Filosof rakursu

 

Gecənin zil qaranlığında biz uzaq göylərdə sayrışan saysız-hesabsız ulduzlara baxırıq... Sanki Ulu Tanrı heç nəyi gizlətməmiş, yaratdıqlarını öz qullarınıninsanların gözləri önündə sərgiləmişdir. Təəssüf ki, gördüklərimizin hamısını dərk etmək imkanından məhrumuq, gördüklərimizi ağlımızın gücünə güvənərək şərh edə bilmirik...

Tanınmış şərqşünas alim, filosof professor Rafiq Əliyevin son illərdə işıq üzü görmüş fəlsəfi baxışları ilə tanış olanda mənə elə gəldi ki, biz Yerdə maddi varlığın dəqiq, dürüst mahiyyətlərini dərk etməkdə ciddi çətinliklərlə üzləşməli oluruq. Səmadakıları anlamaq qismən olsa öyrənmək üçün modern teleskoplara ehtiyac olduğu kimi, Yerdəki olayların mahiyyətinə varmaq üçünsə bəsirət gözümüzü açacaq filosof şərhinə, hadisələrə filosof pakursundan aydınlıq gətirənlərə ehtiyac duyulur.

Mürəkkəb fikirləri sadə dillə yazıb izah etməkdə özünə məxsus üslub tərzi olan istedadlı alim-filosofun bu il çapdan çıxmışVarlığın gizlincləri” (“V taynikax bıtiə”) Yoxsulluq, diktatura, ədalətsizlik” (“Bednostğ, diktatura, nespravedlivostğ”) kitablarındakı fəlsəfi traktatların bir çoxu son illər “525-ci qəzetExoqəzetlərində ardıcıl olaraq nəşr edilib, oxucular tərəfindən maraqla qarşılanıb. Bəri başdan onu vurğulamaq istərdim ki, bu traktatların əsas məziyyəti əksər filosoflarımız kimi mövzunun yazılmış əsərlərdən, vaxtsa söylənilmiş fikirlərdən deyil, müəllifin şəxsi müşahidələri nəticəsində həyatın, varlığın özündən, yaşadığımız cəmiyyətin içindən götürməsidir. Bu, müəllifin daxili aləmini açıqlayan fəlsəfi baxışlar toplusudur. ƏslindəVarlığın gizlincləri”ndə təsvir edilən həyat səhnələri hamının gözü qarşısındadır. Hamı onları müşahidə edir, amma, obrazlı desək, görmür. Hamı onları duyub eşidir, amma anlayıb qavramır, mənalandırmır. R. Əliyev isə publisist-filosof kimi ətraf aləmin gizlinclərindəki müəyyənsirlərigörür, duyur, qavrayaraq oxuculara təqdim edir.

Kitab 4 bölümdən ibarətdir: “Həyat sevgi haqqında hekayələr”, “Varlığın fəlsəfəsi”, “Din dindarlıq”, “Avropa qeyriləri”... Adlarından göründüyü kimi varlığımızın əsas sahələrini əhatə edən bu fəsillərdə verilmiş şərhlər, müəllif mövqeyi çoxqranlı həyata çeşidli rakurslardan baxışdır. Hər traktatın epiqrafı var, bunların bir qismi müəllifin özünündür, digərləri isə müqəddəs kitablardan, hadisələrdən, dünyanın görkəmli şəxsiyyətlərinin dediklərindən götürülüb. Bu epiqraflar oxuculara haqqında söhbət ediləcək mövzunu daha asan başa düşməkdə yardımçı rolunu oynayır.

Sevgi ağılın hakimiyyətini qəbul etmirtraktatında sevginin insana ağıl şüurdan öncə göylər tərəfindən hələ ana bətnində verildiyindən, digər hekayətdə Qurani Kərimə əsaslanaraq insanın ailə qurmaqla Yerdəki dini missiyasının yarısını yerinə yetirdiyindən, hələ kamilliyə çatmadığı üçün ideal insanın yoxluğundan, buna baxmayaraq bəşər övladlarının bir-birilərini sevməli olduqlarından, ailə üzvlərivalideyn-övlad arasındakı sevgidən ziddiyyətlə bəhs edir.

Bəzi traktatların (“Uşaqlığa qayıdış”, “İstedad kimə, necə niyə verilir”) mövzularınıntələbiilə müəllif onları nəzmlə yazmışdır həqiqətənXoşbəxtlik fərdidir, İki nəfərə biri bəs etməz”, “Öz emosiyalarının əsirihekayətlərində optimizm pessimizmi üstələyir, insanları sevib sevilməyə, həyatı olduğu kimi bütün müxtəliflikləri ilə bərabər qəbul edib, yaşamağa çağırır.

