AVRONEST-in növbəti sessiyası Bakıda keçiriləcək

 

AVRONEST PARLAMENT ASSAMBLEYASINDAKI AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN RƏHBƏRİ ELXAN SÜLEYMANOV: “BU BİZİM AVRONEST-dəki UĞURLU İŞİMİZİN NƏTİCƏSİDİR”

 

Sentyabrın 14-15-də AVRONEST Parlament Assambleyasının iclası keçirildi. Sessiyada müzakirə edilən bəzi məsələlərlə bağlı Azərbaycan nümayəndə heyəti ilə Ermənistan nümayəndələri arasında müəyyən gərginliklər yaşandı. Lakin bu gərginliyə baxmayaraq, nümayəndə heyətimiz öz üzərinə düşən işi layiqincə yerinə yetirməyi bacardı. Bu və digər məsələlərlə bağlı millət vəkili AVRONEST Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin sədri, eləcə də Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbəri Elxan Süleymanovla söhbətləşdik. Bir neçə gün öncə dövlət başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilən E.Süleymanov ilk olaraq bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

 

– Seçki kampaniyam dövründə seçicilərimə deyirdim ki, mənim üçün müqəddəs məsələlərdən bir də sizin qarşınızda şərəf qazanmaqdır. Bu şərəf odur ki, siz mənə səs verirsiniz və mən sizə borclu oluram. Sonra bu borcumu yerinə yetirmək üçün sizin bütün problemlərinizin həllində iştirak edirəm. Bununla həm də siz şərəf qazanırsınız ki, seçdiyimiz deputat bizə layiq olan millət vəkilidir. Mən də öz növbəmdə sizə xidmət etdiyim üçün şərəf qazanıram.

Əlbəttə, cənab prezidentin məni “Şöhrət” ordeni ilə təltif etməsi böyük şərəfdir. Ona görə şərəfdir ki, bütün həyatım boyu – beş yaşımdan indiyə kimi məni ancaq əmək müşayiət edib. Məmur, biznesmen oğlu olmamışam və valideynsiz böyümüşəm. Həyatım boyu nail olduğum bütün uğurları alın tərimlə əldə etmişəm. Xüsusilə “Şöhrət” ordeni ilə təltif edilməyim mənim üçün çox qiymətli bir məqamdır. Bu, təkcə mənim üçün deyil, eyni zamanda övladlarım üçün unudulmaz bir hal, seçicilərim üçün isə daha şərəfli məsələdir. Ona görə harada olmağımdan asılı olmayaraq, seçicilərimi düşünürəm. Onlar hər zaman mənim qəlbimdə yaşayırlar. Hər gün seçicilərimin problemləri ilə bağlı Şamaxıda olan köməkçimlə əlaqə saxlayır, onların həlli yollarını arayırıq. Əlbəttə ki, mənə “Şöhrət” ordeninin verilməsi məsuliyyətimi daha da artırır. Şöhrəti qazanmaq asandır, amma onu qoruyub-saxlamaq çox çətindir. Şərəfi qazanmaq asandır, lakin şərəfli yaşamaq heç də asan məsələ deyil. Bununla bağlı fikirlərimi belə ifadə edərdim: Düşünmə ki, qocalmısan, qocaldıqca ucalmısan, hər yaranan qocalmaz. Düşünmə ki, qocalmısan, qocaldıqca ucalmısan, hər qocalan ucalmaz. Əlbəttə bu mənə çox böyük ucalıq gətirib. Buna görə dövlət başçısına minnətdaram.

– Elxan müəllim, AVRONEST Parlament Assambleyası ilə bağlı bir qədər məlumat verərdiniz.

