İshaq ibn İbrahim Əbu Tahir Günətay Xanzad

 

Oxuculara təqdim olunan bu parça Seyran Səxavətin “Qaçhaqaç” romanının ikinci kitabının birinci hissəsindəndir. Əsərlə bütövlükdə “Azərbaycan” jurnalının yaxın nömrələrində tanış ola bilərsiniz.

 

Bakıda da, “Ulduz” jurnalının redaksiyasında da ən qədim tanıdığım adam Vidadi Məmmədov idi. O biri otaqdan səsi gəlirdi, nəsə söhbət eləyirdi, o birilər də qəhqəhə çəkib gülürdü. Yarım saatdan çox eşidilən səs-küy səngiyən kimi Əhəd Muxtarın səsi gəldi:

– Vidadi, təzə işçimiz gəlib, get təbrik elə.

– Təzə işçi? – Vidadi soruşdu, – Kimdi?

– Get gör kimdi də, oturub orda.

Vidadinin addım səsləri yaxınlaşıb eşidilməz olan kimi özünəməxsus şadyanalıqla dedi:

– Oooo... Sarı, Sarı... təbrik, təbrik. – Məni qucaqlayıb öpdü, – Sarı, – dedi. – Bax, birinci gündü işə çıxırsan, sənə bir məsləhət, – deyib müdrikanə bir görkəm aldı, – bu çox vacibdi.

– Eşidirəm, – dedim.

– Bilirsən, çətindi, ancaq mən bunu sənə deməliyəm.

Mən əlimdəki qələmi stolun üstünə atdım:

– Sözünü de də... Niyə uzadırsan ki?

– Məsələ belədi də... – Əlini çiynimə qoyub məhrəmanə bir ünsiyyət şəkilləndirdi, – qısa deyim, yoxsa ətraflı?

– Qısa, – dedim.

Vidadi sağ əlini havaya qaldırıb barmaqlarını qatlaya-qatlaya dedi:

– Dörd buxanka çörək, iki kilo paltavski kolbasa, qarçitsa, dördcə dənə orcenkidze arağı, dördü bəsdi, özünü çox xərcə salma... hə... İki kilo pomidor-xiyar, bir də deyəsən duzumuz qurtarıb.

Mən əyləşdiyim yerdə dedim:

– Gücüm çatmaz...

– Bəs nəyə gücün çatar? – Əl çəkmirdi.

Mən sağ əlimi havaya qaldırıb barmaqlarımı qatlaya-qatlaya dedim:

– Bir buxanka çörək, iki yüz qram paltavski kolbasa, qorçitsa, bircə dənə orcenkidze arağı, biri bəsdi, pulum yoxdu, iki pomidor, bir turş xiyar, bir paçka da duz...

– Onda sən burda işləyə bilməyəcəksən. – Vidadi mənim ərzaq proqramı haqqında dediklərimə belə yekun vurdu.

– Vidoş... – dedim.

– Nə Vidoş-Vidoş salmısan, bundan sonra mən sənin üçün Vidadiyəm.

– Yaxşı... Vidadi, sən Vidadi Babalının nömrəsini bilmirsən?

– Yox! – dedi. Və qəfil elə bil ki, ayıldı, – onun nömrəsini neynirsən ki?

– İshaq müəllim təzə işimə görə mənə bu gün qonaqlıq vermək istəyirdi. Dedi ki, Vidadi Babalını da dəvət elə.

– Denən sən öl...

– Qulaq as da, – dedim.

– Heç mənim adımı çəkmədi? – Vidadi gözünü mənə zillədi.

– Çəkdi ee, belə epizodik... – dedim.

– Məsələn, necə?

– Dedi ki, bu gün saat dörddə aşağıda gözlə, gedək sənin işini yuyaq. Dedi ki, Vidadi Babalını da dəvət elə. Lap sonra ee... Lap sonra dedi ki, əgər Vidadi Babalını tapmasan, eybi yox, Vidadi Məmmədovu götür.

Vidadi nə təhər qəşş eləyib qəhqəhə çəkdisə, baş redaktorumuz Yusif Səmədoğlu əlində siqaret bizim otağa gəlib dedi:

– Vidadi, Niyazi ilə müsahibə noooldu?

– Maestro Türkiyədədi, Həcər xanım dedi ki, bir həftədən sonra qayıdacaq.

– Bu işin üstündə ol.

– Baş üstə, Yusif müəllim.

Yusif müəllim çıxan kimi Vidadi axşamın taleyini bir də dəqiqləşdirdi:

– Deməli, – lap astadan dedi ki, heç kəs eşitməsin, – saat dörddə, orda...

– Orda, – dedim.

