Milli İncəsənət Muzeyində “Avstriya incəsənət sərgisi”

 

Azərbaycan Milli İncəsənət Muzeyində “Avstriya incəsənət sərgisi”nin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə keçirilir. Muzeyin direktoru Çingiz Fərzəliyev deyib ki, sərgi oktyabrın 4-nə qədər davam edəcək. Sərginin kuratoru Karin Zimmerdir.

Açılışda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Avstriyanın “In Between” adlı müasir incəsənət sərgisi Avstriyada yaşayıb-yaradan çoxsaylı rəssamların yüksək istedadı və böyük bədii potensialı haqda geniş təsəvvür yaradır. Nazir Avstriyada Azərbaycan rəssamlarının əsərlərindən ibarət bu tip sərginin keçiriləcəyini də açıqlayıb.

Avstriyanın Azərbaycandakı səfiri Silvia Meyer-Kajbic sərgidə milli kolleksiyada mövcud olan müasir incəsənətin kiçik bir hissəsinin təqdim olunduğunu söyləyib. Sərgidə 36 rəssamın 40-dan çox əsəri nümayiş olunur.

 

 

525-ci qəzet.- 2011.- 30 sentyabr.- S.7.