– Təəssüf ki, bir çoxları, hətta siyasətçilərin bəziləri belə AVRONEST-in nə olduğuna az əhəmiyyət verirlər. Hesab edirəm ki, media nümayəndələri və hər bir kəs daima bu qurumu izləməli və onun fəaliyyətilə maraqlanmalıdırlar. Əslində bu qurum Azərbaycan üçün vacib, eyni zamanda önəmli bir təşkilatdır. AVRONEST Şərq tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı arasında əlaqələr quran bir parlament assambleyasıdır. Bu qurumun 60 üzvü Avropa parlamentindən, bir o qədər üzvü isə Ukrayna, Gürcüstan, Ermənistan, Azərbaycan və Moldovadandır. Azərbaycanın bu vaxta qədər Avropa parlamenti qarşısında öhdəliyi yox idi, lakin bu il 29-30 sentyabrda Varşavadakı Sammitdə artıq 5 Şərq Tərəfdaşlığı ölkə rəhbərinin imzaladığı sənəddən sonra biz birbaşa Avropa Parlamenti qarşısında öhdəlik götürəcəyik. Yəni artıq Azərbaycanın Avropa Parlamenti qarşısında öhdəliyi olacaqdır. AVRONEST məhz elə bu deməkdir. Azərbaycan bu qurumun üzvü olmaqla Avropada mühüm bir tribuna əldə edib. Ermənistan bu təşkilatın üzvü olduğu halda, biz sözügedən təşkilata üzv olmaya bilməzdik. Çünki Ermənistan torpaqlarımızı işğal etməsinə baxmayaraq, haqqımızda istər Avropada, istərsə də dünyanın başqa nöqtələrində tamamilə yanlış olan təbliğat aparır. Hətta böhtanlar, uydurmalar yayırlar. Erməni lobbisinin dünyada çox intensiv iş aparması hər kəsə bəllidir. Bütün bunlara reaksiya göstərmək və reallığı dünya ictimaiyyətinə çatdırmaq üçün belə bir tribunadan istifadə etmək Azərbaycan üçün çox vacib idi. Artıq bunu əldə edərək həqiqəti deyir, həmçinin erməni uydurmalarının qarşısını alırıq.

Qeyd edim ki, AVRONEST-in təsis qurultayı mayın 3-də, ilk sessiyası isə iyunun 21-də olub. Təşkilatın dörd komitəsi var. Siyasi Komitədə Asim Mollazadə vitse həmsədr, Enerji Komitəsində Fuad Muradov həmsədr, Sosial Komitədə isə Azay Quliyev vitse həmsədrdir. Hər komitədə üç üzvlə təmsil olunuruq, iqtisadi komitədə isə müavinlik və sədrlikdə üzvümüz yoxdur. Bu, prosedur qaydalarına görə belədir. Eyni zamanda bu təşkilatda iki işçi qrupu fəaliyyət göstərir. Belarus işçi qrupunda Azərbaycanı Asim Mollazadə təmsil edir. Digər bir işçi qrupu isə prosedur qaydaları üzrədir. Ermənilər çox cəhd göstərirdilər ki, bu işçi qrupuna həmsədr olsunlar, ancaq biz buna imkan vermədik. Mən birinci büro iclasında buna etiraz etdim, onlara bu imkanı verilməsinin mümkünsüz olduğunu söylədim. Çünki burada qurumun prosedur qaydaları müəyyənləşir. Təbii ki, bu imkandan ermənilər öz maraqları üçün geniş istifadə edə bilərdilər. Buna görə də biz ikili həmsədrlik təklif etdik. Yəni bu qrupda Azərbaycan və Ermənistan həmsədr olmalı idi. Bu məsələ büroda səsə qoyuldu və Azərbaycandan mən, Ermənistandan Vahan Ohanesyan bu qrupun həmsədri seçildik.

– Son sessiya ilə bağlı nə deyə bilərsiniz?