Vidadi otağımdan çıxmaq istəyəndə onu çağırdım, o ayaq saxlayıb üzümə baxdı, mən:

– Bəri dur, – dedim.

O, bəri durdu. Mən yalnız ikimizin eşidə biləcəyi tərzdə soruşdum:

– Vidoş, bu Yusif müəllim nətər adamdı?

– Nədi ki... Yola getmirsiniz? – üzümə baxdı, – istəyirsən səni tapşırım?

– Mən ciddi soruşuram.

– Yooox, – dedi, – Sarı, elə-belə soruşmazsan sən...

– Bilmirsən... – onun üzünə baxdım, – belə qanı soyuq adama oxşayır eee, elə bil balıqdı.

Balıq da olsa, yeməli balıqdı, bu bir, ikinci də özü kimi oğul yoxdu, bir az işlə, görəssən, əliaçıq, ürəyiaçıq, pulxərcləyən...

– Nə bilim, vallah, oxşamır... – ümidsiz dedim.

– Sarı, mən səni yaxşı tanıyıram. Sənin könlündən keçirdi ki, içəri girən kimi boynunu qucaqlayıb o üzündən-bu üzündən öpsün?

– Nə bilim, vallah...

– Sarı, yadında qalsın, yazıçı uşaqlarının içində Yusif Səmədoğlundan yoxdu. Yaxşı, saat dörddə, orda... – Və Vidadi otaqdan, redaksiyadan yoxa çıxdı – səsi gəlmirdi.

– Saat dördə on dəqiqə qalmış Vidadi yazıçılar ittifaqının düz qabağında peyda oldu – belə məsələlərdə və yalnız belə məsələlərdə, o, çox dəqiq idi, heç kəs ona tay ola bilməzdi. Əl-qolunu ata-ata İshaq müəllimin arıq, çəlimsiz sürücüsü ilə söhbət eləyirdi. Vidadinin sinə dolusu, saf yumoru, arıq, çəlimsiz sürücünü yerindən oynatsa da, onun gücü axıra qədər çatmırdı, gülə-gülə elə əl-qol atırdı ki, elə bil suda boğulur, xilas olmaq istəyirdi. Arıq-çəlimsiz olduğuna görə Vidadi ona çəyirtkə deyirdi, zarafatları vardı, o da qəbul eləyirdi. Vidadi elə bir qüdrət sahibi idi ki, şəxsiyyətindən asılı olmayaraq istənilən adama zarafat eləyə bilirdi və bu onda çox gözəl, şirin alınırdı. Ona görə də Vidadini tanıyanlar, musiqi dilində desək, özləri ona ayaq verirdilər ki, onlarla zarafat eləsin – yəni ilk təşəbbüs qarşı tərəfdən gəlirdi həmişə – sürtüşən kimi cavabını alırdın; ağzın olurdu şirin – ağzınız şirin olsun.

Mən onlara yaxınlaşan kimi Vidadi dedi:

– Səbəbkar, bəs hardasan?

Saatıma baxıb dedim:

– Hələ iki dəyqə var.

Düz saat dörddə İshaq müəllim çıxış qapısında görünəndə fikirləşdim ki, o da, Vidadi qədər dəqiqdir. “Ulduz” jurnalının gözünün qabağında İshaq müəllimin sarı rəngli xidməti “Qaz-24”ünə əyləşib tərpəndik. Uşaqlar yəqin fikirləşirdilər ki, Seyran getdi İshaq müəllimə qonaqlıq verməyə. Ancaq bir Allah da, siz də şahidsiniz ki, belə deyildi – tərsinə idi, elə dünyanın özü kimi. Ancaq bu məqamda uşaqları da qınamalı deyil, çünki necə ola bilərdi ki, həm adamı işə düzəldəsən, həm də aparıb ona qonaqlıq verəsən? Ağlabatan deyil də...

Axundov kitabxanasının qabağından sola dönən kimi İshaq müəllim geri çevrilib məndən, səbəbkardan yox, Vidadidən soruşdu:

Vidadi, ağlın nə kəsir, deyirəm bəlkə şəhərdən çıxaq?

– Necə məsləhətdi...

– Məsləhət budu, vəssalam!

– İshaq müəllim, – Vidadi dedi, – axı siz müdrik adamsınız, əgər məsləhət vəssalam səviyyəsinə gəlib çıxıbsa, deməli bu məsləhət deyil, zorlamadır və mütləq icra olunmalıdır.

– Varam da sənin kəlamlarına.

– İshaq müəllim, biz tərəflərdə belə kəlamların üzünə də baxan yoxdu, – Vidadi sözün altından çıxdı.

