“Oktyabr
yeni tamaşaların təqdimatları ilə əlamətdar
olacaq”
“HƏR YENİ TAMAŞA
AUDİTORİYA QARŞISINDA BİR İMTAHANDIR”
Sentyabr ayı müxtəlif günlərlə
bərabər ölkədə teatr mövsümünün
açılışı ilə də əlamətdardır.
Bu məqsədlə müxbirimiz Azərbaycan Akademik Milli Dram
Teatrının direktoru İsrafil İsrafilovla
görüşərək ondan teatrın bu mövsüm
üçün nəzərdə tutulan repertuarı,
hansı yeniliklərin gözlənildiyi barədə
müsahibə alıb.
– İsrafil müəllim, biz ötən
mövsümün sonunda da sizinlə görüşmək, nəticələr
barədə söhbətləşmək istəyirdik. Amma
cari işlər başımızı qatdı və bir də
eşitdik ki, kollektiviniz yay məzuniyyətinə
çıxıb. Deyəsən məzuniyyət qurtarıb,
işə başlayırsınız. Necə deyərlər,
mövsüm bitdi, mövsüm başlayır?
– Belə
çıxır. Həqiqətən, mövsümün necə
bitdiyi və yeni mövsümün necə gəlib
çatdığını özümüz də bilmədik.
Vaxt
elə surətlə keçir ki...
Əslində, bizim teatrın
binasında əsaslı təmir – quraşdırma işləri
aparıldığı səbəbindən digər teatr
kollektivləri ötən ilin sentyabrında mövsümə
başlasalar da Akademik Milli Dram Teatrı öz
mövsümünə, 2011 – ci il martın 10 – da, yəni
milli teatr günündə başladı.
– Məlum
olduğu kimi, həmin vaxtdan mövsümün sonuna kimi
kollektiv çox gərgin qrafiklə çalışıb.
–
Elədir. Yaradıcılıq prosesi özlüyündə gərgin
bir fəaliyyətdir. Amma Akademik Milli Dram Teatrının
kollektivi qeyd etdiyim müddətdə əsl hünər
göstərdi, böyük fiziki, mənəvi, istedad
möcüzəsi ilə, fədakarlıqla
çalışdı. Təsəvvür edin ki, bu ilin mart
ayının 10-da fəaliyyətə başlayan kollektiv, iyul
ayının 10-na kimi beş orijinal tamaşa təhvil verdi, əvvəlki
repertuarda olan beş tamaşanı bərpa etdi. Bura onu da əlavə
edək ki, həmin müddət ərzində paralel olaraq,
daha beş tamaşa üzərində məşqlər
aparılıb.
– Təhvil
verilən tamaşalar hansılardır?
–
Onlardan bir qismi, yəni İ. Əfəndiyevin “Hökmdar və
qızı” pyesi əsasında hazırlanan “Qarabağnamə”
(qur. rej. M. Fərzəlibəyov), M. F. Axundovun “Sərgüzəşti-vəziri-xani
Lənkəran” (qur. rej. V. İbrahim oğlu), xalq
yazıçısı Elçinin “Teleskop” (qur. rej. K.
Şahmərdan), tanınmış yazıçı Afaq Məsudun
“Qatarın altına atılan qadın” (qur. rej. M. Ələkbərzadə)
tamaşaları dövlət sifarişi əsasında
hazırlanıb, E. De Filipponun “Kabuslar” (qur.rej. N. Kazımov)
tamaşası isə teatrın daxili imkanları hesabına ərsəyə
gəlib. Teatrın əvvəlki repertuarında olan, Mədəniyyət
və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən
beş tamaşa bərpa olunaraq, tamaşaçılara təqdim
edilib.
–
Doğrudanmı bu işlər cəmi dörd ay ərzində
görülüb?
–
Düzünə qalsa, üç ay ərzində...
– Necə?
–
Həmin müddətdə teatrımızda “Avrovizion”, eləcə
də “Muğam” müsabiqələrinin məşqləri və
konsertləri, Gənclər və İdman Nazirliyinin, həmçinin
Təhsil Nazirliyinin bir neçə gün ərzində
keçirilən tədbirləri, eləcə də iyirmi
günü əhatə edən istirahət və bayram
günlərini nəzərə almalıyıq. Əlavə
edək ki, həmin dövrdə K. Mərcanaşvili adına
Gürcüstan Akademik Dram Teatrı teatrımızın səhnəsində
iki günlük tamaşalarına, Polşanın Lyublin şəhərinin
“Rəqs teatrı”nın tamaşasına, kollektivimizin
Gürcüstana qastrol səfərinə, eləcə də
respublika teatrlarının festivalı çərçivəsində
ölkəmizin cənub bölgəsində
çıxışlara ayrılan günlər də hesaba
alınsa, yuxarıda qeyd etdiyimiz beş orijinal və beş bərpa
tamaşalarının hansı zaman kəsiyində, ən
vacibi isə uğurla hazırlanması təqdir edilməlidir.