– Sözün həqiqi mənasında Azərbaycan nümayəndə heyəti bütün yayı dayanmadan fəal iş aparıb. İyul və avqust aylarında gərgin işlə məşğul olmuşuq. Hər qrupda olan üç üzvümüz çox aktiv fəaliyyətlə məşğul olub. Yay ərzində AVRONEST katibliyinin bizə göndərdiyi məruzələr üzərində işləmişik. Bütün məruzələrdə, xüsusən siyasi, sosial və enerji məsələlərində Azərbaycanın maraqlarına zidd məqamlar var idi. Bir neçə dəfə üzvlərlə görüşərək, məsələlər ətrafında müzakirələr aparmış və sənədə düzəlişlər etmişik. Nəticədə AVRONEST-ə Azərbaycan maraqlarının müdafiəsini təmin edən son sənədi təqdim etmişik. Sentyabrın 14-15-də Parlament Assambleyasının sessiyası keçirildi. Bununla yanaşı komitələrin iclası baş tutdu.

– Sessiyada erməni nümayəndə heyəti ilə Azərbaycan nümayəndələri arasında gərginlik yaşandı. Bunun mahiyyətində nə dayanırdı?

– Komitələrdə keçirilən heç bir iclasda problemimiz olmadı. Ancaq siyasi məsələlər və demokratiya məsələlər komitəsində ciddi problemlə qarşılaşdıq. Belə ki, ermənilər təklif edirdilər ki, Təhlükəsizlik Şurasının, BMT-nin, Avropa Şurasının, eləcə də Avropa Parlamentinin sərhədlərin pozulmaması, ərazi bütövlüyü və suverenlik bəndi pozulsun. Bu azmış kimi erməni nümayəndə heyəti qətnamədə işğal, erməni təcavüz haqqında maddələrin yer almamasını istəyirdi. Habelə bütün bunları göz ardına vuraraq, böyük enerji layihələrində iştiraklarının qətnaməyə salınmasını tələb edirdilər. Eyni zamanda onlar Şərq Tərəfdaşlığı ölkələri arasında sərhədlərin açılmasına çalışırdılar. Çox maraqlıdır ki, onları bu məntiqsiz təkliflərini bir çox avropalı deputat dəstəkləyirdi. Bunların başında dayanan isə özünü AVRONEST-in lideri hesab edən polşalı deputat Saryus Volski idi. Ermənilərin bu təkliflərinə baxmayaraq, biz hər üç bəndi səsə qoyaraq onların qəbul olunmasına imkan vermədik. Bizim Gürcüstanla birlikdə irəli sürdüyümüz bəndə görə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin ərazisindəki münaqişələrin həllində aktiv iştirak etməsi, Şərq Tərəfdaşlığı ölkələrinin suverenlik, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı dəstəklənirdi. Ermənistan nümayəndə heyətinin rəhbəri Vahan Ohanesyan məndən xahiş etdi ki, bu bəndlərdə BMT-nin, Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının verdiyi qətnamələrin hamısını saxlayın, ancaq bura güc işlətməmək sözünü əlavə edin. Biz də öz aramızda müzakirələr apardıqdan sonra buna razılıq verdik. Lakin bu bəndin müzakirəsi aparılan zaman, erməni nümayəndələr yeni bir təkliflə çıxış etdilər. Bu da ondan ibarət idi ki, sözügedən bəndə xalqların öz iradələrini sərbəst və demokratik üsulla həll etmək hüquq əlavə edilsin. Biz bunun qəti əleyhinə çıxdıq. Əsas gərginlik də buradan yarandı. Hesab edirəm ki, ermənilərin təklif etdikləri bəndlərin bura daxil edilməməsinə nail olmaq çox böyük uğurumuzdur.

– Sizin təklifiniz sayəsində gələn il AVRONEST-in Plenar iclası Bakıda keçiriləcək. Bunu necə qiymətləndirirsiniz?

