Cavidi gözləyənlər
“GÜNƏŞİ GÖZLƏYƏNLƏR”İN TƏQDİMAT
MƏRASİMİNDƏ ETMƏDİYİM ÇIXIŞ
– Mənə söz verdiyinizə
görə təşəkkür edirəm, Əsəd müəllim.
Burada Cavid haqqında, onun romanı barədə təxminən
hər şey deyildi. Mən də, əlbəttə, təkrar
da olsa, bir neçə kəlmə deməyi özümə
borc bilirəm. Ancaq istəyirəm, lap əvvəldən
başlayım.
Biz yaxın dostuq. Biz deyəndə ki, elə də çox deyilik. Kim var ki? Qismətdi, Mövluddu, Zərdüştdü, Caviddi, bir də mən, vəssəlam. Çox vaxt birlikdə oluruq. Bizim hərəmizin bir bağı olmasa da, hamımızın bir “Şam bağı” var. İkimərtəbəli çay evidi. Tez-tez “Şam bağı”nda yığışıb söhbətləşir, dərdləşirik. O qədər öyrəşmişik ki bir-birimizə, hətta birimiz olmayanda özümüzü yarım hiss eləyirik, bərk darıxırıq. Təxminən son yarımildə bu hissi lap çox yaşamışıq. Bunu Cavid Zeynallının ədəbiyyata olan sevgisinə, xüsusi istedadına, yazı səbrinə, müşahidə qabiliyyətinə, qısacası, roman janrında, hələ ki, ədəbiyyatımızın sonbeşiyi sayılan “Günəşi gözləyənlər” kitabına borcluyuq.
Aylarla itirdiyimiz Cavidi “Günəşi gözləyənlər” kitabında tapdıq. İkiqat sevindik. Cavid həm qayıtmışdı, həm də əlidolu gəlmişdi. Onu da deyim ki, bu sonbeşik, dünyaya bəziləri kimi səsli-küylü, haylı-haraylı gəlmədi. Ağlamadı, özünü qaldırıb yerə çırpmadı, heç nə istəmədi, “mən burdayam və məndən başqası yalandı” demədi, dönük çıxmadı, sadəcə, öz müəllifinə oxşadı – sakit və iddiasız.
Əsərin ilk paraqrafını sizinlə bölüşmək istəyirəm: “Mən onu həmişə Əqrəb çağırardım. Qızın bürclərə olan sevgisi, mənim uğursuzluqlardan keçib həyata içim boyda bir istəklə bağlanmağımdan daha böyük idi. İnciməzdi, gözlərini qıyıb fındıq burnunu qırışdıranda, dodağına qonan təbəssümdən bilərdim ki, xoşuna gəlir. Deməli, hər şey əla idi, əla. Küncüt toxumu boyda qayğıkeşlik yetərdi ki, hamının gözü qarşısında onun əlinə toxunmaq üçün ürəyimdə güc tapım”.
Giriş hissəsini yazmaqda məqsədim, sadəcə, sizdə əsərə maraq oyatmaq deyil, (axı bu hisslər hamımıza doğmadı) həm də əsərin nə qədər rəvan, axıcı bir dillə yazıldığını, vəfasızlıq eləyib unutduğumuz köhnə, ölmüş sözləri tapıb dirildən Cavidin zəhmətkeşliyini vurğulamaqdı.
Mən romanı bir günə
oxudum. Daha doğrusu, roman özünü mənə bir
günə oxutdu. Oxuduqca Cavidin təbiətinin bilmədiyim tərəflərini
də kəşf elədim. Bəzi yerlərdə
güldüm, bəzi yerlərdə kövrəldim, bəzi
yerlərdə, sadəcə, düşündüm. Onu da
düşündüm ki, belə bir vaxtda, yəni
insanların kitab növbəsi üstündə bir-birini
incitdiyi, oxumaq uğrunda gözlərinin nurunu fəda elədiyi,
sənətə, yaradıcılığa sonsuz dəyər
verdiyi bir dövrdə Cavid çox ağıllı bir iş
görüb. Əhsən sənə, dostum!
