ORALARDA KİMLƏR VAR: YAZAR AİLƏLƏR

 

Yazıçı-publisist Qulu Məhərrəmli-Yazıçı-publisist Zemfira Məhərrəmli –1

 

Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailələri kimi olasan və işlərin də yağ kimi gedə.Ən azından mənəvi təsəlli tapmasanız da, maddi durum heç zaman yetər dərəcədə ola bilməyib məncə. Bunu mən apaydın bilirəm. Amma bir-birini başa düşmək baxımından bunun həm də zor tərəfləri də var.Xatırlayıram : dünyaca məşhur yazarlardan birindən soruşublar ki,sizin üçün ən acı,ən ağır olan nədir? Deyib : ən çox ona yanıram ki, mənim bu uzun ömrüm boyu nə işlə məşğul olduğumu anam bilmədi. Soruşublar niyə? Deyib : çünki mən ingilis dilində yazdım anam isə ingilis dilində heç bilmədi.Şükürlər Allaha ki, mənim bu proyektimin sahibləri nə işlə məşğuldular özləri də bilirlər.Və düşünürəm ki, bu yazar ailələr həm də mehriban ailələrdir.Amma bunların da ən qorxulu tərəfi, birinin yazısını o birisi bəyənməməsi və inkarlığıdır.Ailədə iki uşaq var.

– İlk uşağınız olana qədərki dövrlə uşaq doğulandan sonrakı vaxt nə ilə fərqlənir?

Z.M.: Təbii ki, ilk dövr daha çox sərbəstliklə yadda qalıb, sonrakı mərhələ isə körpənin doğulması və sağlam böyüməsi ilə əlaqədar yaranan qayğılarla bağlıdır.

Q.M.: Burada xeyli psixoloji məqamlar var. Amma təbii ki, uşaq doğulandan sonra artıq ailənin nə demək olduğunu bütün məsuliyyətinlə dərk edirsən. Qarşılıqlı münasibətlərdə bəzi çətinliklər də bu dövrdən başlayır, bizim bu çətinlikləri dəf etməyə gücümüz çatıb.

– Çox vaxt siz ikiniz də evdə olmursunuz. Belə vaxtlarda uşaqlarınıza kim baxıb və ya bununla bağlı vaxtı necə bölmüsünüz?

Z.M.: Yaradıcılıq ezamiyyəti, hər hansı bir mühüm beynəlxalq tədbirin işıqlandırılması üçün tez-tez xarici səfərlərdə olmuşuq. Qarabağ müharibəsinin davam etdiyi illərdə ön xəttə yollanırdıq. Belə səfərlər zamanı kiçikyaşlı qızlarımızı bir qədər əvvəl dünyasını dəyişmiş, sağlığında balalarımızın əziyyətini çox çəkmiş, ixtisasca müəllim olan anamın ümidinə qoyurduq. O isə uşaqlarımıza bizdən də yaxşı baxırdı. Özümüzə gəlincə isə, uşaqlara vaxt ayırmaq baxımından, təbii ki, güc daha çox anaya düşür. Amma həyat yoldaşımın da bu cəhətdən köməyini daim hiss etmişəm.

Q.M.: Uzun illər orta məktəbdə dərs demiş rəhmətlik qayınanam ziyalı bir qadın idi, o, bizim üçün böyük fədakarlıq etdi. “Təcili yardım” kimi həmişə nəvələrinin dadına çatırdı.

– Ən incik gününüz nə üstündə olub? Küsəndə necə barışırsınız?

Z.M.: Belə bir məsəl var: “Ev sözsüz olmaz, gor əzabsız”. Bir-birimizdən razı qaldığımız kimi, incidiyimiz günlər də olub. Çalışmışıq ki, ikincisi birincini üstələməsin. Küsəndə barışmağa yer qoymuşuq, çünki güzəştə getmədən yaşamaq mümkün deyil.

Q.M.: İlk vaxtlar tez-tez küsüşmələr olurdu (yaxşı ki, belə şeylərin statistikası aparılmır, yoxsa biabır olardıq), amma zaman keçdikcə, deyəsən, müdrikləşdik. O ki, qaldı barışmağa, bunun xüsusi texnologiyası yox idi, hər dəfə gərək bir variant düşünüb tapaydım.

– Yaradıcılığınızı və uşaqlarınızın tərbiyəsini necə qurmusunuz? Uşaqlarla çoxmu vaxt keçirirdiniz?