–
Elə isə bu necə mümkün
olub?
–
Bilirsiniz, teatrın binası əsaslı təmir-quraşdırma
işləri üçün iki ildən bir qədər
artıq müddətə təmirə
bağlandığından, fəal yaradıcılıq
üçün ən sadə şəraiti belə olmayan
binada çalışmaq məcburiyyətində qalan kollektiv
fəaliyyətsiz vəziyyətə düşdüyündən,
təbii olaraq, onun yaradıcılıq səyi azalmış,
bütövlükdə teatrın ritmi zəifləmişdi.
Razılaşın ki, səhnə
yaradıcılığı isdedadın
qanadlandığı fəaliyyətdir. Yaradıcı şəxsiyyət
ruhla, ilhamla çalışır. Əgər o,
qayğı, diqqət görərsə, möcüzə
yarada bilər.
Təəssüf
ki, yuxarıda qeyd etdiyim zaman içərisində
yaradıcı heyət müəyyən mənada
böyük məqsədlərdən uzaq olmuş, onun əmək
və sənət intizamının səviyyəsi
aşağı düşmüşdü. Bura illərlə
davam edən repertuar siyasətindəki prinsipsizliyi də əlavə
etsək, yaranmış vəziyyətin səbəblərini
anlamaq çətin deyil.
Kollektivlə
təmaslarımız, onun ayrı-ayrı üzvləri ilə
söhbətlərimiz, mübahisələrimiz,
apardığımız fikir mübadiləsi nəticəsində
qarşıda duran estetik məqsədlər, strateji istiqamətlər
müəyyənləşdi. Minnətdarlıqla qeyd etmək
istəyirəm ki, kollektiv üzvlərinin əksəriyyəti
tərəfindən anlaşılan niyyətlərim bəhrəsini
verdi.
Yeni
binada fəaliyyətə başlayan kollektivin
yaradıcılıq ruhunda bir oyanma baş verdi. Mənim
gözləmədiyim yaradıcılıq ovqatı, əsl sənət
təşəbbüskarlığı faktı ortaya
çıxdı. Şəxsən mənim üçün
bir həqiqət hasil oldu ki, bu kollektivin sənət
potensialı yetərincə yüksəkdir və o
dürüst istiqamətə yönələrsə, ən
mürəkkəb yaradıcılıq vəzifələrini
uğurla həll edə bilər.
– Bunun
üçün nə etmək lazımdır?
– Qeyri-adi
heç bir şey. Sadəcə yaradıcılıq
formasının peşəkarlıq dərəcəsinin
artmasına yönələn tədbirləri həyata
keçirmək kifayətdir. Bu zaman kollektiv başlıca məqsədə
xidmət etmək mövqeyi seçməli, hər bir
yaradıcı şəxs bütün səylərini, fərdi
ustalığını, sənət sevgisini teatrın
nüfuzunun artmasına sərf etməlidir. Bu zaman eqoistik
mövqedən, təkəbbürdən, xırda hisslərin əsirliyindən
uzaq olmaq əhəmiyyətli şərtdir.
– Sizcə, kollektiv buna hazırdır?
– Hələlik,
birmənalı cavabım yoxdur. Amma əminliklə deyə bilərəm
ki, kollektivin mənəvi-psixoloji ovqatında pozitiv dəyişikliklərin
baş verdiyi danılmazdır. Yəni, istər yaşlı,
istərsə də cavan nəslin nümayəndələri
arasında yaradıcılıq əlaqələrinin sabitləşməsi,
ənənəvi “böyük-kiçik” yerinin müəyyənləşməsi
prosesinin uğurlu nəticələri müşahidə edilməkdədir.
Bu gün yaradıcı kollektivin hər bir üzvü nə
etdiyinin, necə etdiyinin fərqindədir.
– Sizin dediklərinizdən belə
görünür ki, teatr böhrandan çıxmağa
yaxındır.
