Hadi Rəcəbli: “Bizdə sosial müdafiə ilə bağlı islahatlar prosesində təkamül yolu seçildi”

 

MÜSAHİBİMİZ MİLLİ MƏCLİSİN SOSİAL SİYASƏT KOMİTƏSİNİN SƏDRİ, SİYASİ ELMLƏR DOKTORU HADİ RƏCƏBLİDİR

 

– Bu yaxınlarda Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasının 20-ci ili tamam olacaq. Bu əlamətdar tarix, yubiley ərəfəsində ötən dövrə nəzər saldıqda Azərbaycanın sosial müdafiə sisteminin inkişaf dinamikasını, bu yöndə həyata keçirilən dövlət siyasətini bu proseslərin yaxından iştirakçısı olan bir şəxs kimi necə xarakterizə edərdiniz?

– 20 il böyük tarix üçün çox qısa bir müddətdir. Əgər eramızdan əvvəl yaşayan insanların da sosial siyasətlə bağlılığını, sosial müdafiəsini fikirləşsək, görərik ki, indiki 20 il Azərbaycan kimi bir dövlət üçün çox qısa bir müddətdir. Dünyada sosial iqtisadi formasiyalar dəyişə-dəyişə, insanların şüuru və tələbatları arta-arta, cəmiyyət inkişaf edə-edə sosial müdafiə sistemi təkmilləşir, yeni-yeni çalarlarla rəngarəng olur. Təsəvvür edin, sığorta sisteminin yaranma tarixi 1898-ci ildə Almaniya kansleri Bismarkın adı ilə bağlıdır – məhz bu dövrdə sosial müdafiənin ilkin rüşeymləri formalaşmağa başladı, bu sahənin həmrəylik prinsipi üzərində qurulması baş verdi. Yəni, sosial müdafiə sisteminin yaranma tarixi özü də uzundur və indi Azərbaycanın bu 20 il ərzində sosial müdafiə sisteminin təkmilləşməsindən danışırıqsa, bu, dedikcə ağrılı, bir ardıcıl və sistemli prosesdir. Təsəvvür edin ki, bu prosesin Azərbaycanda kataklizmsiz, gərginliksiz keçməsinin başlıca səbəbi Heydər Əliyevin xarizması idi. Sosial islahatlar bütün dünyada ağrılı, gərgin keçib, hətta, inqilablarla nəticələnib. Çünki bu çox ciddi bir islahatdır, insanların, hamının ailəsinə, məişətinə toxunan islahatlardır. Ümumilikdə götürəndə bu yöndə islahatların iki baş xətti olur. Birinci xətt “Polşa modeli” adlanan “şokaterapiya”dır ki, həmin ölkənin özündə bu proses 2 il ərzində getdi, bütün məsələləri korladı, qiymətlər qalxdı, cəmiyyət dəydi bir-birinə, sonra hər şey oturumlaşdı. Azərbaycan isə bu məsələdə evalyusion yolu seçdi, təkamül yolunu seçdi və biz zaman-zaman, addım-addım sosial islahatları apardıq...

– Bunu bir qədər də konkretləşdirmək olarmı?

