Qəşəm İsabəyli: ədəbi ömrə bir nəzər

 

Qəşəm İsabəyli Azərbaycan uşaq ədəbiyyatında bədii sözün qüdrətinə dəyər verən, uşaq psixologiyasının ciddi, həm də dərin müşahidəçisi kimi çox maraqlı əsərlər yazan və bütün bunların mayasını həyat gerçəkliklərindən əxz edən qələm sahibidir. Yazıçı bu sahədə araya-ərsəyə gətirdiyi poeziya və nəsr nümunələri ilə yetmişinci illərdən üzü bəri yol gəlir. Bu yollarda mədəni-mənəvi yaddaşımızı “Balaca, bap-balaca”, “Şam nağılı”, “Əkil-Bəkil”, “Ü-ü-ü”, “Nənəm təkdi” kimi əsərlərilə zənginləşdirib. Xoş bir təsadüf səksəninci illərdə bizi işlədiyimiz nəşriyyatların (o zaman mən “Gənclik”, o isə “İşıq” nəşriyyatında çalışırdıq) ictimai işlərində yaxınlaşdırdı. Bu yaxınlıq arasında mən onu saf əqidəli, təmiz əxlaqlı, yalana, riyakarlığa düşmən kəsilən istedadlı, zəhmətkeş bir ziyalı kimi tanıdım. Sonralar onunla müəllif-redaktor kimi fikir mübadilələri, yaradıcı söhbətlər aparırdıq. Elə o zamanlardan da onunla dostluğumuz başladı. Təbii ki, bu dostluğun mayasında həyat hadisələrinə oxşar yanaşma tərzi, fikir-düşüncə yaxınlığı dayanırdı. O, uzun zaman yaradıcı imkanlarını əsasən uşaq ədəbiyyatının inkişafına həsr etmişdir. Uşaq aləminə dərindən bələd olan, o aləmin ab-havasına çox ustalıqla daxil olan yazıçı dostumun əsərləri bu mənada hər zaman diqqəti cəlb etmiş, hətta onlardan mükafata layiq görüləni də olmuşdur.

Qəşəmin uşaq şeirləri oxucunu mütaliəyə həvəsləndirir. Hətta uşaqlara kitab oxumaq vərdişini, səbrini, təmkinini aşılayır. “Həmişə aldıqların nübar kitablar olsun”, misraları balaca dostlarının kitaba marağını, yaxşı əsərlər oxumağa istəyini yaratmırmı? Yazıçı nəsihətamiz fikirlərini asanlıqla, ləziz bir təam kimi onlara “yedizdirir”. “Ağzına şirin gələn dadlı sözlər tapmışam” – deyib, böyüklü-kiçikli oxucularını başına yığaraq onlara nə qədər həyat hekayələri danışır. Ordakı əhvalatların sadə, eyni zamanda yüksək bədii zövqlə təsviri bu əsərlərin yaddaşda birdəfəlik qavranılmasına təsir edir. Onun bir sətrini, bir cümləsini gözün almağı yetər ki, kitabı əldən qoymadan su kimi içib başa çatdırasan.

Bilirəm ki, Q.İsabəyli hər deyəndə, yazmaq xatirinə masa arxasına keçən deyil. İçindən bişib, dəm almayınca qələmə sarılmaz. Doğrudan da, əsərlərini təkrar-təkrar oxuduqca görürəm ki, müəllif poeziyanın və nəsrin imkan verdiyi bütün sahələrdə mövzunu, onun süjetini, təsvir edəcəyi hadisə və əhvalatları, hətta bədii detalları, nənələrin boxçasından arayıb seçdiyi çəmən ətirli sözlərini fikrində yaraşdırıb-dolğunlaşdırmamış, ürəyini boşaldan deyil.

