ELÇİN FENOMENİNİN AZƏRBAYCAN  MİLLİ TEATR PROSESİNƏ TƏSİRİ

 

“Elçin daim və hər yanda hər an Azərbaycan teatrını teatr kimi, cazibəli, sehrli bir möcüzə kimi şöhrətləndirməkdədir.”

 

İkinci məqalə

 

Elçinin “Ağ dəvə”, “Mahmud və Məryəm” və “Ölüm hökmü” romanları yaxın və uzaq tarixi keçmişə həsr olunmuş əsərlər kimi dövrün “mənəvi axtarışları” kontekstində maraq doğurur.

Elçinin “Ağ dəvə” romanı ədəbiyyatımızda geniş vüsət tapmış romantik janrın parlaq hadisəsi kimi öz zamanında yüksək qiymət almış və ədəbi prosesə güclü təsir göstərmiş sənət hadisəsi oldu. Bu romanın potensiyasında cəm olmuş yaradıcı enerji günlərimizin çağırışını eşidərək teatr prosesinin də cari problemlərinin həllinə qoşuldu. Gənc Tamaşaçılar Teatrı (quruluşçu rejissor L.Kərimov) əsas qayəsi keçmişə bəslənilən nisgillə dolu “Ağ dəvə” pyesinə müraciət etdi, onu “dramatik fraqmentlər” formasında səhnəyə gətirdi və tamaşa böyük uğur qazandı.

“Mahmud və Məryəm” pyesi də bu teatrda hazırlandı (quruluşçu rejissor L.Kərimov). “Elçinin bu pyesində zaman Mahmudu o qədər ağrılarla – dərdlə yükləyir ki, “qəm karvanına” çevirir. Mahmud özünün gələcəyinə dünya dərdlərini toplaya-toplaya gedir. Zaman onu varlıq yükü ilə yükləyir. Axırda onun canına od salan ah aşiqdən çox “qəm karvanı”nın ahı olur. Elçinin poetikasına xas olan yarımkeçidlər, olanlara ola bilənlərin yüklənməsi, psixoloji durumların nəsnələrlə “dolması”, bütün bunlar hamısı varlığın ağır bir yük olmasını bildirməyə, duydurmağa xidmət edir”.

 

***

 

Cavaba ehtiyacı olmayan suallar...

Sual yaratmayan aksiomalar...

Həqiqətə bənzəyən yalanlar...

Yalana oxşayan doğrular...

Gözəçarpan məntiqi səhvlər...

Səhv məntiqlə quraşdırılan gerçəklik...

Gerçəkliyin sənət inikası...

 

... Sənət əsərinin sualları, aksiomaları, həqiqətləri, yalanları, doğruları, duyğulu səhvləri, məntiqin qanunlarıyla tənzimlənməyən gerçəklik, adi gerçəklikdən uzaq məntiq və hərənin bunlara öz münasibəti, özəl qavrayışı, özünün cavabları, özünəməxsus dəyərləndirməsi...

Xalq yazıçısı Elçinin son onilliyə təsadüf edən və səhnə həyatı görən dramaturgiyasının başlıca sualları ilk baxışdan ritorik kimi –yəni cavaba ehtiyacı olmayan suallar sayağı görünür. “Ah Paris, Paris!..”, “Mənim ərim dəlidir”, “Diaqoz D”, “Poçt şöbəsində xəyal” pyeslərinin ideya qurğuları aldadıcı sadəliklə yozulur və gün kimi aydın qənaətlərə asanca gəlməyə imkan verir. Amma məhz bu aldadıcı sadəlikdə Elçinin gizlətdiyi “tələlər” və “tuzaqlar” qəflətən (bu da Elçin yaradıcı metodunun “hiyləgərliyi”!) işə düşür – oxucu-tamaşaçı gözləmədiyi yerdə büdrəyir, məntiqi qapqanın içində vurnuxaraq mənəvi-əxlaqi problemləri həll etməyə başlayır.