– Siz tərəflər haradı ki, belə?

– İshaq müəllim, ümumiyyətlə mənim tərəfim yoxdu.

İshaq müəllim amiranə səslə:

– Söz güləşdirirsən haa, qədeş. – dedi.

– İshaq müəllim, söz güləşmək üçün yox, gülüşmək üçündü.

Gülüşdük.

Dəniz yaxasındakı kababxanaya çatıb maşından düşən kimi elə İshaq müəllim yaşda dolu bədənli bir kişi qabağımıza qaçdı, yetişən kimi dedi:

– İshaq müəllim, xoş gəlib!

– Bəs bunlar? – İshaq müəllim bizi göstərdi.

– Bunlar da xoş gəlib.

– Bəs bu? – İshaq müəllim sürücünü göstərdi.

– Hamınız xoş gəlmisiniz!

– Bunu gərək əvvəldən deyəydin...

Stol ürəyimiz kimi açıldı. Dənizi heç vaxt belə hamar görməmişdim – bir qırçını da yox idi, durulmuşdu. İshaq müəllim də bu gün dəniz kimi hamar və dupduru idi. Axşamüstü olsa da o, özünü səhər-səhər olduğu kimi gümrah hiss eləyirdi. Hamar, dupduru və gümrah hiss eləyirdi. Hamar, dupduru və gümrah İshaq müəllim arıq, çəlimsiz sürücüsünə işarə eləyib dedi:

– Bunnan aran necədi, ay Vidadi?

– Mənim aram yaxşıdı ee, deyəsən sizin aranız yaxşı deyil.

– Niyə? Yoxsa mənnən şikayət eləyib, – xəfif bir təəccüb İshaq müəllimin hamarlığını, duruluğunu və gümrahlığını bir balaca zədələdi.

– Yoox, – Vidadi kinayə ilə sürücüyə baxdı, – bunun dili var, şikayət də eləsin... ancaq...

– Nə ancaq? – İshaq müəllim səbirlə soruşdu.

– İshaq müəllim, qırx dörd kilo şofer olar? Məni maraqlandıran əsas şey nəticədi... Nəticə də göz qabağındadı, budey, – sürücünü göstərdi, – ayaq üstə qırxı çıxıb. Çəyitkədi də...

İshaq müəllim uğundu:

– Yaxşı, – dedi, – məsləhət ver də bunu necə kökəldə bilərik?

– İshaq müəllim, mənim təcrübələrimə və müşahidələrimə əsaslansaq deməliyəm ki, insanı kökəltmək üçün üsullar mövcuddur, hətta üsuli-cədidələr də peyda olub... ancaq onların heç biri buna uyğun gəlmir... birinnən başqa. O da sizə əl verər, verməz, bilmirəm axı...

– O buna uyğun gələni hansıdı? – İshaq müəllim mühüm bir suala cavab gözləyən adam görkəmi aldı.

– Uyğun gələn odu ki... bunun kormutunu bir az artıq eləmək mümkün olsa, bəlkə də nəticə verər.

İshaq müəllim güldü, Vidadi isə davam elədi:

– Bakı küləklər şəhəridi... Bir gün eşidəssiniz ki, bunu külək aparıb.

Hava da, ətraf da elə sakit idi ki, arağın stəkanlara süzülməyini Niaqara şəlaləsi kimi aydınca eşitdik. İshaq müəllim badəni aldı ələ:

– Seyran, – dedi, – qoçaq oğlansan, səni təbrik eləyirəm, uğurlar... – Çönüb Vidadiyə baxdı, – Seyran necə oğlandı?

– İçməmiş onun haqqında fikir demək çətindi, yanlışlığa yol verə bilərəm, bir azdan, – deyib badəni başına çəkdi, badəni yerə qoydu, – əladı, – dedi.

– Seyran?

– Yox, ay İshaq müəllim, araq, – ağzını əyə-əyə dedi, – hələ Seyrana çox var eee...

– Təxminən nə qədər var? – İshaq müəllim məsafəni dəqiqləşdirmək istəyirdi.

– Təxminən... – Vidadi gülümsədi, – təxminən, təvazökarlıqdan uzaq olsa da, elə Seyran Səxavətdən Vidadi Məmmədova qədər.

Bu yerdə İshaq müəllimin qəhqəhəsi qarşısı alınmaz idi. Bir dəfə xudmani məclislərin birində Vidadi nə dedisə, İshaq müəllim elə indiki kimi ürəkdən qəhqəhə çəkdi. Vidadi iki daşın arasında qulağıma dedi ki, zalım oğlu gülmür eee, zəngulə vurur. Gözündən heç nə yayınmayan İshaq müəllim məndən soruşdu:

– Yenə nə pıçıldadı qulağına?

