“Azərbaycanın
təhsil tarixi”- təhsilimizin dəyərli salnaməsi
PROFESSOR
MİSİR MƏRDANOVUN MÜƏLLİFİ OLDUĞU,
YENİ İŞIQ ÜZÜ GÖRƏN
ÇOXCİLDLİK NƏŞR AZƏRBAYCAN TƏHSİLİNİN
TARİXİNİ VƏ İNKİŞAF YOLUNU HƏRTƏRƏFLİ
ƏKS ETDİRİR
II YAZI
Təhsil
naziri,professor Misir Mərdanovun
“Azərbaycanın təhsil tarixi” çoxcildliyi bir neçə
cəhətdən diqqəti çəkir. Əvvəla, Azərbaycan
təhsilinin tarixi ilk
dəfədir ki, bu cür əhatəli və sistemli
şəkildə oxuculara təqdim olunur. Digər tərədən,
görkəmli maarif fədailərinin,
mütəfəkkirlərin və pedaqoqların həyatı,
onların xalqın maariflənməsi yolunda,
qeyri-bərabər mübarizədə göstərdikləri dözüm, cəsarət haqqında qısa
oçerklər bu fundamental
əsəri daha maraqlı və
oxunaqlı edir. Eyni zamanda, zəruri məlumatlarla zəngin çoxcildlik həm də təhsil tarixinin publisistik dillə
qələmə alınmış ensiklopediyası kimi də dəyərli nəşrdir.
Ötən dəfə birinci cildi haqda
söz açdığımız çoxcildliyin ikinci cildi
1920-1991-ci illərdə Azərbaycanda təhsil
quruculuğundan, təhsil sisteminin mahiyyətindən, həmin
dövrün təhsil-tərbiyə ilə bağlı
konseptual problemlərindən bəhs olunur.
Sovet hakimiyyəti illərində Azərbaycanın
iqtisadiyyatı ilə yanaşı, təhsili, elmi və mədəniyyəti
də böyük inkişaf yolu keçib. Bu dövrdə 70
ildə ölkədə savadsızlıq ləğv olunub,
tam orta icbari təhsil tətbiq edilib, təhsil müəssisələrinin,
o cümlədən ali məktəblərin inkişaf
etmiş şəbəkəsi yaradılıb, Elmlər
Akademiyası formalaşıb, çoxlu sayda qəzet və
jurnal çap olunmığa başlamışdır. Kitabda
bütün bu fakt və hadisələr 6 fəsildə şərh
olunur. Müvafiq fəsillərdə təhsilin
ayrı-ayrı pillələrinin inkişaf tarixi, bu tarixi
yaradan insanlar, həmin dövrün təhsillə
bağlı mühüm dövlət sənədləri,
pedaqoji mətbuat, elmi-pedaqoji kitabxana və Xalq Maarifi Muzeyi barədə
məlumat öz əksini tapıb.
Tədqiqatçılar,
müəllimlər, tələbələr və geniş
pedaqoji ictimaiyyət üçün nəzərdə tutulan
kitabın ön söz müəllifi də təhsil naziri
Misir Mərdanovdur. Nazir ön sözdə qeyd edib ki, “Azərbaycanın
təhsil tarixi” çoxcildliyi böyüməkdə olan nəslin
təhsil və tərbiyəsi ilə bağlı xalqın
min illər boyu yaratdığı , zamanın, tarixin
yaddaşına həkk etdiyi, milli-mənəvi dəyərlərə
çevrilmiş sərvətin böyük bir hissəsini
özündə ehtiva edir: “Oxuculara təqdim edilən “Azərbaycanın
təhsil tarixi” adlı kitabın ikinci cildi sovet hakimiyyəti
illərində Azərbaycanda təhsil quruculuğundan, təhsil
sisteminin mahiyyətindən bəhs edir. Bəzən mətbuatda
təhsil tarixi ilə bağlı elmi dəlillərə və
mənbələrə əsaslanmayan subyektiv fikirlər səsləndirilir.
Bu fikirlərdən biri də odur ki, sovet məktəbi milli
ruhu olmayan nəsil yetişdirməyə xidmət edirmiş.