Z.M.: Bir ailədə atanın və ananın eyni sənət sahibi olmasının narahat tərəfləri də var. Təsəvvür edin, gündəlik çıxan mətbuat orqanında, yaxud TV-də çalışan, operativ yazılar yazan və ya verilişlər aparan həmin jurnalistlər (onlar həm də valideyndir) təbii ki, iş saatından artıq çalışmalı olurlar. Bizim ailədə də uşaqlarımız kiçik yaşlarından belə situasiya ilə qarşılaşıblar. Buna baxmayaraq, nə yaradıcılığımızdan, elmi fəaliyyətimizdən keçmişik, nə də övladlarımızın tərbiyəsindən. Qulu müəllim namizədlik və ya doktorluq işi yazanda, jurnalistikanın nəzəriyyə və təcrübəsinə dair monoqrafiyalarını və digər elmi əsərlərini çapa hazırlayanda onu ev-ailə qayğılarından mümkün qədər azad etmişəm. Qarabağ mövzusunda silsilə kitablarımı və digər bədii-publisistik qələm nümunələrimi yazanda isə həyat yoldaşımın qayğısını, maddi və mənəvi dəstəyini daim hiss etmişəm. Onun zarafatla dediyi bir sözü var: “Qadın kitab yazanda evin kişisi çaysız-xörəksiz qalır”. Buna baxmayaraq, qarşılıqlı köməyimizi bir-birimizdən əsirgəməmişik. Bütün bunlarla yanaşı, uşaqların da təlim-tərbiyəsinə vaxt ayırmışıq. Qızlarımızı üzgüçülüyə və musiqi məşğələlərinə aparmışıq.

Q.M.: Təəssüf ki, mənim buna vaxtım az qalırdı, amma anaları qızlarımıza kifayət qədər vaxt ayırırdı. Mən də çalışırdım ki, şənbə və ya bazar günlərini onlara sərf edim. Bu baş tutanda ailədə əsl bayram olurdu.

– Həyat yoldaşınızdan bir ata və qələm sahibi kimi razısınızmı?

Z.M.: Əlbəttə. O, bir ata olaraq, övladları üçün çox şey edib, çox səmimidir, zəhmətkeşdir, bizə tez-tez sürprizlər etməyi xoşlayır. Bir qələm sahibi, mənəvi siması olan peşəkar kimi ondan öyrəniləsi çox şey var. Bəlkə çoxları onun jurnalistikamız üçün göstərdiyi xidmətlərin, daşıdığı mənəvi yükün miqyasını təsəvvür etmir. Amma bu bir həqiqətdir ki, Qulu müəllimin jurnalistikadakı yeri çox yüksəkdir.

Q.M.: Təbii ki, razıyam. Uşaqlarına yaxşı tərbiyə verə bilib, qələm sahibi kimi də xeyli iş görüb. Hələ tələbəlik illərindən imzası qəzetlərdən düşmürdü. “Bakı” və “Baku” qəzetlərində təhsil, ədəbiyyat və incəsənət mövzularında qələmə aldığı, dili və üslubu səlis, rəvan olan yazıları, o cümlədən tənqidi materialları yüksək qiymətləndirilirdi. Zemfira xanım Qarabağ mövzusunda davamlı yazan ən yaxşı jurnalistlərimizdən biridir, mən onun “Döyüşə qızlar gedir” sənədli oçerklər kitabını və digər əsərlərini çağdaş publisistikamızın çox parlaq uğuru hesab edirəm. O eyni zamanda pedaqoji sahədə tərbiyə mövzusunda tədqiqatlar aparan araşdırmaçı alimdir.

–Ailə qayğılarınızı necə bölüşdürürsünüz?

Z.M.: Məncə, əvvəldə söylədiklərimdə bu sualın da cavabı var.

Q.M.: Qızlar köçəndən sonra qayğılar bir az azalmış kimi görünürdü, amma az keçmədən məlum oldu ki, ortaya yeni qayğılar çıxır. Nəvələr situasiyanı xeyli dəyişib, indi biz könüllü “əsir düşmüş” adamların vəziyyətindəyik. Təbii ki, balacalara da vaxt ayırırıq. Nəvəsi olanlar bizi daha yaxşı başa düşərlər.

– İkili imza ilə yazınız çıxıbmı və bu hansı yazıdır?

Z.M.: Hələ tələbəlik illərində “Azərbaycan gəncləri” qəzetində və “Müxbir” jurnalında sənət adamları barədə qoşa imza ilə yazılarımız dərc olunmuşdu. Sonralar da bir neçə belə müştərək imzalı yazının müəllifi olmuşuq.

Q.M.: Belə yazılar çoxdan çıxıb, daha çox tələbəlik dövründə. Bir-iki jurnalda birgə imzamız olub, sonra hərə öz “cəbhə”sində çalışıb.

– Ailəvi bayramlarınız hansılardı və bu əlamətdar günləri kimlərlə keçirirsiniz?

