Tənhalıq
qıfılbəndi
Sona Vəliyevanın imzasına qəzet və jurnalların şeir səhifələrində o qədər də çox rast gəlmirik, çünki S.Vəliyeva az yazır və şeirlərini az-az hallarda çapa verir. Az yazmaq və az çap olunmaq nöqsandırmı? Xeyr, nöqsan deyil. Nöqsan ardı-arası kəsilməyən sicilləmələrlə mətbuat səhifələrini tutmaq, oxucunun gözünü və beynini döyənək etməkdir. Bunu çox gözəl bilən S.Vəliyeva arif oxucu qəlbinə yol tapmağı şeir yazmağın başlıca ölçüsünə çevirir və çox çap olunmağa maraq göstərmir.
Bir çox başqa şairlər kimi S.Vəliyeva da özünəqədərki ədəbiyyatdan tanıdığı və könlünə yaxın bildiyi obrazlara üz tutur, onların məlum cizgiləri əsasında öz obrazlarını yaradır. S.Vəliyevanın tez-tez xalq mahnılarına, xalq dastanlarına, məşhur sənətkarların yaradıcılığına müraciət etməsi, Qaragilə, Banıçiçək, Kefli İsgəndər və s. kimi obrazları xatırlatması məhz həmin ehtiyacdan – məlum hava üstündə öz nəğməsini oxumaq ehtiyacından irəli gəlir. Əlbəttə, Qaragilə, Banıçiçək və Kefli İsgəndər bir-birindən xeyli fərqlənən obrazlardır. Bu fərqli obrazların hər birində S.Vəliyeva öz qəlbinə yaxın bir cəhət görüb kağızla üz-üzə dayanır, qələmlə baş-başa verir. S.Vəliyeva qələminin Kefli İsgəndər obrazından aldığı başlıca qida mənəviyyat dəllalları ilə barışmazlıqdır. Müəllif mənəviyyat alveri yapanlara göz yummağı bacarmayıb istər-istəməz Mirzə Cəlili yada salası olur, bir bacı məhrəmliyi ilə əlini Kefli İsgəndərin çiyninə qoyubmuş kimi, gözünü Kefli İsgəndərin pərişan üzünə dikibmiş kimi qüssəli-qüssəli danışmağa başlayır:
Sən keflisən, qardaş,
Düz ya əyri-
nə desən, inananın tapılmaz...
Tək çəkmə bu millətin dərdini-
Qədrini bilən olmaz.
...Dərd elə köhnə dərddir.
Sadəcə eni, uzunu,
bir az da licimi dəyişib.
(“Əziz qardaşım Kefli İsgəndər”)
Dərd
odur ki, Xudayar bəylər, Şeyx Nəsrullahlar cin kimi, şeytan
kimi bu gün
də fəaldırlar,
onlar bu gün də meydan sulayıb, at oynatmaq istəyirlər. Şairi narahat edən bu şeytani
fəallıqdır, şairin
istəyi bu fəallığın qabağını
almaqdır.
Yeri gəlmişkən qeyd edim ki, S.Vəliyevanın
M.Cəlilə ehtiramı
həm də onun (S.Vəliyevanın) tədqiqatçılığı ilə bağlıdır.
Filologiya üzrə fəlsəfə doktoru olan S.Vəliyeva ədəbiyyatımızda milli
mücadilə məsələsinə
dair dəyərli elmi əsərlərin müəllifidir və həmin əsərlərdə
o, M.Cəlil yaradıcılığına
xüsusi yer verir. Alim S.Vəliyevanın
şair S.Vəliyevanı
tamamlaması, əlbəttə,
təbiidir. Amma bu yerdə aydınlaşdırılmasına
ehtiyac duyulan bir məsələ var.
Bu, publisistik ahəngin
S.Vəliyeva şeiri üçün səciyyəvi
olub-olmaması məsələsidir.
S.Vəliyeva lirikasına
bu baxımdan nəzər saldıqda aydın olur ki, onun vətəndaşlıq
yanğısı ilə
yazılan xeyli şeiri var. Həmin şeirlərdə müəllif
ən çox nədən narahatdır? Vətənin taleyinə biganə qalmaqdan! Vətənin taleyinə biganə qalanlar, şairin fikrincə, yalnız Xudayar bəylər, Şeyx Nəsrullahlar yox, həm də Pərnisələr, Gülnisələrdır:
Yox, sən Burla xatın qızı deyilsən,
Qanında
bir özgə qan yaşar sənin.
Bir
oğuz gözəli, oğuz anası,
Dərdinə
oynamaz bu məmləkətin.