–
Dünyanın heç bir teatrı, hətta ən məşhur
teatr kollektivləri belə böhran təhlükəsindən
sığortalanmayıb. Böhranı yaradan səbəbləri
hər bir teatrın uzun illik fəaliyyət tarixində
müşahidə etmək olar. Yəni, kollektivdə nəsillərin
dəyişməsindən başlamış, estetik ifadə
vasitələrinin solğunlaşması, fəal dramaturgiya
qıtlığına, müasirliyə həssaslığın,
intizamın, nüfuzun, tamaşaçı
auditoriyasının itirilməsinə qədər
çoxsaylı səbəblər böhran vəziyyəti
yarada bilər. Əslində böhran durgunluq
faktlarının qeydə alınması və geriləmə
proseslərinin başlamasıdır.
Burada
başlıca məsələ yaranmış vəziyyəti
vaxtında və düzgün qiymətləndirmək,
obrazlı desək,diaqnozu dürüst müəyyən etmək,
prosesi dayandıra biləcək ən təsirli tədbirləri
həyata keçirməkdir.
Bizim teatra gəlincə, deməliyəm
ki, müşahidə edilən böhran vəziyyəti və
onun aradan qaldırılması tərəfimizdən müəyyənləşdirilib,
hətta həmin istiqamətdə ilk addımlar atılıb.
Teatr mütəxəssislərinin fikrincə, görülən
işlər uğurludur və teatrın gələcəyi barədə
ən nikbin proqnozlar söyləməyə imkan verir. Bunu
xüsusi qeyd etməliyəm ki, Dövlət başçısının
məlum Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət
proqramının həyata keçirilməsi ilə
bağlı Mədəniyyət və Turizm Nazirliyinin tədbirləri
sırasında teatrımızda aparılan islahatların
böyük əhəmiyyəti var. Məhz həmin islahatlar
sayəsində biz kollektivlə kontrakt münasibətləri
qurmağa, rejissorlarla qonorar prinsipinə yer verməyə,
repertuar siyasətində yaradıcılıq
potensialının üzə çıxmasına, digər
teatrlarla əməkdaşlıq əlaqələrinin
yaradılmasına, o cümlədən, Avropa teatr məkanının
inteqrasiya proseslərinə qoşulmağa nail ola bildik.
Hazırda teatrımızın MDB ölkələrinin Rusiya,
Qazaxıstan, Ukrayna, Gürcüstan, Özbəkistan, Moldova
teatrları ilə, Avropada isə İtaliya, Polşa,
Türkiyə, Makedoniya, Çexiya, Macarıstan,
İsveç, Yunanıstan teatrları ilə əməkdaşlıq
münasibətləri var. Hazırda Kanada, Sloveniya, Finlandiya,
İsveçrə, Çin teatrları ilə
qarşılıqlı əməkdaşlıq barədə
danışıqlar aparırıq.
– Sadaladığınız ölkələrin
teatrları müəyyən estetik platformaya malikdir. Sizcə,
bizim teatr hansı yolu tutmalıdır?
– Bu, hər
dövr üçün xarakterik sualdır. Odur ki, bu
günümüzdə də aktualdır. Mənim üzərində
düşündüyüm, narahatlıqla cavab
axtardığım sualdır. Ona görə ki, onun cavabı
böyük məsuliyyət və perspektivli əmək tələb
edir. Çünkü sözün tam mənasında milli
teatr mədəniyyətimiz üçün taleyüklü
mahiyyət daşıyır. Tanınmış sənətşunas
alim Ədalət Vəliyevin “Teatr. Əqidə və Ruh”
adlı kitabında teatr sənətinin ayrı-ayrı
inkişaf mərhələlərində, bu və ya digər
dərəcədə düçar edildiyi konseptlər
araşdırılır, ən nüfuzlu teatr mütəxəssisləri
ilə həmin konseptlərin tarixi-estetik mahiyyəti ilə
bağlı polemik mülahizələrə yer verilir. Bu məqamlarda
teatr sənətinin nəzəri anlayışlarının,
müxtəlif “izm”lərin təsir dairəsindəki
tarixi-estetik həyatı nəzərdən keçirilir, itkilər
və nailiyyətlər dəyərləndirilir.
Teatr sənəti
ilə bağlı son illər ərzində oxuduğum və
ən dəyərli elmi tədqiqat əsəri hesab etdiyin həmin
kitabda qeyd etdiyiniz və indiyədək açıq qalan
çox suallar cavablandırıldı. Əgər, konkret
olaraq, mənim mövqeyim Sizi maraqlandırırsa...