– Bu çox böyük bir uğurdur. Başqa sözlə desəm, nümayəndə heyətimizin gərgin və düzgün iş aparmasının nəticəsidir. Çünki biz daha öncə sessiyanın Azərbaycanda keçirilməsini təklif etdik, bir çox deputatlar, o cümlədən Saryus Volski buna kəskin etirazını bildirmişdi. O deyirdi ki, Azərbaycan o qədər də demokratik ölkə deyil və orada bu sessiyanı təşkil etmək olmaz. Lakin mən onu inandırdım və dedim ki, bu beş ölkədən – Ukrayna, Gürcüstan, Ermənistan, Belarus, Moldova hansıda demokratik vəziyyət Azərbaycandan yaxşıdır? Bu yolla bütün fikirlərimi əsaslandırdım. O, 2014-cü ilə qədər Şərq Tərəfdaşlığı ölkələrində plenar iclasın keçirilməsinə istəmədiyini bildirdi. Mən dərhal Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələrinə məktublar yazdım və onlarla görüşdüm. Bunun Şərq Tərəfdaşlığı ölkələrinə və xalqlarına qarşı təhqir, ikili standart olduğunu, həmçinin bizim Avropaya inteqrasiyamıza maneə olduğunu söylədim. Saryus Volski bildirdi ki, Azərbaycan hökuməti tərəfindən ermənilərin Bakıya gəlməsinə icazə verilməyəcək və ya onların təhlükəsizliyi təmin edilməyəcək. Mən bildirdim ki, Azərbaycanda 30 min erməni əmin amanlıq şəraitində yaşayır və erməni nümayəndə heyətinin Bakıya sessiyaya gəlməsi üçün təhlükəsizliyi Azərbaycan hökuməti öz üzərinə götürür. Nəticədə Büro üzvlərinin sessiyanın ölkəmizdə keçirilməməsi üçün heç bir bəhanələri qalmadı və buna qərar verdilər. Bütün bunlar AVRONEST-in çox ciddi bir qurum olması anlamına gəlir.

– Elxan müəllim, Azərbaycan nümayəndə heyətinin AVRONEST-dəki fəaliyyəti sizi qane edirmi?

– Biz nümayəndə heyəti olaraq çox uğurlu iş aparırıq. Məhz elə bunun nəticəsidir ki, ermənilərin layiqli cavabını verdik. Bununla yanaşı Avropada, dünyada daha güclü iş aparmalıyıq. Buna çox böyük ehtiyacımız var. Çünki bizim lobbiçilik fəaliyyətimiz çox zəifdir. Nəinki Ermənistan, Gürcüstandan, hətta Ukraynadan da zəif lobbiçilik fəaliyyətimiz var. Bu işi ciddi şəkildə aparmalıyıq. Bu heç də o anlama gəlmir ki, biz xaricdə daha pis iş aparırıq. Burada başqa məqamlar, maraqlar var. Məhz buna görə də biz müqayisə edilməz dərəcədə çox işləməliyik ki, öz sözümüzü qəbul etdirə bilək. Bunun üçün AVRONEST ciddi bir tribunadır.

– Millət vəkili olmaqla yanaşı, siz həm də AVCİYA-nın rəhbərisiniz. Bir neçə sahədə iş aparmaq sizi yormur ki?

– Məni çox işləmək, ağır iş rejimində çalışmaq yormur. Hətta mən bu işlərdən ilham alıram, zövq alıram. Ancaq məni yoran işləməyimə maneə olan bürokratik əngəllərdir. Bir çox hallarda ayrı-ayrı məmurlar tərəfindən deputat sorğuları heçə sayılır. Hətta onlara məhəl belə qoyulmur. Bir halda ki, məmurlar deputatın sorğusuna cavab vermirlərsə, o zaman sadə vətəndaşların problemi ilə bağlı hansısa idarəyə müraciət etməsinin əhəmiyyəti belə qalmır. Əgər biz seçicilərin problemləri ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırırıqsa və bəzi məmurlar buna əhəmiyyət vermirsə, həqiqətən bu, insanın işləməsinə çox mənfi təsir göstərir. Təbii ki, bu kimi məmurlar işləməyimizə maneə olmasa, əksinə seçicilərimizin, sadə vətəndaşların problemini həll etməyimizə yardımçı olsa, o zaman biz daha ilhamla iş apararıq. Hesab edirəm ki, yerlərdə deputatlarla məmurlar məhz elə birgə iş aparmalıdırlar. Əks təqdirdə uğurlu iş aparmaq, seçicilərin gözləntilərinə cavab vermək çox çətin olar. Yay ərzində çox geniş işlə məşğul olmuşuq. İstər qeyri-hökumət sektorunda, istərsə də digər sahələrdə uğurlu iş qrafikimiz olub.

