“Dövlət
Müstəqilliyi haqqında Konstitusiya
Aktının qəbulu tarixi zərurət
idi”
MÜSAHİBİMİZ SABİQ
MİLLƏT VƏKİLİ İNQİLAB NADİROVDUR
–
İnqilab müəllim, ölkəmiz Dövlət Müstəqilliyi
haqqında Konstitusiya Aktının qəbul olunmasının
iyirmi illiyini qeyd etməyə hazırlaşır. O vaxtlar fəal
siyasətlə məşğul olan bir şəxs kimi həmin
dövrü necə xatırlayırsınız?
–
Tarixi təcrübə sübut edir ki, hər bir xalqın
milli müstəqilliyə qovuşması üçün əlverişli
siyasi mühit və milli iradənin olması vacib şərtlərdir.
Lakin güclü və vətənpərvər liderə malik
olmayan xalqın real şansdan yetərincə yararlanması,
milli iradəsini toparlayaraq müstəqillik, azadlıq
ideallarına qovuşması da mümkün deyil. Belə
situasiyalarda qətiyyətlə önə çıxan
böyük şəxsiyyətlər xalqın daim arzusunda
olduğu azadlıq, müstəqillik və milli dövlətçilik
kimi ali ideallarının gerçəkləşməsində
müstəsna rol oynayırlar.
XX əsr
Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli
lider Heydər Əliyev də məhz belə xarizmatik liderlərdən
biri kimi xalqımızın taleyində misilsiz rol oynadı,
onu tarixən can atdığı müstəqillik
ideallarına qovuşduraraq mütərəqqi tarixi ənənələr
əsasında yeni dövlətçilik konsepsiyasını
irəli sürdü. Bu gün siyasi baxışlarından
asılı olmayaraq mütləq əksəriyyət etiraf
edir ki, Heydər Əliyevin Azərbaycanın dövlət
müstəqilliyinin əldə edilməsi istiqamətində
cərəyan edən müxtəlif proseslərin önündə
getdiyini birmənalı olaraq təsdiqləyən faktlar kifayət
qədərdir. Respublikada geniş vüsət almış
milli azadlıq hərəkatı ilə eyni dövrdə
xalqda milli heysiyyatı, özünüdərki daha da gücləndirən,
milli dövlət rəmzlərinə hörmət təlqin
edən genişmiqyaslı addımlar da məhz ulu öndər
Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə
atıldı. Muxtar Respublikanın ali orqanının
1990-cı il noyabrın 17-də keçirilmiş birinci
sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi
prosesinin həyata keçirilməsi məsələsi
geniş müzakirə olundu, keçmiş Naxçıvan
MSSR-in adının dəyişdirilərək
Naxçıvan Muxtar Respublikası adlandırılması barədə
tarixi qərar verildi. Həmin sessiyada həmçinin Azərbaycan
Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli
dövlət bayrağının bərpa edilməsi, onun
Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı kimi qəbul edilməsi haqqında da yekdilliklə
qərar qəbul olundu.
Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi xalqımızın
müstəqillik mücadiləsilə bağlı konstitusion
müstəvidəki ilk həlledici addımı atdı. Bu qərarlarla
Naxçıvan Muxtar Respublikası faktiki olaraq keçmiş
SSRİ-nin yurisdiksiyasından çıxarıldı.
Sonrakı mərhələdə muxtar respublika rəhbərliyinin
çıxardığı digər tarixi qərarlar da Azərbaycan
xalqının həqiqi müstəqilliyə
qovuşmasını sürətləndirdi. 1991-ci il martın
17-də Azərbaycanda keçirilən və keçmiş
SSRİ-nin saxlanılmasına münasibəti ifadə edən
referendumun Naxçıvanda boykot edilməsi faktı da ulu
öndərin müstəqillik ideallarına nə qədər
bağlı şəxsiyyət olduğunu təsdiqləyir. O
zaman respublika rəhbərliyi bu seçkiləri
saxtalaşdıraraq Moskvanın tələb etdiyi rəqəmi
“rəsmiləşdirsə” də, Naxçıvan ictimaiyyəti
ulu öndər Heydər Əliyevin rəhbərliyi altında
müstəqillik istəyini ortaya qoydu.
– Azərbaycan
Respublikası Dövlət Müstəqilliyinin bərpası
haqqında Konstitusiya Aktı qəbul edilərkən siz də
parlament üzvü idiniz. O günləri necə
xatırlayırsınız?
–1991-ci
il avqustun 30-da keçmiş Azərbaycan SSR Ali Soveti demokratik
qüvvələrin, o cümlədən Naxçıvan Ali Məclisinin
sədri Heydər Əliyevin səyləri ilə “Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında” bəyanat qəbul etdi. Bəyanatda Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin BMT-nin
nizamnaməsində, digər beynəlxalq hüquqi paktlarda və
konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə
tanınması üçün dünya dövlətlərinə
çağırış da yer almışdı. Ali Sovetin
30 avqust tarixli iclasında bəyanatla yanaşı, “Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında Konstitusiya Aktı” layihəsinin iki həftə
müddətində hazırlanması barədə qərar qəbul
edilsə də, respublika rəhbərliyi bu prosesi iki aya
yaxın ləngitdi.
