Bu kifayət qədər zəruri və əhəmiyyətli sənəddir”

 

OSMAN GÜNDÜZ: “BURADA KORRUPSİYAYA ŞƏRAİT YARADAN HALLARIN ARADAN QALDIRILMASI NƏZƏRDƏ TUTULUR”

 

Bir neçə ay öncə dövlət başçısı tərəfindən elektron xidmətlərin təşkili ilə bağlı fərman imzalandı. Elektron hökumətin formalaşdırılması istiqamətində atılan bu addımla bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə söhbətləşdik.

– Bu fərman kifayət qədər zəruri və əhəmiyyətli sənəddir. Bu, elektron hökumətin formalaşması istiqamətində atılan növbəti addımlardan biridir. Həmçinin bu sənəddə vətəndaşların və biznesin dövlət qurumları ilə münasibətlərini asanlaşdırmaq istiqaməti götürülüb. Bununla da ölkədə modern və çevik dövlət idarəetməsinin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması nəzərdə tutulur.

– İndiki halda ölkədə Elektron hökumət quruculuğu sahəsində situasiya necədir? Dövlət qurumları elektron xidmətlər göstərməyə hazırdırlarmı?

– Buna birmənalı cavab vermək çətindir. Biz artıq 5-6 ildir ki, konkret bu istiqamətdə monitorinqlər aparır, beynəlxalq təcrübəni öyrənirik. Ölkədə bu sahədə diqqət çəkən məqam odur ki, müəyyən işlər görülsə də, dövlət qurumları arasında rəqəmsal fərq çox dərindir. Dövlət qurumu var ki, informasiyalaşma sahəsində yüksək səviyyədə işlər görülür, az sayda olsa da, elektron xidmətlər tətbiq olunur. Amma elə dövlət orqanı var ki, orada İKT-nin tətbiqi çox zəifdir, onların nəinki saytı, heç düz əməlli emaili də yoxdur. Ümumiyyətlə isə ölkədə cəmi bir neçə nazirlik tərəfindən göstərilən təxminən 8-10 normal xidmət var ki, elektron formada təqdim olunur.

Müşahidələr göstərir ki bu istiqamətdə ciddi narahatçılıq üçün əsaslar var. Heç kimə sirr deyil ki real dünyamızda xidmətlərin göstərilməsi ilə bağlı həm də bürokratik əngəllər və süründürməçilik var. Ən qorxulusu odur ki, bir cür bürokratik sistem yenidən tam olaraq elektron formaya keçirilsin. Halbuki qabaqcadan əgər belə hallar varsa da xidmətin göstərilməsi prosesi optimallaşdırılmalıdır.

– Narahatçılıq doğuran hansı məqamlar mövcuddur?

– Elektron hökumətin formalaşması istiqamətində konseptual bir yanaşma görünmür. Diqqət yetirsək görərik ki, hətta 2005-2008-ci illərlə bağlı Elektron Azərbaycan proqramının yekununda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi elan edib ki, elektron formada göstəriləcək xidmətlərin siyahısı hazırdır. Amma adı çəkilən Fərman çıxandan sonra nazirlik yenidən digər qurumlardan elektron xidmətlərin Siyahılarını toplamağa başladı. Ümumiyyətlə, bu formada Siyahıların toplanması özü bir anlaşılmaz prosesdir. Sanki statistik bir məlumatlar toplanır. Fikrimcə, elektron formada göstərilməli olan xidmətlərin bu formada hazırlanması yolverilməzdir. Bununla bağlı konkret prinsiplər müəyyən olunmalıdır. Ən azından Elektron hökumətin formalaşması, elektron xidmətlərin təşkili istiqamətində ciddi hüquqi-təşkilatı addımlar atılmalıdır.

– Elektron xidmətlər hansı formada müəyyən olunmalıdır?

– İlk öncə elektron hökumətin formalaşması ilə bağlı konseptual bir sənədin hazırlanması zəruridir. Prioritetlər, prinsiplər, keçid müddəalar məhz bu tip sənədlərdə nəzərdə tutulur. Belə bir sənədin yoxluğunun nəticəsidir ki, əslində Nazirliklər bilmir ki, bu gün hansı xidmətləri Texnologiyaları Nazirliyinə versinlər. Sabah hansını verməlidirlər. Dövlət xidmətlərinin elektron formaya keçirilməsi ilə bağlı konkret keçid Planı qəbul edilməliydi. Hər bir xidmətin elektron formada göstərilməsi məqsədilə dövlət qurumları tərəfindən Reqlamentlər hazırlanmalıdır Bütün bunların nümunələrini isə hökumət qəbul etməlidir. Ümumiyyətlə bütün xidmətlərin inventarizasiyası aparılmalıydı. Sonra isə bu xidmətlərdən hansıların kütləvi olması və sosial əhəmiyyət kəsb etməsi müəyyən olunmalıydı. Onlardan prioritet olanlar ilk növbədə elektron formaya keçirilməsi nəzərdə tutulmalıydı. Bu müxtəlif mərhələlər tələb edən bir prosesdir.