... O qədər də gənc olmayan bir kimya müəlliməsi öz keçmiş şagirdini zəhərləyib qətlə yetirir. Cinayət müəllimənin evində baş verir, cinayət törədən müəllimə qaçmır, suçunu danmır. Necə deyərlər, məsələ aydındır, məhkəmə dinləmələri zamanı məlum olur ki, müəllimə qətlə yetirdiyi özündən gənc kişini sevirdi, hətta bir müddət onunla birgə yaşayıb həyatında görmədiyi xoşbəxtliyi dadıb – qadın xoşbəxtliyini... Məlum olur ki, qətlə yetirilmiş şəxs qatilinə qarşı heç bir zorakılıq və ya kobudluq etməyib, qonşular (aralarında polis də var...) şahidlik ifadələrində bir ağızdan onu müsbət xarakterizə edir, xeyirxahlığını vurğulayırlar (həyətdəki quyunu təmir edib!). Daha sonra məlum olur ki, qətlə yetirilən şəxs, yumşaq desək, iş-gücü olmayan tüfeylidir və özünə “isti yer” tapmaq niyyətilə keçmiş müəlliməsinin qılığına girərək onun sadəlövhlüyündən sui-istifadə edib. Bununla belə qətlə yetirilən kişinin əməllərində cinayət tərkibi olmayıb (Müəllimənin üzüyünü oğurlamasını çıxmaq şərtiylə) və deməli, cinayət məişət zəminində baş verib. Yəni ki, müəllimənin əməli hadisəyə qeyri-adekvat reaksiya kimi qiymətləndirilməlidir. Adam öldürmək ağır cinayət sayılır və bəraətə zərrə qədər ümid yeri yoxdur.

Amma “insan ruhunun həyatını” (Stanislavski) izləmək, “ruh məkanı”nın... “kodeks”lərin... “cinayət və cəza məcəllələri”nin... “mühakimə” məntiqinin özəlliklərinin bariz görüntülərinin şahidi olmaq istəyirsinizsə Elçinin “Qatil” pyesini mütləq oxuyun.

Görəcəksiz ki, əsl qatil Akademik Milli Dram Teatrının “Qatil” tamaşasındakı Müəllimə (əsrarəngiz oyunu, ustadcasına ifası ilə çoxdan bu teatrda aktyor sənətinin zirvəsini fəth etmiş Ş.Yusupova!) deyil – onun sevgisini, xoşbəxtliyini, insanlara inamını, ləyaqətini, arzu və istəklərini ayaq altına atıb ruhunu, mənliyini amansızcasına qətlə yetirən keçmiş şagirdidir. Görəcəksiniz ki, dörd divar arasında tənhalıqdan qıvrılan qadının hissləri ilə soyuqqanlı sinizmlə oynayan və öz çirkin hərəkətlərini “fəlsəfi” prinsiplərlə əsaslandıran Kişi sizin də qəzəbinizə tuş gələcək. Və əgər pyes-tamaşanın sonunda personajlardan biri (deyək ki, polis rolunun ifaçısı ustad Yaşar Nuri) səhnə önünə çıxaraq birbaşa (səhnədən zala) müraciət edib:

– Bu əclafı öldürmək olarmı – sualını versəydi, inanıram ki, zaldakıların hamısı bir ağızdan:

– Olar! Ölməlidir! Çünki o, mənəvi qatildir! – deyə Kişiyə (əslində nakişiyə!) ölüm hökmünü təsdiqləyəcəkdir.

Və (növbəti dəfə...) tələsən tamaşaçı Elçinin qurduğu mənəvi-psixoloji intellektual tələyə düşəcək. Çünki emosional hasilin hərarətindən bir az özünə gələn kimi soyuq düşüncənin düsturlarını xatırlamağa başlayacaq...

– Qanundan başqa heç kim (ya heç nə!) insanın ölümünə qərar verə bilməz!

 

***

 

Akademik Milli Dram Teatrında anşlaqla oynanılan tamaşanın quruluşçu rejissoru M.Ələkbərzadə Elçin dramaturgiyasının “sehrli seyr” poetikasında həll edilməsinə üstünlük verir. Onu da qeyd edim ki, bu poetikada işləmək məhsuldar olduğu qədər də çətin bir işdir. Çünki pyesin ideya qurğusunu təşkil edən bütün (istisnasız!) elementlər bədii-estetik həllini ikili sistemdə tapmalıdır. Belə ki, tamaşanın predmeti həm ekzistensional qatda “ruh” kateqoriyası kimi, həm rasional qatda “psixoloji yaşam” kimi mövcud olmalıdır. “Qatil” tamaşasında “qətl” problemi rejissor tərəfindən həm sehrli, bir çox məqamlarda sözəgəlməz, dərkedilməz mənəvi fenomen kimi təqdim olunur (Pyesdəki Müəllimənin xəyali dünyasında varolması), həm də psixoloji detektivin əsas hadisəsi kimi açıqlanır.