– Heç... deyir ki, İshaq müəllimin, – hər təsadüfə qarşı öz əlavəmi də elədim ki, qan düşməsin, – ürəyi o qədər açıqdır ki, gülmür eee, zəngulə vurur. – və bundan sonra İshaq müəllim doğrudan da gözləri yaşarana qədər zəngulə vurub ərklə Vidadini hədələdi.

Niaqara şəlaləsinin səsini ikinci dəfə, bayaqkından da aydın eşitdik. İshaq müəllim badəni aldı ələ, üzünü Vidadiyə çevirdi, dedi:

– Elə ki, aldın ələ, heç yerə qoymalı deyil...

– Nə tez bu fikrə gəldiniz, ay İshaq müəllim?

İshaq müəllim dəxli olmayan bir cavab verdi:

– Havaya bax ee, havaya! – Kişi gözümüzün qabağında necə vəcdə gəldisə, elə bil ki, belə xoşxasiyyət, həlim havanı birinci dəfə görürdü.

İshaq müəllimin şəffaf eynəyinin arxasındakı gözləri gülürdü. Qəhqəhədən fərqli olaraq göz güləndə səsi eşidilmir. İnsanın adət etdiyi səsli-küylü gülüşdən qabaq gözü gülür, sonra özü. Necə deyim, göz gülüşü səssiz kino kimi bir şeydi.

Eynək də İshaq müəllimə necə yaraşırdısa, elə bil anadan belə – eynəkli doğulmuşdu. Əgər o, indi eynəyini çıxarsa, mənə elə gələrdi ki, İshaq müəllimlə yox, yad bir kişiylə oturmuşuq.

– Elə ki, aldın ələ heç yerə qoymalı deyil – nə qədər sərrast deyib. Hə... Vidadi, sənin sağlığına. Sən dünyanın ən maraqlı beş-on nəfərindən birisən. Sən tale adamısan. Sən dünyanın ən istedadlı beş-on nəfərindən birisən. Kaş... dünya elə beş-on nəfərdən ibarət olaydı...

İshaq müəllim ona halal yerindən necə tərif vurdusa, Vidadi kimi sözün yaxşı mənasında sürtülmüş adam qəhərləndi. Badələri tökdük – biz qarnımıza, Vidadi qəhərinin üstünə.

İshaq müəllim üçüncü badəni sürücünün sağlığına dedi:

– Dünyanın ən istedadlı sürücüsünün şərəfinə!

Vurduq. Vidadinin də, mənim də gözümüzün qabağında hava yavaş-yavaş gözəlləşməyə başlamışdı; belə getsə, hava lap gözəl olacaqdı...

Vidadi İshaq müəllimdən icazə istəyib badəni götürdü. Cavab tostu demək üçün ayağa durdu. İshaq müəllim də Vidadinin onun haqqında deyəcəyi isti, mərhəm sözləri eşidib həzm etməyə tam hazır idi – üz-gözündən görünürdü. Ümumiyyətlə, Vidadi deyilən məxluqun dost-aşnaya, ərki keçən adamlara pul borcu olsa da söz borcu heç vaxt olmayıb. O, İshaq müəllimə, səmimiyyətə, kəskin məntiqə, qarşısı alınmaz yumora, bir də həqiqətə söykənən elə bəzək-düzək vurdu ki, dünyagörmüş o boyda kişi bahar buludu kimi dolmuşdu və hər an yağış kimi məclisimizə yağa bilərdi. Vidadinin sözlərdən toxuduğu, leylək yuvası kimi əlçatmazda qərarlaşan bu ünvanda İshaq müəllim kol dibində bitən bir bənövşə qədər qayğısız və rahat görünürdü və bu rahatlıq ona çox yaraşırdı. Dünyada hər şey üçün Allahın izni lazımdı; İshaq müəllim kimi, belə halal rahatlığa qovuşmaq üçün isə Allahın xüsusi icazəsi lazımdı.

Vidadi İshaq müəllimə olan söz borcunu dənəvər-dənəvər qaytarıb yekunlaşdı. Belə məclisin etik, böyük-kiçik, pozulmaz və əbədi normalarına görə mən də öz sözümü deməliydim, özü də Vidadi kimi bir nəhəngdən sonra. Elə dedim də. Ancaq özümün, hərdən də məclisdəkilərin üz-gözünü qarsalayan alovlu nitqim “əlavə” səviyyəsindən yuxarı qalxmadı – iddiam da yox idi; hazırkı vəziyyətdə bu iddiada bulunmaq axmaqlıq olardı.