Sovet təhsil sisteminin bütün məqsəd və məramı
insanları soykökündən uzaqlaşdırmaq, dili, məsləki
bir olan vahid sovet xalqı formalaşdırmaq olmuşdur. Ancaq təhsil
tariximizə belə nihilist meyillərlə yanaşmaq qətiyyən
düzgün deyil. Sovet təhsil sisteminin əsasında, əslində,
o dövr üçün çox mütərəqqi olan
alman təhsil modeli dayanmışdır. Lakin bu mütərəqqi
sistem sovet ideologiyası, vahid yanaşmalar və ciddi məhdudiyyətlərin
təsirinə məruz qalmışdı. Bu təsirlərin
nəticəsində sovet hakimiyyəti illərində müstəqil
dövlət siyasətimiz, Milli ideologiyamız olmayıb,
xalqın milli təfəkkürünün
daşıyıcıları olan on minlərlə ziyalı
günahsız ittiham edilib. Ancaq, bu heç də o demək
deyil ki, sovet dövründə məktəbimiz, təhsilimiz
inkişaf etməyib. Əks halda 90-cı illərdə imperiya
hakimiyyətinin təzyiqi bir az zəifləyən kimi
zamanın diktə etdiyi təhsil siyasəti əsasında tərbiyə
almış millətimizin indiki nəsil milli ruhla azadlıq
mübarizəsinə qalxardımı? Milli ruhu olmayan nəsil
yetişdirməyə xidmət edən məktəb gəncliyi
bu mübarizəyə hazırlaya bilərdimi? Əlbəttə
yox. Kitabda 70 illik təhsil tariximizi obyektiv öyrənmək məqsədilə
ulu öndər Heydər Əliyevin bu nəzəri tezislərinə
metodoloji əsas kimi yanaşmış, o dövrün təhsil-tərbiyə
ilə bağlı konseptual problemlərini həmin müstəvidə
araşdırmağa çalışmışam. Bu mənada
məsuliyyətlə demək olar ki, sizə təqdim olunan bu
kitab təhsilimizin sovet dövrünü əhatə edən
70 illik tarixinin salnaməsidir. Burada dövrün, zamanın
diktəsi ilə yazılan, ruhumuza yad səhifələr olsa
da, insanın ağlına, zəkasına qida və qüvvət
verən, gələcək perspektivləri görməyə
kömək edən işıqlı cəhətlər daha
çoxdur”.
M.Mərdanov bildirib ki, kitabın ilk fəslinin
böyük bir hissəsi ümummilli lider Heydər Əliyevin
siyasi hakimiyyəti illərində Azərbaycanda ümumi orta təhsilin
inkişaf istiqamətlərinin təhlilinə həsr olunub. Heydər
Əliyevin rəhbərliyi dövründə ölkədə
geniş məktəb quruculuğu işləri
aparıldı. 1970-1980-cı illərdə 683,1 min şagird
yerlik 1191 ümumtəhsil məktəb binası tikilib istifadəyə
verildi ki, bu da 1946-1970-ci illərdəki göstəricilərdən
iki dəfə çox idi: “Kitabın üçüncü fəsli
Azərbaycanda internat tipli təhsil müəssisələrinin,
xüsusi məktəblərin təşəkkülündən
və inkişafından bəhs edir. “Azərbaycanın təhsil
tarixi” adlı kitabın dördüncü fəsli orta ixtisas
təhsilinin sovet hakimiyyəti illərindəki inkişaf mərhələlərindən
bəhs edir. Qori Müəllimlər Seminariyasının ənənələrini
Azərbaycanda yaşadanların taleyinə və pedaqoji fəaliyyətlərinə
işıq salınır. Qazax, Nuxa, Bakı və Gəncədə
fəaliyyət göstərən, tədrisin milli dildə
aparıldığı ilk pedaqoji seminariyaların işindən,
onların müəllim kadrlarının
hazırlığındakı rolundan danışılır.
Kitabda Naxçıvan Müəllimlər Seminariyası, Mirzə
Ələkbər Sabir adına Bakı Pedaqoji Texnikumu, Bakı
Məktəbəqədər Pedaqoji Texnikumu, Şuşu Maarif
Texnikumu, İncəsənət təmayüllü orta ixtisas
məktəbləri, Teatr Texnikumu, Xoreoqrafiya məktəblərinin
hər biri haqqında ayrıca oçerk verilib.