...Stanislavski təliminin aksiomalarından biri budur ki, aktyor yaradıcılığının başlıca məqsədi səhnədə “insan ruhunun yaşamını” gerçəkləşdirməkdir. Ş.Yusupovanın Müəlliməsi elə ilk andan qəribə bir energetikasıyla (bu energetika güclü translyasiya imkanlarına malikdir) tamaşaçı salonunu ələ alır. Ona (aktrisaya!) baxanda məşhur Antuan de Sent Ekzüperinin tam yerinə düşən deyimini xatırlayırsan. Ekzüperi deyib: “Tamaşaçının könlünə toxunmazlar – tamaşaçını ovsunlayarlar”. Bəli, sanki bu dünyaya aktrisa olmaq missiyası ilə gələn, sirli, müəmmalı, bəzən qapalı, bəzən də çox mürəkkəb (bunların hamısı İSTEDADIN görüntüləridir) Ş.Yusupovanın ovsunundan tamaşadan sonra da xeyli vaxt qurtula bilmirsən: onun Müəlliməsiylə (bəlkə elə özüylə?...) mübahisə edirsən, razılaşırsan, dərdləşirsən və... yenə də mübahisəyə girişirsən...

...Finalda daş heykələ dönən Müəlliməyə (Ş.Yusupovaya) baxanda isə həyatın dərkedilməz sirləri qarşısında heyrətə gəlirsən: üzünün cizgilərində, gözünün dibində parlayan cəhənnəm əzabının (alovununmu?) qığılcımlarıyla antik faciələrin qadın obrazlarını xatırladan bu QATİL və şagirdlərinin dəftərlərini yoxlayarkən özü-özüylə danışan sadə (az qala yazacaqdım – “sovet müəlliməsi”) qadın eyni insandırmı?

...Gecikmiş sevginin burulğanına xərclənməmiş qadın ehtirasıyla atılan məşuqənin xəyal dünyasında “öz ulduzunu” axtaran məsum qızcığazla nə əlaqəsi?

...İlk baxışdan sadəlövh, dünyadan xəbərsiz, bəzi məqamlarda gülməli (gülüncmü) görünən QADINLIQ və tərəf müqabili ilə (Kişiyləmi?) dünyagörüşü (fəlsəfi) mübahisəsində möhkəm əsaslandırılmış həyat mövqeyini müdafiə edən güclü QADIN bir araya necə gələ bilər...

 

***

 

Yaşının müdrik çağında yazdığı pyeslərdən fışqıran yaşam sevinci Elçini ruh baxımından gənc dünyanın sirlərini açmaq əzmində bulunan bir dəliqanlı kimi təqdim edir ki, bu da həqiqətdir. Həmkarlarının, ələlxüsus, gənc həmkarlarının yaradıcılığına olduqca həssas münasibət bəsləyən, ədəbi prosesi diqqətlə izləyib hər maraqlı, ümidverici fakta həmin andaca reaksiya verən yazıçı istəsə də, istəməsə də, öz yaradıcı potensialını açıqlamış, səngimək bilməyən yaratmaq şövqünü nümayiş etdirmiş olur və bununla özünün hələ fəth edilməmiş zirvələrini açıqlayır ki, bu da həqiqətdir. Çünki bütün əsl istedada malik olan sənətkarlar kimi o inanır ki, ən gözəl, ən parlaq uğuru hələ irəlidədir. Elçinin 70 illik həyatının qeyri-şərti göstəricisi isə ondan ibarətdir ki, bu “yuvarlaq” rəqəmin göstərdiyi zaman kəsiyində milli sənət təfəkkürümüzdə, ədəbi və teatr prosesimizdə “Elçin” adlandırdığımız “insan amili” öz məhsuldar işini görüb, görür və inşallah, hələ uzun bir müddət zəhmətini əsirgəməyəcək.