(“Özgə havalara oynayan gözəl”)
Bu
şeirin qınaq hədəfi Vətənin dərdli
çağında gününü eyş-işrət
içində keçirən, çalıb-oynamaqdan
başı ayılmayan vecsiz xanımlardır. Vecsiz bəylər
kimi vecsiz xanımları da qınaq hədəfinə
çevirib Vətənin taleyindən nigaran
qaldığını diqqətə çatdırması S.Vəliyeva
şeirində publisistik ahəngin aparıcı olmasından
danışmağa əsas verirmi? Məncə, yox. Ona görə
ki, S.Vəliyeva ictimai məsələlər barədə mənzum
jurnalistika dili ilə yox, şeir dili ilə
danışmağa çalışır, hər hansı
ictimai məsələni lirizm süzgəcindən keçirməmiş
oxucuya təqdim etmək istəmir. Lirizm müəllif
subyektini önə çıxarır və məlum ədəbi
obrazlar əsasında öz obrazını yaratmaq da məhz
subyektin ön plana çıxması sayəsində
mümkün olur. Lirik qəhrəman bivec xanımlardan
danışanda bir inkarçı mövqeyində
dayanırsa, dərddən havalanıb oynayan xanımlardan
danışanda haqqında söhbət açdığı
insanın həmdərdinə çevrilir. Subyektlə obyektin
bu cür qaynayıb-qarışması Banıçiçək
obrazının təqdim olunmasında daha qabarıq şəkildə
özünü göstərir. Müəllif şeirin (“Bir
havasız hava çalın” şeirinin) heç bir
misrasında Banıçiçək adını çəkmir.
Amma “Çal, gora gedən qız mənəm” misrası
göstərir ki, şeirdəki dərdli qadın obrazı və
sevmədiyinə ərə getməyi müsibət kimi qəbul
edən Banıçiçək obrazı arasında bir səsləşmə
var:
Bir havasız hava çalın,
Durub oynayım, oynayım.
Başımdakı
havam yetər,
Süzüm
oynayım, oynayım.
(“Bir havasız
hava çalın”)
Bu
şeirdə Banıçiçək obrazına işarə
etmək, yəqin ki, dərddən qol götürüb
oynamağın mümkün olduğuna oxucunu inandırmaq
üçündür.
Oxucunu
inandırmağı şeir üçün vacib şərt
sayan S.Vəliyeva görüb duyduqlarından, daxilən
yaşadıqlarından yazanda daha çox uğur qazanır.
Təsadüfi deyil ki, S.Vəliyevanın ən uğurlu
şeirləri doğma kəndə, ata-anaya,
ömür-gün yoldaşına, ümumiyyətlə, məhəbbətə,
tənhalığa həsr olunub. Həmin mövzulara həsr
etdiyi şeirləri müəllif bir-biri ilə həm məzmun,
həm də üslubca əlaqələndirməyi bacarır.
Müəllifin avtobioqrafik yazılarını oxucu şeir
silsiləsi kimi yadda saxlayır. Şeir silsiləsi kimi oxunan həmin
yazılarda tez-tez eyni obrazlarla qarşılaşırıq: dəli
külək, tənha ağac, saralan yarpaq, narın payız
yağışı, uzanıb gedən yol ... Bu obrazlar
içərisində yol obrazının xüsusi yeri var.
Müəllifin poetik dünyasında yol ilk beşikdən, ata
ocağından başlayır. Ata-anadan bəhs edəndə
müəllif sadəcə valideynlərə sevgi və ehtiram
bildirməklə kifayətlənmir, eyni zamanda yurd-yuva nisgilini
ifadə etməyi şeirin əsas xəttinə çevirir.
Nisgil övladın ata ocağına təzədən
qovuşa bilməməsindədir. Övlad ata-anaya baş
çəkə bilir, amma ata-ananın şəhərdə
yaşamağı mümkün olmadığı kimi,
övladın da kəndə qayıtmağı heç
cür mümkün olmur. Əlac ona qalır ki, kənd həsrəti
çəkə-çəkə
ömür-gününü şəhərdə keçirəsən.
Əlbəttə, şəhərdə kənd həsrəti
ilə yaşamaq və bu həsrətə şeirlər həsr
etmək heç də kəndi ideallaşdırıb şəhərə
qarşı qoymaq demək deyil. Aydın məsələdir
ki, şəhərdə insanı hövsələdən
çıxaran Xudayar bəylər, Şeyx Nəsrullahlar, Pərnisələr
və Gülnisələr ab-havası bu və ya digər
ölçüdə kənddə də var. Bəs onda kənd
həsrətinin kökündə dayanan nədir, hansı
hiss, hansı duyğudur? Kənd həsrətinin kökündə
dayanan ən başlıca duyğu uşaqlıq həsrətidir.
