Ağdamın
“Şur” ansamblının ifasının Bakıda
nümayişi böyük
rəğbətlə qarşılanıb
BUNUNLA
BAĞLI KEÇİRİLƏN MƏRASİMİN
İŞTİRAKÇILARI MƏŞHUR ANSAMBLIN BƏRPASINI
RAYON RƏHBƏRLİYİNİN NƏCİB TƏŞƏBBÜSÜ
KİMİ YÜKSƏK QİYMƏTLƏNDİRİBLƏR
Son zamanlar Ağdam rayonunun ictimai-mədəni
həyatında bir sıra mühüm tədbirlər həyata
keçirilib. Bu tədbirlər bölgə rəhbərliyinin,
şəxsən Ağdam Rayon İcra Hakimiyyətinin
başçısı Nizami Sadıqovun şəxsi təşəbbüsü
və rəhbərliyilə gerçəkləşdirilib. Belə
sevindirici tədbirlərdən biri də budur ki, vaxtilə
Ağdamı, demək olar ki, bütün dövlət səviyyəli
tədbirlərdə, möhtəşəm konsertlərdə,
hətta Sovet dövründə Kremlin Qurultaylar Sarayında
uğurla təmsil edən, lakin uzun illərdən bəri diqqətsizlikdən
fəaliyyətinə ara verməli olan Ağdamın məşhur
“Şur” ansamblı yenidən bərpa olunaraq, səhnəyə
qayıdıb. Qeyd edək ki, bir vaxtlar bu ansamblın təşkilində
o dövrün fəal musiqi xadimi Xosrov Fərəcovun
özünəməxsus rolu olub.
Rayon rəhbərliyinin diqqəti və
qayğısı sayəsində yenidən səhnəyə
vəsiqə alan “Şur” ansamblı artıq ilk
çıxışlarını edib və böyük
maraqla, dinləyicilərin rəğbətilə
qarşılanıb.
Bugünlərdə
ağdamlıların Bakı şəhərində ən çox toplaşdıqları məkan kimi tanınan “Dostluq”
kinoteatrının qarşısında, açıq havada quraşdırılmış audio-video avadanlıqlar vasitəsilə “Şur” ansamblının yeni
tərkibdə, yüksək səviyyədə ifa etdiyi
“Bayatı-Şiraz” muğamının nümayişi
təntənəli mərasimə, izdihamlı tədbirə çevrildi. Tədbirə toplaşan
ağdamlılar və eləcə də digər rayonlardan olan
çoxsaylı qaçqın və köçkünlər
“Şur”un
ifasını böyük sevinc
içində gur alqışlarla
mükafatlandırdılar. Yüksək təşkilatçılıqla
həyata keçirilən bu tədbirə
– “Şur”un yeni tərkibdə
çıxışının nümayişinə görə
bütün təşkilatçılara
və xüsusilə Ağdam Rayon İcra Hakimiyyətinə
mərasimdəki hər kəs öz dərin
minnətdarlığını ünvanladı.
“Dostluq” kinoteatrının qarşısında
“Şur” ansamblının ifasının nümayişinin yüksək səviyyədə,
yaradıcı və zövqlü bir formada təşkilinin
nəticəsi idi ki,
tədbirə ailəvi şəkildə qatılan, oraya hətta uşaqları, öz
nəvələrini gətirən ağdamlılar da
vardı. Qeyd edim ki, bu işdə, bilavasitə
təşkilatçı kimi ölkənin
tanınmış telejurnalistlərindən olan
Fəxrəddin Hacıbəylinin və Ağdam
Rayon İcra Hakimiyyətinin
Bakı şəhəri üzrə qərargahının əməyi
olduqca təqdirəlayiqdir. Ansamblın
ifasına, rayon rəhbərliyinin fəaliyyətinə
rəğbətlə yanaşan mərasim
iştirakçıları dövlət
başçısının rəhbərliyi, onun
yürütdüyü məqsədyönlü
siyasət nəticəsində tezliklə “Şur”
kollektivinin ifasının Cıdır
düzündə də səslənəcəyinə dərin
inamlarını ifadə ediblər.
Tariyel EYVAZOV
525-ci
qəzet.- 2011.- 17 sentyabr.- S.17.