Q.İsabəyli “Şirvannəşr”in təsisçisi olduğu vaxtlardan cəmiyyətdə, ədəbi mühitdə daha işıqlı görünməyə başladı. Sənətə, ədəbiyyatımıza və mədəniyyətimizə açıq-aydın, təəssübkeş bir baxışla diqqətini artırdı. Onun bu sahədə işgüzarlığı, bacarığı mənə ən əvvəl ağır zəhmətə qatlaşan əkin-biçin adamını xatırlatdı. O da sanki öz sahəsinin rəncbəriydi. Qollarını çirmələyib nəşriyyatı qurub-tikəndə, mühitini, yaradıcılıq mətbəxini sahmanlayanda, bir sözlə, iş-gücün əlindən macal tapmayanda elə sözün həqiqi mənasında əkinçi oğlu əkinçiydi. Hələ “İşıq”da, “Şurda işlədiyi vaxtlarda kitab nəşri sahəsində qazandığı təcrübəsini, texniki işlərdən tutmuş yaradıcılıq imkanlarına, xalqın dilinin, tarixinin, mədəniyyətinin inkişafına xidmət edən əsərlərin üzə çıxarılmasınadək gördüyü işlərdə bütün istəyini, bacarığını burda daha da təkmilləşdirdi. Doğrudur, bu gün respublikamızda çoxlu sayda yeni tipli nəşriyyat-mətbəə fəaliyyət göstərsə də, qətiyyətlə demək olar ki, bu çoxluğun içində “Şirvannəşr”in boyu, çəkisi və sanbalı aydın görünür. Mən də bilirəm ki, o çox zaman yalnız idarənin xərclərini çıxartmaqla kifayətlənərək, əslində sağlam ruhlu əsərlər, həqiqi mənada ədəbiyyat nəşr etməyi özünün naşirlik fəaliyyətində başlıca meyar hesab edir. Q.İsabəyli bu gün respublikamızda barmaq sayına gələn naşirlərdəndi.

Qəşəm “Şirvannəşr”i yaradanda, ilkin dövrün çətinlikləri içərisində itib-batanda onun yaradıcılığında bir durğunluq müşahidə edirdim. Nəşriyyatın qayğıları, onu ayaq üstə qaldırmaq yolundakı ağır zəhməti Qəşəmi ədəbi yaradıcılıqdan bir növ uzaqlaşdırmışdı. Söhbətarası özü də təşkilati işlərin yorucu zəhmətindən gileylənirdi. Elə bil qurumuş ağacam, yaza bilmirəm, deyirdi. Ola bilməz, inzibati-təşkilati işlərini sahmanlayandan sonra özünə qayıdacaqsan, bulağın da gözü açılacaq, deyə həqiqətən belə olacağına onu inandırırdım. Elə də oldu. Bulağın gözü açıldı, özü də necə! Sən demə, öz yatağından sakitcə baş alıb gedən çayın kükrəyib daşmağı da yaman olurmuş. Və çox keçmədi ki, Q.İsabəylinin yaradıcılığında gözü açılmış bulağın təzə qolu da yarandı.

