BSU-nun 150 cildlik “Dünya ədəbiyyatı” seriyası
üzrə hazırladığı yeni nəşrlərin
təqdimatı olub
TƏQDİMAT MƏRASİMİ
İKİNCİ BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASI
ÇƏRÇİVƏSİNDƏ GERÇƏKLƏŞİB
Əl
Oyunları İdman Sarayında Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümünə həsr
olunan İkinci Beynəlxalq Kitab Sərgi-Yarmarkası işini
davam etdirir. Ötən gün prezident İlham Əliyevin
müvafiq sərəncamına əsasən nəşri nəzərdə
tutulan 150 cildlik “Dünya ədəbiyyatı” seriyası
üzrə hazırlanmış bir sıra kitabın təqdimat
mərasimi gerçəkləşib. Bakı Slavyan
Universitetinin prorektoru Asif Hacıyev giriş sözü ilə
çıxış edərək ölkə
başçısının sərəncamına əsasən
işıq üzü görən dünya ədəbiyyatı
incilərinin tədris prosesi ilə yanaşı, ümumilikdə
bütün yaş dövrlərini əhatə edən
insanların dünyagörüşünün
inkişafındakı müstəsna rolunu diqqətə
çatdırıb: “Kitabların nəşr olunmasında
Bakı Slavyan Universitetinin xidmətləri danılmazdır.
Bu təhsil müəssisəsi əsərlərin tərcüməsi,
tərtibatı, korrekturasını həyata keçirib.
Filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin
rektoru Kamal Abdullanın rəhbəri olduğu redaksiya heyətinə
təkcə BSU-nun əməkdaşları, nümayəndələri
deyil, tərcüməçilik, korrektura və bu kimi sahələrlə
məşğul olan qələm sahibləri, şairlər,
yazarlar da cəlb edilib. Artıq bu seriyadan 52 kitab ictimaiyyətə
təqdim olunub. 80-ə yaxın kitab isə tərcümə,
tərtibat və ya korrektura mərhələsindədir.
Kitablar “Şərq Qərb” nəşriyyat evinin məhsullarıdır”.
“Şərq-Qərb”in
nümayəndəsi Əlişirin Şükürlü,
yazıçı-dramaturq və tərcüməçi
Kamran Nəzirli, Kitab Klubunun rəhbəri Elxan Rzayev ictimai-mədəni
həyatımızda xüsusi yerə malik İkinci Beynəlxalq
Kitab Sərgi-Yarmarkasının ölkəmiz
üçün böyük nailiyyət olduğunu,
İnternetdən istifadənin kütləviləşməsi
dövründə kitaba qarşı laqeydliyin
qarşısının alınmasının vacibliyini və
bu işdə belə tədbirlərin rolunu
vurğulayıblar. “Sərgilənən kitablara, stendlərə
hər yaş dövründə olan insanların
yaxınlaşmaları, nəşrlərlə
maraqlanmaları kitaba olan marağın artmasının
göstəricisidir”.
Qeyd
edək ki, seriya üzrə təqdim olunan nəşrlər
arasında dünya ədəbiyyatının görkəmli
nümayəndələrindən Luis Sinkler, Viktor Hüqo,
Stiven Kinq, Con Qolsuorsi, Aleksandr Puşkin, Corc Oruell və digər
böyük ədiblərin əsərləri var.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2011.- 30 sentyabr.-
S.4.