Z.M.: Övladlarımızın, nəvələrimizin ad günləri, həyatımızın ən şad günləri kimi ailə bayramımıza çevrilir, onları yaxınlarımız və dostlarımızla birgə qeyd edirik.

Q.M.: Ailəvi bayramlarımız indi uşaqların və nəvələrin ad günləri ilə bağlıdır.

– Xanım əfəndi, siz həyat yoldaşınızdan nə soruşmaq istərdiniz?

– İşlərin azalsa, bizə daha çox vaxt ayıra bilərsənmi?

– Bəy əfəndi, siz xanımınızdan nə soruşmaq istərdiniz?

– Adətən, suallarım olanda xanımıma özüm birbaşa verirəm.

 

 

ONLAR DAHA NƏ DEYİBLƏR:

(müxtəlif zaman kəsiyində söylədiklərindən)

 

Zemfira Məhərrəmli

Biz bir-birimizin yaradıcılığına heç vaxt müdaxilə eləmirik. Hərəmizin öz üslubu, yaradıcılıq yolu var. Hadisələrə münasibət baxımından bir-birimizə köməyimiz dəyir. Nəyisə təhlil eləyirik. Çox vaxt fikirlərimiz üst-üstə düşür. Qulunun hansısa kitabı çap olunanda onun başqa redaktora ehtiyacı olmur. Bu işi mən eləyirəm və s.

...Bəsit,cılız qəzetlərə,özəl teleradio şirkətlərinə səpələnmiş cılız müxbirlər, doğma ana dilində düşünməyi,danışmağı bacarmayan,dilimizi korlayan reportyorlar,təəssüf ki,sağımızı-solumuzu bürüyüb.Peşəkar jurnalistikadan uzaq olan belələri əsəblər,zövqləri korlayırlar.

....İsti ocaqları soyuq səngərlərə əvəz edən qızlarımız əldə silah ölüm-dirim savaşına qalxdılar,şəfqət bacıları yaralı əsgərləri odun-alovun içindən çəkib çıxardılır.Onlar təkcə döyüşçü oğulların yaralarına yox,Vətəninin hələ qasaqlanmayan yaralarına sarğı qoyur,məlhəm edirlər. Özləri də düşmən gülləsindən yan ötməyib şəhid olur,ölümün ucalığına qovuşurdular.Təki Vətən yaşasın.

...Ailənin, uşaqların yükü ən çox mənim üstümə düşür. Lap əvvəldən Qulu bir kitab yazanda, ya işdə olanda qızların qayğısına mən qalmışam. Düz beş il onları üzgüçülüyə aparmışam, valideyn iclaslarına qaçmışam. Eyni zamanda, özüm də yaradıcılığımdan qalmamışam. Gündəlik qəzetdə işləmişəm. Bütün bunlara baxmayaraq, bizim evdə söz-söhbət olmayıb. Həmişə Qulu deyir ki, “uğurlarıma görə həyat yoldaşıma minnətdaram”. O, namizədlik dissertasiyasını müdafiə eləməyə hazırlaşırdı. Televiziyaya başı qarışdığından işi ləngidirdi. Az qala onunla davaya qalxırdım ki, bu işi başa çatdırmaq lazımdır. O vaxt sovet dövrü idi. Moskvada Lenin adına kitabxanada işləmək lazım gəlirdi. Qulu dörd dəfə Moskvaya getdi. Hər dəfə uşaqlarla tək qalırdım. Uşaqlar balaca olduğundan anam gəlib kömək eləyirdi

 

lll

 

Qulu Məhərrəmli

“Həbslər istənilən effekti vermir. Bunlar göz qorxutmur. Əksinə, insanlarda daha çox qıcıq yaradır. Daha böyük etiraz dalğası yaradır”.

“Azərbaycan televiziyalarında və mətbuatında çoxlu sayda Azərbaycan ədəbi dilini bilməyən, dilin normalarına məhəl qoymayan insanlar var”.

“İctimai tribuna, qəzet, radio, televiziya sözlərin diqqətlə seçilməsini tələb edir”.

“İdarəçiliyə ləyaqətli adamları gətirmək lazımdır”.

“Düşüncəsi geniş olan adam dünyaya bir az geniş baxmalıdır”.

“Hakimiyyətdə indi təmsil olunan bəzi istedadsız, iddialı, rüşvətxor, korrupsioner məmurlarla korrupsiya ilə mübarizə aparmaq mümkün deyil”.“Ehtiyaclar bizim jurnalistləri vurub sıradan çıxarır. Biz çox istedadlı jurnalistlərimizi arzu olunmayan gəminin sərnişini kimi görürük. Bunlar mənim üçün faciədir”.

 

 

Abdin Tofiq

 

525-ci qəzet.- 2011.- 24 sentyabr.- S.23.