Sənətinin vəfalısı
Səhər obaşdannan yeni dərs ilinin başlanması münasibəti ilə onu çoxları təbrik eləmişdi. Amma tək bir nəfərin “etibarsızlığı” onu yandırıb külünü göyə sovururdu – dost-doğmaca atası Xanoğlan müəllimin. Çünki ötən əsrin 70-ci illərindən ta əsrimizin 2001-ci ilinəcən Azərbaycan təhsil sisteminin ən qabaqcıl xadimlərindən biri olmuş, 50 il Füzuli rayonundakı Kürdmahmudlu kənd orta məktəbinin direktoru işləmiş, “Şərəf nişanı” ordeninə, “Maarif əlaçısı”, “Qabaqcıl maarif xadimi”, “Baş müəllim”, “Əmək veteranı”, “Əmək igidliyinə görə” fəxri adlara layiq görülmüş atası Xanoğlan Əliyev hər tədris ilinin başlanğıcında sevimli oğlu Vəfanı müqəddəs bildiyi sentyabr münasibətiylə təbrik edərdi. Amma illərdi ki, bu təbriklərin arası kəsilmişdi. Doğma yurd-yuvasından perik düşmüş on minlərlə soydaşımız kimi Vəfa müəllimin ellər atası kimi şöhrət qazanmış müəllim atası da doğma ocaqdan uzaq, qaçqın oğul-uşağının sığındığı Bakıda dünyasını dəyişmişdi. Bəli, düz on il bundan öncə 84 yaşlı Xanoğlan Əliyev oğlanları Şəfanın, Vəfanın, Afiqin, Rəfaelin, İlhamın çiyinlərində doğma yurd yerindən uzaq torpağa tapşırıldı. Və Vəfa müəllimin də bu sabahkı qüssəsinin daha dərin olmasının səbəbi bu ayrılığın 10 ilinin tamam olmasıyla bağlıydı. Nə yaxşı ki, qüssəli ovqatın ömrü uzun sürmədi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kəndarındaca əriyib yoxaldı. Vaxtilə, hələ uşaq yaşlarında atasının ilk dərs günündə məktəbə ayaq açan uşaqları görərkən çöhrəsində sökülən dan yerlərini xatırladı. Budur, Mədəniyyət və İncəsənət Universitetinin əsas binasının yenicə təmirdən çıxmış həyəti, dəhlizləri, auditoriyaları. Və bir də bu unikal təhsil ocağında bu ildən başlayaraq sənət dərsi alacaq abituriyentlər, gənclər, sənətimizin, mədəniyyətimizin gələcək istedadları, bəlkə də dahiləri. İndi qalır bunlara mükəmməl təhsil vermək, hardan gəlib hara gedəcəklərini başa salmaq. Başlıcası isə Azərbaycan mədəniyyəti, sənətkarlığı, sənətşünaslığı qarşısında duran problemlərdən baş çıxarmaq işində onlara kömək etmək. Nə yaxşı ki, zaman-zaman başda ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev olmaqla universitetin rektoratı, nüfuzlu professor, müəllim heyyəti bu ümdə problemin həlli barədə düşünüb və bu gün də düşünməkdədir. Elə təkcə onun dekanı olduğu Sənətşünaslıq fakültəsində tələbələrə dərs demək üçün cəlb olunan müəllimlərin siyahısını göz önünə gətirmək kifayət edər: professorlardan Aqşin Babayev, Gülşən Əliyeva, Aydın Dadaşov, Məryəm Əlizadə, İlham Rəhimli, Aydın Abi, Nizaməddin Şəmsizadə, Həsən Quliyev, Aydın Kazımzadə, Xalq artisti, dosent Həmidə Ömərova...
ADMİU-nun həyətində ilk dərs gününə həsr olunmuş təqdimat mərasiminə baxdıqca ürəyi pörşələnir, vaxtilə atasının dönə-dönə Abdulla Şaiqin sözləriylə ona söylədiklərini bir daha xatırlayırdı: sənətlərin ən şərəflisi müəllimlikdir. Sabah, birisi gün, sonrakı illərdə dekanı olduğu Sənətşünaslıq fakültəsində həm də dərs deyəcəyi cavanlara öz gözüylə yanaşı həm də atasından ona keçmiş fəhmlə baxır, sabahın Nurəddin Həbibovlarını, Mürsəl Nəcəfovlarını, İnqilab Kərimovlarını, Nazim Sadıxovlarını, Yaşar Qarayevlərini, Aydın Talıbzadələrini, Oqtay Əfəndiyevlərini müəyyənləşdirməyə çalışırdı...