Etiraf
etməliyik ki, həmin vaxt hökumətin
hazırladığı “Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpası haqqında
Konstitusiya Aktı” layihəsində müəyyən
çatışmazlıqlar, boşluqlar var idi. Məhz buna
görə də alternativ layihə hazırlanmış, bu
layihə müvafiq işçi qrupuna təqdim edilmişdi.
Lakin oktyabrın 17-də Ali Sovetdə dövlət müstəqilliyi
barədə Konstitusiya Aktı müzakirəyə
çıxarılanda alternativ layihə ümumiyyətlə
nəzərə alınmamışdı. O zaman Ali Sovetin
deputatı kimi mən çıxış edərək
göstərdim ki, əgər biz doğrudan da Azərbaycanın
dövlət müstəqilliyini bərpa ediriksə, onda
birinci, Azərbaycan Respublikasının 1918-ci ilin may
ayının 28-dən 1920-ci ilin aprelin 27-nə qədər
mövcud olmuş eyniadlı dövlətin hüquqi xələfi
adlandırırıqsa, o vaxt Azərbaycanın ərazisi 114
min kvadratkilometr olub, ötən 70 il ərzində Azərbaycan
öz ərazisinin faktiki olaraq 28 min kvadratkilometrini itirib. Biz əgər
dövlət müstəqilliyimizi bərpa ediriksə, deməli,
bu dövr ərzində torpaqların verilməsi ilə əlaqədar
çıxarılmış qanunlar, qərarlar və
müqavilələr ləğv edilməlidir və biz həmin
əraziləri tələb etməliyik. İkinci, Etibar Məmmədovun
və Fuad Ağayevin birgə hazırladıqları ikinci
qanun layihəsi var və mən onu oxumuşam. Yəqin ki,
deputat yoldaşlar da oxuyublar. Mən təklif edirəm ki, yeni
komissiya yaradılsın, hər iki layihəyə birgə
baxılsın, yeni qanun layihəsi hazırlansın və
yekun layihə Ali Sovetin sessiyasında müzakirə edilsin.
Üçüncüsü, hazırlanmış yekun qanun
layihəsi təkliflərlə birlikdə ümumxalq
müzakirəsinə (referenduma) verilsin. Mənim
çıxışımdan sonra Ali Sovet qərara aldı ki,
müvafiq işçi qrupu yaradılsın və hər iki
layihə üzərində operativ şəkildə iş
aparıb Ali Sovetə müzakirə üçün vahid
layihə təqdim etsin. Oktyabrın 17-də axşam yeni
yaradılmış işçi qrupunun rəhbəri deputat
Hacıbaba Əzimov, hüquqşünaslar Şahin Əliyev,
Fuad Ağayev, Niyazi Səfərov sənəd üzərində
gərgin iş apardılar. Nəticə etibarilə 18
oktyabrda müzakirəyə çıxarılan layihədə
alternativ təkliflərin böyük qisminin nəzərə
alınması “Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpası haqqında Konstitusiya
Aktı”nın daha təkmil sənəd kimi qəbuluna imkan
verdi. Bu gün də böyük qürur hissi ilə
xatırlayıram ki, o zaman təşəbbüskarı
olduğum məsələlər reallaşdı və məlum
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpası haqqında Konstitusiya Aktı” daha da təkmilləşdirildi.
1991-ci
il oktyabrın 18-də böyük dövlət xadimi Heydər
Əliyevin də əsas təşəbbüskarlardan biri
olduğu “Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpası haqqında Konstitusiya
Aktı”-nın Ali Sovet tərəfindən qəbul edilməsiylə
Azərbaycanın istiqlaliyyəti bütün dünyaya bəyan
edildi. Həmin Konstitusiya Aktı respublikamızı rəsmi
olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil
respublika elan etdi. Həmin aktda eyni zamanda Azərbaycan
xalqının idarəetmə formasını seçmək,
başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək,
siyasi, iqtisadi və mədəni həyatını öz
tarixi və milli ənənələrinə, ümumbəşəri
dəyərlərə uyğun inkişaf etdirmək hüququ
təsbit olunmuşdu. “Azərbaycan Respublikasının
Dövlət Müstəqilliyi haqqında Konstitusiya
Aktı”nın 12-ci maddəsində Azərbaycan
xalqının müstəqil, dünyəvi, demokratik,
hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri
öz əksini tapmışdı. Bu ali sənəddə
hakimiyyətin və eləcə də bütün təbii sərvətlərin
xalqa mənsubluğu, mülkiyyətin bütün
formalarının bərabərliyi, vətəndaşların
seçki hüququnun, çoxpartiyalı sistemin təminatı,
habelə insan və vətəndaş hüquq və
azadlıqlarının ümumi prinsipləri də rəsmən
elan edilmişdi.