Kənddə keçən bu uşaqlıq insanı məhz kəndə
çəkir. Şair xəyalən uşaqlığın
qayğısız günlərinə qayıdır,
nağılvari uşaqlıq aləmi ilə bu gün
yaşadığı gerçəkliyin təzadlı məqamlarını
həzin şəkildə şeirə gətirməli olur. S.Vəliyeva
şeirində dəli külək yaşanan gerçəkliyin
sərt üzünü ifadə etmək
üçündür:
Bu qaraca
şəhərin, ağca şəhərin
Küləksiz
günü yox.
Günəşindən,
ağacından, yağışından
Toz-dumanı
çox.
Nəyinə
aşiqəm, nəyini sevdim bu şəhərin?
Xəzərə
laylalı anam dedim,
Küləklərə
dəlisov balam.
(“Küləklər”)
Bu dəlisov
külək küçələri, adamları,
ağacları bir-birinə qatır, ağacların
budaqları küləyin əlində kimsəsiz qız
uşaqları kimi əsir-yesir olur. Külək – ağac
paralelini müəllif “Tənha sarı yarpaq”, “Əllərim”,
“Səndən yaman küsmüşəm” və s. şeirlərində
də davam və inkişaf etdirir:
Külək
payıza dəstək-
Bağı
talan etməyə.
İçimi
bir söz didir,
Gücüm
çatmır deməyə.
(“Səndən yaman
küsmüşəm”)
Payızın
bağ-bağçanı soldurmağı məlum məsələdir.
Amma küləyin payıza qol-qanad verməyi artıq
bağ-bağçaya divan tutulması deməkdir. Küləkli
bir payız gününü bu cür qələmə almaqla
müəllif lirik qəhrəmanın naçarlıq əhvalı
barədə aydın təsəvvür yaradır və bu əhvalın
sözlə tam ifadəsinin mümkün
olmadığını bildirir. Yeri gəlmişkən
xatırladım ki, S.Vəliyevanın poetik obrazları
sırasında söz özü də bir obrazdır:
Sözlər
gilə-gilə
Töküləcək
vərəqə
Göz
yaşı əvəzinə.
(“Ağlaya bilməyəndə”)
Naçarlıq
içində qalan və sözləri göz yaşı kimi
gilə-gilə vərəqlərə süzülən lirik
qəhrəmanın ən yaxın həmdəmi küləkdə
– yağışda boynunu büküb göynəyən –
sızlayan bənövşədir, yol qırağında
ucalan tək-tənha ağacdır:
Gəlmişəm
yanında sirdaş olmağa,
Dayanaq əl-ələ,
budaq-budağa.
İçimi
göynətdi çəkdiyim dərdlər,
Gəlmişəm
yanında ağac olmağa.
(“Tənha
ağac”)
Bu köç hardan gəlib, haraya gedir?
Çağırdım, harayım kimsəyə yetmir.
Mən ruhu tənhanı yanında bitir,
Yol üstə yolların aşiqi çinar.
(“Yol üstə yolların aşiqi çinar”)
Özü ilə boynubükük
bənövşə arasında
bir bənzərlik görən, tənha ağacı özünə
ən yaxın sirdaş bilən lirik qəhrəman sözün hərfi mənasında da tək-tənhadırmı? Xeyr,
tək-tənha deyil. Onun huşyar ömür-gün yoldaşı
var, ömrünə ömür calayan övladları var. O, övladları
ilə fəxr edir, ömür-gün yoldaşına mənəvi
dayaq kimi baxır:
Sən bildin, mən bildim, bir də
dörd divar,
Olub-olmayanı kimsə bilmədi.
Yarıya
böldüyün papirosların
Kül
yeri, köz yeri ürəyimdədi.
(“İlləri əl-ələ verib
gəlmişik”)
Bu misralar
maddi və mənəvi sıxıntılara qatlaşıb
evin sirrini-sözünü dörd divar arasından
çölə çıxarmayan bir xanımın sədaqətli
ömür-gün yoldaşına münasibətini aydın
şəkildə göstərir və oxucunu sövq edir ki, tənhalığın
daha dərin qatları barədə düşünsün, bədii
fakta geniş müstəvidə yanaşsın.
Bədii
fakta geniş müstəvidə yanaşmağa cəhd
göstərib S. Vəliyevanın bu misralarına nəzər
salıram:
İçimdə
dərd qıfılbəndi,
Qapına
gəldim, İlahi!
(“Qapına gəldim,
İlahi”)
Burada diqqəti
daha çox cəlb edən “dərd qıfılbəndi” ifadəsidir.
Müəllif özü qəlbindəki qəm-qüssəni
mübhəm bir qəm-qüssə, qıfılbənd
sayağı qəm-qüssə adlandırırsa, bu, o deməkdir
ki, məsələnin kökü, doğrudan da, dərindədir.
S.Vəliyeva
şeirində lirik qəhrəmanın tənhalığı
adi məişət tənhalığı yox, gündəlik
qayğılardan yüksəkdə dayanan şair tənhalığıdır.
