“İstedadlı gənclərə
kömək eləmək, hətta bəzən nazları ilə
oynamaq lazımdır...”
Pərvinin
həmsöhbəti Rəşad Məciddir.
Pərvin:
Salam, Rəşad müəllim!
Rəşad
Məcid: Salam!
Pərvin:
Çox zaman qış aylarında gərgin işləyən
adamlar mütaliəni yaya saxlayırlar. Sizdə necə, istirahətlə
mütaliəni birləşdirmək alınırmı?
Rəşad
Məcid: Mənim üçün mütaliənin
hansı havada, hansı fəsildə daha çox xoş
olmasını konkret deyə bilmərəm. Bu
yay xeyli mütaliə elədim. Amma oxumaq
üçün uzun qış gecələri daha
münasibdir.
Pərvin:
Sizcə, mütaliə vərdişdi, yoxsa həvəs?
Rəşad
Məcid: Hər ikisi var. Burda həm də yeni
çapdan çıxmış kitablardan xəbərdar olmaq
istəyi rol oynayır. Son vaxtlarda dilimizə
yeni tərcümə olunmuş əsərlər, yaxud da gənclərin
kitabları çıxır. Maraq xatirinə,
işimlə bağlı, bəzən candərdi də olsa,
oxuyuram. Amma kitab maraqlıdısa, məni
çəkirsə, bir neçə səhifədən sonra
ondan ayrıla bilmirəm. Təbii ki, həmin
kitabı oxumaqdan aldığım zövq çox yüksək
olur.
Pərvin:
Amma axır vaxtlar dediyiniz səviyyədə əsərlər
çox az yazılır...
Rəşad
Məcid: Düzdür, xüsusən, son zamanlarda
hər kitab bu zövqü verə bilmir. Söhbət
əsil kitabdan, yaxşı əsərdən gedir. Məsələn,
xatırlayıram, bir neçə il
öncə böyük heyətlə Antalyaya gedirdik və mən
İstanbul Hava limanından Orxan Pamukun “Məsumiyyət muzeyi”
romanını aldım. Bu əsərlə tanış
olana qədər
düşünürdüm ki, indiki zamanda daha o
qalınlıqda kitabı oxumaq mümkün deyil. Yəni qalın kitabların, irihəcmli əsərlərin
dövrü artıq keçib. Amma
romanı bir neçə səhifə oxuyandan sonra məni necə
yaxaladısa, özüm də heyrət etdim. Antalyada həmkarlarım seminarlarda iştirak edir,
boş vaxtlarında dincəlir, əylənirdilər. Ancaq “Məsumiyyət muzeyi” məni elə sehirləmişdi
ki, bütün əyləncələrdən, hətta bəzən
seminarlarda iştirakdan da yayınıb otağıma çəkilərək
əsəri oxuyurdum. Bu sadə, adi bir
süjet idi, amma müəllifin peşəkarlığı
heyrət doğururdu.
Pərvin:
Ümumiyyətlə, son dövrlərdə bütün sahələrdə
qeyri-peşəkarlıq ən çox müzakirə olunan
mövzulardandır. Yeni gələn jurnalist nəslinin
peşəkarlıq səviyyəsi bir qəzet redaktoru kimi
sizi nə dərəcədə qane edir?
Rəşad
Məcid: Bu məsələ ilə bağlı
fikirlərimi son vaxtlar bir neçə dəfə bildirmişəm.
Mütaliədən danışdıq.
Düşünürəm ki, qeyri-peşəkarlığın
əsas səbəblərindən biri gənclərin az oxumasıdır. Burda internet mediasının
və sosial şəbəkələrin də günahı az deyil. Kim iki bənd şeir,
yaxud 3-5 cümləlik hekayə yazırsa, bunu yaya bilir.
Pərvin:
Hələ üstəlik bu yazıları “LİKE” edən
dostlar da tapılır...
Rəşad
Məcid: Bəli! Beləcə bu
cür yazmağın mümkün, məqbul olması fikri yaranır.
Bu da peşəkarlığı çox dərinlərə,
arxa plana ötürərək bir xaos yaradır. Getdikcə, insanlar hansı əsərin dəyərli,
peşəkar, hansının səviyyəsiz olduğunu
seçməyə çətinlik çəkəcəklər.
