“Azərbaycanda Turizm haqqında yeni qanunun qəbul edilməsi vacibdir

 

VAHİD ƏHMƏDOV: “YENİ QANUNUN REGİONLARDA TURİZMİN İNKİŞAFINA DAHA GENİŞ ZƏMİN YARADA BİLƏR”

 

“Turizm Azərbaycanda yeni və əhəmiyyətli bir sahədir. Xüsusilə də regionlarda turizmin inkişafı diqqət mərkəzindədir. Ölkə prezidentinin imzaladığı Tədbirlər Planında da regionlarda turizmin inkişafı haqqında müəyyən işlərin görülməsi bir neçə bənddə öz əksini tapıb. Düşünürəm ki, əvvəlki qanunda nəzərdə tutulan vəzifələrin bir çoxu artıq həyata keçirilib”. Bu barədə “525”ə parlamentin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov açıqlama verib. Onun sözlərinə görə, dünyada turizmin inkişaf tendensiyası daha operativ və geniş, yüksək səviyyədə beynəlxalq turizm bazarına inteqrasiya olunmağı, standartlara uyğun turizm xidmətini təşkil etməyi, keyfiyyəti yaxşılaşdırmağı, turizm üçün insan ehtiyatlarının hazırlanmasının beynəlxalq şərtlərə uyğunlaşdırılmasını, ölkənin turizm potensialını daha geniş təbliğini tələb edir. Ona görə də ölkəmizdə Turizm haqqında yeni qanunun qəbul edilməsi vacibdir: “Sənəd Milli Məclisə daxil olduqda biz onunla ətraflı tanış olub, təkliflərimizi verəcəyik. Düşünürəm ki, yeni qanunun regionlarda turizmin inkişafına da zəmin yaradacaq. Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar artıq ikinci Dövlət Proqramı icra olunur. Proqram 2009-2013-cü illəri əhatə edir. Bu sənəddə hansı regionda nə kimi işlər görülməsi məsələsi öz əksini tapıb. Birinci proqram çərçivəsində çox işlər görülüb. Turizmin inkişaf etdirilməsi regionun iqtisadi inkişafından çox asılıdır. Həmin ərazinin elektrik enerjisi ilə, qazla, su ilə təmin edilməsinin, yollarının təmirinin böyük əhəmiyyəti var. Ölkə ərazisində yol infrastrukturunun qurulması haqqında prezidentin bir neçə sərəncamı olub. Regionların qazla təmin edilməsi ilə əlaqədar xüsusi proqram qəbul edilib. Hazırda bölgələrimizdə elektrik enerjisi sarıdan elə bir problem yoxdur, su ilə bağlı mövcud çətinliklər də aradan qaldırılmaqdadır. Yəni regionlarda turizm müəssisələrinin normal fəaliyyət göstərməsi üçün birinci növbədə bu problemlər tam həll olunmalıdır ki, bu, yerlərdə iş qurmaq istəyən sərmayədarları da cəlb etsin”.

Millət vəkili deyib ki, bu gün ölkənin müxtəlif regionlarında sahibkarlar turizm fəaliyyəti ilə məşğul olurlar, ayrı-ayrı bölgələrdə iri layihələr icra olunur. Qusarda qış-yay turizm kompleksinin inşası, Qubada, Qəbələdə, Şəkidə, İsmayıllıda, Şamaxıda və digər rayonlarda istirahət mərkəzlərinin, hotellərin tikilməsini nümunə kimi göstərmək olar. Onun sözlərinə görə, regionlarda turizmin inkişafı üçün ilk şərt infrastruktur layihələrinin həyata keçirilməsidir ki, bu da həllini tapmaqdadır.

Millət vəkili deyib ki, turizm fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlara kreditlərin verilməsi ilə bağlı problem yoxdur. Sahibkarlığa Kömək Milli Fondu son illər bu məsələyə daha ciddi yanaşır. Sahibkarlar bununla bağlı millət vəkillərinə də müraciət edirlər, birbaşa fondla da əlaqə saxlayırlar. Fondun nümayəndələri regionlara gedirlər, təqdim edilən layihələri araşdırır, kreditləri paylayırlar. Bu məsələ artıq öz həllini tapıb. Kreditin alınmasının şərtləri var. Bu şərtlər də banklarla bağlıdır. Müraciət edən sahibkarın girovu və ya əmlakı olmalıdır.

Azərbaycana gəlmək istəyən əcnəbilərin turizm şirkətləri vasitəsilə viza almasını asanlaşdırmaq məqsədilə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna əlavə və dəyişikliklərin qəbuluna da toxunan V.Əhmədov bildirib ki, vizaların elektron qaydada rəsmiləşdirilməsi qaydası Azərbaycana gəlmək istəyən əcnəbilərin rahatlığı və prosesin şəffaflığı baxımından mühüm yenilikdir: “Bu istiqamətdə ölkə prezidenti tərəfindən mütəmadi olaraq, Milli Məclisə müəyyən sənədlər göndərilir. Təbii ki, viza ilə bağlı məsələdə ehtiyatlı olmaq lazımdır. Amma turistlərin rahat viza ala bilməsinə mümkün qədər şərait yaradılmalıdır. Çünki bu, ilk növbədə, ölkəyə gələn turistlərin sayına müsbət təsir göstərər. Yeni qaydalar tətbiq edildikdən sonra Azərbaycanın səfirliyi olmayan ölkələrdə insanlar respublikamıza viza almaq üçün daha üçüncü ölkəyə getmək məcburiyyətində qalmayacaqlar. Onun müraciət etdiyi turizm şirkəti rahat şəkildə elektron yolla viza almaq üçün sənədləri üçüncü ölkədəki Azərbaycan səfirliyinə çatdıracaq. Bu isə öz növbəsində ölkəmizə gələn turistlərin sayına müsbət təsir göstərəcək”.

O ki qaldı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsinin turizm sektorunun inkişafına təsirinə, millət vəkili deyib ki, ölkəmizin bu təşkilata üzvlük məsələsi mütəmadi olaraq müəyyən dairələrdə müzakirə olunur: “Biz bu problemi həmişə qaldırırıq. Əlbəttə, Azərbaycan ticarətinin inkişafı üçün ölkəmizin bu quruma daxil olması çox vacibdir. Amma buna mane olan bir sıra problemlər mövcuddur. Bu problemlər həm Xarici İşlər Nazirliyi, həm də İqtisadi İnkişaf Nazirliyi tərəfindən müxtəlif dövlət qurumlarında müzakirə olunur. Həmin nazirliklərin nümayəndələri ilə Milli Məclisin İqtisadiyyat komissiyasının üzvlərinin görüşləri keçirilir. Xarici ölkələrlə də bu istiqamətdə daima müzakirələr gedir. Elə etməliyik ki, bu quruma üzvlük bizə ciddi problemlər yaratmasın, əksinə, iqtisadiyyatımızda mövcud olan neqativ halların aradan qaldırılmasında kömək olsun. Bu quruma üzvlük Azərbaycan iqtisadiyyatının, o cümlədən də turizmin inkişafına təkan verər. Dünyanın iqtisadi baxımdan ən qüdrətli dövlətlərinin üzv olduğu bir təşkilatın tədbirlərində yaxından təmsil olunmağımız bizim həmin dövlətlərlə iqtisadiyyatın bütün istiqamətləri üzrə əlaqələrimizin genişlənməsinə səbəb olar”.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 27 sentyabr.- S.5.