Yaxşı
ki varsınız...
Şair
Vaqif Məmmədova məktub
Salam, Vaqif müəllim! Əslində bu məktubu
yazmadan da fikirlərimi sizə deyə bilərdim. Uzaq başı Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsindən
heç iki kilometr uzaqda olmayan Naxçıvan Dövlət Universitetinə
gəlib “Qeyrət” nəşriyyatının direktor
otağında sizinlə üz-üzə uzun-uzadıya
danışa, dərdləşə, söhbətləşə
bilərdim. Amma mənim də bir xasiyyətim var ki, qələm-kağızla
özümü daha gözəl ifadə edirəm, nəinki
şifahi nitqlə.
Vaqif müəllim, mən sizi ilk dəfə hələ
14 yaşımda – 1994-cü ildə tanımışam. O vaxt
atamın kitabxanasında gördüyüm və diqqətimi
çəkən “Sədərək harayı”nı
götürüb oxumağa başlamışdım. Elə o günlərdə atam mənə sizdən
danışmışdı – Vaqif Məmmədov yenicə
yaradılan Sədərək rayonunda yaşayır. Əvvəllər
Sədərək Şərur rayonunun kəndi idi. İkimiz də
məktəb direktoru olduğumuz üçün iclaslarda, tədbirlərdə
tez-tez görüşürük. Gözəl şairdi,
millətini sevən ziyalıdır.
Hə, o vaxt hamı vətənini, millətini,
torpağını, xalqını sevirdi. Növbəylə həftənin
iki günü kəndimizin girişində qoyulmuş
şlaqbaumun yanında dayanan məktəb direktoru işləyən
atam bizim üçün sözün həqiqi mənasında
vətənpərvərlik simvolu idi. Ona görə də,
atamdan sizin haqqınızda belə bir təyin eşitmək
14 yaşlı yeniyetmə üçün bir dəyər,
qiymət idi, Vaqif müəllim. Bundan əlavə
kitabınızın adı da çox şey deyirdi – “Sədərək
harayı”.
O kitabın indi ancaq rəngini
xatırlayıram. Solğun qırmızı rəngli üz
qabığında Sədərək döyüşlərini
xatırladan foto-kadrlar bir kölgə kimi yaddaşımda
ilişib qalıb. Amma həmin kitabın içindəki
şeirlərin çoxunu, ruhumu titrədən misraları
indi də unutmamışam. Xüsusən də hərbi
maşınla – tankla ata evindən ər evinə aparılan
toy hadisəsindən bəhs edən “Gəlin
köçdü” şeirinizi:
Toy qəmlidir,
bu nə dərddir, nə sərdi,
Beş il axı, nanə kimi əsiblər.
Toy olanda yolu
uşaq kəsərdi,
Saqqallılar
indi yolu kəsiblər.
Gəlin
köçür, hərbiçiylə, özgə yox,
Öz
yurdunda, obasında, elində.
Gəlin
köçür, yanındakı güzgü yox,
İşə
bax ki, silah tutub əlində...
Vağzalı
çalınmır, bu necə işdi?
Bu toyda
məsləhət, söz keçir indi.
Xalqın
tarixinə gör nələr düşdü,
Hərbi
maşın ilə qız köçür indi...
Altı
bəndlik şeirinizin bu üç bəndindəki hadisələri
siz 1989-cu ildə qələmə almaqla həm də o
dövr tariximizin bir parçasını göstərirdiniz
biz gənclərə.
Vaqif
müəllim, sizinlə şəxsi
tanışlığımızı və sizi üzbəüz
görməyimi də xatırlayıram. 2000-ci ilin sentyabr ayı idi.
Tələbəydim. 3-cü
kurs yenicə başlamışdı. Şair dostum
İlqar Qulubəyli məni sizin yanınıza gətirib tanış elədi. O vaxt indikindən bir az arıq idiniz, üz cizgilərinizdə
müharibənin ən qızğın anlarını
yaşamağın möhürü – kədər dolu alın
qırışları, dərin, uçurum kimi
baxışlarınız, hələ də o doğma kənddən
ayrılığa alışmayan uzaqlara tikilmiş gözləriniz.
Həmin görüşdə mənə iki
kitabınızı bağışladınız – “Sədərək
şəhidləri” və artıq mənim üçün
doğmalaşan “Sədərək harayı”. O vaxt istədim
deyəm ki, oxumuşam bu kitabı, hətta şeirlərinizdən
də deyəcəkdim. Qorxdum... Qaysaq tutmayan
yaralarınızı sızlatmaqdan qorxdum, Vaqif müəllim.
Amma sizdən ayrılanda universitetin pilləkənlərini enə-enə
dodaqaltı bu misraları pıçıldayırdım:
Kədərin
ağırdır, duyuram bunu,
Dünyadır
– qəmdə də üzəsən gərək.
Kim ki,
yaranıbdır – ölümdür sonu,
Ən
ağır dərdlərə dözəsən gərək.
Demə ki, tək
sənin gözündədir yaş,
Dərdlilər
gözünü silir həmişə.
Fırtına
palıdı qoparır qardaş,
Duman
uca dağa gəlir həmişə.