Vaxtilə, 90-cı illərin ortalarında
fikirləşirdim ki, Azərbaycanda olan jurnalist potensialı cəmisi
beş normal, gündəlik qəzet
buraxmağa çatar. Amma zaman keçdi və
indi onlarla gündəlik, yüzlərlə həftəlik,
aylıq qəzetlərimiz var. Bu da mətbuatda kütləvi
qeyri-peşəkarlığın yayılmasına gətirib
çıxartdı. Bununla da qəzetlərə
olan etimad azalır və bizim jurnalist sənətimiz bir
çox məqamlarda ictimaiyyətdə ironiya, qınaq obyektinə
çevrilir. Ümumiyyətlə, hesab
edirəm ki, son illərdə dünya üçün ən
böyük təhlükə nə müharibələrdi, nə
də təbii-ekoloji böhranlar. Dünya
üçün ən ciddi təhlükə dəyərlərin
itməsi və insanların yaxşını pisdən
seçə bilməməsi - xaos olacaq.
Pərvin:
Rəşad müəllim, 2004-cü ildən yaradıcı gənclərlə
işləyirsiniz. Şərti olaraq, iki nəsil Azərbaycan ədəbi
gəncliyi ilə çalışdığınızı
deyə bilərik...
Rəşad
Məcid: İki nəsil gənclərlə işlədiyimi
demək bəlkə də dəqiq olmaz. 2004-cü
ildən AYB-nin gənclər üzrə katibi seçilsəm
də, ilk vaxtlar çox darıxdırıcı keçirdi.
Sonralar bir canlanma yarandı. Azərbaycanın
yeni yaradıcı gəncliyini 2008-ci ildə daha çox
tanıdım və kəşf elədim. Sonra Azərbaycan
Yazıçılar Birliyi ilə Mədəniyyət və
Turizm Nazirliyinin birgə layihəsi əsasında “Gənc Ədiblər
Məktəbi” yarandı və mən onda gördüm ki, həm
paytaxtda, həm də əyalətlərdə yazmaq, yazı
texnikasına yiyələnmək, ədəbi mühitdə
olmaq, tanınmış yazıçıların təcrübəsindən
öyrənmək istəyən nə qədər gənclər
var. Hesab edirəm ki, bu məktəbin üzvləri öz istəklərinə
xeyli dərəcədə nail ola bildilər.
Pərvin:
Doğrudur! “Gənc Ədiblər Məktəbi”
böyük səs-küyə səbəb oldu. Amma kənardan aqressiv yanaşıb tənqid edənlər
də var idi.
Rəşad
Məcid: İndiki mühitdə bütün əhəmiyyətli
işlərə belə reaksiya verənlər tapılır. Amma bu hadisənin gənclərə etdiyi müsbət
təsir göz önündədir. Ən azından
eyni maraqlara malik adamlar tanış
oldular, dostlaşdılar, ədəbi diskussiyalara
qoşuldular. 10 il əvvəllə
müqayisə etsək, böyük bir
sıçrayış olduğunu görərik. Düşünürəm ki, “Gənc Ədiblər
Məktəbi” üzvlərinin bir çoxu ədəbiyyatda
qalacaqlar.
Pərvin:
Gənclərin ədəbi fəaliyyətində, təbliğatında
istədiyiniz qədər iştirak edirsinizmi? Və
bu lazımi qədər qiymətləndirilirmi?
Rəşad
Məcid: İstedadlı adam
görəndə həmişə sevinmişəm. 90-cı illərin ikinci yarısında “525-ci qəzet”də
ədəbiyyat materialları çap eləməyə
başlamışdıq. Bir gün
işçilərdən hansısa mənə şeirlər
gətirdi, oxuyub bəyəndim. Şeirlərin
müəllifini soruşanda dedilər ki, çıxıb
ikinci mərtəbəyə. Dedim,
qalxın onu çağırın. Dostlarımdan biri dedi ki,
elə eləmə, onun dalınca adam
göndərib çağırtdırsan, havalanacaq, elə
biləcək dahidir. Son vaxtlar o hadisə tez-tez
yadıma düşür. Müəyyən
yaşlı adamlar birdən-birə gənclərə
böyük imkanlar yaratmağın, onlara bütün
qapıları açmağın zərərli olduğunu
düşünür, daha təmkinli, soyuqqanlı olmağa
üstünlük verirlər.