İndi gəlin, Cavidin nələr
yazdığından danışaq biraz. Nələrdən
yazmayıb ki?! Bu çox sadədi. Bizi yazıb Cavid, hə,
bizi, özümüzü, Azərbaycanımızı,
Bakımızı, küçələrimizi,
yaşayışımızı, həyat tərzimizi, tələbəliyimizi,
gəncliyimizi, sevgimizi, həsrətimizi, inancımızı,
içimizi, çölümüzü, hər şeyimizi
yazıb. Cavid bizi güzgüyə baxmağa səsləyib.
Biz “Yaman günün
ömrü az olar”, “Allah səbr edənlərin dostudur” kimi təsəllilərlə
yaşayan bir xalqıq. Bizə dözümlü xalq deyirlər,
ona görə ki, biz gözləməyi çox yaxşı
bacarırıq. Ömrümüz gözləməklə
keçir. Gözü yaşlı analarımız oğul,
ağbirçək nənələrimiz nəvə, çarəsiz
atalarımız maaş, kasıb tələbələrimiz təqaüd,
qaçqın vətəndaşlarımız torpaq gözləməkdən
bezmir. Yəni hamımız ağ gün gözləyirik.
Çünki gözləməkdən başqa yolumuz yoxdu.
Hamımız o ağ günün başına dolana-dolana nəfəs
alırıq. Amma o ağ günə, xoşbəxtlik
şüaları saçan günəşə toxuna bilmirik.
Bunları yazıb Cavid.
Bütün bunları
romanın qəhrəmanı gənc Üzeyirin
enişli-çıxışlı həyatından bəhs
edərək qələmə alır. Üzeyir
obrazını olduğu kimi, Azərbaycan insanı necədirsə,
sırf elə göstərir; nə pis, nə də
yaxşı. Üzeyiri nə dağın başına
qaldırır, nə yerin dibinə vurur. O hamımız
kimidi, bizdən biridi. O mənəm, o sənsən, o bizik.
Bununla Cavid həm də illərdir əksər Azərbaycan
yazıçılarının aşa bilmədiyi sərhəddi
aşır. Yalançı qəhrəman yaratmaq əvəzinə
real obraz yaradır. Bu obraz mənfi və müsbət cəhətləri
olan həqiqi insandır.
İt damı boyda bir otaqda
yaşayan Üzeyir sevdiyi qızı – Əqrəbi
düşdüyü bəladan xilas eləmək, onunla
xoş, firəvan bir həyat qurmaq istəyir. Ancaq bu o qədər
də asan deyil. Bunun üçün onun başı hələ
çox ağrımalıdı. Bunun üçün o hələ
Nərminlə Qaragözün arasında vurnuxmalı, Firəngiz
xalanın “gözünə girməli”, əməlli-başlı
bir iş tapmalı, hətta qonşu uşağına verdiyi
sözü tutmalı, balaca küçükləri
qorumalı və daha nələr, nələr etməlidi.
Görün Cavidin
danışdırdığı Üzeyir nə qədər
səmimidi: “Əsnəyəndə özümdən iyrəndim,
elə bil ölü siçanı dilimin altına qoyub
yatmışdım, ağzımın leş iyindən burnum
göynədi. Zıqqıldaya-zıqqıldaya yorğanı
üstümdən atıb şalvarı əynimə
keçirdim. Əl boyda güzgü parçasında
özümə baxanda qorxdum: arıqlayıb çəyirtkəyə
dönmüşdüm. Saçım uzanıb burulmağa
başlamışdı, saqqal da bu tərəfdən sir-sifətimi
basıb adamlıqdan çıxarmışdı. Hansısa
cəhənnəmə düşən darağı tapa bilməyəndə,
diş pastasını götürüb hamama getdim. Nə
yaxşı tapılmadı. Ona daraq demək kişilikdən
deyildi, dişlərinin kir-pası adamı dəhşətə
gətirirdi. Beləsiylə heç mal qaşovlamazlar, mən
saç darayırdım”.
Diqqətinizə görə
çox sağ olun. Sonda bir əlavə eləmək istəyirəm:
Cavid Zeynallını tanımayanlar mütləq “Günəşi
gözləyənlər” romanını oxusunlar. Tanımaq istəməyənlər
isə yenə çalışıb bu romanı oxusunlar, onda
mütləq Cavidi tanımaq istəyəcəklər...
ELVİN
525-ci qəzet.- 2011.- 8 yanvar.- S.25.