Görkəmli rus yazıçısı Yuriy Olyoşadan sənətdə yaşın əhəmiyyəti haqqında soruşanda o, kədərlə yoğrulmuş müdrik bir cavab vermişdi:

– Əslində, sənətdə yaş yoxdur – təcrübə var. Amma heç kim məni başa sala bilmir: nəyimə gərəkdir bu təcrübə?!

İlk baxışdan paradoksal yumor və hazırcavablıq təsiri bağışlayan bu cavab əslində sənət və sənətkardan ötrü olduqca vacib bir sualdır, onun üzərində düşünməyin özü səmərəli və müəyyən mənada, məsuliyyətli bir işdir. Bir şərtlə – sənətkarın “yaş” və “təcrübə” səciyyələri yüksək və dolğun olmalıdır!

Bir düzəlişlə – sənətkarın yaradıcı irsi o qədər zəngin olmalıdır ki, kəmiyyət göstəricisi mənsub olduğu mədəniyyət üçün keyfiyyət meyarı kimi həm sənətkarın özünü, həm yaşadığı dövrü, həm bütövlükdə təmsil etdiyi sənət növünün tarixini dəyərləndirməkdən ötrü “işlək olsun”. Aydın məsələdir ki, söylənilən “şərt” və “düzəliş” hər cür subyektiv dəyərləndirmələrin qabağını kəsərək sənətkarın obyektiv, hardasa mütləq qiymətini verməyə qadirdir.

 

***

 

Elçin çağdaş Azərbaycan dramaturgiyası və teatrında parlaq ədəbi hadisədir. Yuxarıda söylədiyimiz kimi, ədəbi yaradıcılığın müxtəlif istiqamətləri Elçin yaradıcılığında cəmlənmişdir. Razılaşın ki, belə bir təzahür tez-tez rast gəlinən hal-hadisə deyil. Elçinin çox cəhətli yaradıcılığının rişələri, kökləri dərində axtarılmalıdır.

Mirzə Fətəli... Mirzə Cəlil... Molyer... Qoqol... Çexov...

Adlarını çəkdiyimiz bu nəhənglər onun sələfləridir. Teatr və dramaturgiya sahəsində hərtərəfli biliyə sahib olan Elçin öz sələflərinin təcrübəsinin ən yaxşı keyfiyyətlərini yaradıcı tərzdə mənimsəmişdir. Mükəmməl komizm hissi, cilalanmış nəfis mətn, metaforiklik, sərt realizm Elçin dramaturgiyasının əsas məziyyətləridir.

Elçinin nəsri Bakı və Abşeron motivlərinin çox parlaq bədii həllini sərgilədiyi kimi, o özünün dramaturgiyası və deməli, teatrı ilə də bakılıların teatrını yaratmaqda və ona ümumxalq mənası verməkdədir.

 

***

 

Bu gün Elçin tamaşaçılara və oxuculara təqdim etdiyi 14 tam və 10 kiçik həcmli pyesin müəllifidir.

1. “Poçt şöbəsində xəyal” – 1970, 7 şəkil, epiloqdan ibarət tragikomediya.

2. “Ah, Paris, Paris” – 1992, 21 şəkildən ibarət komediya.

3. “Mən sənin dayınam” – 1993, 12 şəkildən ibarət komediya (teatr özünə gülür).

4. “Dəlixanadan dəli qaçıb” və yaxud “Mənim sevimli dəlim” – 1996, proloq, epiloq, 12 şəkildən ibarət komediya.

5. “Mənim ərim dəlidir” – 1998, 19 şəkildən ibarət komediya (“ağıllı olub dərd çəkincə, dəli ol, qoy sənin dərdini çəksinlər”).

6. “Mahmud və Məryəm” – 1998, proloq, epiloq, 23 şəkildən ibarət 2 hissəli məhəbbət dastanı.

7. “Taun yaşayır” (bir həyatın xronikası) – 2000, 26 şəkil və epiloqdan ibarət 2 hissəli dram.

8. “Bolbolustan şahzadəsi, yaxud yaşasın imperator böyük Şir III Otibi Molimi Delembor Tır-tır” – 2000, 2 hissə, 15 şəkil və epiloqdan ibarət komediya.

9. “Qatil” (ulduzlar aləmində qətl) – 2002, 11 şəkildən ibarət komediya.

10. “Ağ dəvə” – 2002, proloq və 2 hissədən ibarət xronika.