İshaq müəllimin halal rahatlığı hələ zədələnməmiş Vidadi üzünü sürücüyə tutdu:

– Sən nə deyə bilərsən, ay uşaq?

Sürücü Vidadinin bu gözlənilməz hücumundan özünü itirib kəkələsə də, fikrini cəmləyə bildi:

– Mən sizin kimi danışa bilmərəm, – dedi, – bircə onu deyə bilərəm ki, İshaq müəllim kişi adamdı... elə bilirəm ki, dədəmdi.

– Belə perspektivli bir dədədən heç mən də imtina eləməzdim, – Vidadi dedi, hamımız güldük, –bəri bax, İshaq müəllim sənin ananı tanıyır?

– Yox, – sürücü cavab verdi.

– Onda heç bir dədədən söhbət gedə bilməz.

– Niyə? – sürücü Vidadiyə şirin bir etiraz elədi.

– Ona görə ki, belə dədəlik institutunun nə mənəvi bazası var, nə də hüquqi əsası.

İshaq müəllimin barmağın kəssən xəbəri olmazdı. O qədər güldü ki, axırda çeçədi, Vidadi ayağa durub onun kürəyinə bir-iki yumuruq vurandan sonra keçib getdi və keçib gedən kimi də Vidadiyə dedi:

– Sənin atmacalarından ... qan iyi gəlir ee... – Güldü.

– İshaq müəllim, humanistlik eləyib icazə versəydiniz bu fikrinizə etiraz eliyərdim. – Vidadi qaymaqlayırdı.

– Elə də... etiraz elə görək. – Gülümsədi.

– İshaq müəllim, burdan qan iysi, filan gəlib eləmir, bu açıq-aşkar namus-qeyrət məsələsidi. – Sürücüyə nəzər saldı, – düz demirəm, qaqaş?

Sürücü gülə-gülə cavab verdi:

– Düzdü, düzdü...

Vidadi araq süzüb boş badələrin itmiş mənasını qaytaran kimi İshaq müəllim dedi:

– Vidadi, Seyran nə təhər oğlandı?

– Yaxşı qardaşı var... Xanlar, elə nə deyirsən gülür...

– Mən Seyranı soruşuram ee... – İshaq müəllim yumşaq təkid elədi.

– İshaq müəllim, rast ki, belədi onda həqiqəti deməliyəm.

– Mən də həqiqəti bilmək istəyirəm.

– Məsələ belədi, – Vidadi qəsdən özünü müdrikvariləşdirdi, – bunu mən kişi eləmişəm...

– Seyran, düz deyir? – İshaq müəllim gülə-gülə üzümə baxdı.

– Düzdü... – dedim.

Vidadi əl-qolunu ölçə-ölçə davam elədi, məni göstərib dedi:

– İyirmi ilə yaxındı ki, bunun üstündə işləyirəm, qranit kimi möhkəm, çətin materialdı. Nə deyirsən dirəşir. Ancaq şükür Allaha ki, zəhmətim əlimdə qalmadı.

– Zəhmətini itirən çoxdu?

– İshaq müəllim, bu barədə göstəricim çox aşağıdı; hər on nəfərdən biri, ikisi kişi olur.

– Deməli, sənin işin-peşən adamları kişi eləyib ortalığa çıxarmaqdı?

– Tamamilə haqlısınız. Bu, bizim nəslin ən qədim peşəsidi ki, bu gün də davam etdiririk, ən bariz nümunəsi də ki, mənəm, gözünüzün qabağında. Mən məktəbəm, məktəb...

– Vidadi, sənin o məktəbin neçə illikdi?

– Ömürlük.

– Məni də o məktəbə yazarsan?

– Yox...

– Niyə?

– Yaş senzi var, olmaz... qanun-qayda var axı...

– Bəs bunu? – İshaq müəllim sürücünü göstərdi.

– Bu heç olmaz! – Vidadi istehza ilə sürücünü süzdü.

– Niyə?

– Dedim axı, yaş senzi var.

– Bu ki, cavandı...

– Sizə elə gəlir, – Vidadi iki ayağını bir başmağa dirəmişdi, – düz deyirsiniz, sənədlə götürsək, cavandı, yaşı düşür. Ancaq ruhən qocalıb əldən düşüb. Çox qocadı.

– Sizin o məktəbdə ruhun yaşını kim təyin eləyir?

– Özüm! – Əlini sinəsinə vurdu, – bunu bizim məktəbə götürsək, ömür boyu bir sinifdə qalacaq eee, sinifdən sinifə keçə bilməyəcək. Bundan biri var bizdə...

– Kimdi?

– Doxdur Sabir.