“Varlığın fəlsəfəsi” adlandırılan 2-ci bölümdəki traktatlar təbiətə, cəmiyyətə və siyasətə həsr edilib. “Şübhələnmək hüququ – təbiətin mükafatıdır” traktatında müəllif “Şübhə – idrak səltənətinin qapısını döyməkdir” epiqrafını götürməklə bəşəriyyətə məlum olan bir çox tarixi, dini hadisələrə məntiqlə, aydın başla başqa səmtdən, başqa rakursdan, sırf müəllif rakursundan baxır. O, qurbanlıq kəsilməsi haqqında mövcud qaydalar, rəvayətlər barədə fikirlərini açıq şəkildə oxucularla bölüşür: “Mənim məntiqim mövcud tarixidini məlumatlara söykənsə də məni sevindirici nəticələrə gətirmir. Çünki onlar dünyanın dərk olunması stereotipləri ilə üz-üzə gəlir. Bu pessimizmə səbəb bir çox amillərin ortaya çıxmasıdır. Mən oxucularımla həmin şübhələrimi və onları doğuran səbəb və nəticələri, sübutları bölüşməyə çalışacağam” deyən müəllif heç də sadə olmayan sözügedən bir məsələdən – min illərdir mövcud olan qurban kəsilməsi ənənəsindən danışaraq öz-özündən də, oxucudan da soruşur: “Doğrudanmı Allah-təala İbrahimdən Ona sadiqliyinin nişanı kimi oğlu İsmayılı qurban kəsməyi tələb edir? İstər-istəməz insan idrakı sual edir: Mümkündürmü ki, belə bir zalım sınaq Xaliqin özündən gəlsin? Əgər İbrahim Allahın ondan tələb etdiyi kimi hərəkət etməsəydi, onu gələcəkdə nə gözləyərdi?.. Niyə İbrahim peyğəmbər oğlu İsmayılı anası Həcərlə birlikdə ilə Ərəbistan səhrasında susuz və yeməksiz qoyub getdi?...”

Müəllifin cəsarətlə və özünə əminliklə qoyduğu sualların cavabı dərin zəka, məntiq və mümkünlüyün son həddinə qədər getməyi tələb edir. Ümumiyyətlə onun yazılarını oxuyarkən müəllifi həqiqətə çatmaq üçün nazik ipya kəsən bıçağın üstü ilə irəliləməyinin şahidi oluronunla bir yerdə mənzilin sonuna çatıb rahat nəfəs alırsan. Bu hekayətlər təkcə oxumaq, könül xoşluğu üçün deyil, ağılın istirahəti üçün yazılanlara bənzəyir, insanı düşünməyə məcbur edir, oxucunu müəllifin yaratdığı mühitdə saxlayır.

İstər bu fəsildəki “Siyasi hərəmxanada yer azdır”, “ Hakimiyyət və İdeya: hansı vacibdir?”, “Mənəviyyatın sərhəddi” və s. traktatlarında, istərsə də “Ruhaniyyət və din” adlandırdığı 3-cü bölümdə “İnsan Allahdan nə istəyir?”, “Dinin milli modeli”, “Bir daha çadrademokratiya haqqında”, “Fərdilik – eqoizmin tərkib hissəsidir”, “Qəbrəstanlıq nədir?”, “Şeytanın qarşısından geri çəkilməyin”, “İnaminsan varlığının bir hissəsidir”. Hekayətlərdə, adlarından göründüyü kimi, müəllif dini həyatımızın müxtəlif sahələrinə filosof kimi bəsirət işığı salır, insanlara oxuduqlarına, eşidib gördüklərinə ağılın və hikmətin gözü ilə baxmağı məsləhət görür.

Kitabdakı “Avropa və başqaları” adlandırılan sonuncu fəsildə müəllif müasir dövrümüzdə dünyada baş verən siyasi, maliyyə hərbi olaylara, (mən deyərdim ki, oyunlara) baxışlarını ifadə etmək üçün pamflet janrından istifadə edib, çünki siyasi motivləri, kinayələri, bəzən sarkazm tələb edən münasibətləri bu janrda bildirmək daha münasibdir. Başqa cür desək, bu janr elə siyasi mövzular üçün yaradılıb. “İdeologiyasızlaşdırma və müasirlik”, “Kapitalizmsosiyalizm: orta hədd varmı?”, “Avropanın indiki statusu”, “Avropanı Kim xilas edəcək?” və digər pamflet-traktatlarda R. Əliyev bugünkü dünyanın siyasi mənzərəsini geniş oxucu kütləsinin başa düşəcəyi dildə uğurla təsvir edib.