11. “Arılar arasında” – 2006, 9 şəkildən ibarət, bir az kədərli komediya.

12. “Cəhənnəm sakinləri” – 2007, 7 şəkildən ibarət 2 hissəli dram.

13. “Teleskop” – 2010, 11 şəkil, 2 epiloqdan ibarət tragikomediya.

14. “Sənətkarın taleyi” (Ərəblinski) – 2010, davamlı proloqdan, 11 şəkildən ibarət faciə.

Ancaq biz bilirik ki, Elçinin hələ üzə çıxarmadığı bir sıra başqa pyesləri də vardır. Bu isə onu göstərir ki, dramaturgiya bu gün çoxjanrlı və zəngin yaradıcılığa malik olan Elçinin “əsas janrıdır”. Onun yazdığı hər bir pyes orijinaldır və dramaturgiyamızda yeni sözdür.

Ancaq Elçin gözlənilməz yaradıcılıq sürprizləri ilə bizi heyrətləndirən yazıçıdır. Onun lap bu yaxınlarda dərc edilmiş və oxucuların da, ədəbi ictimaiyyətin də dərin marağına səbəb olmuş silsilə “Nağıllar”ı əsl sürpriz olmadımı?

Bununla belə, mən əminəm ki, Elçin dramaturgiyası daima Elçinin “ədəbi sürprizləri” ilə yanaşı irəliləyəcək.

 

***

 

Elçin dramaturgiyasının forma və məzmun çoxcəhətliliyinin kökləri nədən rişələnir? Bədii-estetik və ictimai-siyasi dəyəri nədədir? Əsl yazıçı nə deməkdir? Elçin belə cavab verir: “Tərəddüd edən adam! O adamdır ki, təkcə öz şəxsi mənafeyi haqqında düşünmür. Onu həm də xalqın taleyi narahat edir. Nə vaxt ki, cəmiyyətdə sabitlik yoxdur, nə vaxt ki, hər şey kökündən məhv edilir, onu şübhələr didir: görəsən, düzmü yol tutmuşuq? Deyək ki, 90-cı ilin yanvarında bu qədər adam nəyə görə məhv oldu? Bu qurbanların mənası nədir? Beləcə, hadisələrin əzab-əziyyətlə fəlsəfi-mənəvi dərketmə prosesi gedir”2.

 

***

 

Bu gün çağdaş Azərbaycan dramaturgiyası sürətlə dəyişən ziddiyyətli dünyamızda nə ilə nəfəs alır? Bu suala cavab tapmaq məqsədilə də Elçinin xüsusi hüsnü ilə seçilən dramaturji irsinə nəzər saldıq və gördük ki, Elçin yaratdığı dramaturji obrazlarda mənəvi potensiyanın, xeyrin və insan iztirablarının, fədakarlığa qadirliyin mənbəyini axtarır. Dramaturq cavab gözləmədən suallar qoyur. Onun bəzi qəhrəmanları da elə “suallar”dır. Güclü fərdi xarakterə malik bu qəhrəmanlar həm də sosial təzahürlərdir. Bu pyeslərdə biz Elçinin bədii təxəyyülünün müxtəlif qütblərinə qoşula bilirik. Bu pyeslər həm də dövrün güzgüsüdür: dövrün incəliklərə qədər duyulan ab-havasında, mətnaltı mənalarında dramaturqun fərdi üslubunun özünəməxsusluğu sayəsində yeni tipik həyati təzahürlərin əksini görürük.

Son dövrdə dram janrı ciddi dəyişikliklərə məruz qalıb. Çox zaman zahiri və daxili xarakterli dəyişikliklər dramaturgiyada yeni janr kateqoriyalarının yaranmasına gətirib çıxarıb.

Elçin qəhrəmanlarının evolyusiyası ilə dramaturji materialın yeni janr strukturlarının yaranmasının şahidi oluruq. Dramaturq pyeslərin kompozisiyasını qurarkən sanki nöqtə qoymağa qıymır. Bu pyeslərdəki mətnaltı mənalar, ikinci plan məhz dramaturqun yaradıcı sərbəstliyindən rişələnir.