Sonra öz yaşı barədə düşündü. Axı, sentyabrın 14-də 58 yaşı tamam olmuşdu. Və 84 yaşına, yəni dünyasını dəyişənə qədər daim yenilik hissi, təlim – tərbiyə məsələlərində, tədrisdə islahatlar tərəfdarı olmuş atasını xatırladı. Özüylə onu müqayisə elədi və ... özünü məğlub sandı. Deməli, gecəli-gündüzlü çalışmaq, dünya təhsil sistemində baş verən qlobal islahatlardan xəbər tutmaq, durmadan yeniliklərə doğru qaçmaq gərəkdir. Bu isə tədris proqramlarında, dərs vəsaitlərində, tələbələrlə praktiki çalışmalarda köklü dəyişikliklər tələb edir.
... Mən bu yerdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyevdən ondan icazəsiz onun keçirdiyi hisslərini qələmə aldığıma görə üzr istəyib bunun səbəbini açıqlamağa çalışacam. Məsələ burasındadır ki, ADMİU-dakı 4 illik fəaliyyətimə baxmayaraq mən onu çox yaxşı tanımış, başa düşmüşəm. Əslində bu elə də çətin bir iş olmayıb. Sən demə Vəfa müəllim də ədəbiyyat, sənət, publisistika aləmində çoxlarını tanıdığı kimi mənə də yaxşı bələddir. Və istər Azərbaycan radiosundakı uzun illik fəaliyyətimi, istərsə də mətbuat çalışmalarımı izləyibmiş. Amma burası vardır ki, Vəfa müəllim ümumiyyətlə özünü istədən, sevdirən, yaddaşlara həkk etdirməyi bacaran bir insandır. Yetər ki, ona üz tutasan, ona genəşəsən, ünsiyyət qurasan. Həmən isnişəcək, onu doğman, əzizin biləcəksən.Bundan sonra insanın daxili aləminin havasını öyrənməyə nə var ki?
İndi isə birbaşa sizə üz tuturam, Vəfa müəllim, bu yazının əvvəlində daxili aləminizdən reportaj verdiyimə görə məndən incimədiniz ki? Hər məni görərkən ürək genişliyi ilə əlimi sıxıb dərdimdən, problemlərimdən xəbər tutmağınıza görə, yaşca məndən kiçik olsanız da, bir ata, müdrik pedaqoq kimi ağıllı məsləhətlərinizə görəydi bu.
İndi isə icazənizlə haqqınızda əldə etdiyim bəzi məlumatları oxucularımızla bölüşüm.
Vəfa Xanoğlan oğlu Əliyev 1953-cü il sentyabrın 14-də Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olub.
1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. 1974-cü ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kənd səkkizilllik məktəbində dil-ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1977-1982-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edib. 2004-cü ildən tənqidçi-ədəbiyyatşünas kimi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Ədəbi proses və ədəbi nəsil” kitabı XX əsr ədəbi-tarixi prosesində müstəsna xidmətləri olan xalq yazıçısı İlyas Əfəndiyev və onun nəslinin bədii fikir tariximizdəki rolundan bəhs edir.
1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əvvəlcə laborant olub, sonra isə “Ədəbiyyat və dillər” kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirib. Müsabiqə yolu ilə baş müəllim (1990), dosent (1991), elmi katib (1994-1997) seçilib. 1998-ci ilin yanvar ayından bugünədək Sənətşünaslıq fakültəsinin dekanı vəzifəsində çalışır.
2005-ci ildə A.A.Bakıxanov adına mükafatla təltif edilib. Həmin ildə “Vektor” Beynəlxalq Elm Mərkəzinin keçirdiyi ictimai-kütləvi sorğuya əsasən “XXI əsr Azərbaycan ziyalıları” Beynəlxalq layihəsinin qalibi olub.
2000-ci ildə “Ozan” nəşriyyatında “Hürriyyət fədaisi”, 2003-cü ildə isə həmin nəşriyyatda “Sənətkar və ədəbi proses” kitabları çap olunub. 50-dən artıq elmi-nəzəri və publisistik məqalələrin müəllifidir. 2004-cü ildə Cənubi Azərbaycan şairi Həbib Sahirin “Məndən salam deyin gözəl Təbrizə” adlı seçilmiş əsərlərini tərtib edərək ön sözlə birlikdə çap etldirib. 2008-ci ildə “Ədəbi proses və ədəbi nəsil” (professor Nizaməddin Şəmsizadə ilə birlikdə) kitabı çap olunub. 2011-ci ildə “Kino və televiziya ssenariləri” dərsliyi işıq üzü görüb. ADMİ-nun Elmi Şurasının üzvü, fakültə şurasının sədridir. Ailəlidir. İki övladı var.