Orta ixtisas təhsilinin idarə
olunması ilə bağlı dövlət qərar və sərəncamları
da diqqətdən kənarda qalmamışdır. Belə qərarlardan
biri də 50-ci illərin sonuna təsadüf edir. 1959-cu ilin
iyununda SSRİ Nazirlər Soveti “SSRİ-nin ali və orta ixtisas
təhsili müəssisələrinə rəhbərliyin
yenidən qurulması haqqında” qərar qəbul etdi. Azərbaycan
SSRİ Nazirlər Sovetinin həmin qərara
uyğun olaraq, verdiyi digər bir qərarla
Azərbaycan Ali və Orta
İxtisas Təhsili Komitəsi
yaradıldı. 10 ali və 48 orta ixtisas müəssisəsi
həmin Komitənin tabeliyinə verildi.
1962-ci ildə SSRİ Ali və Orta
İxtisas Təhsili Komitəsi Nazirliyə
çevrildi. Həmin vaxtdan etibarən Azərbaycan Ali
və Orta İxtisas Təhsili
Komitəsi də nazirlik
adlandırıldı. Bu fəsildə sənaye,
kənd təsərrüfatı və tibb
kadrları hazırlayan orta ixtisas məktəblərinin onilliklər
üzrə inkişaf dinamikası və həmin
məktəblərdə digər müttəfiq respublikalar, xarici ölkələr
üçün kadr
hazırlığı ilə bağlı kifayət qədər
ətraflı məlumat verməyə
çalışmışam”.
Təhsil naziri qeyd edib ki, kitabın
beşinci fəsli Azərbaycanda ali təhsilin və ali məktəb
elminin inkişafına həsr olunub: “Kitabda ali təhsil
ocaqlarında yaranan elmi məktəblər, onların əsasını
qoyan, tədqiqatları ilə Azərbaycanın sərhədlərindən
kənarda da tanınan elm xadimlərimiz haqqında
mümkün qədər məlumat verməyə
çalışmışam. Müharibə illərində
ali məktəblərin fəaliyyətində xüsusi
canlanma yarandı. Bu illərdə elmi-tədqiqat işlərində
əsas diqqət vətənin müdafiəsi ilə
bağlı olan məsələlərə yönəldildi.
Alimlər təbiət və texniki elm sahələrində
mühüm qələbələr əldə etdilər. Bu
alimlərin köməyi ilə ölkədə qısa
müddətdə güclü elmi potensial
formalaşdırıldı. Bunun nəticəsində 1945-ci
ildə Azərbaycan SSRİ Elmlər Akademiyası təşkil
olundu. Sevindirici haldır ki, akademiyanı təşkil edən
15 nəfərdən 12-si azərbaycanlı idi. Azərbaycanda
elmi tədqiqat işlərinin dövrün tələblərinə
uyğun formalaşmasında, ümumiyyətlə, elmi
mühitin yaranmasında Azərbaycan Elmlər Akademiyası
mühüm rol oynadı.
Kitabda, həmçinin ölkədəki
təhsil ocaqlarının hər birinin təhsil tariximizdəki
yerindən, onların yüksəkixtisaslı kadr hazırlığındakı
maliyyətlərindən də bəhs edən oçerklər
var.
Kitabda
qonşu Gürcüstan və Ermənistanda Azərbaycan dilində
ali pedaqoji təhsilin inkişafı və problemləri ilə
bağlı məsələlərə toxunmuş, yüksəkixtisaslı
azərbaycandilli mütəxəssislərə olan tələbatın
ödənilməsi üçün sovet hakimiyyəti tərəfindən
görülən işlərdən, bu sahədə milli zəmində
yaradılan subyektiv maneələrdən də söz
açmışam”.