AVCİYA haqqında demək istərdim ki, Assosiasiyaya daxil olan qeyri-hökumət təşkilatlarının və üçüncü sektorun digər nümayəndələrinin fəaliyyətinin əlaqələndirilməsi ilə ölkədə vətəndaş cəmiyyətinin yaradılması prosesinə yardım göstərmək məqsədilə yaradılmış təsisat artıq bir çox uğurlara imza atıb.

AVCİYA demək olar ki, dünyanın 4 qitəsini əhatə edə fəaliyyətlə məşğuldur. Məsələn, AVCİYA-nın təşkilatçılığı ilə 23-24 sentyabr 2011-ci il tarixlərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Bakıda beynəlxalq tədbir keçiriləcək. Tədbirdə dünyanın 58 ölkəsindən 300-dən artıq tanınmış ictimai-siyasi xadim, o cümlədən,  Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, AVRONEST, Avropa ölkələri parlamentlərinin deputatları, hazırkı və keçmiş dövlət xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın regional spikerləri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər iştirak edəcəklər. Bütün bu işləri ruh yüksəkliyi ilə həyata keçiririk. Məgər işdən zövq alan, xalqına, millətinə xidmət edən insan yorularmı?

– Elxan müəllim, bu qədər iş çoxluğunda seçicilərinizə necə, vaxt ayıra bilirsinizmi?

– Məndə iki aləm yaşayır. Buna görə də hər gün gördüyüm və ya görəcəyim işlərlə bağlı özümü mühakimə edir, özümə hesabat verirəm. Mən vicdanım qarşısında həmişə hesabat verirəm. Çünki seçicilərimin problemləri mən hər zaman narahat edir, onların problemini öz məsələm kimi görür və var qüvvəmlə həmin işlərin həllinə çalışıram. Hətta xaricdə səfərdə olan zaman belə seçicilərimin problemini, onların həll yolları barədə düşünürəm. Məhz bütün bunların nəticəsidir ki, seçicilərimə qarşı çox sağlam münasibətdəyəm. Millət vəkili olaraq üzərimə düşən işləri necə gördüyümü bilmək üçün sadəcə saytımı (www.elkhan-suleymanov.az) açın, orada necə fəaliyyət göstərdiyim, hansı işləri gördüyüm açıq-aşkar qeyd edilib. Artıq Şamaxıda bir sıra işlər həyata keçirmişik. Bunlardan bəzilərini sadalayacam. Seyid Əzim Şirvaninin məqbərəsini düzəltdirmişik. 16 nəfərə şagirdə təqaüd veririk. Onlardan 4 nəfəri tələbədir ki, bu şəxslər hər ay 120 manat təqaüdlə təmin edilirlər. 12 nəfər şagirdə isə hər ay 50 manat təqaüd veririk. Bunlarla yanaşı, Məlhəm kəndində Xaqaninin büstünü inşa etdirdik. Habelə Belçikanın Tui şəhərində Mirzə Ələkbər Sabirin heykəlini ucaldılacaq. Bir Qarabağ əlilinin oğluna toy etdik. İndi həmin gənc ailə üçün üç otaqlı yaşayış evi tikirik. Eləcə də qəhrəman analara yardımlar edirik, Qarabağ əlillərini, Böyük Vətən Müharibəsi iştirakçılarına öz qayğımızı əsirgəmirik. Bunlar sadəcə gördüyümüz işlərin az bir qismidir və bir millət vəkili kimi borcumdur. Mən üzərimə düzən vəzifə borcumu yerinə yetirməyi özüm üçün müqəddəs borc bilirəm.

 

 

BƏXTİYAR

 

525-ci qəzet.- 2011.-21 sentyabr.- S.4.