“Azərbaycanın
təhsil nazirləri”: maarif tariximizin silinməz səhifələri
Təhsil Nazirliyi tərəfindən hazırlanan “Azərbaycanın təhsil nazirləri” kitabı bir müddət əvvəl çapdan çıxıb. Nəşrin layihə rəhbəri təhsil naziri, professor Misir Mərdanov, redaktoru isə siyasi elmlər üzrə fəlsəfə doktoru Bayram Hüseynzadədir. Azərbaycanda təhsil sahəsində mərkəzləşmiş rəhbərliyi həyata keçirən ilk dövlət qurumu ötən əsrin əvvəllərində, Azərbaycan Demokratik Respublikası dövründə yaradılıb. Kitabda, həmin dövrdən indiyədək Azərbaycanın təhsil sisteminə rəhbərlik etmiş şəxslər və onların fəaliyyəti haqqında məlumatlar öz əksini tapıb.
Kitaba ön söz yazan təhsil naziri Misir Mərdanov bildirib ki, bu kitabın yazılmasında əsas məqsəd Azərbaycan təhsilinə müxtəlif illərdə rəhbərlik edən, təhsilin inkişafında xidmətləri olan şəxslərin xatirəsinin əbədiləşdirilməsi və ötən əsrin əvvəllərindən bəri təhsilin tərəqqisi baxımından keçirilmiş şərəfli inkişaf yolu barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdır: “Son yüz ilə nəzər salarkən bir daha aydın olur ki, qazandıqlarımız itirdiklərimizdən daha çoxdur. Mən təhsil naziri kimi müxtəlif ölkələrdə, o cümlədən qonşu İran və Türkiyədə dəfələrlə xidməti səfərlərdə olmuşam. Bu səfərlər zamanı bir fakt məni həmişə qürurlandırıb: Azərbaycanda insanların təhsil səviyyəsi hər iki ölkədəkindən qat-qat yüksəkdir. Sovet dövründə ən ucqar kəndlərimizdə belə, məktəblər fəaliyyət göstərib və Azərbaycanda savadsız adam yoxdur. Bütün bunlar bizim bugünümüz üçün etibarlı zəmin olub. Əgər belə olmasaydı, biz öz müstəqilliyimizi bərpa edib Azərbaycanı uğurla irəli apara, daha böyük nailiyyətlərə, cəsarətli islahatlara imza ata, təhsilimizi, mədəniyyətimizi, iqtisadiyyatımızı müasir tələblər səviyyəsində inkişaf etdirə bilməzdik.
Bu gün sabaha bünövrə olduğu kimi, bugünün də bünövrəsi dünənimizdir. Dünənin qiymətini düzgün verməsək, sabaha möhkəm özül yarada bilmərik. Azərbaycan təhsilinin inkişaf istiqamətlərinin dəqiq müəyyənləşdirilməsi, dünya təhsil sisteminə uyğunlaşdırılması üçün müstəqilliyimizin ilk illəri gələcək islahatlara hazırlıq mərhələsi hesab olunur. Bu baxımdan zəngin inkişaf yolu keçən təhsilimizin 1993-cü ilən 1998-ci ilə qədərki dövrü, axtarışlar, yeniliklərin öyrənilməsi mərhələsi kimi səciyyələndirilir. 1998-ci ildən sonrakı mərhələ isə dünya təhsilinə inteqrasiya, dövlət proqramları və beynəlxalq layihələrin reallaşdırılması, əsaslı quruculuq, tədrisin keyfiyyətinin yüksəlişi, islahatlar dövrü kimi xarakterizə olunur. Müstəqillik illərində Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən stabil ölkəsinə çevrildi, beynəlxalq aləmdə yüksək nüfuz qazandı, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil oldu. Dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın dinamik inkişafının səbəblərini elmi tədqiqatlara və strateji təhlillərə əsaslanan proqramlarla idarəetmə modelinin nəticəsi kimi qiymətləndirirlər.
