II Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkası
açıldı
Ötən
gün Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkasının təntənəli
açılış mərasimi gerçəkləşib. Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən, Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunan sərgini giriş
sözü ilə baş nazirin müavini, xalq
yazıçısı Elçin Əfəndiyev
açıb. Hər kəsi bu möhtəşəm kitab
bayramı münasibətilə təbrik edən E. Əfəndiyev
sərgi-yarmarkanın Azərbaycanda kitab işinin təbliğindəki
əhəmiyyətini diqqətə çatdırıb:
“Yarmarkada sərgilənən kitablar Azərbaycan
xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı
və bugünkü durumu ilə tanış olmaq
baxımından mühüm əhəmiyyətə malikdir. Sərgi
həmçinin, naşirlərimizə əcnəbi həmkarlarının
bu sahədəki təcrübələri ilə yaxından
tanış olmaq imkanı verərək, bundan sonra birgə
layihələrin həyata keçirilməsinə şərait
yaradacaq”.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev
açılış mərasimində çıxış
edərək kitab sərgi-yarmarkasına qatılan müəssisə
və qurumlar haqqında məlumat verib: “25 ölkəni əhatə
edən tədbirdə 121 Azərbaycan, 35 xarici çap və
poliqrafiya müəssisəsi, çap işi ilə məşğul
olan qurumların təmsilçiləri iştirak edirlər.
Bu tipli yarmarkalar Bakıda iki ildən bir keçirilməklə,
ölkədə poliqrafiya işinin təkmilləşdirilməsinə
və kitabsevərlərin sayının artmasına
yardımçı olacaq. Ölkənin bir neçə
regionunda da kitab sərgi-yarmarkalarının keçirilməsi
də nəzərdə tutulur. 3 gün davam edəcək bu sərgi-yarmarka
çərçivəsində kitab təqdimatları,
tanınmış yazarlarla görüşlər, ədəbi-bədii
gecələr, simpoziumlar və müzakirələr həyata
keçiriləcək”.
Ə.
Qarayev onu da deyib ki, Azərbaycan bir il ərzində 20 beynəlxalq
kitab sərgi-yarmarkasında təmsil olunub. Kitablarımız
birinci, ikinci, üçüncü mükafatla yanaşı,
“Qran-pri”yə də layiq görülüb.
Sərgi-yarmarkada
son üç ildə ölkə nəşriyyatlarında, eləcə
də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan,
Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan,
Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə
çıxan kitablar, nəşr məhsulları
nümayiş etdirilir.
Rəsmi
açılış mərasiminin ardınca, saat 12-dən
başlayaraq sərginin proqramına daxil edilən tədbirlərə
start verilib. Sərgi çərçivəsində prezident
İlham Əliyevin sərəncamı ilə təmir edilən
mədəniyyət ocaqlarına aid “Heydər Əliyev
Sarayı”, “Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı”, “Azərbaycan Dövlət
Kukla Teatrı”, “Azərbaycan Dövlət Film Fondu”, “Azərbaycan
Dövlət Rus Dram Teatrı” kitablarının təqdimat mərasimi
keçirilib. “Yeniləşən mədəniyyət, yeniləşən
məkan” adlı layihəsi çərçivəsi əsasında
nəşr olunan kitabların təqdimat mərasimində Mədəniyyət
və Turizm Nazirliyinin Nəşriyyat və Reklamın Təşkili
və İnformasiya şöbəsinin müdiri Vaqif Bəhmənli
giriş sözü ilə çıxış edib:
“Maraqlı dizaynı, nəfis tərtibatı, bədii tərtibatı
baxımından, yeniləşən müasir mədəniyyəti
əks etdirən bu nəşrlər “Təhsil” nəşriyyatının
məhsullarıdır. Təmir olunan mədəniyyət
ocaqlarının tarixi, teatr salnaməmizdəki əhəmiyyətli
mövqeyini nəşr olunan bu kitablar vasitəsilə aydın
görmək mümkündür”.
Nazir
Əbülfəs Qarayev çıxışında incəsənətin
müxtəlif nümayəndələrinin iştirakı ilə
həyata keçirilən sərgi-yarmarkada təqdimatı
baş tutan kitabların teatr tariximizdəki yerindən
danışıb. Nazirin sözlərinə görə, bu
kitablar gənclərin gələcəyinə nikbin baxmağa
əsas verir: “XXI əsrdə müasir Azərbaycanın
görüntüsü nəşr olunan kitablarda ətraflı
verilib. Kitablarda güclü maddi-texniki bazaya məxsus Azərbaycan
peşəkar teatrının tarixi dolğun faktlarla göstərilib”.
Sənətşünaslıq
doktoru, professor Məryəm Əlizadə kitab
bayramının təkcə yazıçı, şairlər
üçün deyil, mədəniyyət və teatr nümayəndələri
üçün əhəmiyyətli olduğunu deyib. Qeyd edib
ki, uşaqların mənəvi-estetik tərbiyəsində əvəzsiz
xidmətləri olan Kukla Teatrı, dünya ədəbiyyatı
ilə teatrlarımızı yaxından tanış edən
Rus Dram Teatrı, Azərbaycanın panoramını
nümayiş etdirən Heydər Əliyev Sarayı, dünya
standartlarına uyğun aparatlarla təchiz edilmiş Film Fondu,
teatrların birləşməsi nəticəsində daha
maraqlı repertuar siyasəti, müasir səhnə texnikası
ilə təsdiqini tapmış Gənc Tamaşaçılar
Teatrı nəşr olunan kitablarda öz əksini tapıb.
Nəşrlərin
müəllifi sənətşünaslıq doktoru, professor
İlham Rəhimli və “Təhsil” nəşriyyatının
direktoru Bəhruz Axundov çıxışlarında bu
kitabların qədim köklərə malik Azərbaycan
teatrının günümüzün
reallığını əks etdirdiyini, mədəniyyət
ocaqlarının mənəvi varlığına
çıraq tutmaq vəzifəsini yerinə yetirdiyini diqqətə
çatdırıblar.
Qeyd
edək ki, sərgi-yarmarka çərçivəsində 150
cildlik “Dünya ədəbiyyatı” seriyasından nəşri
başa çatmış kitabların, Timuçin Əfəndiyevin
“Mədəniyyətdə tarixilik və müasirlik”
kitabının təqdimat mərasimləri, “Azərbaycanın
dövlət müstəqilliyi və kitab sənətinin
inkişafı” mövzusunda simpozium, “20 ilin ədəbi mənzərəsi”
– Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə
həsr olunmuş dəyirmi masa, Taras Şevçenko və
Abdulla Tukaya həsr olunmuş ədəbi-bədii gecə,
“Qızıl Kəlmə” Ədəbi Mükafatı
laureatları və Gənc Ədiblər Məktəbinin
üzvləri ilə görüşlər keçiriləcək.
Bundan əlavə, müxtəlif nəşriyyatların təşkilatçılığı
ilə kitab təqdimatları və müəllif
görüşləri nəzərdə tutulub.
Sərgi
üç gün davam edəcək və sentyabrın 30-da
başa çatacaq. Həmin gün Təşkilat Komitəsi
tərəfindən ən yaxşı nəşriyyat və ən
yaxşı kitab mükafatlandırılacaq.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2011.- 29 sentyabr.- S.6.