–
Aradan illər keçib. Bəs bu gün müstəqil Azərbaycan
Respublikasının beynəlxalq aləmdə nüfuzunu necə
dəyərləndirirsiniz?
– Ulu
öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısındakı ən böyük xidmətlərindən
biri də müstəqil Azərbaycanın uğurlu neft
strategiyasının hazırlanaraq həyata keçirilməsidir.
1994-cü ilin 20 sentyabrında dünyanın iri neft şirkətləri
ilə imzalanmış “Əsrin müqaviləsi”, bu mənada,
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində
müstəsna rol oynadı. Həmin saziş nəticəsində
bütün dünyanın diqqət mərkəzinə
çevrilən Azərbaycan eyni zamanda qlobal məkanda
özünün statusunu müəyyənləşdirməyə
nail oldu.
Ümumiyyətlə,
Heydər Əliyevin böyük müdrikliklə irəli
sürdüyü inkişaf modeli öz spesifikliyi ilə fərqlənməklə,
demokratik dəyərləri özündə maksimum ehtiva edən
milli inkişaf prioritetlərini müəyyənləşdirmişdi.
Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmi 17 il
müddətində inanılmaz yol qət edərək bir
sıra Qərb dövlətlərinin onilliklər ərzində
zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə
nail olub.
70 il
inzibati-amirlik sistemində yaşamış, milli ideallardan uzaqlaşdırılmış,
iqtisadiyyatı səmərəsiz, köhnə texnologiya və
infrastruktur üzərində qurulmuş respublikanın
qısa müddətdə qazandığı nailiyyətlərin
miqyası Azərbaycanla genişmiqyaslı əməkdaşlığa
maraq göstərən beynəlxalq təşkilatlarda, habelə
aparıcı Qərb dövlətlərində də heyrət
doğurur. Möhtərəm prezident İlham Əliyevin
ötən 8 il müddətində həyata keçirdiyi
siyasət Azərbaycanda möhkəm təməllərə
söykənən və dinamik sosial-iqtisadi tərəqqinin
qorunub saxlanılmasına yönəlib. Müstəqil Azərbaycan
son illərdə inanılmaz dərəcədə dəyişib,
zamanı qabaqlayaraq az müddətdə onilliklərə bərabər
yol qət edib. Bu gün ikinci elə bir dövlət tapmaq
çətindir ki, son 8 ildə dövlət büdcəsi 10
dəfə, hərbi xərcləri 20 dəfə, valyuta
ehtiyatları 18 dəfə artmış. Azərbaycanda ötən
dövrdə maaş və pensiyalar da orta hesabla 5-6 dəfə
artıb, yoxsulluq 5 dəfə azalaraq 49 faizdən 9,1 faizə
enib, 900 minədək yeni iş yeri açılıb.
Bütövlükdə milli iqtisadiyyat 3 dəfə, büdcə
xərcləri 12 dəfə, hərbi xərclər təxminən
20 dəfə, valyuta ehtiyatları 18 dəfə artıb.
Azərbaycan
təkcə sosial-iqtisadi sahədə deyil, siyasi müstəvidə
də bir çox problemləri geridə qoyur. Bir vaxtlar
dünya xəritəsində yetərincə tanınmayan, bədnam
erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə,
təhdidlərə, ədalətsizliklərə məruz
qalan, informasiya blokadası şəraitində haqlı
mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan
bu gün tamam fərqli statusda çıxış edir.
Qürur doğuran bir haldır ki, Azərbaycan bu gün
bütün regional məsələlərdə əsas
oyunçulardan biridir, regiondakı strateji əhəmiyyətli
heç bir layihə Azərbaycansız gerçəkləşə
bilməz. Dünya siyasətinə əsaslı təsir
imkanları olan dövlətlər hazırda Azərbaycanla
hesablaşır, onun mövqeyini nəzərə alırlar.
Azərbaycanın
yaxın-uzaq ölkələrlə münasibətləri
qarşılıqlı maraqlar, sivil birgəyaşayış
prinsipləri əsasında inkişaf edir. Bu gün Azərbaycan
regionda hansısa ölkədən enerji
asılılığı olmayan yeganə ölkədir.
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri
dünya miqyaslı layihələr olmaqla, Azərbaycanın
enerji təhlükəsizliyinə geniş imkanlar
açır. Bu layihələr eyni zamanda respublikamızın
müstəqilliyini daha da möhkəmləndirir, regionda
müstəqil siyasət aparmasını təmin edir.
BƏXTİYAR
525-ci qəzet.-2011.-
22 sentyabr.- S.5.