Elçinin “Cəhənnəm sakinləri” dramında qəhrəmanın tragizmi ondadır ki, o, həmişə öz “mən”indən imtina edib ondan tələb olunan rolu oynamalı olubdur. Tarixi zamanın (1937-ci il) Kişi obrazına geydirdiyi maska onu şəxsi məsuliyyət, vicdan, namus, şərəf kimi əbədi hisslərdən məhrum edərək, normal insana xas olan daxili təbəddülat və çırpıntılardan uzaqlaşdırır (bu insan özünün “mən”inə sahib çıxmaq xoşbəxtliyindən məhrumdur)... Uzaqlaşdıra bilirmi?..

 

***

 

Elçinin qəhrəmanlar qalereyasında özünü axtaran, həyatda yerini tapmayan, azan, şübhələnən, həyatlarının ən ahıl çağlarında belə dəyişməyə hazır olan (“Arılar arasında” – Dayə, Baba), daim sirli bir hadisənin baş verəcəyinə inanan insanlar çoxdur. Gözləmə, uzaq olan gözəl gələcəyin arzulanması Elçin pyeslərində xüsusi bir əhval-ruhiyyə yaradaraq, onları lirik ovqata kökləyir. Elçin qəhrəmanlarının daxili dünyası çoxplanlı və mürəkkəbdir. Dramaturq bir tərəfdən onların yaşam tərzini qəbul etmir, digər tərəfdən isə, onlara kömək etmək istəyir. Elçin insan talelərini tipikləşdirməyi bacarır. Və bütün bunların mərkəzinə insanı qoyur. Onu qəhrəmanlarının şəxsi tərcümeyi-halından çox daxili psixi vəziyyəti, əhval-ruhiyyəsi, hal-hazırkı dünyaduyumu maraqlandırır. İnsan xarakterlərinin təsvirində Elçin qəhrəmanın ruhi vəziyyətini izləməyə önəm verir.

Dramaturqun “Şekspir” pyesində hadisə xətti, hansı ki, qəhrəmanların daxili hiss-həyəcanları, lirik-patoloji çırpıntıları ilə daha da mürəkkəb şəklə düşür, yeni bir məna qazanır. Dərinləşən mənanın mənbəyi yalnız süjetdəki əməl-fəaliyyət xəttinin horizontal istiqamətli inkişafında (ardıcıl inkişaf edən hadisələrin sıralanması) deyil, bu məna həm də ilk növbədə motivlər sisteminin bağlılığında, onların rifmində, ziddiyyətlərin dəyişməsində və daxili qatda dərinləşməsindədir. Beləliklə də, yeni mənanın yaranaraq güclənməsindədir. “Şekspir” pyesində psixiatrik xəstəxananın pasiyentləri (biri Sara Bernar... biri İosif Stalin... biri...) “məşhur adamların adlarını, qiyafətlərini, iç dünyalarını özəlləşdiriblər və “adi” reallıqdan “coşqun” romantikaya “sıçrayıb” birdən-birə qəhrəman olublar. Bu da onunla sonuclanıb ki, dəlilərin imitasion “dahiləri” fərqli dövrlərdə yaşasalar da, dəlixana məkanında rastlaşıblar”3.

Didaktikadan uzaq olan bu pyeslərdə dramatik kompozisiya montajı çox gözlənilməzdir. Bu pyeslərdə güclü lirik, lirik-romantik, tragik, tragikomik zonalar mövcuddur və onlar çox bənzərsiz dramatik strukturun yaranması ilə nəticələnir (“Arılar arasında”, “Cəhənnəm sakinləri”, “Taun yaşayır” “Bolbolustan şahzadəsi, yaxud yaşasın imperator böyük Şir III Otibi Molimi Delembor Tır-tır”, “Qatil”, “Şekspir”, “Sənətkarın taleyi”).

Elçin müasir yaşamımızı əks etdirən kəskin psixoloji konfliktli dramlar ustası olmaqla yanaşı, həm də tarixi mövzulara novatorcasına yanaşmağı bacaran dramaturq kimi çıxış edir.