M.Mərdanov
qeyd edib ki, kitabın beşinci fəslində sovet
dövründə Azərbaycanda pedaqoji kadrların
ixtisaslarının artırılması və yenidən
hazırlanmasını həyata keçirən təhsil
müəssisələrinin inkişaf mərhələləri
pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi
metodikası sahəsində aparılan tədqiqatlar da öz əksini
tapıb: “Azərbaycanda ali siyasi və ali hərbi təhsilin
təşəkkülü və inkişafı məsələləri
də diqqətdən kənarda qalmayıb. Beşinci fəslin
müvafiq bölmələrində bu təhsil sahələri
barədə də zəruri məlumatı oxucuların nəzərinə
çatdırmağa çalışmışam. Əminəm
ki, sovet hakimiyyəti illərində Azərbaycanda pedaqoji mətbuatın
respublika elmi-pedaqoji kitabxanasının və Xalq Maarif Muzeyinin
yaranmasına və inkişafına həsr olunan
altıncı fəsil də oxucuların marağına səbəb
olacaq. 70 ildə təhsilimiz çox ziddiyyətli inkişaf
yolu keçib. Bu tarixi yaradan, həyatını xalqın
maariflənməsi kimi nəcib işə həsr edən minlərlə
ziyalının adı Azərbaycanın tarixinə, onun təhsil
salnaməsinə əbədi həkk olunub. Bu gün Azərbaycanın
təhsilinə rəhbərlik edən şəxs kimi, bir
ziyalı kimi, nəhayət, bir vətəndaş kimi istəmişəm
ki, gələcək nəsil bu insanların vətənimiz
qarşısındakı xidmətlərindən xəbərsiz
qalmasın. Kitabın bu cildində Azərbaycanda sovet
dövründə təhsilin inkişafında xüsusi xidmətləri
olmuş bütün şəxsiyyətlərin şəkil və
qısa tərcümeyi-halı verilmişdir. Hamısı
haqqında ayrı-ayrılıqda geniş söhbət
aça bilməsəm də, kitabın ad göstəricisində
qeyd olunan 1700-dən çox ziyalımız barədə
mümkün qədər məlumat verməyə
çalışmışam.
Sözümün sonunda onu demək
istəyirəm ki, düzdür, sovet dövründə müəyyən
itkilərimiz olub, amma qazandıqlarımız itirdiklərimizdən
çoxdur. Mən təhsil naziri kimi müxtəlif ölkələrdə,
o cümlədən qonşu İran və Türkiyə
respublikalarında dəfələrlə xidməti səfərlərdə
olmuşam. Bu səfərlər zamanı bir fakt məni həmişə
qürurlandırıb: Azərbaycanda insanların təhsil səviyyəsi
hər iki ölkədəkindən qat-qat yüksəkdir.
Sovet dövründə ən ucqar kəndlərimizdə belə,
məktəblər fəaliyyət göstərib və Azərbaycanda
savadsız adam yoxdur. Elə ona görə də biz öz
müstəqilliyimizi bərpa edib Azərbaycanımızı
uğurla irəli apara bilmişik. Sonra da daha böyük
nailiyyətlərə, cəsarətli islahatlara imza atdıq.
Təhsilimizi, mədəniyyətimizi,
iqtisadiyyatımızı müasir standartlar səviyyəsinə
qədər inkişaf etdirdik. Dünənimiz, bu
günümüz üçün etibarlı bünövrə
oldu. İndi dünənimizin qiymətini düzgün verməsək,
sabahımıza möhkəm özül yarada bilmərik. Kitabın
hazırlanması üçün vacib materialların əldə olunmasına gəldikdə,
düşünürəm ki, təhsil naziri vəzifəsində
çalışmasaydım, Azərbaycanın təhsil tarixi haqqında belə fundamental
kitabın yazılması çox çətin
və qeyri-mümkün olardı. Çünki bəzən müəyyən
materialları axtararkən vəzifə səlahiyyətlərimdən
istifadə etmişəm.
Bu kitabın yazılmasında mənə
yaxından kömək etmiş hər kəsə – Təhsil
Nazirliyinin işçilərinə və kitab nəşrə
hazırlayan nəşriyyatın əməkdaşlarına
öz təşəkkürümü bildirirəm”.
Sevinc QARAYEVA
525-ci
qəzet.- 2011.- 10 sentyabr.- S.10.