Təhsil sahəsindəki çoxillik fəaliyyətim zamanı onu da yəqin etdim ki, milli təhsil quruculuğunda tarixilik, varislik, müasirlik prinsipinə əsaslanmaqla, yəni ötən əsrlərdə xalqımızın təhsil sahəsindəki malik olduğu zəngin irsi, maarifçi ziyalıların və görkəmli şəxsiyyətlərin mütərəqqi ideya, fikirlərini öyrənməklə, onlardan müasir dövrün tələblərinə uyğun bəhrələnməklə böyük nailiyyətlər qazanmaq mümkündür. Çünki milli-mənəvi təcrübə ümumbəşəri təcrübə ilə inteqrasiyada müasirlik mahiyyəti daşıyır. Ona görə də biz ilkin olaraq təhsil tariximizi, təlim və tərbiyə təcrübəsini mükəmməl öyrənməli, milli qaynaqları üzə çıxarmalıyıq. Bu da səbəbsiz deyil. Belə ki, təhsil sahəsində apardığımız yeniləşmə və təkmilləşmə, ilk növbədə, milli zəmin üzərində qurulmalıdır”. M.Mərdanov qeyd edib ki, təhsildə köklü məzmun islahatları apararkən yalnız öz bilik və təcrübəmizə deyil, həm də bəşəriyyətin yaratdığı təcrübəyə, dünyagörüşünə, həyat fəlsəfəsinə söykənməliyik: “Bəşəriyyətin bu sahədəki təcrübəsi zəngin mənəviyyat xəzinəsidir. Həmin xəzinənin mənəvi sərvətlərinin qiymətli bir hissəsini xalqımızın ta qədimdən bu günə qədər təhsil və tərbiyə ilə bağlı yaratdığı nəzəriyyə, konsepsiyalar, eləcə də onların əməli fəaliyyətləri təşkil edir. Əlbəttə, danılmaz faktdır ki, sələflərimiz şərəfli bir tarix yaradıblar. Biz onların millətin təkamülündəki xidmətlərini araşdırıb indiki və gələcək nəsillərə çatdırmaq, bu şərəfli yolu davam etdirməyi çalışmaqla öz mənəvi borcumuzu yerinə yetirmiş oluruq. Beləliklə, oxuculara təqdim olunan bu kitabda ümumi və yığcam şəkildə maarif, təhsilimizin təxminən son bir əsrdəki inkişafında, təkmilləşdirilməsində, ümumi təhsil, texniki peşə, ali və orta ixtisas məktəbləri şəbəkələrinin yaranmasında dövlət qurumu olaraq nazirlik, komissarlıq, komitələrin rolu açıqlanır. Kitabda Azərbaycan təhsilinin hazırkı səviyyəyə yüksəlməsində bu sahəyə müxtəlif vaxtlarda rəhbərlik etmiş şəxslərin rolunu nəzərə alaraq xalqın maariflənməsi yolunda atılan addımlardan söhbət açılır. Ümummilli inkişafımızın təməli olan, milli dəyərlərimizin qorunmasında mühüm əhəmiyyət kəsb edən təhsilimizdən, təhsil tariximizdən, təhsil sahəsinə rəhbərlik edən şəxslərin həyat yolundan, fəaliyyətindən bəhs edən bu kitabın hazırlanıb ərsəyə gətirilməsi xüsusi tarixi-pedaqoji, ictimai-mədəni əhəmiyyətə malikdir”.
Təhsil naziri vurğulayıb ki, keçmiş İttifaq tərkibində olduğumuz 70 ildə təhsilimiz çox ziddiyyətli inkişaf yolu keçib. Bu tarixi yaradan, həyatını xalqın maariflənməsi kimi nəcib işə həsr edən ziyalıların adı Azərbaycanın tarixinə, onun təhsil salnaməsinə əbədi həkk olunub: “Bu gün Azərbaycanın təhsilinə rəhbərlik edən şəxs kimi, bir ziyalı kimi, nəhayət, bir vətəndaş kimi çalışıram ki, gələcək nəsil bu insanların vətənimiz qarşısındakı xidmətlərindən xəbərsiz qalmasınlar.
M.Mərdanovun fikrincə, müstəqil Azərbaycanın dövlət siyasətində təhsil ən prioritet istiqamətlərdən biridir. Odur ki, məqsədyönlü dövlət siyasətində təhsil sisteminin inkişaf tempinin günbəgün daha intensiv xarakter alması göz önündədir: “Təhsil sahəsindəki çoxillik fəaliyyətim zamanı onu da yəqin etdim ki, milli təhsil quruculuğunda tarixilik, varislik, müasirlik prinsipinə əsaslanmaqla, yəni ötən əsrlərdə xalqımızın təhsil sahəsindəki malik olduğu zəngin irsi, maarifçi ziyalıların və görkəmli şəxsiyyətlərin mütərəqqi ideya, fikirlərini öyrənməklə, onlardan müasir dövrün tələblərinə uyğun bəhrələnməklə böyük nailiyyətlər qazanmaq mümkündür. Çünki milli-ənənəvi təcrübə ümumbəşəri təcrübə ilə inteqrasiyada müasirlik mahiyyəti daşıyır. Ona görə də biz ilkin olaraq təhsil tariximizi, təlim və tərbiyə təcrübəsini mükəmməl öyrənməli, milli qaynaqları üzə çıxarmalıyıq. Bu da səbəbsiz deyil. Belə ki, təhsil sahəsində apardığımız yeniləşmə və təkmilləşmə, ilk növbədə, milli zəmin üzərində qurulmalıdır. Bununla yanaşı, təhsildə köklü məzmun islahatları apararkən yalnız öz bilik və təcrübəmizə deyil, həm də bəşəriyyətin yaratdığı təcrübəyə, dünyagörüşünə və həyat fəlsəfəsinə söykənməliyik. Bəşəriyyətin bu sahədəki təcrübəsi zəngin mənəviyyat xəzinəsidir. Həmin xəzinənin mənəvi sərvətlərinin qiymətli bir hissəsini xalqımızın ta qədimdən bu günə qədər təhsil, tərbiyə ilə bağlı yaratdığı nəzəriyyə və konsepsiyalar, eləcə də onların əməli fəaliyyətləri təşkil edir.