Pərvin:
Bəlkə də bu onların təcrübələrindən
irəli gəlir. Yəqin gənclərdə “ulduz” xəstəliyinin
simptomlarını hiss edirlər...
Rəşad
Məcid: Amma mən heç vaxt əsil
istedadlı adamın “ulduz” xəstəliyinə
tutulacağına inanmamışam. Səmimi
olaraq fikirləşmişəm ki, istedadlı gənclərə
mütləq kömək eləmək, hətta bəzən
nazları ilə oynamaq lazımdır.
Pərvin: Bəs sizə
bunun əksini sübut edən hadisələr olubmu?
Rəşad Məcid: (düşünür)
Son illərdə bir sıra məqamlar olub! Yəni, bu
düşüncəmin dəyişməsinə səbəb
ola biləcək hadisələr... Amma fikrimi dəyişməmişəm.
Hər halda istedadlı gənclərə bəlkə
lazım olduğundan daha çox kömək eləmək
lazımdı. O gəncdə ki ulduz xəstəliyinə
tutulmağa, baş gicəllənməyə, havalanmağa,
özünü dahi saymağa meyl var, kömək edib-etməməyin
fərqi yoxdur, onsuz da bu xəstəliyə tutulacaq.
Pərvin: İctimai fəaliyyətiniz
çox genişdir. AYB, “525-ci qəzet”, Mətbuat
Şurası və s. Bütün bunlar təbii ki,
yaradıcılığa sərf olunmalı vaxtı əlinizdən
alır. Bütün bu işlərdən
aldığınız mənəvi zövq itirdiklərinizin
yerini doldura bilirmi?Və ümumiyyətlə bu işlərə
sərf etdiyiniz zamana görə heyfslənməyiniz olubmu?
Rəşad Məcid: Yəqin ki, heyfsləndiyim
məqamlar olub. Bəzən düşünürsən, bəlkə
düz yaşamamısan, başqa cür
yaşamalıydın. Amma artıq işlərin içindəsən,
bu templə yaşayırsan və öyrəşmisən.
Yazıçılıq, şairlik dediyiniz ictimai işlərdən
tamam kənar bir həyat tərzidir və bunlar bir-birinə
uyuşan deyil. Gün ərzində çox fərqli tədbirlərdə
iştirak edib yorulan adam üçün beyninə yüklənən
informasiyadan ayrılıb hansısa bir düşüncənin
dərinliklərinə enərək bədii yazı ilə məşğul
olmaq çox çətin bir prosesdir. Və mən xeyli
yazıçı tanıyıram ki, bir çox yazmalı
olduqları əsərlərini ictimai, yaxud məişət məsələlərindən
uzaqlaşa bilmədiklərinə görə itiriblər.
Pərvin: Yəqin, burda
müəyyən mənada maddi problemlərin də rolu var?!
Rəşad Məcid: Əlbəttə!
Çağdaş dövr yazıçılarının bəxti
ona görə gətirməyib ki, onların əməyinin
maddi qarşılığı yoxdur. Buna görə də
yazıçı həyatı yaşayıb, yalnız
yazıçılıqla məşğul olmaq çətin
məsələdir. Bu baxımdan, Azərbaycanda
ömrünü ancaq sevdiyin, yaxud özünü daha
çox ifadə etdiyin sənətə həsr eləmək
qeyri-mümkündür.
Pərvin: Sonuncu cümləniz
bir az şikayət kimi səsləndi...
Rəşad Məcid: Əsla! Taleyimdən
razıyam. Əgər universitetdə gənc jurnalistlərə,
Yazıçılar Birliyində yazarlara hansısa əməllərimlə
yardım edə, dəstək ola bilirəmsə, bundan
aldığım zövq itirdiklərimi kompensasiya eləyir.
Bəlkə
də mən özümdə ilahi və çox fərqli
yazıçılıq istedadını görmədiyimdən,
yəni öz arzuladığım şair, yaxud
yazıçı ola bilməyəcəyimi dərk etdiyimdəndir
ki, fəaliyyətimi daha çox gözündə
işıq gördüyüm, istedadını duyduğum gənclərə kömək etmək,
dəstək olmaq istiqamətinə yönəltmişəm və
fikirləşmişəm ki, bu gənclərdən hansısa
biri mənim arzuladığım o yerə gedib çıxa
biləcək və mən yazmaqdan daha artıq bundan zövq
alacam.