– Bəli, məhz
Sizin bu barədə mülahizələrinizi bilmək istərdim.
– Mənə gəlincə, deməliyəm
ki, qloballaşma proseslərinin yaratdığı
reallığa görəmi, ya başqa səbəbdən,
heç bir ölkənin teatrı dünyanın mədəni
proseslərindən kənarda qala bilməz. Odur ki, milli teatr sənətimizin
indiki vəziyyətini, inkişaf perspektivlərini, dünya, o
cümlədən, Avropa teatr proseslərinin real mənzərəsini
nəzərə almaq, həmin proseslərə müvafiq
köklənməklə, həmçinin inteqrasiya tədbirlərini
həyata keçirməklə müəyyənləşdirməyimiz
ən doğru yol olardı. Başqa sözlə desək,
milli səhnə sənətimizin optimal inkişaf imkanları
və istiqamətləri dünya teatr prosesləri kontekstində
dəyərləndirilməlidir.
Akademik Milli
Dram Teatrı ilə bağlı nəzərdə tutduğumuz
tədbirləri nəzərdən keçirsək, bu zaman, hər
şeydən, əvvəl teatrın düçar olduğu
reqressiv proseslərin qarşısı alınmalıdır.
Bu istiqamətdə bəzi tədbirlər artıq həyata
keçirilməkdədir. Belə ki, teatrda əmək və
yaradıcılıq intizamı fəaliyyət normasına
çevrilib. Repertuar siyasətindəki yeknəsəklik və
estetik prinsipsizlik praktikasına son qoyulub, cari repertuar
teatrın strateji məqsədlərinin həyata keçirilməsinə,
yaradıcı heyyətin ustalıq potensialının
mümkün qədər bariz ifadə olunmasına yönəlib.
Bundan başqa, teatrın cavan nəslinin özünüifadə
imkanlarının yaradılması, xüsusilə,
kadrların seleksiya işinə diqqətin
artırılması prioritet vəzifə olaraq qarşıya
qoyulub.
Bu baxımdan
Akademik Milli Dram Teatrının 2011-2012-2013-cü illər ərzindəki
fəaliyyətinin ilk iki ili tərəfimizdən, məhz həmin
tədbirlərin həyata keçirilməsi üçün
müəyyən edilib. 2013- cü ili yeni estetik formaların,
uslubların və janrların yaradıcı heyyət tərəfindən
sınağa çəkilməsinə sərf etmək niyyətindəyik.
Həmin il ərzində truppanın tərkibinin keyfiyyətcə
mükəmməl formalaşması, optimal
yaradıcılıq mühitinin yaradılması və beləliklə,
teatrın beynəlxalq nüfuzunun artması da nəzərdə
tutulur. Yəni, bu dövrdən başlayaraq, teatrda proqressiv
meyllərin aşkar müşahidə ediləcəyinə əminik.
– Əgər
dünya teatr prosesindən söhbət gedirsə, beynəxalq
aləmdə müxtəlif, biri digərindən fərqlənən
teatr modelləri mövcuddur. Azərbaycan teatrını həmin
modellərdən hansına aid etmək olar?
– Bir zamanlar
SSRİ-də fəaliyyət göstərən və dövlət
büdcəsindən birbaşa maliyyələşən
teatrlar sisteminin iqtisadi, maddi-texniki, istismar vəziyyəti,
şərtləri və üsulları qənaətbəxş
sayılırdı. Teatr sənətinin ictimai statusu,sosial
müdafiəsi, təchizatı və nəticədə
ümumi effektivliyi dünya teatr məkanında müstəsna
hal kimi dəyərləndirilirdi.
Sovet sistemi
dağılandan sonra dünya teatr məkanında
başlıca olaraq dörd instutsional nəzəri-praktiki
modeli göstərmək olar.
1. Rusiya
modeli: SSRİ-dən miras qalmış dövlət teatrlar
sistemi dövlətin aşkar proteksionizm siyasətindən və
eyni zamanda bazar iqtisadiyyatının (sponsorluq, donorluq,
mesenatlıq, marketinq) imkanlarından faydalanaraq fəaliyyət
göstərirlər.
Bu yerdə
onu da qeyd etmək lazımdır ki, qardaş Türkiyədə
də yetmiş ildən çoxdur analoji teatrlar sistemi bələdiyyə
və özəl teatrlarla bir mədəni məkanda fəaliyyət
göstərir.
