyaj variantını xatırladım – Səməndərin
möhtəşəm ifasında.
Bəli, məhz ifasında . Dublyaj böyük sənətdi
– burda neçə anlam birləşir. İndi hər kanalın öz dublyaj studiyası var, ancaq mən
tərcümə filmlərə
baxa bilmirəm . Zövq vermir. Amma 30 il əvvəl
eşitdiyim səs yadımdadı. Nə mane
olur görəsən
studiya rəhbərlərinə?
İmkanlar , yoxsa istəklər... Yoxsa Kral Lir sindromu?
Biz ümumiyyətlə, bu
sindromdan əziyyət
çəkən xalqlardanıq
– yalançı təriflərə
o qədər aludə
olmuşuq ki, nə istəklərizi bilirik, nə də imkanlarımızdan
xəbərimiz var...
Bu günüm belə keçdi deyəsən ... Mövzu ətrafında variasiyalar...
İmkanlar və istəklər... Ta gəncliyimdən
motosikl sürmək arzum var idi...Çox istəyirdim...
İradə TUNCAY
525-ci qəzet.- 2011.- 10 sentyabr.- S.9.