– Bunlar çox ciddi islahatlardır.Birincisi pensiya islahatları idi. Biz pensiya islahatlarında həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçdik. Həmrəylik belə idi ki, adamlar pul verirdilər, axırda son iki il ərzində kim nə qədər əmək haqq alıb, o əmək haqqına görə orta pensiya məbləği hesablanırdı. Bu, ədalətsizlik idi. Bu sistem təkmilləşdi,özü də zaman-zaman təkmilləşdi, hələ bu gün də təkmilləşir. Fərdi uçot sistemində artıq ödəmələri poçtalyonlardan keçdik kartlarla paylanma sisteminə. Təsəvvür edin ki, poçt-rabitə şöbələrində pensiyaların paylanmasından faydalanan yüzlərlə adamlar var idi ki, onlar bunun əleyhinəydilər. Amma keçdik kart sisteminə, bankomat sisteminə. Burada Səlim Müslümovun rəhbərlik etdiyi qurumun- Dövlət Sosial Müdafiə Fondunun böyük xidmətləri oldu. Biz qanunvericiliyi də təkmilləşdirdik. Sığorta fonduna keçirilən vəsaitlərin məcburiliyini və ilkinliyini təmin etdik. Belə ki, əvvəllər bütün pullar bölünürdü, Sosial Sığorta Fonduna köçürməyə pul qalmırdı. İndi biz birinci qoymuşuq əmək haqqı, sonra sığorta haqqı, Təkcə bu addım sığorta sistemini xeyli gücləndirdi. Sığorta sistemi, yəni, sosial müdafiə sisteminin sosial müdafiə fondu gücləndi və bu gün bizdə pensiyaların ödənilməsində, demək olar ki, problem yoxdur. Hər ayın sonunda pensiyalar hesablanır, ödənilir. Bu, böyük islahatlardır. Ciddi islahatlar keçdi gənclər- ailə-uşaq siyasəti ilə bağlı. Təsəvvür edin ki, Azərbaycanda idarəetmənin strukturu təkmilləşdi. Nazirlik oldu İdman-Gənclər, o biri oldu Ailə,Qadın və Uşaq Problemlərinin Həlli üzrə Dövlət Komitəsi. İkisinin də konsepsiyaları dəyişdi, istiqamətləri təkmilləşdi, gənclər siyasəti haqqında qanun qəbul olundu, uşaq problemləri ilə bağlı onlarla qanun qəbul edildi, beynəlxalq əməkdaşlıq gücləndi və bizim uşaq-ailə-qadın problemlərində ciddi dəyişikliklər oldu. Eyni zamanda, idmanla bağlı müvafiq qanunlarımız qəbul olundu, çox ciddi islahatlar aparıldı. Digər islahatlar əmək haqları ilə bağlı idi. Təsəvvür edin, biz ilin yekununda artıq bir neçə ildir ki, yaşayış minimumu rəqəmini təsdiq edirik. Bu rəqəmin müəyyənləşməsi özü uzunmüddətli bir proses idi. Əvvəllər bu rəqəmi bir nəfər üçün orta statistik insan götürmüşdük və ona hesablayırdıq. Sonra biz öyrəndik ki, bu düzgün deyil. Götürdük uşaqlar üçün bir rəqəm, orta yaşlılar- işləyənlər üçün bir rəqəm, pensiyaçılar üçün bir rəqəm. Deməli, yaşayış üçün minimum rəqəmimiz var. O rəqəmlərə uyğun olaraq minimum əmək haqları hesablanır və bu gün dünyada çox nadir haldır ki, əmək haqqı minimumu orta yaşayış minimumuna yaxın rəqəmdir, 97 manat – 85 manat. Bu, çox yaxın rəqəmdir. Əlbəttə, bu rəqəm də təkmilləşir. Bazardakı qiymətlərlə əlaqədar bu da görürsən ki, artır. Əmək haqqı fəlsəfəsi Azərbaycanda ciddi qoyulub. Yeni iş yerlərinin yaradılması, ailədə iki nəfərin, üç nəfərin əmək haqqı gətirməsi, ailə büdcəsinin formalaşması və prezidentimizin baş istiqamət olaraq qoyduğu real gəlirlərin artırılması bu fəlsəfənin əsasını təşkil edir. Yəni, bazarda hansısa mümkün olan hallarda bolluğun yaranması qiymətin tənzimlənməsinə kömək edir. Bazar qanunları ilə qiymətlərin tənzimlənməsi, bolluğun yaranması üçün ərzaq təhlükəsizliyi proqramları var. Azərbaycanda bunlar hamısı ona işləyir ki, əmək haqları ilə yanaşı, əsasən real gəlirlər artsın. Bu, bir islahat sistemidir. Başqa bir islahat sistemi sosial müdafiədə ünvanlılığın təmin olunmasıdır. Vaxtı ilə deyirdilər, Qarabağ əlillərinə dərman pulsuzdur. Qarabağ əlili də gedirdi özəl aptekə, – hansı ki, vergi verir, özünün malıdır- götürürdü kitabçasını göstərirdi ki, mənim xalam uşağının dayısı nəvəsinə pampers lazımdır. Avtobus elə, digər elektrik enerjisi elə. Ona görə bunlar hamısı sistemləşdirildilər. Xidmətlərin monetizasiyası deyilən bir istiqamət seçildi. Sosial müdafiədə pulla ölçülmə məsələsi oldu, abstraktlıq yığıldı və eyni zamanda, ünvanlılıq qismən təmin olundu. Zaman göstərdi ki, ünvanlı yardımların ödənilməsində də mexanizm çox narahatdır, təzədən təkmilləşməlidir. Biz bu gün yenə o məsələyə qayıdırıq. İlkin ünvanlı yardıma keçəndə 17 sənəd istənilirdi, indi cəmi 5 sənəd tələb olunur...