Bu həmin tənhalıqdır ki, dünyanın, demək
olar ki, bütün şairlərində özünü
göstərir. Poeziyamız tarixində nikbin şair kimi
tanınan M.P.Vaqif özü də tənha deyilmi? Tənhadır,
özü də bu tənhalıq onun zəmanədən
şikayət motivləri üstündə yazılan son
şeirləri ilə məhdudlaşmır, nikbinliyə misal
çəkdiyimiz əvvəlki şeirlərini də əhatə
edir. Sadəcə əvvəlki şeirlərində M.P.Vaqif
öz tənhalığını gözəllərə məhəbbət
pərdəsi arxasında gizlədir. S.Vəliyeva isə tənhalığı
məhəbbət pərdəsi arxasında gizlətməyə
ehtiyac görmür. Əksinə, S.Vəliyeva şeirində
tənha olduğunu dönə-dönə bildirən lirik qəhrəman
tənhalıq sıxıntısından qurtarmaq istərkən,
adilik çərçivəsindən çıxmaq istərkən
başqa birinə yox, ömür-gün yoldaşına üz
tutur:
Gəl
gedək bu şəhərdən,
Bu
payız mənlik deyil.
Ruhum saralan yarpaq,
Ayrılıq əl eləyir.
(“Gəl gedək bu şəhərdən”)
Yağışa, küləyə, qara qoşulaq,
Çıxaq adiliyin çərçivəsindən.
Bir
ömrün, bir evin qayğı selindən,
Qohum
küsüsündən, dost gileyindən.
Köç
edən quşlara qoşulaq gedək.
(“Adi
qayğılardan bezmişəm daha”)
Lirik qəhrəman
kədərini məhz ömür-gün yoldaşı ilə
bölüşür. Uşaqlıq həsrətinin, nadanlar
arasında darıxmaq hissinin nə demək olduğunu da hamıdan
yaxşı başa düşən məhz
ömür-gün yoldaşıdır. Ömür-gün
yoldaşının ortaq olduğu ən böyük dərd
isə Vətən dərdidir. Təsadüfi deyil ki, müəllif
məhəbbətdən danışanda da birbaşa, yaxud
dolayı şəkildə Vətən dərdini dilə gətirir,
məhəbbətlə bağlı saysız-hesabsız
obrazlar içərisində Qaragiləni seçir. Məşhur
xalq mahnısından bizə bəlli olan Qaragilə
obrazını özünün məhşur “Ay Qaragilə”
şeirində müəllif hicran rəmzi kimi
götürür və oxucu bu hicranın geniş məna
daşıdığını, sadəcə iki insanın
yox, ikiyə bölünmüş bir xalqın
hicranını ifadə etdiyini çətinlik çəkmədən
anlayır. Fərdin yalqızlığından danışarkən
“dərd qıfılbəndi” ifadəsini işlədən S.Vəliyeva
xalqın yalqızlığından bəhs edərkən “dərdin
də şahı bizimki” misrasını işlədir və
şeiri (“Şahım, şeyxim, Savalanım” şeirini) həmin
fikir üzərində qurur:
İçim
də, çölüm də qəm tarixidir,
Dərbənd
bağlı qapım, Təbriz lal anam.
Şuşa
baş örtüyüm, üzümdən düşüb,
Şahın
hüzurunda necə dayanım?
Vətən
torpaqlarının itirilməsindən, xalqın zaman-zaman
gücsüzləşməsindən doğan kədər
hissi müəllifin “Arazbarı” şeirində də
dolğun ifadəsini tapır:
Göyçədi,
Şuşadı, Təbrizdi,
Dərd
köhnəldi, təzələndi.
Yanan
küldüm, közərdim,
Odum
boyumdan yuxarı-
Arazbarı.
Araz boyu,
eləcə də başqa çaylar, göllər, dənizlər,
dağlar, dərələr boyu kəsilən, doğranan Vətənin
ağrısını çəkərkən,
acısını daxilən yaşayarkən müəllifin
Şah İsmayılı xatırlaması təsadüfi
deyil. Şah İsmayılı xatırlamaqla müəllif məmləkəti
qüdrətli görmək arzusunda olduğunu bildirir və
arzunun gerçəkləşməsini “Leylisiz Məcnuna bənzəyən
kimsəsiz yollar”ı qət etməkdə, “yol içindən
yol başlamaqda” görür. Müəllifin poetik qənaətinə
görə, dəli küləklər, aramsız yağan
payız yağışları ürəyə qəm-qüssə
gətirə, ürəkdə tənhalıq hissi oyada bilər,
amma yolçunu yolundan döndərə bilməz.
Mən də
elə düşünürəm və şairə
“yolçu yolda gərək” deyirəm.
Muxtar KAZIMOĞLU,
filologiya elmləri doktoru
525-ci qəzet.- 2011.- 14 sentyabr.- S.
7.