Əlbəttə, danılmaz faktdır ki, sələflərimiz şərəfli bir tarix yaradıblar. Biz onların millətin təkamülündəki xidmətlərini araşdırıb indiki və gələcək nəsillərə çatdırmaq və bu şərəfli yolu davam etdirməyə çalışmaqla öz mənəvi borcumuzu yerinə yetirmiş oluruq”.
M.Mərdanov qeyd edib ki, müstəqillik illərində təhsil xərclərinin ilbəil artması təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə birbaşa bağlıdır. Təhsil sisteminin qarşısında duran əsas vəzifələri müəyyənləşdirərkən prezident İlham Əliyevin ölkənin inkişaf strategiyası ilə bağlı bu fikirləri əsas götürülür: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”, “Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu maddi sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”. Bu mənada yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç də “təhsil əsri” elan edilən 21-ci əsrdə olduğu qədər aktual olmayıb. Ümumi təhsil xərclərinin artmasının əsasında da həmin konseptual maddələr dayanır”.
Kitabda yer alan Azərbaycanın xalq maarifi və dini etiqad nazirləri başlıqlı hissədə “Müstəqil Azərbaycan” ideyasının və təhsil sisteminin milliləşdirilməsi konsepsiyasının müəllifi, böyük maarifçi Nəsib bəy Yusifbəyli, 1919-cu ildə ölkədə xalq maarifi və dini etiqad naziri vəzifəsində çalışmış Rəşid xan Qaplanov, Azərbaycanda təhsil müəssisələrinin milliləşdirilməsinə, ölkənin şəhər və kəndlərində ana dilində məktəb, seminariyaların açılmasında böyük xidmətləri olan Həmid bəy Şahtaxtinski, 1920-ci ildə Azərbaycanda xalq maarifi və dini etiqad naziri vəzifəsində çalışan Nurməhəmməd bəy Şahsuvarov haqqında dolğun məlumatlar verilib. Kitabda həmçinin Azərbaycanın xalq maarifi komissarları Dadaş Bunyadzadə, Mustafa Quliyev, Ruhulla Axundov, Maqsud Məmmədov, Ağa Sultanov, Mahmud Ağayev, Məmməd Cuvarlinski, Müseyib Şahbazov, Məmmədsadıq Əfəndiyev, Mirzə Məmmədov, Mirzə İbrahimov, Məmməd Ələkbərovun həyat və fəaliyyəti haqda məlumatlar yer alıb. Azərbaycanın xalq maarifi nazirləri adlı hissədə müxtəlif illərdə ölkədə xalq maarifi naziri vəzifəsini icra edən Mehdi Mehdizadə, Rəhim Rəhimov, Elmira Qafarova, Kamran Rəhimov, Tofiq Hacıyev, Azərbaycanın Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədrləri Əkbər Ənnağıyev, Musa Ağayev, Tofiq Allahverdiyev, Heydər İsayev, Azərbaycan Ali və Orta İxtisas Təhsili Komitəsinin sədrləri Şirəli Məmmədov, Abdulla Qarayev, Azərbaycanın ali və orta ixtisas təhsili nazirləri Züleyxa Hüseynova, Danil Quliyev, Qurban Əliyev, Ağalar Abbasbəyli, Azərbaycanın xalq təhsili nazirləri Müslüm Məmmədov, Rafiq Feyzullayev, Firudin Cəlilovun həyatı, ictimai fəaliyyəti barədə geniş məlumat verilib. Kitabdakı Azərbaycanın təhsil nazirləri başlıqlı hissədə isə 1993-cü ildən 1997-ci ilədək təhsil naziri vəzifəsini icra edən Lidiya Rəsulova, 1998-ci ildən ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunan baş müəllim Misir Mərdanovun həyat və fəaliyyəti barədə ətraflı məlumatlar öz əksini tapıb.
Nəfis tərtibatda çap olunan kitabda bugünədək Azərbaycan təhsilinə rəhbərlik etmiş şəxslərin hərtərəfli fəaliyyətini əks etdirən fotolar da yer alıb.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 24 sentyabr.- S.14.