– Bunun özü də bəzən narahatlıq yaradır...

– Doğrudur, ona görə bu istiqamətdə təkmilləşmə davam etdirilir. Yenə də qeyd edirəm , bu məsələdə də bir müddət neqativ hallar oldu, bu da faktdır və zaman göstərdi ki, bu sistem də təkmilləşməlidir. Sosial müdafiə sistemində maraqlı bir yeni istiqamət də müəyyənləşdirilib. Bu da sosial xidmətin özünün sisteminin dəyişməsidir. Bu dəqiqə sosial müdafiədə, sosial xidmətdə əsasən dövlət iştirak edir, qocalara, əlillərə, xəstələrə xidmət göstərilir. Amma bəzən yaddan çıxarılır ki, həm də sosial psixoloji xidmət lazımdır. Gənc ailənin sosial müdafiəsi ilə bağlı xidmətin elementləri var. Beləliklə, biz düşünürük ki, gələcəkdə bütövlükdə sosial xidmətlərə qeyri-hökumət təşkilatları institutunu cəlb edək. Macarıstanda belə təcrübə var, öyrənmək olar. Yəni, artıq sosial xidməti dövlət sistemi ilə yanaşı, qeyri-hökumət institutu görsün, tender elan edilsin, 50 təşkilat gəlsin tenderdə iştirak etsin, biri udsun, gəlsin bu xidməti göstərsin, qiyməti də aşağı olsun. Yeniliklər təkmilləşmənin davamıdır. Ahılların sosial müdafiəsi haqqında qanunumuz var. Azərbaycanda bu gün sosial müdafiənin yaxşılaşdırılması üçün çox ciddi hüquqi baza artıq formalaşır. Səhiyyə ilə bağlı Azərbaycanda çox böyük işlər görülüb. Sevindirici hal odur ki, səhiyyə sistemində dövlət müəssisələrində pullu xidmət deyilən məfhum ləğv olundu, sağlamlığın qorunması haqqında qanun qəbul olundu. Özəl səhiyyə xidmətinin hüquqi bazası təmin olundu. Tibbi sığorta haqqında qanun qəbul olundu...

– Amma bir məsələ də var ki, bu gün tibbi sığorta işləmir...

– Niyə işləmir? Ona görə ki, məmurun, kiminsə səhlənkarlığından. Qanun qəbul olunub, prezident imzalayıb, artıq üç ildir büdcədə bu məqsədlər üçün pul ayrılır. Amma tibbi sığorta işləmir. Tibbi sığorta sistemi işləsə, görün səhiyyənin maliyyələşməsində və səhiyyədə olan bəzi neqativ halların aradan götürülməsində nə qədər böyük rol oynayar. Bu gün açıq etiraf edim ki, həkimin əmək haqqısı aşağıdır. 130 manat çox aşağı əmək haqqıdır, prezidentimiz daim bu haqda düşünür və ölkənin maliyyə qurumlarına bu rəqəmin hiss olunan dərəcədə artırılması üçün imkanlar axtarılması göstərişini verib. Belə mülahizələr var ki, yaxın günlərdə həkimlərin əmək haqqısının qaldırılması gözlənilir. Əlbəttə, sosial müdafiənin səhiyyə qolundan danışanda məntiqi olaraq pasientin hüquqlarının qorunması məsələsi də ortaya çıxır. Əslində baxanda sağlamlığın qorunması ilə bağlı bu gün hüquqi baza yeniləşmə bir az da tutumlu desək, məcəllələşmə istəyir. Azərbaycanda 20 il ərzində sosial müdafiə sistemi kökündən təzələnib, müasirləşib, təkmilləşib. Bir baş istiqaməti mütləq yadda saxlamaq lazımdır ki, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının məqsədi Azərbaycanda sosial rifah tipli dövlət qurmaq, azərbaycanlıların, Azərbaycan xalqının real gəlirlərini artırmaq, güzəranını daha da yaxşılaşdırmaqdır. Bəzən biz birbaşa aldığımız sosial müdafiəni görürük, amma dolayısı yolla olanları görmürük. Məsələn, xəstəxana tikilib, onu görə bilmirik, yol çəkilib onu görə bilmirik, məktəb tikilir, onu görmürük. Hava təmizlənir, onu hiss etmirik, su çəkilir, onu hiss etmirik. Bəs bunlar sosial müdafiə deyilmi? Beləliklə , Azərbaycanda sosial müdafiə sistemi günü-gündən təkmilləşdi və özünü də bu 20 il ərzində hiss olunan dərəcədə göstərdi ...