Elçinin dramaturji irsinin hələlik sonuncu nümunəsi olan “Sənətkarın taleyi” faciəsi Azərbaycan teatrının ölməz sənətkarı Hüseyn Ərəblinskiyə həsr edilib. Pyesin qəhrəmanı güclü xarakterə malik olan dahi aktyordur. Faciə qəhrəmanı kimi Hüseyn Ərəblinski obrazı maksimal gücə – istedada, ağıla, məqsədyönlülüyə və ən önəmlisi, əməli enerji gücünə malikdir. Bu obrazı xarakterizə edən və həyatını sonucda faciəyə çevirən əsas məziyyət onun köhnəlmiş qanunları pozmaq əzmi və teatrı xalqın mənəviyyatını saflaşdıran bir zərurətə çevirmək uğrunda apardığı mübarizədir. Pyesdə yaradıcılığı 1914-1919-cu illəri ehtiva edən aktyor H.Ərəblinski obrazı yenicə yaranan peşəkar Azərbaycan teatrının inkişafı və tarixi yasaqların, sosial ədalətsizliyin məhv edilməsi uğrunda apardığı şəxsi və ictimai mübarizənin həm qurbanına, həm də faciəvi qəhrəmanına çevrilir.

 

***

 

Çağdaş Azərbaycan dramaturgiyasında dram janrının (eləcə də milli teatrın!) düşdüyü növbəti böhrandan çıxmaq və yeni tarixi şəraitdə təzədən “əbədi” məsələlərin həllinə girişmək çapalarında... ciddi-cəhdində... əzmində... şəksiz-şübhəsiz, Elçin dramaturgiyasının rolu böyükdür.

Elçinin dramaturq kimi xidməti həm də ondadır ki, o, özünün parlaq nəsr təcrübəsini, parlaq nasir qələmini keçən əsrin 90-cı illərindən etibarən daha çox sevib seçdiyi dramaturgiya janrına caladı və çağdaş Azərbaycan dramaturgiyasında insanın psixoloji təhlil vasitələri arsenalını əhəmiyyətli dərəcədə zənginləşdirdi.

Əcəba, dramaturgiya yazıçı Elçin üçün nəsrdən daha cazibəli oldumu?..

Elçinin pyesləri yalnız repertuar üçün, yəni ancaq teatrda quruluş verilmək üçün olan əsərlər deyil, həm də özü-özlüyündə ciddi dramaturgiyanı təmsil edən parlaq səhnə ədəbiyyatıdır (oxumaq üçün!).

Bəli! Bu pyeslər həm teatrımızın repertuarını bəzəyən tamaşaların ədəbi əsasıdır, həm də ciddi ədəbiyyat nümunələridir.

Bu pyeslər çağdaş Azərbaycan dramaturgiyasında psixologizmin yeni məzmunlu kateqoriyasını təmsil edir. Onlarda Elçinin cəmiyyətə ictimai-sosial münasibəti və onun bədii inikası çox aydındır.

Biz qeyd etdik ki, Elçinin pyesləri həm də yüksək ədəbi-bədii məziyyətləri olan əsərlər kimi əsl ədəbiyyat nümunələridir ki, bu keyfiyyəti hər bir dramaturqa aid etmək çətindir. Gələcək nəsillər bu pyesləri oxuyarkən bizim dövrün insanlarının mənəvi-əxlaqi, psixoloji, ictimai-sosial durumu haqqında buradakı bədii, yeni məzmunlu obrazların, yeni dramaturji strukturun, yeni dramaturji kompozisiyanın, yeni konflikt və kolliziyaların, yeni tipli xarakterlərin sayəsində dolğun biliklərə malik olacaqlar.

Bu pyeslərdə biz insan talelərinin qayğısı ilə yaşayan, xeyirxah hisslərin əzəmətli gücünə inanan Elçini görürük. Onun sevimli qəhrəmanlarını – sənət adamlarını, teatr fədailərini, güclü təbiətli insanları, kövrək xarakterli obrazları, adi adamları məqsədə doğru aparan yolda görürük... Biz – oxucu və tamaşaçılar da onlarla birlikdə bu yolun yolçusuna çevrilirik...

Elçin öz əsərləri ilə sübut etdi ki, sənət həyatın mahiyyətinə, “içinin içinə” nüfuz etməli və bu mahiyyəti açmalı, üzə çıxarmalıdır. Buna görə də, dramaturq öz pyeslərində yumora, qroteskə, ironiyaya, sarkazma, tragikomik məqamlara, parodik səhnələrə, “parodaksal gəlişmələrə” geniş yer verdi. Elçin tragik və komik olanı, “mənasız” cəhdləri, oyunbazlığı və oyun məqamlarını, natural və parodiyanın hökm sürdüyü səhnələri absurda gətirib çıxardan bir ab-havaya bürüyür. Bu paradoksallıq onun pyeslərində acı ironiyaya çevrilərək, sosial eybəcərliyə və sosial cəhətdən eybəcər olan tiplərə qarşı yönəlir.