– Osman müəllim, siz kütləvi və sosial əhəmiyyət kəsb edən xidmətlər dedikdə nəyi nəzərdə tutursunuz?

– Kütləvi xidmət odur ki, il ərzində konkret bu xidmətlə bağlı dövlət orqanına neçə nəfər müraciət edib, nə qədər insan bu xidməti almaq hüququna malikdir. Əgər bu göstəricilər nə qədər yüksəkdirsə o qədər də onun növbəti mərhələlərdə elektron formaya keçirilməsi daha məqsədəuyğundur. Sosial əhəmiyyətlilik isə odur ki, bu xidmət nə dərəcədə vacibdir, vətəndaşların hansı vacib sosial ehtiyacların ödənilməsinə yönəlib. Bütün bunlar isə adi siyahı toplamaqla yox ciddi sosioloji araşdırmalarla, təhlillərlə müəyyən olunmalıdır.

– Elektron xidmətlərin göstərilməsi üçün dövlət qurumlarının informasiyalaşmasındakı özünəməxsusluq nə dərəcədə əhəmiyyət kəsb edir?

– Bu bəlkə də elektron hökumətin formalaşmasında bir nömrəli əhəmiyyət kəsb edən məsələdir. Əgər siz hansısa xidməti almaq istərkən bununla bağlı başqa bir qurumdan hər hansı bir arayış da lazımdırsa və bu arayışı sizə xidmət verən dövlət qurumu özü elektron formada oradan əldə edə bilmirsə, onda bunun adı Elektron hökumət olmur. Əslində hökumət tərəfindən qarşılıqlı münasibətlərin vahid bir Yüzlərlə xidmət var ki, bunlar idarələr arası qarşılıqlı əlaqəni tələb edir. Bir dövlət qurumunda olan informasiyanın digər dövlət qurumu tərəfindən əldə edilməsində ciddi problemlər yaşanır. Dövlət qurumlarının qərar qəbul etməsi prosesini ləngidir. Bu isə vaxt itkisi, əlavə xərclər, bir-birini təkrarlayan sistemlərin yaradılması, büdcədən əlavə xərclərin ayrılması deməkdir.

– Bölgələrdə olan vətəndaşların yerli orqanlardan elektron formada xidmət alması sahəsində durum necədir?

– Adı çəkilən Fərmanda hələlik yalnız Mərkəzi icra orqanları tərəfindən göstərilən xidmətlərdən söhbət gedir. Fikrimcə, elektron hökumətin regionlar infrastrukturu da formalaşdırılmalıdır. Bələdiyyələrdə ümumiyyətlə informasiyalaşma səviyyəsi hədsiz dərəcədə aşağıdır. Dövlət qurumları ilə onlar arasında kəskin rəqəmsal bərabərsizlik yaranıb. Elektron bələdiyyə ilə bağlı ayrıca dövlət proqramının qəbuluna çox ciddi ehtiyac vardır.

– Vətəndaş cəmiyyəti Elektron hökumət quruculuğunda iştirak edirmi, prosesin özü nə dərəcədə şəffafdır ?

– Artıq biz son bir neçə ildə dəfələrlə bildirmişik ki, Vətəndaş cəmiyyətinin elektron hökumətin formalaşması, informasiyalaşma prosesində yaxından iştirakı xeyli məhdudlaşıb. Heç bir praktikada rast gəlinməyən hal odur ki, əslində elektron formada, internet üzərində olan bir sistem qurulmasına səy göstərilir. Amma bu prosesin özü ilə bağlı informasiya almaq mümkünsüzdür. Bununla bağlı heç bir düz əməlli bir internet resurs hazırlamaq, yetərli informasiya təminatı yaratmaq, vətəndaşların, cəmiyyətin bu prosesdə iştirakına şərait yaratmaq yadlarından çıxıb deyəsən.

– Bu istiqamətdə Siz hansısa layihələr həyata keçirməyi nəzərdə tutursunuzmu?

– Yuxarıda qeyd etdiyim kimi biz son 5 il ərzində dövlət orqanlarının informasiya açıqlığı, elektron xidmətlərilə bağlı monitorinqlər və müxtəlif layihələr həyata keçiririk və ciddi ictimai müzakirələr keçiririk. Xeyli sayda dövlət qurumları ilə bizim normal münasibətlərimiz var. Biz hər il olduğu kimi, bu ildə dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərlə bağlı monitorinqlərimizi, maarifçilik və informasiya-metodiki yönümlü fəaliyyətimizi, ictimai müzakirələrin təşkili ilə bağlı işləri davam etdirəcəyik. Həmçinin “elektron bələdiyyə” istiqamətində tədbirlimiz nəzərdə tutulur.

 

 

Aqil LƏTİFOV

 

525-ci qəzet.- 2011.- 21 sentyabr.- S.5.