Mətbuatımızın aktual problemləri: janr qarışıqlığı,yersiz təqdimat və yaradıcılığa qeyri-peşəkar münasibət

 

İQTİSADİ-SOSİAL ƏNGƏLLƏRİN HƏDSİZ QABARDILDIĞI İNDİKİ DÖVRDƏ YAZILI MEDİANIN YARADICILIQ VƏ PEŞƏKARLIQ PROBLEMLƏRİ ÇOX ZAMAN ARXA PLANDA QALIR

 

Azərbaycan mətbuatının keçdiyi dövrə baxanda məmnunluqla demək mümkündür ki, mətbuatımız həmişə çox zaman vəziyyətlərdən üzüağ çıxıb. Tarixin çətin anlarında, keçid dövründə ictimai-siyasi proseslərin, ədəbiyyatımızın aparıcı nümayəndələri də mətbuata üz tutub, buranı tribuna seçiblər. Ona görə də Azərbaycan üçün mətbuat sadəcə informasiya yayıcısı, analitik fikirlər meydanı deyil, həm də tarixin bir parçası, yaddaşımızın daşıyıcısıdır. Bu gün digər kütləvi informasiya vasitələrinə uduzduğu deyilən mətbuat çətin iqtisadi şərtlərlə hələ də inamla fəaliyyət göstərir. Amma mətbuatımızın, yazılı medianın nisbətən arxa plana keçməsinin obyektiv səbəbləri ilə yanaşı subyektiv faktlar da var ki, bu hallar mətbuatın imicinə zərbə vurur. Hazırda Azərbaycan mətbuatının bir çox problemləri var: reketçiliyin fəallığı, reklam bazarının zəifliyi, mətbuatda xəbərçilik anlayışının düzgün təqdim edilməməsi, mənbəsiz məlumatlarla gündəmdə qalmaq xatirinə başa gələn oxucu inamsızlığı, digər janrların qarışdırılması, janrlar arasında sərhədlərin itməsi və sovet hakimiyyətindən müstəqillik dövrünə keçən ölkənin milli mətbuat ənənələrində dərhal baş verən müxtəlif meyllərin ortaya çıxardığı problemlər. Bütün bunların qəzetçiliyə vurduğu zərbələr göz önündədir.

Müstəqillik qığılcımlarını alova çevirən “Azərbaycan”, “Azadlıq”, “Səhər” və digər qəzetlərdən fərqli olaraq indi ölkədə çap olunan dövrü mətbuatın ideologiyası və janr müxtəlifliyi naməlum istiqamətlərdə inkişaf edir. Eyni tip yazılarla, xəbər agentliklərinin eyni informasiyaları ilə bir-birini təkrarlayan qəzetlər peşəkar jurnalist sarıdan korluq çəkərək, adətən yazıçıların, şairlərin və ədəbi publisistika müəlliflərinin yazıları ilə nəfəs alır. Jurnalistikanın ədəbiyyatla ortaq sahəsi olan publisistika, təbii ki, bəzi mövzular üçün yaramır. Daha doğrusu, publisistikanın elə janrları var ki, orda siyasətdən, iqtisadiyyatdan yazmaq mümkün deyil. Yazılırsa, hədsiz peşəkarcasına yazılmalıdır ki, ortaya çıxan yazı qarışıq bir janrda alınmasın. Amma bugünkü mənzərədə, məsələn, “romantik-iqtisadi esse”yə rast gəlinsə, gərək təəccüblənməyək.

XX əsrin sonlarında əhalinin informasiyaya ac olduğu bir vaxtda sovet dövrünün oçerklərindən canını qurtarmağa çalışan mətbuat azad fikirlə, yeni nəfəslə və oxucunu təəccübləndirə biləcək qədər səliqəli dillə yazılmış inqilabi ruhda yazılarla janrların rahat işlənilməsinə, mövzu dairəsinin genişlənməsinə zəmin yaratdı. Təəssüflər olsun ki kəmiyyət artdıqca janrlar arasındakı sərhədlər də itdi. Keçid dövrünün böyük problemləri sayılan senzura və mətbuatın borcları aradan qaldırıldıqca qəzetlərin sayı artırdı. Jurnalistikadan xəbəri olan da, olmayan da qəzet nəşrinə can atırdı. Hətta müstəqilliyin ilk illərində erotikanın (bunu da bir janr kimi təsnif edəkmi?!) sərgiləndiyi çap nümunələri qınaq obyektinə çevrildiyi üçün qısa zamanda aradan qaldırıldı.

