Sərkərdə kimi yazıçı
“Bir dəfə türkiyəli şair Nizaməddin Önglə söhbət edirdik:
– Azərbaycanın harasındansınız?
– Vedibasardan,
– Əfəndim, Vedibasardan sərkərdə çıxar, yazar çıxmaz...”
Bu cümlələr Fərman Kərimzadənin “Vedinin yanı dağlar...” kitabındandır.
Doğrudan da, Allah hər bir bölgəyə, topluma, kənd-kəsəyə özünəməxsus enerji, nəfəs verir. Sadəcə, məsələ onu necə yönləndirməkdə, həmin paydan necə istifadə etməkdədir.
Abbasqulu bəy necə böyük sərkərdə idisə, Fərman Kərimzadə də elə böyük yazıçı idi. Yaxınlarda, uşaqlıqda oxuduğum, “Qarlı aşırım” romanını bir daha oxuyandan sonra bu qənaətə gəldim. Roman əsasında çəkilmiş “Axırıncı aşırım” filminə baxdığınıza və əsəri oxuduğunuza görə əsərin süjet xətti barədə danışmayacağam. Sadəcə, Fərman Kərimzadənin bu möhtəşəm söz abidəsi haqqında mənim də xırda-para qənaətlərim var ki, onları sizinlə paylaşmaq istəyirəm.
Axır vaxtlar, Azərbaycan-Türkiyə münasibətlərindən söhbət düşəndə yalançı “bozqurdlar”ın, “türkçülər”in hay-harayı dünyadan çıxır, bəzən onlar Türkləri və Türklüyü də gözdən salır, belə üstün dəyərləri ucuz oyunlara alət edirlər. İndi nə var türkçü olmağa? İndi nənəm də türkçü olar... Sovet hökumətinin ən qüdrətli vaxtlarında yazılmış “Qarlı Aşırım” romanında türk-osmanlı ordusuna açıq-aşkar ifadə edilən rəğbət isə, azacıq da olsa, ürəyində hissiyat qalmış oxucunu titrədə bilər. Ol səbəbdən, ədalətli araşdırmaçılar Fərman Kərimzadə yaradıcılığını 80-ci illərin sonlarında başlayan və bütün dünyaya səs salan milli-azadlıq hərəkatımızın bədii-mənəvi bazislərindən sayırlar.
“Qarlı aşırım” romanının bədii dili, üslubu, şairlərdə belə, qibtə hissi doğuracaq qədər enerjiyə, koloritə malikdir. Məsələn, elə əsərin birinci abzasını sizinlə paylaşım:
“Şaxta da zərgərdir... ardıcın budaqlarından sallanan buz salxımlarında minbir naxış açıb. Yaz-yay şaqqıldayıb axan çayın dalğaları öz şəklini itirmədən donub, sanki yüzlərlə sənətkar dərələrdə şaxələnən, kainatda tayı-bərabəri tapılmayan almazı cilalayıb. Ağ ayılara oxşayan təpələr bir-birinə sığınıb, dərələri elə bil balta ilə şaqqalayıblar”.
Əsərdə Vedibasar təpələri barədə
işlədilən üç
bənzətmə var.
Üçü də bir-birindən gözəldir.
Bir yerdə təpələr ağ ayılara, bir yerdə, dəvənin belinə, bir yerdə isə kəllə qəndə bənzədilir.
Ümumiyyətlə “Qarlı
aşırım” da elə yerlər var ki, onları
heç bir şərh vermədən,
eləcə oxucularla paylaşmaq lazımdır:
“Xəlil
yorğanın ucunu qaldırdı, uşağın
üzü göründü, balaca, bir yerdə qərar
tutmayan barmaqlar sanki kimi isə çağırdı. Sonra
yumruqlarını gözlərinə sıxıb ovcaladı, əsnədi.
Dodaqları bir-birinə çatmamış
ağladı. Rəngi çiyələyə
döndü”.
Yaxud: “Gəlin elə
qalxdı ki, təzəcə yuxuya getmiş körpənin
damağı döşünün giləsini göynətdi”.
Bütün roman boyu oxunaqlı, rəvan təhkiyə maraqlı bənzətmələrlə davam edir. Amma bütün şairanəliklərə baxmayaraq, əsər özünün prozaik ruhunu, nasiranə dramatizmini itirmir. Toqquşan maraqlar və bunun fonunda üz-üzə gəlib əziyyət çəkən adamlar... Hər iki tərəfdə müdrik, eyni zamanda, tələskən qərar verən və həmin müdrik adamları anlamaq istəməyənlərin olması bizə çağdaş tariximizin bir sıra ən məsuliyyətli məqamında ortaya çıxan ictimai-siyasi simaları xatırladır. Yəni, bizim də dövrümüzün Kərbəlayi İsmayılları, Qəmloları, Xəlilləri, Talıbovları və nəhayət, Abbasqulu bəyləri olub.
Azərbaycan yazıçılarının qəribə bir şakəri var: mövzunu havadan götürmək. Yəni gördüyü, yaşadığı hadisələrdən, tanıdığı, təmasda olduğu insanlardan yazmaq əvəzinə, özlərindən saxta məkanlar, obrazlar uydurur, döyüb-tökürlər. Axırda da ortaya bic şeirlər, bic hekayələr, bic romanlar çıxır. Oxuyanda bilmirsən, müəllif qardaşımızın, yaxud yazar bacımızın dərdi nədir, nə istəyir?
Fərman Kərimzadənin müraciət
etdiyi mövzular isə özünün gördüyü, eşitdiyi
insanlar, hadisələr
(“Qarlı aşırım”),
milli-genetik kodlarla bağlı olduğu tarixi dövrlər və tarixi şəxsiyyətlərlə (“Xudafərin körpüsü”,
“Təbriz namusu”) bağlı mövzulardır.
Bu əsərlərin fundamental struktura
malik olmasının səbəbi də budur, yəqin ki. Min dəfə demişik,
bir də yazaq: böyük yazıçı böyük
mənəvi ağrılardan,
çalxalanmalardan keçməlidir.
Buna misal olaraq, Fərman müəllimin yadigarı, sayğıdəyər
Əziz Kərimzadənin
mənə danışdığı
bir əhvalatı yazmaq istəyirəm: Böyük yazıçımız
Yessentukidə dincəlirmiş.
Bir axşam qonşu otaqlarda dincələn yazıçılar Fərman
müəllimin otağına
gəlib, xudmani məclis düzəldirlər.
Səhər yazıçımız yuxudan oyanır, masanın üstündə
axşamdan, dibində
çaxır qalmış
qədəhləri yığışdırmağa
ərinir. Birbaşa qələm-kağıza
əl atır. Şah İsmayılın,
böyük islam
şəhidi Hürrün
qəbrini açdırmaq
səhnəsini yazmaq istəyir. Nə qədər cəhd
eləsə də, alınmır. Ayağa qalxıb
çaxırlı stəkanları
yuyur. Qayıdır yazı masasının
arxasına. Və
cümlələr ağ vərəqlərə
mirvari kimi düzülməyə başlayır.
Yuxarıda qeyd etdiyim məqamı xatırlayaq: Böyük mənəvi
çalxalanmalar.
Fərman Kərimzadə
“Qarlı aşırım” romanını yazanda cəmi-cümlətanı
26 yaşı olub! Bunu da, elə-belə yazdım – ucuz kafelərdə
vaxt itirən cavan yazar dostlarımız üçün...
Mövlud MÖVLUD
525-ci qəzet.-
2011.- 8 yanvar.- S.24.