Mətbuatımızda televiziya tənqidi: peşəkarlıq zəif, ixtisaslaşma yox səviyyəsində

 

Azərbaycan mətbuatında tənqid dedikdə, əsasən, ədəbi tənqid və siyasi aləmdə olan atmacalar, siyasi analitiklərin fikirləri nəzərdə tutulur. Peşəkar jurnalistikada isə tənqid fakta, reallığa söykənən, tənqid olunan obyektin, hadisənin və ya şəxsin qərəzsiz, dolğun mənzərəsini yaratmaqdır. Tənqid sağlam fikrə əsaslanmalı, şayiələr əsasında qurulmamalı, etik normalar daxilində olmalı, şəxsi səviyyəyə düşməməli, təhqirə keçməməlidir. Tənqid təkcə mənfi cəhətləri qabartmaqla bitməməli, həm də xoşagələn, fərqləndirən tərəfləri göstərib, oxucunun müzakirəsinə verməlidir. Ədəbi tənqid daha çox ədəbiyyatçıların səlahiyyətində olduğu üçün bu yazıda bilavasitə jurnalistikaya aidiyyəti olan sahədən mətbuatda televiziya tənqidindən danışılacaq.

Müstəqilliyin ilk dövrlərində mətbuatda televiziya tənqidi haqqında yazılara tələbat yox idi. Çünki dövr bunu mətbuatdan tələb etmirdi. O vaxt televiziya sadəcə təbliğat rolunu oynayırdı və mətbuat da avtoritarizmdən müstəqilliyə yeni addımlarını atmağı öyrənirdi. Televiziyanın o vaxtkı tənqidi nəzəriyyəsini isə Dövlət televiziyasının rəhbəri Elşad Quliyev yazmışdı. Həm televiziya, həm də mətbuat inkişaf etdikcə qarşılıqlı əlaqələr artmağa başladı. Özəl televiziyaların yeni meylləri mətbuatda tənqid olunmaqla televiziyaların əslində ideologiyadan uzaqlaşdığını göstərməyə çalışırdılar! Amma tənqid formasını getdikcə itirməyə başladı, qərəzli və təhqir halını almış tənqidlər yaranmağa başladı. Qəzetlərdə telesəhifələr yaransa da, məzmun cəhətdən peşəkar tənqidə aid olmayan yazılar meydana gəldi. Jurnalistlər televiziyanı peşəkar cəhətdən, “şapka”sından son titrlərinə kimi deyil, siyasi cəhətdən tənqid etməyə çalışdılar. Bütün verilişləri siyasətə, söz azadlığına bağlamağa çalışdılar. əslində isə hər bir verilişin və televiziyanın əsl qiymətini mətbuat, peşəkar tənqidçilər verməklə oxucu-seyrçi üçün yeni baxış bucağı müəyyənləşdirmiş olurlar!

Təəssüflər olsun ki, mətbu orqanlarda televiziya tənqidi kimi vacib mövzulardan biri yox səviyyəsindədir. Mətbuatın bu sahəyə bu qədər qeyri-peşəkar yanaşmasının səbəblərindən biri bu mövzuda olan yazılar əsasən jurnalistikada olmayan, televiziyaya qarşı mənfi münasibət bəsləyən oxucuların yazmasıdır. Hətta bu belə olmasa da, yazıların çoxu oxucu məktublarına bənzəyir. Tənqidlərin tutarlı olmaması, öz şəxsi mövqelərini peşəkarlıqdan üstün tutan qəzetlər və jurnalistlər televiziya terminləri, vizual effektlər və aparıcı mədəniyyəti haqqında məlumatları olmadan bu mövzunu çözməyə çalışırlar. Bəzi yazılar isə ümumiyyətlə gülünc vəziyyətdədir. Jarqonlar, dialektlər vasitəsilə televiziya işi guya şərh edilir.

Hər bir televiziya öz haqqında mətbuatda çap edilən yazılardan xəbərdar olur. Və orda göstərilən nöqsanları aradan qaldırmağa çalışır, bu da tənqidin nəticəsi kimi çox gözəl nümunəyə çevrilir. Ancaq bu nümunələr haqqında danışsaq barmaqla sayılası qədər elə yazılara rast gəlmək mümkündür. Televiziyanın proqram siyasəti, rejissor və aparıcı problemləri, dekorasiya və tərtibat, mövzuların aktual olub-olmaması kimi müzakirə tənqid ediləsi o qədər nüans olsa da, jurnalistlər bu sadaladıqlarım haqqında yazmağa çəkinirlər. Televiziya tənqidinin ən yaxşı nümunələrini yaradan Aydın Talıbzadə, İradə Tuncay, Sevda Sultanlı kimi müəlliflər bu sahə haqqında peşəkar yazmağın mümkünlüyünü təsdiqləyiblər.

Bu mövzuda ən çox müzakirə olunan yazılardan biri isə akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində çap olunan məqaləsidir ki, nəticəsi olaraq, televiziyalarda köklü surətdə dəyişikliklər üçün addımlar atıldı. Bu məqalədən sonra mətbuatda televiziya mövzusunda yazıların sayı çoxaldı. Lakin təkrarçılıq və siyasi prinsiplərin kənara atılmaması bütün yazıların effektini azaldırdı.

Televiziya tənqidinin formalaşdırılması üçün mətbuatla televiziya qarşılıqlı şəkildə işləməlidir. Yeni layihələr qəzetlərdə, jurnallarda müzakirəyə çıxarılmalıdır. Televiziya jurnalı kimi ixtisaslaşmış “TV plyus” jurnalı AzTV-nin olsa da, jurnaldakı materiallar, dünya televiziyası haqqında məlumatlar, Azərbaycan televiziyasının yeni layihələrindən, analitik yazılar, reytinq göstəriciləri maraqsız sayıla bilməz.

Ümumiyyətlə tənqidin mətbuatda düzgün təqdim edilməməsi, təhqir-lağ-tənqid sərhədlərinin itməsi və başqa bu cür səbəblər bəzi yazıların, hətta qəzetlərin ”bulvar” səviyyəsi alması ilə nəticələnib. Tənqid əslində həqiqətlərin, yaxşının yaxşı, pisin pis deyilməsi kimi xarakterizə edilməlidir.

Bu problem mətbuatda ixtisaslaşmanın olmadığına, hər kəsin hər nədən yazmaq istəyinin olmasına sübutdur. Eləcə də mili mətbuatda elə mövzular var ki, onlar haqqında doğru düzgün araşdırmalar, tənqidi materiallar yoxdur. İxtisaslaşmanın aparılması üçün jurnalistlərə təkcə ümumi yox, həm də konkret mövzularda təlimlər keçirilməlidir. Bundan əlavə, jurnalist yazacağı mövzu haqqında yetərincə materiallarla tanış olmalıdır. Amma mətbuatımızın problemlərindən biri də, konkret mövzu haqqında yazan jurnalistin sadəcə öz bilikləri ilə kifayətlənməsidir. Və yaxud siyasi tənqidlər əksər qəzetlərdə qarşı tərəfin şəxsi həyatı üzərində qurulur və yaxud yazıda adı çəkilən şəxslər haqqında məlumatlar, hadisələr şayiələrə əsaslanır.

Mətbuatın oxucu tərəfindən daha çox sevilməsi, hər qəzetin öz oxucusunu ələ ala bilməsi qəzetin əsas sütunlarından sayılan tənqidi yazıların həqiqətə, reallığa uyğun olmasından asılıdır.

 

 

Pərviz SADIQOV

 

525-ci qəzet.- 2011.- 21 sentyabr.- S.6.