– Nəə həkimidi?

– Milçək həkimi. Gedir kababxanalara deyir ki, milçək doludu burda, antisanitariyadı, akt yazacam. Onlar da düşür ayağına, cibinə əllidən-iyirmi beşdən qoyub hörmətlə yola salırlar. Sonra da gəlib bizi tapır, son qəpiyinə qədər altdan girib üstdən çıxırıq.

– Sizi neynir ki?

– Xəstədi də... şeir yazır. İldə bir dəfə iki kuplet şeirini çap elətdiririk, xoşbəxr olur... sonra da il boyu əmirik...

– Bəs döşü qurumur? İl boyu əmirsiniz...

– Nə qədər milçək var, nə onun döşü quruyacaq, nə də bizim nəfsimiz.

– Məktəbiniz harda yerləşir.

– Lenin prospektində, doxdur Sabirin evində... tək yaşayır.

– Vidoş, o məktəbdə zavuç, sinif rəhbəri-zad olur?

– Hamısı özüməm! – Yenə əlini sinəsinə şappıldatdı.

– Orda hansı fənlərdən dərs keçirsiniz?

– Dostluqdan, qumardan, alkaqolizmdən, bazdıxdan, kulinariyadan, kubinkanın coğrafiyasından, bir də təbii ki, ədəbiyyatdan... elə tədris proqramızda da ən abırlı fənni ədəbiyyatdır. Bəzən açıq dərsimiz də olur: milis gəlir ki, bura nəyə yığışmısınız. Vəsiqə göstəririk çıxıb gedirlər. Açıq dərsin ən yaxşı nəticəsi də o oldu ki, sonradan iki milis işçisi də bizə qoşuldu; biri mayordu, biri də serjant. Və açıq dərsin ən pis nəticəsi o oldu ki, o iki nəfəri sistemdən qovdular... Bizim məktəb böyük məktəbdi, İshaq müəllim. Əgər istəsəniz bir gün məktəbimizin kollektivi ilə sizin görüşünüzü keçirdə bilərik, fəxri qonağımız olarsınız...

– Çox sağ ol... Allah artıq eləsin, – İshaq müəllim etiraz qarışıq bir minnətdarlıq elədi, – bunu da içək sənin böyük məktəbinin sağlığına! Qürur hissi ilə deməliyəm ki, Azərbaycan təhsil sistemi düz yoldadı!

Vidadi dedi:

– Mən də məktəbimin bütün şagirdləri adından sizə dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm!

Bizim içməyimizlə badələrin öz mənasını itirməyi bir oldu. Stolun üstünə düzülmüş nemətlərin hamısının mənası vardı – bu üç boş badədən başqa.

Sonra Vidadinin böyük təkidindən, xahişindən keçməyən İshaq müəllim “Sinc” adlı şeirini, təxminən Füzuli hikkəsi ilə bizim üçün əzbərdən söylədi. Vidadi bayaq İshaq müəllimə vurduğu bər-bəzəyin təxminən yarısını da onun şeirinə ürcah elədi. O, şeir haqqında fikir söyləyir, mənsə başımı tərpədib təsdiqləməklə həmfikir olduğumu nümayiş etdirirdim ki, bu da tərifin bambaşqa aləm yaradan qədim üsullarından hesab olunurdu. Düz də eləyirdim; nəyə görə bu boyda hörmətin, diqqətin, qayğının qarşısında o boyda kişiyə borclu qalmalıydım axı...

İki daşın arasında imkan tapıb Vidadiyə dedim ki, İshaq müəllimdən soruş görək bu sinc nə deməkdi? O, üzünü bozardıb pıçıltı ilə qulağımı doldurdu, Sarı, sarsaqlama dedi, mən də onun təşəbbüsünə canla-başla əməl eləyib sarsaqlamadım. İkimizin əməliyyat xarakterli, ani ünsiyyətimiz İshaq müəllimin nəzərindən yayınmışdı və bu bizim indiki ovqatımızda uğurumuz sayılmalı idi. Çünki İshaq müəllimin məclisdə pıçıldaşanları görən gözü yox idi, belə adamlardan zəndeyi-zəhləsi gedirdi. Vidadi də, mən də heç vaxt istəməzdik ki, İshaq müəllimin bizdən zəhləsi getsin...

Sürücü dəniz kənarında özü üçün tək-tənha gəzib dolanırdı. Üçümüz qalmışdıq. Üç də tək rəqəmdi. Bizim məclisimizə təklənmiş adamlar ittifaqının növbədənkənar balaca qurultayı da demək olardı.