Baxmayaraq ki, son bir neçə ildə dövri mətbuatda Qəşəmin ara-sıra satirik-tənqidi yazılarını, mollanəsrəddinsayağı yazılmış felyetonvari hekayələrini oxuyurdum, ammaÖlü bilər, mən bilərəm” kitabını əlimə alanda o yazıların bir təsadüf nəticəsində, yaxud ötəri bir maraqdan yaranmadığını gördüm. Səhifələri çevirdikcə ixtiyarsız dodağım qaçır, bəzi üzdəniraq müasir mollaların, dəlləklərin, gecə-gündüz pul-para üçün qulaq kəsənlərin əməllərinə bunca açıq və ciddi münasibət bildirməsi bir oxucu, həmkar kimi mənə xoş təsir bağışladı. Adı çəkilən əsərində müəllif qədərincə xalqın ağrılarından, dərd-sərindən söhbət açıb. Doğrudan da ictimai həyatımızın bütün sahələrində rastlaşdığımız naqisliklər əhvalımızı pozsa da, həyatımızın axarını dəyişib ömrümüzü talan etsə də, bəzən cəsarətsizliyimizdən üstünə gedə bilməyib, onlardan yan keçirik. Halbuki yaşadığımız həyatda addımbaşı üzləşdiyimiz, gördüyümüz eybəcərliklərin, çəkdiyimiz ağrıların baiskarları olan yalançıları, riyakarları, nəfsinə qul olanları ifşa etmək handa bir qələm sahibinin işi, hünəri deyil. Lakin Q.İsabəyli bir vicdanlı yazıçı, gözüaçıq ziyalı kimi bütün bunlardan yan keçə bilmir. O bizi də zəmanənin eybəcərliyinə, ağrılarına qarşı çıxmağa, mübarizə aparmağa çağırır. Bu reallıqda qələmə aldığı əsərlərinin qəhrəmanları mənə Haqverdiyevin marallarını xatırlatdı. XXI əsrdə yazıçı Q.İsabəylinin maralları həyatımızın müxtəlif sahələrində dəlləklik edən qafası boş, iddiası, iştahası aşıb-daşan “həkimlər”, “müəllimlər”... müxtəlif peşə sahibləridi. Mən onun bu yazılarında qəzəbinə tuş gələnləri, dünyamızda dolaşan, bizimlə nəfəs alan, atmosferi çirkləyən, havamızı boğan, həyatımızı zəhərləyənlərin yazıçı qələmində cəsarətlə ifşa edildiyini gördüm. Hələ ötən əsrin əvvəllərindən savadsızlığa qarşı aparılan mübarizənin bu gün Q.İsabəyli yaradıcılığında başqa bir formada davam etdirilməsi mənə həm fərqli, həm də qəribə göründü. Bir vaxtlar avam xalqı dini xurafatın cəngindən qoparıb, gözünü açmaq üçün mütərəqqi fikirli ziyalılarımızın öz ölümlərini gözlərinin altına alaraq fanatizmə, xurafata qarşı necə bir cəsarətlə mübarizə apardıqları bizə bəllidir. Sanki bu gün tarix təkrar olunur. Fərq ondadır ki, o zaman xalq savadsız və avam idi. İndi xalq gözüaçıq, savadlı olduğu halda acgözlərin, yalançıların, fırıldaqçıların, müasir əmmamədaranların caynağından xilas ola bilmir. Bu mənada müəllifin satirik hekayələri, tənqidi yazılarının ruhunu ifadə edən əsas xüsusiyyət də ictimai ağrılarımızın, həyat reallıqlarının canlı təsvir olunmasıdır. Bu əsərləri oxuyanda anladım ki, uşaqların tərbiyəsində, yetişib-formalaşmasında, daha doğrusu uşaq ədəbiyyatının inkişafında müstəsna rolu olan əsərləri ilə yanaşı satirik-tənqidi ruhda yazdığı hekayələri də bu gün cəmiyyət həyatında düzlüyün, təmizliyin, ictimai əxlaqın qorunmasına xidmət edir. Hörmətli yazıçımız Cəmil Əlibəyov bu əsərləri oxuyandan sonra onların yaranma səbəbini belə ifadə etmişdi: “Zəmanə qəbahətləri sənin yaradıcılığını yeni bir məcraya saldı”.

Bu yazıları oxuduqca ürəyimdən bir ağrı keçdi. Düşündüm ki, bəlkə yaşadığımız həyatda bu kimi naqislikləri törədən adamlar olmasaydı, yəqin Qəşəm də uşaqlar üçün yaradıcılığına sadiq qalardı. Tezbu fikirdən daşındım. Çünki Q.İsabəyli istedad və zəhmətinin işığında Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında gərəkli olan istiqamətlərdə yorulmadan qələm işlədən bir ziyalıdır. Onun son vaxtlar Azərbaycan ədəbiyyatında tutiya olanmaraqla oxunan memuar yazıları da əslində bir çox görkəmli sənət adamlarının həyatının böyük bir parçasını öz taleyində yaşayan yazıçının yaradıcı xarakterinin, ziyalı, vətəndaş mövqeyinin, naşir zəhmətinin işıqlı bir bəhrəsidir, düşüncəmdə də yanılmıram zənnindəyəm.

