Sevinc Fətəliyeva: “Avropa Azərbaycanda intensiv inkişaf görürbunu dəstəkləyir”

 

Müsahibimiz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevadır

 

– Sevinc xanım, bu günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Komitə iclasından qayıtmısınız.İstərdik ilk öncə elə həmin iclas və orada müzakirə edilən məsələlər barədə məlumat verəydiniz.

– Sentyabrın 16-da Parisdə AŞPA-nın üzv olduğum Sosial, Səhiyyə və Ailə məsələləri üzrə Komitənin iclasında iştirak etmişəm. Hər dəfə olduğu kimi, bu dəfə də Komitəmizdə maraqlı məsələlər qoyuldu, müxtəlif səpgili müzakirələr aparıldı. Məsələn, onlardan bəzilərinin adlarını qeyd etmək istərdim: nanotexnologiyaların ətraf mühitə təsiri, vəsiyyət və sağlamlığın qorunması, prenatal cinsi seçmə, İqtisadi əməkdaşlıq və inkişaf təşkilatın fəaliyyəti haqqında və sair. Ancaq iclasda xüsusi diqqət AŞPA-nın “uşaqlara qarşı zorakılıqla mübarizə” adlı kampaniyasına yetirildi. Eyni zamanda, bu yöndə Proqramın inkişafına dair planlar müzakirə olundu. Həmçinin Proqram çərçivəsində “uşaq pornoqrafiyası ilə mübarizə” mövzusunda təqdimat oldu.Yəni, bir sözlə, iclas çox maraqlı müzakirələr şəraitində keçdi.

– Qarşıdan AŞPA-nın növbəti payız sessiyası da gəlir. Bu sessiyada bəs hansı məsələlərin- onların içərisində Azərbaycanla bağlı olanları da varmı- müzakirəsi gözlənilir?

– Həmişə olduğu kimi, AŞPA-nın bu dəfəki- növbəti payız sessiyası da maraqlı olmalıdır. Qeyd edim ki, sessiyada müzakirə olunacaq məsələlər də çoxdur. Həmin məsələlər sırasında da Ukraynanın xarici işlər nazirinin çıxışı, insan hüquqları və terrorizmlə mübarizə, xüsusilə Ermənistanda demokratik institutların fəaliyyəti haqda məsələlər daha öndə gəlir

– Şəxsən siz özünüz sessiyada konkret hansı məsələlərlə bağlı çıxış etməyi və ya təkliflər irəli sürməyi nəzərdə tutursunuz?

– Təbii. İlk növbədə üzv olduğum Komitədə müzakirə olunan məsələlər və təcavüzkar qonşumuz olan Ermənistanla bağlı əsl həqiqətin bir daha gündəmə gətirilməsi ilə əlaqədar çıxış etməyə planlaşdırıram. Hər kəs, o cümlədən AŞPA-dakılar da bir daha Ermənistanın iç üzünü görməli və bilməlidirlər. Bu,bizim üçün olduqca vacibdir.

– Azərbaycan nümayəndə heyəti tərəfindən   Qarabağ problemi ilə bağlı məsələnin ümumiyyətlə, ayrıca şəkildə gündəmə gətirilməsi də nəzərdə tutulurmu?

– Bu sessiyada sırf Azərbaycanla bağlı məsələlər gündəmdə yoxdur. Amma buna baxmayaraq, Azərbaycan nümayəndə heyəti hər fürsətdən istifadə edib yeri gələndə Qarabağ məsələsi ilə bağlı öz mövqeyini bildirir və ümumiyyətlə, Azərbaycan haqda həqiqətləri Avropa ictimaiyyətinə çatdırmağa çalışır. Bu dəfə də belə olacaq.

– “Siyasi məhbus” məsələsinin necə deyərlər, taleyi nə yerdədir? Ümumiyyətlə,Azərbaycanda belə bir problem varmı?

– Azərbaycanda “siyasi məhbus” məsələsinin Avropa təşkilatları tərəfindən ortaya qoyulması mənim üçün tam aydın deyil və mən belə düşünürəm ki, bu məsələni qaldıranlar başqa məqsədlər güdürlər. Azərbaycan bütün beynəlxalq təşkilatlar ilə bu mövzuda əməkdaşlıq etməyə hazırdır. Biz bunu dəfələrlə bütün səviyyələrdə görüşlərimiz zamanı qeyd etmişik və mövqeyimizi müdafiə etməyə hazırıq. Azərbaycan demokratik bir ölkədir, demokratiyanın inkişafı yolunda inamla addımlayır və belə bir anlayış (siyasi məhbus) bizim üçün qəbulolunmazdır. Və əgər bizimlə əməkdaşlıq edən tərəfdaşlarımız bizə bu məsələ ilə əlaqədar öz iradlarına   davam edərlərsə, məncə, biz də onlara qarşı öz münasibətimizi dəyişdirməliyik. Çünki bu ittihamların arxasında siyasi oyunlardan başqa bir məsələ yoxdur

– Ümumilikdə AŞPA-Azərbaycan münasibətlərinin, əməkdaşlığının gələcək inkişaf perspektivlərini necə görürsünüz?

– Siyasətdə səmimi və düzgün münasibətlər demək olar ki, olmur. AŞPA-nın Azərbaycanla əməkdaşlığının perspektivləri isə çox genişdir. Müasir, inkişaf etmiş dünyada Azərbaycan özünə artıq yer tutub. Azərbaycan hazırda bir çox ölkələrlə əməkdaşlıq çərçivəsində əlverişli mövqedədir. Ümumi desək, Azərbaycana qarşı münasibət müsbətdir. Avropa Azərbaycanda intensiv inkişaf görür və bunu dəstəkləyir.

Eyni zamanda, AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitə yaradılması müsbət bir göstəricidir. Baxmayaraq ki, Ermənistan tərəfi bu Komitənin işində iştirak etməkdən imtina etdi, amma bu, bir tərəfdən bizim üçün  müsbət haldır. Ona görə ki, bu, Avropa ictimaiyyəti üçün   Azərbaycanın nə qədər sülhün tərəfdarı olmasının və əksinə Ermənistanın nə qədər sülhə qarşı olmasının açıq nümayişi, daha bir sübutdur. Bu baxımdan bir daha qeyd etmək istəyirəm ki, hazırda Azərbaycan 20 il öncəki kimi, informasiya blokadasında deyil, bizi layiqli tərəfdaş kimi hər bir səviyyədə qəbul edirlər. Bizim mövqeyimizi dinləməyə hazırdırlar ki, bu da vətənimizin dünyada artan nüfuzunun və inkişafının təsdiqinin bariz nümunəsidir

 

 

VAHAB

 

525-ci qəzet.- 2011.- 22 sentyabr.- S.4.