Birdən təklənmiş adamlar ittifaqı qurultayının fəxri qonağı, kababxananın müdiri bizə yaxınlaşıb dedi:

– İshaq müəllim, necədi? – Əli ilə stolun üstündəki nemətlərə işarə elədi.

– Əla! Otur! – İshaq müəllim kababxananın müdirinə sürücünün boş qalmış yerini göstərdi. O, heç bir müqavimət göstərmədən əyləşdi; çünki özgənin yerində oturmaq başqasının çirkli boşqabından yemək kimi bir şeydi.

İshaq müəllim:

– Mənim dostumdu, – dedi, – tanış olun, adı da Əynullahdır.

İshaq müəllim sol əlini kababxana müdirinin çiyninə qoyub dedi:

– Əynullah, bu uşaqlar qırx ildi mənnən yeyib içirlər, ancaq mənim adımın mükəmməl variantını bilmirlər, de, qoy eşitsinlər.

– Niyə elə deyirsiniz? – Vidadi etiraz elədi, – siz İshaq müəllimsiniz – İshaq İbrahimov.

– Yooox... – İshaq müəllimin etirazı ilə Vidadinin razılaşmaması toqquşdu, – yoox, sən dediyin “İshaq İbrahimov” həqiqətə o qədər yaxın deyil, mənim əsl adımı Əynullah deyəcək, qulaq as...

Əynullah boğazını arıtlayıb dedi:

– Belənçüynədi dəəə... İshaq müəllimin əsl adı: İshaq ibn İbrahim əbu Tahir Günətay Xanzaddır.

– Bir də təkrar elə... – İshaq müəllimin təklifi dərhal gəldi.

– İshaq ibn İbrahim əbu Tahir Günətay Xanzad!

– Necədi? – İshaq müəllim gülə-gülə Vidadinin üzünə baxdı.

– Yaxşı olmağına çox yaxşıdı, ancaq çox uzundu ee, bir az ixtisar eləmək olmaaaz? Edson Arantes do Hasimento Pele...

– Nə ixtisar, ay Vidoş... Pelenin adınnan da uzundu? İshaq mənəm, İbrahim atamdı, Tahir də oğlum... Günətay mənim şair təxəllüsümdü, Xanzad da əsl familiyam – yəni Xanzadə, xandan əmələ gəlmiş, bildin? Mən kimin oğlu, kimin atası olmağımdan imtina eləyə bilmərəm axı...

Bunu özüm fikirləşib tapmışam... necədi?

– Çox yaxşıdı, əla! – Vidadi cavab verdi.

– Doğurdan deyirsən?

– Bəli.

– Əgər doğrudan deyirsənsə, onda de görüm nəyi əladı?

Vidadi dimdiyindən tora düşüb qəfil ilişsə də dartınıb qırıldı:

– Orası əladı ki, “İshaq ibn İbrahim əbu Tahir Günətay Xanzad” söz birləşməsində sizin nəslin real mənzərəsi var, məncə bu gendən çağırır.

– Əla! Halaldı sənə, Vidadi, süz!

İshaq müəllim xasiyyətcə deyəsən bir az da məişəti etibarilə tənha adam idi. Vidadi də, başında böyük bir dəstə olmasına baxmayaraq, bütün dilavərliyi ilə dərviş həyatına çox meyilli idi, belə də yaşayırdı. Birinin o boyda vəzifə və şəxsiyyət səlahiyyətləri vardı, digərinin isə ürəyindən, ürək dolusu yumorundan başqa heç nəyi yox idi. Belə baxanda onların ikisi də zəngin adamlardı; ancaq birində olan o birisində, o birində olan isə bu birisində yox idi. Bu baxımdan onların bir yerdə olması, ağlı başında, vicdanı yerində olan bəndələrin, xüsusilə Allahın nəzərində – o qədər vacib, xoşagələn idi ki, hətta Vidadi Məmmədovun özü də bunu ürəkdolusu izah eləyə bilməzdi, – imanım Allah amanatı, bəlkə də yanılıram və bu yerdə yanlış naxış olmayacaq haaa!..

İshaq müəllim bu dəfə badəni də, sözü də aldı ələ:

– Allah Məhəmməd Füzuliyə də, Dimaya da – Dmitri Mendeleyevi deyirəm, rəhmət eləsin.

– Mendeleyevin bura nə dəxli var? – Vidadi bir az bozardı.

– Ay kimyəvi müstər, – gülə-gülə dedi, – bəs bunu stolumuza kim göndərib? Əynullah göndərib? Səhvin var, bunu bizə Mendeleyev göndərib. Mendeleyev Əynullaha deyib ki, İshaq ibn İbrahim əbu Tahir Günatay Xanzad gələndə onlara araq göndər.