Bu günlərdə
həmin kitaba bir də qayıtmaq ehtiyacı hiss elədim.
Ön sözdə yazdıqlarınızı ürəyimdə
oxusam da elə bil qarşımda dayanıb sınıq bir
qürurla deyirdiniz: “Əlim qələm tutandan tarixini
araşdırdığım, “Kitabi-Dədə Qorqud” dan
üzü bu yana bir sıra mənbələrdə adı
çəkilən ulu bir yurdun – Sədərək kəndinin
taleyindən danışıram bu misralarda...
Bu
kitaba daxil etdiyim şeirlərin bir çoxu misralara
çevrilən dərdi-harayıdır Sədərək kəndinin”.
Bəxtiyar
Vahabzadəyə göndərdiyiniz şeirlərdə də
bunu hiss eləmişdi ustan sənətkar. ”Sədərəkdən
Vaqif Məmmədovdan bir məktub aldım. İçində bir neçə şeir vardı.
Ah dolu, aman dolu bu şeirlərdən üzümə alov
vurdu, varaqlar əlimi yandırdı. Bu şeirlər Sədərəyin
bugünkü müsibətinin sabah
üçün tarixidir. Bu gün
başımıza gətirilən müsibətlərin bədii
aynası olan bu şeirləri biz indi çap etməli, gələcək
nəslə yadigar qoymalıyıq ki, onlar da dədələrimiz
və bizim kimi unutqan olmasınlar”.
Vaqif müəllim,
1983-cü ildə Yazıçı nəşriyyatında
çap olunan ilk kitabınızdan—“Yaşadacaq bu yol məni”
kitabından sonra “Sədərək harayı”,”Qeyrət
qalası”, “Salam, Oğuz elləri”, “Mənə çiçək
borclusan”, “Bu dünyanın sevinci nə qəmi nə”, “Vətən
sığır ürəyimə”, “Ömrümün yarpaqları”,
iki cildlik seçilmiş əsərləriniz, Ankarada nəşr
olunan “Özüne dön halkım”, fransızca nəşr
olunan “Guand on regarde du sommet”(Zirvədən baxanda), Rusiyada nəşr
olunan “Zdrastvuy, zemlə Sibiri” şeir kitablarınız, 15-ə
yaxın tarixi-publisistik kitabınız, tərtib etdiyiniz 10-dan
çox elmi kitablar, həmçinin Türkiyə, İran,
İraq, Özbəkistan, Rusiya, Belarus, Almaniya, Yunanıstan,
Bolqarıstan, Pakistan, ABŞ kimi ölkələrdə
ayrı-ayrı qəzet və jurnallarda çap
olunmağınız zəngin, məhsuldar və məsuliyyətli
bir ömür yaşadığınıza işarədir. Eləcə
də akademik İsa Həbibbəyli tərəfindən qələmə
alınan “Sənətə Vaqiflik”, fəlsəfə doktoru
Aypara Behbudovanın nəşr etdirdiyi “Vaqif Məmmədov:
Ömür yolu”, Aygün Orucovanın müəllifi olduğu
“Vaqif Məmmədovun yaradıcılıq yolu” kitabları da
sizin haqqınızda kifayət qədər ətraflı
danışmağa imkan verir. İlk şeir
kitabınızın adını daşıyan “Yaşadacaq bu
yol məni” şeirində çox gözəl ifadə eləmisiz
tale yazısını:
Mənim
yolum boransa da, qarsa da,
Əzabına
dözə-dözə gəlirəm.
Hamar yollar,
asan yollar varsa da,
Yaşadacaq
bu yol məni, bilirəm.
Akademik
İsa Həbibbəylinin sizin haqqınızdakı fikirləri
də olduqca maraqlıdır.
“Azərbaycan
ədəbiyyatında Molla Pənah Vaqifdən başlayaraq
Vaqiflər ədəbi nəsilləri ənənəsi davam
etməkdədir. Vaqiflərin, demək olar ki, hamısında bənzərsiz
sənətkarlıq imkanları, özünəməxsus
istedad və ilham, ədəbiyyata, şeirə-sənətə
vaqiflik müşahidə olunmaqdadır. Vaqif Bayatlı
Odər, Vaqif Bəhmənli, Vaqif Nəsib, Vaqif İbrahim,
Vaqif Hüseynov, Vaqif Cəfərli... ədəbiyyatımızda
geniş mənada Vaqifliyi təsdiq etmişlər. Xalq şairi Vaqif Səmədoğlu Vaqiflərin
şairlik estafetini yeni inkişaf mərhələsinə
çatdırmışdır. İstedadlı
şair Vaqif Məmmədovun da Molla Pənah Vaqifdən Səmədoğluna
qədərki Vaqiflərin sırasında vaqifliyi bir daha
nümayiş etdirmək və təsdiqləmək mənasında
öz yeri, mövqeyi və xidmətləri vardır”.