“Hürriyyət fədaisi” (2000) monoqrafiyasında Cənubi Azərbaycanın görkəmli şairi Həbib Sahirin həyat və yaradıcılığından bəhs edilir. Kitabda şairin yaradıcılığının təkamül mərhələləri, bədii sənətkarlıq və poetika məsələləri tədqiq edilir.
“Sənətkar və ədəbi proses” kitabına müxtəlif illərdə qəzet və jurnallarda çap olunan elmi məqalələri daxil edilmişdir. Bu əsərlərin əsas mövzusunu XX əsr Azərbaycan ədəbiyyatı məsələləri, ədəbi proses və ədəbi nəsil, müasir teatrşünaslıq problemləri, bədii yaradıcılıq və sənətkar şəxsiyyəti kimi aktual problemlər müəyyən edir. 2009-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Vəfa müəllim, son olaraq ADMİU-dakı 14 illik fəaliyyətiniz boyu sizi məndən daha yaxından tanıyan həmkarlarınızın haqqınızda ölkə mətbuatındakı bəzi fikirləri ilə oxucularımızı tanış etmək istərdim.
“Vəfa müəllim Şərqə məxsus adamdır, amma onda Şərqə məxsus mehribanlıq, istiqanlılıq, böyük-kiçik tanımaq kimi gözəl keyfiyyətlərdən başqa sözündə dəqiqlik, vaxta münasibətdə punktuallıq kimi rəhbər işçiyə lazım olan vacib xüsusiyyətlər yetərincədir”. Əli Əmirli. Yazıçı-dramaturq”.
“Vəfa müəllim bir pedaqoq kimi çox savadlıdır. Öz ixtisasını dərindən bilir. Bunu o, nə özü dilinə gətirir, nə də müəllimlər. Bunu universitetin barometri olan tələbələr deyir”. Aydın Kazımzadə. Əməkdar incəsənət xadimi”.
“Vəfa müəllim üryəi təmiz, gözü-könlü tox, halallığa tapınan insandır. İnsana olan səmimiyyəti və xeyirxahlığı ona böyük hörmət qazandırıb”. Sevda İmanova Kinoşünaslıq kafedrasının müəllimi”.
“Diqqət, həssaslıq, qayğıkeşlik, tələbkarlıq, işə yaradıcı münasibət Vəfa Əliyev təşkilatçılığının təməl prinsipidir”. Asif Rüstəmli. Filologiya üzrə fəlsəfə doktoru”.
“Vəfa Əliyev mənim üçün aydın təfəkkürlü, saf dili olan filoloqdur. Ədəbiyatımızın, zəngin bədii irsimizin qeyrətli təəssübkeşidir”. İlham Rəhimli. Sənətşünaslıq doktoru Professor”.
“V.Əliyev ədəbi-tənqidi, milli –mədəni irsə yüksək məhəbbət, vətəndaş təəssübkeşliyi ilə seçilir, istər ədəbi prosesdə, istərsə də teatr mühitində istiqlal ideyalarının təcəssümünə maraq onun yazılarının mühüm mövzusunu və istiqamətini müəyyənləşdirir”. Gülşən Kəngərli Professor”.
...Və ən sonda.Vəfa müəllim, yuvarlaq olmasa da ömrünüzün 58-ci ilinin tamamında sizi çoxları təbrik edib, edəcək. Amma icazənizlə əvəzinizdən onu da bildirim ki, yenə gözünüz qapınızın kəndarında olacaq. İndicə orada bir nurani, qocaman təhsil işçisinin görünəcəyini, o yumşaq, o mehriban səsiylə sizi qutlayacağını, “təbrik edirəm, mənim ahıl, kökünə sədaqətli, müqəddəs müəllimlik peşəsinə vəfalı balam” deyəcəyini həsrətlə gözləyəcəksiz. Gözləyəcəksiz, amma o ixtiyar gəlməyəcək. Əvəzində həm onun, həm də sizin yüzlərlə, minlərlə şagirdləriniz, tələbələriniz adından deyirik: yeni dərs iliniz mübarək olsun! 2013-cü ildə – müqəddəs məbəd saydığınız Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin 90-illik yubileyi ərəfəsində tamam olacaq 60-illiyinizdə görüşənəcən!
İntiqam Mehdizadə
525-ci qəzet.- 2011.- 29 sentyabr.- S.6.