– İshaq müəllim, siz dəryasınız bu dəryanın kənarında... – Vidadi özünü sözdən atdı.

– Qulaq as, Vidoş. Bu badələri Eynullahın sağlığına içək. Bu kişi çox zəhmətkeş adamdı, etibarlıdı, səmimidi, nə eləyirsə, ürəkdən eləyir. Bayaq o, uşaq kimi bizim qabağımıza yüyürəndə hamımızdan böyük idi. Böyüklük nə məqama, nə də imkana baxır – böyük elə böyükdü – Əynullah kimi... Onun sağlığına!

İshaq müəllim deyəndən sonra biz neyləməliydik ki? Onun təklifini canla-başla icra etdik. Eynullahın üzündə “icraçılara” qarşı minnətdarlıq, məmnunluq hissi açıq-aşkar zuhr elədi. Bu, İshaq müəllimin də nəzərindən yayınmadı və o, dostunu bir az da xoşbəxt eləmək qərarına gəlib dedi:

– Vidoş, o doxdur Sabirlə olan əhvalatı Əynullaha danış, qoy keyfi durulsun.

– İshaq müəllim, doxdur Sabirnən bağlı gündə beş-on əhvalat olur... hansını deyirsiniz?

– Lap axırıncını...

–Kaha məsələsini?

– Hə...

Vidadi əvvəlcə Əynullahı süzdü, sonra da İshaq müəllimə baxdı, yəni ki, bunun yanında elə söhbət eləmək olar? Və İshaq müəllim Vidadini oxumuşdu:

– De gəlsin... bunlar da qumar oynayandılar.

Vidadi ürəkləndi:

– Deməli, Əynullah kişi, bizim bir dostumuz var, sizin kimilərin qənimidi, milçək həkimidi...

– Tanıyıram, – Əynullah Vidadinin sözünü kəsdi, – bir-iki dəfə bura da gəlib, şer də yazır, eynək də taxır, Sabir...

Vidadi doxdur Sabirin peşə ərazisini günü-gündən genişləndirməyinə heyran qalsa da özünü cəmləyib dəvam elədi:

– Yaxın uşaqlardı də hamısı. Bunun evində yığışıb oynayırıq. Bu uduzdu. Həmişə də cibimə pul qoyub. Gəldi ki, bir iyirmi beşlik ver nəm də oynayım. Qabağımda da pul bax, belə qalaqlanıb. Hə... Dedim pul yoxdu. Doxdur qayıtdı ki, heç olmasa bir az pul ver özümə diş saldırım. Əl saxlayıb dedim ağzını aç. Açdı. Diqqətlə ağzına baxıb dedim: əəə, bu ağız dəyil ee, qaranlıq kahadı. Dedim doxdur, dədəyin goru haqqı diş yox, bəlkə ora bir işıq çəkdirdim...

Birinci dəfə eşidirmiş kimi İshaq müəllimin şaqraq qəhqəhəsi dalğalandı, Əynullah da qoşuldu ona.

– Ay İshaq müəllim, Allah canuvuzu saxlasın, bu Vidadi lap aləmdüki... – Əynulla gülüb qurtaran kimi dedi, – bunu tez-tez getürün gəlin...

– Kefdəsən ee... elə bilirsən bunu tapmaq asan məsələdi... Adam ya işdə olar, ya da evdə... Ancaq bu, nə işşdə tapılandı, nə də evdə. – İshaq müəllim çönüb Vidadiyə baxdı, – bəri bax, sənin o məktəbinə Əynullah yarıyar? Oynayan əli də var...

– Yarıyardı... qırx il bundan əvvəl, bir balaca gecikib.

– Başa düşdüm, – İshaq müəllim əlüstü razılaşdı, sonra Əynullaha tərəf çöndü, – bəri bax, Əynullah, sən adının mənasını bilirsən?

– Hardan? Axı mən oxumamışam...

İshaq müəllim yerində qurcalanıb rahatlanandan sonra öz üstünlüyünü dostuna nümayiş elətdirirmiş kimi dedi:

– Əynullah... Əyn, ərəbcə göz deməkdi, ullah da Allah; yəni Allahın gözü...

– Heç bilmirdim. – Elə bil vaxtında təhsil almadığına görə indi peşimançılıq keçirib bikeflədi.

İshaq müəllim bir də təkrar elədi:

Əynullah... Allahın gözü!

Mən özümdən asılı olmayaraq onun üzünə diqqətlə baxanda gördüm ki, Əynullahın gözü çəpdi...

 

 

Seyran SƏXAVƏT

 

525-ci qəzet.- 2011.- 17 sentyabr.- S.26-27.