Sevimli
şairim, bu gün aramızdakı yaşca məndən
böyük yaş fərqinə baxmayaraq (Vaqif Məmmədov
1948-ci ildə anadan olub, mən isə 1980-cı ildə) biz həm
də yaxşı dostuq. Siz bu
dostluğun sevincini dəfələrlə mənə hiss
etdirmisiniz. Bir vaxtlar 8 il redaktoru olduğunuz Sədərək
rayonunun “Oğuz yurdu” qəzetində məndən xəbərsiz
şeirlərimi dərc etdirməklə, Naxçıvan
Dövlət Televiziyasında müəllifi və
aparıcısı olduğunuz “Çinar ömrü”
verilişinə dəfələrlə məni qonaq
çağırmaqla, hətta həmin veriliş nəticəsində
ərsəyə gələn “Çinar ömrü”
almanaxlarında şeirlərimi nəşr etməklə,
ayrı-ayrı vaxtlarda verdiyiniz məsləhətlərlə,
uğurlarıma sevinməklə, kədərimə
üzülməklə həqiqi mənada ağsaqqal dost
olduğunuzu xüsusi qeyd etməliyəm.
Sizin
Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət
işçisi, Azərbaycan Respublikasının qabaqcıl təhsil
işçisi fəxri adlarına layiq görülməyiniz,
tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə
yiyələnməyiniz, Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin, Türk Dünyası Elm və Ədəbiyyat
Əsərləri Sahibləri Məslək Birliyinin(İLESAM)
üzvü olmağınız, Türkiyədə çap
olunan 3 cildlik “Türkiyə Yazarlar Ensiklopediyası”nda (2004),
10 cildlik “Türkiyə Ədəbiyyatçılar və
Kültür adamları ensiklopediyası”nda (2006)
haqqınızda əhatəli bilgi verilməsinə baxmayaraq
xarakterinizi dəyişməmisiniz, təvazökarlığınızı
qorumusunuz. Hamı mənlə razılaşar ki, bu gün
Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatının
direktoru kimi də, jurnalistika fakültəsində dərs deyən
müəllim kimi də siz 30 il bundan qabaq sadə kənd
müəllimi kimi necəydinizsə, indi də eləsiniz.
Bütün
bunlarla yanaşı, sizi hamı şair kimi, söz adamı
kimi tanıyır. Məncə elə belə də olmalıdır.
Vətən sizin üçün nə qədər
doğma və isti qucaqdırsa, söz da bir o qədər ərk
yeri, sığınacaq məkandır. “Vətən
sığır ürəyimə” şeirinizi
xatırladım:
Dar qəfəsdə
qala bilməz ürəyim,
Hər
arzumu qalsa, ora yığmazdım.
Yumruq boyda ola bilməz ürəyim,
Belə
olsa Vətən ora sığmazdı.
Ürəyimsiz
ağlamıram, gülmürəm,
Hər
istəyim ürəyimdə birləşir.
Böyükmüdür,
kiçikmidir bilmirəm,
Ürəyimə
təkcə Vətən yerləşir...
Ürəyi,
Vətən boyda, Vətən böyüklükdə olan
şairim. Son
görüşümüzdə verdiyiniz məsləhətlər,
bütün sözləri “G” hərfi ilə başlayan
şeirim haqqındakı fikirləriniz mənə yenidən
qol-qanad verdi.
Həmin
günün səhəri işə gələndə qarovulun
mənə uzatdığı zərfi açanda çəkdirdiyimiz
şəkli və ““G” Gözəli” şeirimə cavab olaraq
bir gecədə qələmə aldığınız beş bəndlik, bütün sözləri “Y”
hərfi ilə başlayan şeiri oxuyanda o qədər
sevindim ki...
Yorğa
yeri, yavaş yeri yolunla,
Yol
yoxuşdu, yorularsan, Yurdoğlu.
Yox,
yürümə, yamacınla, yalınla,
Yol
yoxuşdu, yorularsan, Yurdoğlu.
Yorğun
yolun yüyəni yox, yalı yox,
Yay
yetişdi, yağışı yox, yeli yox...
Yaşa,
yarat, yorğunların yolu yox,
Yol
yoxuşdu, yorularsan, Yurdoğlu.
Yarğanlarda
yallanırsa yağılar,
Yurdumuza
yollanırsa yağılar.
Yollarına
yamanlıqlar yığılar,
Yol
yoxuşdu, yorularsan, Yurdoğlu.
Yemişanlar
yarpağını yayanda,
Yaz
yağışı yasəməni yuyanda,
Yox, yadlar
yox, yar yerisin yanında,
Yol
yoxuşdu, yorularsan, Yurdoğlu.
Yetərincə
yazı yazdın, yaz yenə,
Yuxuları
yönümünə yoz yenə.
Yağışlıdı
yaylar yenə, yaz yenə,
Yol
yoxuşdu, yorularsan, Yurdoğlu.
Bu
şeiriniz mənim üçün həm də bir məsləhət
idi. Məsləhətinizi isə
unutmayacaq, Vaqif müəllim.. Yaxşı
ki varsınız, yaxşı ki, təkcə elə ağ saçlarınızla deyil, ağappaq
ürəyinizlə də bizim üçün
ağsaqqalsınız...
Elxan YURDOĞLU,
gənc dostunuz
525-ci qəzet.- 2011.-
24 sentyabr.- S.18.