Jurnalistikanın aparıcı janrı xəbərdir. Televiziya, mətbuat, radio internet qəzetləri məhz xəbərçiliyin inkişafı operativliyi ilə özlərinə geniş auditoriya toplayır. Bəlli səbəblərdən yazılı medianın operativlik baxımından geridə qaldığını demək mümkündür, amma istənilən xəbərin təfsilatını qəzetdə oxumaq daha maraqlıdır. Bunun psixoloji məqamlarından başqa, operativliyinə görə seçilən internetdə uzun mətnləri oxumağın yoruculuğu, veb-saytlarda konkret xəbəri oxumaq məqsədini əngəlləyən qarşına çıxantıklamalaroxucunu başqa istiqamətlərə yayındırdığı üçün qəzeti yenə vacib amilə çevirir. Lakin Azərbaycan mətbuatında xəbərçilikdə olan problemlər oxucuları qəzetlərdən uzaqlaşdırır. Mənbənin adının gizli saxlanılması jurnalistikada mümkündür, amma bu halın artıq əksər qəzetlərdə tendensiya halını alması, hər şayiənin çap olunması qəzetləri gülüş obyektinə çevirir. Xəbərin qeyri-peşəkar formada çatdırılması, həddən artıq pafos sensasiyanın xəbərəyeridilməsi”, ən əsası da xəbər rəy janrlarının bəzən eyni mətndə verilməsi peşəkarlıq baxımından düzgün deyil. Adətən xəbərlər informasiya agentliklərindən, televiziyaların saytlarından portallardan götürülür. Xəbər yayımlanarkən əvvəlcə oxucu auditoriyası nəzər alınmalıdır. Verilən məlumatın adıçəkilən yazıda əksi qədər ziyanı ola bilər? Xəbərə aid olan illüstrasiyanın manşetə çıxarılmasında hansı istisnalar mövcuddur? Bu sualların cavabını bilmədən düşünmədən kortəbii şəkildə sensasiyaya qaçan bəzi qəzetlər oxucunun psixoloji vəziyyətini nəzər almırlar. Çoxlu adamın ölümünə səbəb olan qatilin meyitinin şəklini qəzetin manşetinə çıxarmaqla oxucunu cəlb edən baş redaktor bunun hansı fəsadlara yola açdığını bilmir, amma bu da onu məsuliyyətdən kənarda qoymur. Azərbaycan reallığını nəzər alsaq, orta rəqəm kimi 5000 tirajla çap olunan qəzetin potensial 7-8 min oxucusu var onların arasında uşaq, yeniyetmə, depressiyada olan insanlar da yox deyil. Xəbəri yayımlayarkən oxucunun reaksiyasını təxmin etmək lazımdır. Çatdırılma üsullarının, formasının fərqliliyini nəzərə almasaq xəbərin ənənəvi yazılmış yazılmamış qanunları var. Xəbər yeni baş vermiş hadisədir, informasiya isə müxtəlif dövrə aid olan məlumatdır. Kiçik fərqlər olsa da, xəbərin informasiyadan fərqi var. Ancaq qəzetlərdəXəbər, informasiyarubrikası altında qarışıq bir səhifəyə rast gəlmək mümkündür. EynənXəbər, rəykimi.

Gündəlik qəzetlərdə çap edilən xəbərlər arasında əhəmiyyətsizlərə gen-bol rast gəlmək mümkündür. Düzdür, hər qəzetin xüsusi xəbər ideologiyası ola bilər, ən əhəmiyyətsiz xəbəri peşəkar formada təqdim edərək oxucunu məlumatlandırmaq olar. Amma təqdim edilən əsas xəbərin ictimaiyyətə daha anlaşıqlı olması, daha çox insanın maraq dairəsini əhatə etməsi, sensasion xarakter daşıması, etik çərçivələrdən kənara çıxmaması daha məqsədəuyğundur.

Doğru olmayan ya etik qaydalardan kənar xəbərlər son dövrlərdə çoxlu məhkəmə çəkişmələrinə səbəb olub ki, belə halların çoxunda mətbu orqanlar cərimə ödəməli olub.

Peşəkar xəbər sarıdan korluq çəkən mətbuat reportajların sayına görə öyünsə də, bu janrda da qeyri-obyektivliyə yol verilir. Reportajların xüsusi bəzəyi sayılan fotolar isə Azərbaycanda fotojurnalistikanın zəif inkişafından xəbər verir. Fotoların düzgün yerləşdirilməməsi adətən “zövqlə əlaqələndirilərək” qabardılmasa da, bəzən müsahibin elə şəkli yerləşdirilir ki, həmin illüstrasiyada kimin kim olması barədə oxucuda şübhə yaranır. Keyfiyyətsiz internet şəkillərindən əlavə, reportajlara dəxli olmayan və yaxud yazıdakı məqsəddən uzaq fotoşəkillərə də mətbuatda rast gəlmək mümkündür. Qəzetin ötürdüyü məlumatların, faktların dəqiqliyinin, qərəzsizliyinin məsuliyyətini redaktor daşıyır. Amma bəzən redaktorlar sadəcə yazının imzasının kimliyinə nəzər yetirərək, onun redaktə edilib-edilməyəcəyi barədə qərar verirlər. Problem təkcə xəbər, reportaj kimi operativlik tələb edən janrlarda deyil, tənqidi məqalə kimi nəzərdə tutulmuş yazılarda təhqirin yer alması, qarşı tərəfin şəxsi həyatının qanunsuz şəkildə”araşdırılması” aktual problemlər olaraq alır.

Əslində mətbuatın niyə az oxunması haqqında fikirləri incələyərkən daha çox mətbuatda söz azadlığının olmaması, mətbuata ayrılan maddi yardımların azlığı, reklam bazarının zəifliyi kimi məsələlər gündəmə gəlir. Amma yaradıcılıq problemlərinin üstünə o qədər də gedilmir. Bütün çətinliklər bir yana, axı işə peşəkar münasibəti, yüksək səviyyədə yazmaq və oxucuya çatdırmaq vərdişini itirmək ən başlıca problem kimi diqqətdə saxlanılmalıdır. Bu gün Azərbaycan oxucusunun peşəkar formada və məzmunda çap olunan mətbu orqana böyük ehtiyacı var. Təsadüfi deyil ki, ədəbiyyata meylli və idman qəzetləri bugün oxucular tərəfindən ən çox hörmət edilən dövri nəşrlərdir. Deməli, əsas problem jurnalistlərin nədən və necə yazmasındadır.

 

 

Pərviz SADIQOV

 

525-ci qəzet.- 2011.- 14 sentyabr.- S. 6.