Vətənə şərəf gətirən pedaqoq

 

Şərəflə yaşanan ömür insana həmişə qürur verir. Ahıl çağında dönüb arxaya baxarkən istək, səy, çalışqanlıq sayəsində qazandığın uğurlar sənə bütün çətinlikləri unutdurur. Pillə-pillə arzularına çatdığın günləri yada salıb özlüyündə deyirsən – nə yaxşı ki, belə yaşadım, ünsiyyətdə olduğum insanlara məndən nəsə çatdı, Vətənə şərəf gətirmək, onun adını ucalara qaldırmaq qismətim oldu. Bu gün haqqında söhbət açdığımız görkəmli elm xadimi, musiqişünas, sənətşünaslıq namizədi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Bilkənt Konservatoriyasının professoru, kafedra müdiri, gözəl pedaqoq Nailə xanım Mehdiyeva da belə insanlardandır.

1932-ci ilin aprelində Bakıda tanınmış nəsillərdən birində dünyaya göz açan Nailə xanım 1959-cu ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını “Qırmızı diplom”la bitirərək elə həmin ildən orada pedaqoji fəaliyyətə başlayır. Məşhur bəstəkar Qara Qarayevin tövsiyəsilə o, 1968-ci ildə Peterburq Konservatoriyasında professor A.N.Dmitriyevin rəhbərliyilə “Q.Qarayevin kino musiqisi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, eyni zamanda Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda baş elmi işçi kimi çalışır. Sonralar N.Mehdiyeva Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsinin dekanı, kafedra müdiri vəzifəsinədək ucalır. Həmin zaman kəsiyində Nailə xanım bir çox elmi konfranslarda, mətbuatda maraqlı məqalələrlə çıxış edərək, xeyli kitab ərsəyə gətirib. Həmyerlimizi Qazaxıstan musiqi ictimaiyyəti də yaxından tanıyır. Belə ki, o, düz 8 il Almatıdakı Kurmanqazı adına Konservatoriyada dövlət imtahan komissiyasının sədri olub.

N.Mehdiyeva 1993-cü ildə görkəmli alim, tanınmış ictimai xadim İhsan Doğramaçının Ankaradakı Bilkənt Universitetindən dəvət alaraq həmin tədris ocağında düz 17 il (2010-dək) pedaqoji fəaliyyətini davam etdirir. Burada “Qərbi Avropa musiqi tarixi”, “Opera teatrının tarixi” və “Müasir musiqi tarixi” fənlərindən dərs deyir. Həmin dövrdə o, məşhur Bilkənt simfonik orkestri üçün Borokko dönəmindən iyirmi birinci əsrədək müxtəlif dövrləri əhatə edən 500-ə qədər musiqi proqramları tərtib edir. İndi onların əksəriyyəti ingilis, fransız, alman dillərinə tərcümə olunaraq disklərə köçürülüb. Yaxınlarda Türkiyənin dahi bəstəkarı Ülvi Camal Erkinin Avropada üç dildə işıq üzü görəcək çapına yazılan şərhlər də Nailə xanıma məxsusdur. Apardığı tədqiqatlar əsasında sonralar onun “Konser kilavuzu” kitabı da çap olunur Topluda Avropa bəstəkarlarıyla yanaşı Azərbaycanın görkəmli sənətkarları (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, A.Məlikov, R.Hacıyev, S.Hacıbəyov və s.), Türkiyə bəstəçilərinin (Əhməd Adnan Sayqun, Ülvi Camal Erkin, Fərid Tüzün və digərləri) yaradıcılıqları haqqında geniş məlumatlar, onların əsərlərinin təhlili verilib. 1995-ci ildən Nailə xanım bu ali təhsil ocağında tarixi nəzəriyyə kafedrasının müdiri vəzifəsinə layiq görülür.

Özü haqqında çox danışmağı sevməyən Nailə xanım barədə yazı masasının üstündəki Türkiyədən göndərilmiş qəzet və jurnallar, dünyanın müxtəlif ölkələrindən tələbələrinin ünvanladıqları açıqcalar, məşhur adamların ona bağışladıqları kitablardakı avtoqraflar həmyerlimizin orada da necə böyük məhəbbətlə sevildiyi, dərin hörmət, nüfuz qazandığını göstərir.

Nailə xanım deyir: –Sevinirəm ki, tələbələrim ( bəstəkar Aygün Səmədzadə, məşhur dirijor Elnara Kərimova, Moskva konservatoriyasında çalışan Gülnara Canıbəyova, Fərəh Hüseynova və b.) təkcə öz Konservatoriyamızın müəllimlərindən ibarət deyil. İndi onların sayı artmaqla yanaşı, həm də “coğrafiyası” genişlənib. Yetirmələrimin xoş sorağı Türkiyədən (tanınmış pianoçular Emre Şen, Hande Dalklıç, opera müğənnisi Murad Qaraxan, bəstəkar Füsun Yıldız və s.), Avropa ölkələrindən də gəlir. Orada mənimlə uzun illər birlikdə çiyin-çiyinə işləmiş professorlar Namiq Sultanovu, Zərifə Bakıxanovanı, mərhum Sərvər Qəniyevi yaxşı xatırlayırlar. Fərəhlə deyə bilərəm ki, qardaş ölkədə olduğum müddətdə türk musiqi mədəniyyətinə mən də öz töhfələrimi verə bildim. Qürur hissi keçirirəm ki, vətənimi onun hüdudlarından kənarda ləyaqətlə təmsil etməyə müvəffəq olmuşam, dahi bəstəkarlarımızı, onların əsərlərini qardaş ölkədə yaxından tanıtmaqda mənim də payım var. Demək, Türkiyədəki uzun illik fəaliyyətim, ömrüm hədər getməyib – orada da izimizi qoya, yaddaşlarda qalıb sözümüzü deyə bilmişik. Yeni dərs ilində bütün təhsil alan gənclərimizə, müəllimlərə uğurlar, cansağlığı arzulayıram.

 

 

İradə ƏSƏDOVA

 

525-ci qəzet.- 2011.- 14 sentyabr.- S. 7.