Q.İsabəylinin “Bu şəhər mənə göz dağı olub” kitabını alıb elə ayaq üstəcə vərəqləməyə başladım. Gözlərim sətirlərin arasında gəzdikcə orda yazıçı-sənətkar talelərinin ürəyi acıdıb-yandıran məqamları, bəzən də qəlbi toxdadan hadisələrin lakonik, təsirli təsvirni duyunca bütünlükdə diqqətim tarıma çəkildi. Və mən gördüm ki, bu ömürlərin təzadlı ovqata sığınmış yovşan ətirli səhifələrini rahatlığa çəkilib suyu və günəşin zərrin şəfəqlərini cana çəkən kimi içinə sarınıb oxumaq gərəkdi. Elə mən də bu düşüncəylə bir xəlvətə çəkilib Qabilin, Əzizə Cəfərzadənin, Xanımana Əlibəylinin, Tofiq Quliyevin, Qılman İlkinin, Budaq Budaqovun, Zaman Novruzun, Elman Həbibin... daha kimlərin, Azərbaycan ədəbiyyatı, mədəniyyəti üçün yetərincə işlər görmüş, gəncliyə örnək olacaq kamil bir ömür yaşamış sənətkarların səsini, nəfəsini Qəşəmin bişmiş və püxtələşmiş yazı tərzində duydum. Onların ömürlüyündə adamı ehtizaza gətirən məqamların sözlə təsviri, açığı məni duyğulandırdı. Bu xatirələri oxuduqca yazıçı qəlbinin kövrəkliyini, sözlərin gözündən bıldır-bıldır tökülən niskilini gördüm, harayını eşitdim. Bu sənətkarların yaratdıqları ilə bir yerdə təzədən oxucunun yaddaş-nəzərində bir başqa aspektdən işıqlandığını hiss etdim. Elə onlarla birgə Q.İsabəylinin də öz taleyinin bitkin bir xarakter, sənətkar səviyyəsində qərar tutduğunun fərqinə vardım. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli uşaq yazıçıları sırasında Q.İsabəylinin yaradıcılığından müxtəlif vaxtlarda bəhs edən Məmməd İsmayıl, Zahid Xəlil, Ələviyyə Babayeva, Rafiq Yusifoğlu, Məmməd Namaz, Füzuli Əsgərli, Əjdər Ol kimi yazıçılar onu böyük ədəbiyyata gətirən yola nəzər salıblar. Bu yazıların hər biri ayrılıqda tədqiqat xarakterli məqalələrdi. Elə bu yazını işlədiyim ərəfədə gənc tədqiqatçı Aysel Xəlilovanın “Azərbaycanın görkəmli uşaq yazıçıları” seriyasında Q.İsabəylinin həyat və yaradıcılığını tədqiq edən kitabıyla da tanış oldum. Müəllif yazıçının Xəlsə kəndindən böyük şəhərə gətirən ədəbi taleyini araşdırıb. Özünəxas bir tərzdə əsərlərini tədqiqə-təhlilə cəlb edib.

Q.İsabəylinin yaradıcılığında həyata real baxış, mənəvi-əxlaqi tərbiyə, humanist duyğular, insanpərvərlik başlıca yer tutur. Bədii sözün ifadə tərzinə və sanbalına hər zaman həssaslıqla yanaşan Q.İsabəylinin irili-xırdalı bütün əsərlərinin dəyəri də məhz bundadır.

 

 

Şəfəq NASİR

 

525-ci qəzet.- 2011.- 30 sentyabr.- S.7.