2. ABŞ
modeli: Bütövlükdə dövlətdən
ayrılmış mədəniyyətin tərkibində teatr
sistemi dövlət tərəfindən nizamlanmış
hüquqi baza üzərində, milli ideologiya əsasında və
bazar iqtisadiyyatının şou-biznes sahəsinin xüsusi sektoru
çərçivəsində fəaliyyət göstərir.
Həmin modelin mükəmməl, bir çox səciyyələrinə
görə, klassik modifikasiyası “Brodvey teatrları
Korporasiyası” nın uğurlu fəaliyyətində
müşahidə edilir.
3. Qərbi
Avropa modeli: Teatr sistemi qismən dövlətin himayəsi altında
əsasən bazar iqtisadiyyatının şərtləriylə
fəaliyyət göstərir. Bu modeli gerçəkləşdirən
teatr sistemi “proqram maliyyələşdirmə” üsulu ilə
dəstəklənir, “milli sərvət” statusunda olan “La
Skala”, “Old Vik”, “Komedi Fransez” kimi teatr müəssisələri
isə dövlət büdcəsindən maliyyələşdirilir.
4. Şərqi
Avropa modeli: Burada bazar iqtisadiyyatının müvafiq şərtlərinə
adaptasiya olunan əski dövlət teatrları sistemi yeni siyasi
– ictimai və ideoloji tələblərə uyğunluqla fəaliyyət
göstərir. Bu model Baltikyanı respublikalarda və
Gürcüstanda tətbiq olunaraq təcrübədə səmərəli
nəticələr verməkdədir.
Bu gün Azərbaycanda
olan Dövlət teatrları sisteminə gəldikdə isə,
mövcud teatr modeli məxməri islahatların nəticəsində
öz varlığını qoruyub saxlasa da, onun inkişaf
dinamikası, yeni tarixi dövrün prinsipcə yeni tələblərinə
cavab vermək, milli ideologiyanı gərəkli səviyyədə
təşviq və təbliğ etmək, milli teatr sənətimizin
dünya teatr məkanında layiqli təmsilçisi olmaq,
özünün başlıca missiyasını yerinə
yetirmək baxımdan çeşidli problemlərlə
üz-üzədir. Aydın məsəlidir ki, yaranmış
vəziyyət sistemli böhranın nəticəsidir və
sistemli yanaşma nəticəsində də aradan
qaldırıla bilər. Buradaca xüsusi olaraq qeyd etmək
lazımdır ki, Mədəniyyət və Turizm Nazirliyinin
“dövlət teatrları” sisteminə təqdirəlayiq
münasibəti nəticəsində milli teatr prosesində
pozitiv proseslər yaşanır. Bunu adekvat dəyərləndirmək
üçün bəzi keçmiş müttəfiq
respublikalarda teatr sənətinin acınacaqlı durumunu
göz önünə gətirmək kifayətdir. Odur ki,
Dövlət Proqramında nəzərdə tutulan prinsiplərin
ardıcıl həyata keçirilməsi sayəsində milli
ideologiyaya söykənən, yuxarıda qeyd etdiyimiz, Şərqi
Avropa teatr modelinə müvafiq ideya-estetik istiqamətin
uğurlu perspektivinə inanıram.
– İsrafil müəllim, yeni
mövsümdə tamaşaçılara təqdim olunacaq
işlər hansılardı? Yoxsa, sürprizdir?
– Əlbəttə,
sürprizlərimiz də olacaq. Amma hazırda üzərində
məşqləri aparılan tamaşaların bəzilərini
qeyd edə bilərəm.
Kollektivimiz
xalq yazıçısı İ. Əfəndiyevin “Boy
çiçəyi”, S. Şendilin “Qanlı Nigar”, A. Saqarelinin
“Yengələr”, V. Hüqonun “Qadın məhəbbəti” əsərləri
əsasında tamaşalar üzərində işləyir.
– Tamaşaların təhvili nə vaxta nəzərdə
tutulub?
– Elə bilirəm
cari ilin oktyabr ayı yeni tamaşaların təqdimatı ilə
əlamətdar olacaq. Əlavə edim ki, hər yeni tamaşa
auditoriya qarşısında bir imtahandır. Ümid edirəm
ki, kollektivimiz bu imtahanlardan uğurla çıxacaq.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 10 sentyabr.- S.14-15.