Oxucular və mütəxəssislər tərəfindən qəbul edilən filosofun bu il nəşr olunmuşYoxsulluq, diktatura, ədalətsizlik” adlı ikinci kitabı məndə belə bir təsəvvür yaratdı ki, bu yuxarıda bəhs etdiyimiz kitabın sonuncu fəslinin davamıdır. Pamflet janrından tez-tez istifadə edilmiş 27 yazı ölkəmizdən, qonşu ölkələrdən, Əfqanıstan, İraq, Liviyadan tutmuş Avropaya, ABŞ-a qədər bütün dünyanı əhatə edir.

Kitabın adı ilə başlanan traktatda müəllif cəmiyyətdə, dövlət işlərində insanlara qarşı ədalətsizliyi yoxsulluqdiktaturadan daha dəhşətli sayır və məhz bu amilin həmişə inqilabi partlayışlara səbəb olduğunu göstərir. “Avropanı kim xilas edəcək?” başlıqlı yazısında müəllif son illər dərin iqtisadı, maliyyə, sosial böhrana düşmüş Avropanın mənəvi-etik dalana dirənməsinin faciəvi sonluqla bitəcəyini ehtimal edir... Avropa ölkələrində son 20 ildə davam edən ağır iqtisadi durum əhalini hərəkətə gətirib, onları ayağa qaldırıb. Yunanıstan, Portuqaliya, hətta Fransada da ötən ilin ortalarından başlamış siyasi hakimiyyətdən, mövcud idarəetmədən çoxsaylı narazılıq mitinqləri bu il gözlənilmədən ərəb-afrika ölkələrinə keçdi... (Müəllif bunu birbaşa deməsə də, oxucu bu sözükeçirildikimibaşa düşür) Tunisdə, Misirdə, Liviyada baş vermiş acınacaqlı halda cərəyan edən qanlı-qadalı hadısələr hamıya məlumdur. Rafiq Əliyev bu hadisələrə başqa yüksəklikdən baxaraq fikir söyləyir, gələcək Avropa-Şərq münasibətlərinin yeni şəkildə, digər, bu günədək məlum olmayan müstəvidə qurulacağı barəsində öz proqnozlarını verir, bu mövzudan “Şərq və Qərb düşüncəsində bənzərlik və ziddiyyətlər”, “Şərq-Qərb: qarşılıqlı münasibətlərin qlobal perspektivləri” traktatlarında daha geniş bəhs edir. Andres Qrossun axtarışı davam edir”, “NATO “müdriklərinin” şurası”, “ABŞ Konqresində diskriminasiya”, “Demokratiya virusu diktatura əleyhinə” kimi pamfletlərində müəllif qərb dövlətlərinin islam şərqi ölkələrinə qarşı münasibətlərinin ikili standartlarla əsaslandığını və özəl maraqların təminatı kimi əsaslandırıb kəskin surətdə tənqid edir.

Müəllif Avropa İttifaqının ideya bazasını şərh edərək deyir ki, “bu sosial model əslində sosializmkapitalizm arasında olan üçüncü modeldir”. O, bu modelin yaranması səbəblərinin tarixinibu günkü acınacaqlı vəziyyəti faktlarla şərh edir və hətta Avropada bu yaxınlarda sosial partlayışın qaçılmazlığını proqnoz etməkdən də çəkinmir.

Son iyirmi ildə nəşr edilmiş çoxsaylı kitablar içərisində bənzəri olmayan bu əsərlərə bəzi mülahizələrim vardır. Belə ki, bir sıra həyati məsələlərdə xalqımıza həm yaxın, həm də uzaq olan, istər bölgədə, istərsə də dünya siyasətində söz sahibliyini hələ itirməmiş Rusiyanın dünya siyasətindəki rolundan az danışılıb, hədəfin yalnız Avropa olduğu özünü büruzə verir.

Bütün hallarda bu gün ədalət tərəzisinin pərsəngi pozulub, siyasi tufanların, qanlı müharibələrin dolaşdığı dünyamızda baş verən olayları düzgün başa düşüb qiymətləndirmək, doğru yol seçmək üçün sözügedən kitablar vaxtında yazılıb və bunların davamına böyük ehtiyac var. Ümidvarıq ki, professor dostumuz R.Əliyev daima onun yazılarını izləyən oxucularını intizarda qoymayacaq.

 

 

Fazil GÜNEY (ABBASOV)

əməkdar jurnalist, fəlsəfə doktoru

 

525-ci qəzet.- 2011.- 21 iyul.- S.7.