Pərvin: Şeirlərinizin
maraqla qarşılandığını çox
müşahidə edirik. İçinizdə poetik
yaradıcılığa ehtiyac, tələbat hiss edirsiniz,
yoxsa buna keçilmiş mərhələ kimi
baxırsınız?
Rəşad Məcid: Şeir təbiət hadisəsidir.
Ona ehtiyacın yaranıb-yaranmayacağını bilmək
olmaz. Gənclik illərində daha çox şeir
yazmışam. Sonrakı illərdə də bir neçə
dəfə şeirə qayıtmışam. Bu gün
saralmış, mənasız, keyfiyyətsiz şeirlər, ədəbi
məhsullar o qədər yayılır ki, 20-25 il qabaq zəif
sayıb üzə çıxartmadığım şeirləri
bunlarla müqayisə edəndə yenidən çap etdirmək
istəyirəm. Fikrim var ki, köhnə şeirlərimdən
ibarət bir balaca şeir kitabçası çap elətdirim.
Amma indən sonra hansısa hisslərimi şeirlə ifadə
etməyim gözlənilməz olar mənim üçün.
Son illərdə poetik hissləri sözə çevirmək
ehtiyacı yarananda esselər yazıram. Bəlkə də bu
daha çox qəzetçiliklə məşğul
olmağımdan irəli gəlir.
Pərvin:
Bir vaxt Bakıdan Yevlaxa qədər şeir demişdiniz? İndi bu məsafə uzanıb ya qısalıb?
Rəşad
Məcid: Yəqin ki, qısalar. Çünki,
o vaxt 4-5 saat əzbər şeir deyirdim. Son
20 ildə bildiyim şeirlərə yenisi əlavə
olunmayıb, müəyyən hissəsi də unudulub. Amma ən unudulanı da birdən axtarıb
tapıram, beynimdə məşq edirəm, yenidən
yadıma düşür. Məsələn, keçən
il Günaz TV-nin 5 illik yubileyində Məmməd
Arazın “Bu gecə yuxumda Arazı gördüm” adlı
şeirini dedim. Çox ağır, çətin
bir şeirdir. Beynimin dərinliklərinə
gedib təkrarladım. Müəyyən məqamlarda
çox pafosla şeir deməyi xoşlayıram. Həmin məclisdə şeiri necə dedimsə,
ordakılar heyrət etdilər. Zamanında
imkan olmayıb ki, bildiyim şeirləri daha geniş auditoriyada
deyim. Amma vaxt keçdikcə həm
yaşlaşırsan, həm də əvvəlki ruhla deyə
bilmirsən.
Pərvin:
Yaradıcılığınızın maraqlı tərəflərindən
biri də səfər qeydlərinizin çoxluğudur. Amma
son zamanlarda belə yazılarınıza az
rast gəlirik. Unudulmaz hesab etdiyiniz və haqqında hər
zaman danışmaq, yazmaq istədiyiniz səfər olubmu?
Rəşad
Məcid: Qabaqlar səfərlərə tez-tez
gedirdim və buna marağım, meylim çox idi. Qəzet redaktoru, jurnalist kimi Amerikadan, Britaniyadan,
Fransadan tutmuş Koreyaya, Küveytə kimi xeyli ölkələrdə
olmuşam. Mənə tamam yeni olan ölkələr
haqqında səfər qeydləri yazmışam. Amma indi səfərlərə o qədər də həvəsim
qalmayıb. Türkiyəyə məmnuniyyətlə
gedirəm və İstanbul mənim üçün çox
sehrli bir şəhərdir. İndi səfər
qeydləri yazmağa o qədər də ehtiyac duymuram. Mənim üçün çox şeylər
açıq, aydın göründüyündən nələrisə
yazmaq mənasız gəlir. Amma bəlkə
də gələcəkdə hansısa səfər məni elə
heyrətləndirə bilər ki, onun barəsində yazaram.
Fikrimcə, indən sonra ən qeyri-adi səfərim
uşaqlığımın keçdiyi yerlərə -
Qarabağa, Şuşaya, Laçına ola
bilər. Bəlkə də o səfərin baş
tutacağına dəlicəsinə ümid
olduğundandır ki, elə itkilərdən sonra yaşaya
bilirik! Amma o səfərdən yaza biləcəyəmmi?
Bunu deyə bilmirəm!!!
525-ci
qəzet.- 2011.- 17 sentyabr.- S.24.