Onun komediyalarını tamaşaçı və oxucuların şüurunda güclü partlayış yaradan qumbaraya bənzətmək olar. Canlı xalq dilində yazılmış və sağlam yumordan hörülmüş bu komediyalardakı yeni məzmunlu konflikt və kolliziyalar, yeni tipli obrazlar gerçəkliyin mürəkkəb daxili ziddiyyətlərini yüksək bədiiliklə əks etdirir.

Ədəbiyyat və sənət tükənməz insan təbiətinə doğru yönəldiyindən, əsl sənətkar kimi Elçin də insan hisslərinin, istək və ümidlərinin sərhədsiz dəryasına baş vurur. Və beləliklə də, bizə – oxucu və tamaşaçıya dünyanın sonsuz və tükənməz mənəvi-ruhsal qatına yaxınlaşmaq, ona azacıq da olsa, toxunmaq imkanını yaradır. Bəli, həyat qısa, sənət isə əbədidir, çünki o, insan ruhunun ən ali təzahürüdür...

Nasir Elçinin xoşbəxt taleyi olduğu kimi, dramaturq Elçinin də xoşbəxt teatr taleyi var. Onun pyeslərini həm oxucular, həm tamaşaçılar, həm də teatr sənətçiləri sevirlər. Bu pyesləri rejissorlar həvəslə tamaşaya hazırlayır, aktyorlar həvəslə oynayırlar. Elçinin pyesləri nəinki Azərbaycan teatrlarının repertuarının bəzəyidir, onlar, eyni zamanda, xarici ölkə teatrlarında da qurulmuş parlaq tamaşaların ədəbi əsasıdır. Onun dramaturgiyasını xarici ölkələrdə tanıyırlar, sevirlər və oynayırlar...

...Elçin bu gün çağdaş Azərbaycan dramaturgiyasının ən fəal təmsilçisidir. O, böyük eşqlə, həvəslə yeni-yeni, gözəl pyeslər yazır və inanırıq ki, yeni yazılacaq pyeslərdə də özünün bədii ifadə vasitələrini yeniləşdirməkdə davam edəcək.

“Sənətkar özü üçün rəhbər tutduğu bədii qanunlarla mühakimə olunmalıdır” (A.S.Puşkin). Elçin dramaturgiyasına da teatr tənqidinin münasibəti məhz bu sağlam zəmin üzərində qurulmuşdur...

Elçinin həyata, yaradıcılığa, tədqiqat obyekti olan insana, yeni mövzulara marağı bitməz-tükənməzdir. O, “uzun... incə... bir yol”dadır (Yunis İmrə). Bu yol onunla birlikdə həm dramaturgiyamızın, həm də teatrımızın yoludur...

Elçinin pyeslərindən xeyirə, işıqlı insanlar arasındakı münasibətlərin qələbəsinə inam arzusu ilə ayrılırıq və bu humanist missiya Elçinin əsərlərini son dərəcə xarakterizə edir.

Elçin daim və hər yanda hər an Azərbaycan teatrını TEATR kimi, cazibəli, SEHRLİ BİR MÖCÜZƏ kimi şöhrətləndirməkdədir.

...Bu düşüncələrlə də Azərbaycan dramaturgiyasında özünün bəlli bir “yeri-yurdu” olan Elçinin pyesləri barəsində mülahizələrimizi bitiririk...

Amma və lakin bu mülahizələri yenidən davam etdirmək niyyəti ilə...

Elçinin yaratdığı sənət əsərlərinə nə isə diləmək bizim iqtidarımızda deyil – onlar çoxdandır ki, sənət aləminin zaman və məkanında öz həyatlarını yaşayır və zaman baxımından bircə göstərici tanıyır – əbədiyyət!

 

İyul-avqust 2011-ci il.

 

 

Məryəm ƏLİZADƏ

 

525-ci qəzet.- 2011.- 17 sentyabr.- S.20-21.