– Hadi müəllim, sosial müdafiə sistemindən söhbət düşmüşkən, məlum 65-70 yaş məsələsinə münasibət bildirmənizi də istərdik. Çünki bu da, xüsusən son ay yarım ərzində , özünün hansısa müəyyən fəsadlarını göstərməkdədir...

– Mən həmişə sosial müdafiə sistemində atılan addımları ona bənzədirəm ki, məsələn, insan xəstələnir, insanı yıxırlar, skalperi götürürlər, kəsirlər, doğrayırlar, ağrıdırlar, müalicə edirlər. Bax, həmin ağrılı addımlardan biri də budur. İndi gəlin neyləyək? Bu gün Azərbaycanın əhalisi 9 milyon 111 min nəfərdir. Hər il doğulan 100 minə qədər uşağın 18 yaşda olanda işlə təmin edə biləcəyikmi? Bu haqda heç kim fikirləşmir. Hər kəsin ailəsində uşaq , cavan , nəvə böyüyür. Yaxşı bu gün biz veteranlar, yaşlılar, – 65 yaşında yerimizi təhvil verməsək, getməsək, belə deyək, dövlətin bizə qayğısına cavab olaraq öz yerimizi boşaltmasaq onda necə olar? Elə həmişə biz oturub işləyəcəyik? Bunun da səbəbləri nədən irəli gəlir? İki səbəb var. Birincisi, insanların sağlamlığı yaxşılaşıb, orta yaş həddi yüksəlib, artıq əvvəlki illərə nisbətən insanlar bir yaş çox yaşayır, ölüm azalıb, artım çoxalıb. Nə olsun? Ancaq iş yeri nə qədər çox yaransa da, bu artıma cavab verə bilmir. Əgər belə getsə heç cavab verə bilməyəcək də? Səbəblərdən biri budur. Digər səbəb də odur ki, əlbəttə, gənclər işləməlidirlər. Onu da vurğulamağı vacib sayıram ki, bu adamlar özəl müəssisələrdə, bələdiyyələrdə, qeyri-hökumət təşkilatlarında lap elə məsləhətçi işləyə bilərlər. Mən bir balaca təhlil aparmışam. Sual vermişik ki, ay pensiyaçı, sən aldığın pulu nəyə xərcləyirsən? Aydın olur ki, pensiyaçı – işləyən yaşlı adam aldığı əmək haqqısını nəvəsinə, oğluna , qızına xərcləyir. Amma bizim Konstitusiyada yazılıb ki, 18 yaşına qədər uşaqları valideynləri saxlayır, 70 yaşından sonra qocaları isə övladların saxlamağa borcludur. Beləliklə, burdan gəlib belə bir məntiqsizlik çıxır. Ona görə düşünürəm ki, bu, işdəngetmə bütövlükdə son nəticədə müsbət göstəricilərlə müşayiət olunacaq. Amma ilkin olaraq, ola bilər hansısa kənd məktəbində müəllim çatmasın. Defisit yaranacaq. Defisit yaranmaması üçün həmin kənd məktəbi müəllimə çox maaş verməlidir, ona şərait yaratmalıdır ki, ora şəhərdən müəllim gəlsin. Məcburuq da bunu edək. Beləliklə, bu boşluqlar, bu kataklizmlər, bu gərginliklər bilinəcək və sonradan yerini tapacaq və ola da bilər ki, qanunlara yeni əlavələrə və dəyişikliklərlə müşahidə olunacaq.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 27 sentyabr.- S.4.