Şair Tofiq Abdinin 70-ini qutlama

 

Sair Tofiq Abdinin 70-i tamamlandı. Demək, o, 71-ə qədəm qoydu. Sağlıq olsun, 81-nə adlayanda da onu təbrik edəcəyimizə inanıram.

Onu xeyli var tanıyıram. Desəm, qəribədir, inanmazsınız. Cavan oğlandı elə bil. Evləndirsən, Günaz xalanın gözündən iraq, evlənib-eliyər. Yerində durana oxşamır. Deməyəcəm, civə kimidi. Day dedim.

Cins geyinməyi, deyəsən, xoşlayır. Mən onu tanıyandan cins şalvarda görmüşəm. Səliqəli olmağı da öz yerində. Ona hamımızabideyə müraciət edərik. Danışanda partdıya-partdıya danışır. Lap isti sacın üzərində qarğıdalı, sütül dənləri kimi. Sözlər eynən ağzından püskürə-püskürə sahibinə ünvanlanır. Onu tanımayan dalaşdığını, əsib-coşduğunu zənn eləyər. Ancaq elə deyil, xasiyyəti budur. Kim olur-olsun, söhbət elədiyi zaman sanki cırnayır. Sanki əsəbləşir. Sanki qarşıdakının sözlərini inkar edir. Amma həm belə deyil. Bütün sözünün başı “pay atonnan”, yaxud, “pay atonnan övlad yiyəsiolar.

Abinin salyanlı olduğunu eşitmişdim. Bu adamı Azərbaycanın hər bölgəsinə aid eləmək olar. Özündən duymuşdum Ərdəbildən gəldiklərini. Sevimli Azər Abdulla ilə bir araya gələndə onlar nədən söhbət edirlər-etsinlər, düzü, xoşuma gəlir. Azər müəllim həmişə üslubuna sadiq qalaraq Tofiq müəllimi tənqid edir. Ya da elə söz söyləyir, Tofiq müəllimin o sözləri qəbul etməyi qeyri-mümkündür. Nəinki qəbul eləmək, hələ ağır cavab verməsə, yaxşıdır. Verir, verir. Qarşısındakı onsuz da Azər Abdulladır da.Uzun illərin mübarək dostları. Mən Tofiq Abdini, dəfələrlə şahidi olmuşam, Azər Abdulla kimi istəyən ikinci bir adam tanımıram. Onların bir-birini qırdığı zamanlarda içimdən keçirdiklərim olub: keşkə mənim belə bir dostum yaşıdım olardı. Doğrusu, söyləyim, mən bu ölkədə ünsiyyət qura biləcəyim yaşıdım bir yazar da tapmamışam. Tapanda xəbər edərəm. Ancaq məndən yaşda az, ya çox olan dostlarıma min şükür.

Abinin bir İstanbul tərəfi var. Sözsüz, onun yaradıcılığı haqqında danışsan, gərək nakişilik eləmiyəsən. Həm xeyli, həm ehtiyatla, həm haqqına danışasan. Onun istedadlı olduğunu həm yaşıdlarından, həm gənc nəslin nümayəndələrindən eşitmişəm. Elə özümə olub ki? Abinin istedadlı olub-olmadığını özüm bilirəm. Bu məsələdə ədəbi barometrlik səriştəm az deyil. Bir müddət ailəsi ilə İstanbulda yaşadı. Gənc yazarlarla gününü keçirən Abi elə İstanbulda da gəncləriqaralamışdı”. Hara gedirdi, yanında gənclər, ətrafı gənclər.

İstanbulda yaşadığı dönəmlərdə, baxmayın bəzən dəli-dülülüyünə, Azərbaycan şairlərindən kim qalmamışdı, haqqında məlumat şeiri ilə birgə çap elətdirməsin mətbuatda?! Edirdi, özü tərifli, yağlı sözləri əsirgəmədən edirdi.

Bəzən mənə elə gəlirdi, Abi çox soyuq, qansız adamdır. İstanbulda ikən, dostlarını itirirkən, onlardan söhbət düşəndə, necə qaraldığını görüb qorxurdum. Elə bilirdim indicə boğulub yerə yıxılacaq. Tez ordan qaçmağa çalışırdım ki, xatası məndən uzaq olsun (zarafat). Eldar Baxışın, İsa İsmayılzadənin dünyadan köçdüyü zamanlarda Azərbaycanın İstanbul Baş Konsulluğundakı günlərini inanmıram Abi unutsun.

Adam inanmaq istəmir Abinin 70-inə. Ədəbiyyatımız üçün bu qədər işlər görüb, yazılar yazıb, qəzetlərimizin bəzəyinə, canlılığına xidmət eləyib. Türk dünya ədəbiyyatından kimləri təqdim eləməyib Azərbaycan oxucusuna... Onun yazdığı şeirləri oxumağınızı istərdim. Bu yaşda götürdüyü müsahibələrinə diqqət yetirməyinizi istərdim. Bu adam Dəlidir gerçəkdən. 70 yaşında Zəlimxandan, Vaqiflərdən müsahibə götürür. Onun yaddaşımda qalan, orta məktəb illərində oxuduğum Vaqif Səmədoğlu ilə apardığı müsahibənin dadı hələ damağımda qalıb.

Bildiyimə görə, Abi ölümdən çox, amma çox qorxur. Mənim nəsə deməyim gülünc çıxar. Məncə, belə kişilər ölümdən qorxmamalıdır. Bu millətin ədəbiyyatına bəxş elədikləri imkan verməz ki, vaxtsa dünyasını dəyişsə, onu unudalar. Amma gerçəkdən Tofiq Abdinə Xalq şairi adının verilməsini o qədər istəyirəm! İstəyirəm, Abi bu dünyadan getməmiş doyunca güləm. O, maraqlı adamdır, dostlar. Tanımıyanlar üçün deyirəm. Gedin, onunla tanış olun.

 

 

Xanəmir TELMANOĞLU

 

525-ci qəzet.- 2011.- 29 sentyabr.- S.7.