Məqsəd Nurun təyinatında
“Şəhər Meri”
SON SÖZ YERİNƏ TƏƏSSÜRATLAR
İstənilən roman həyata çox
oxşayırsa, naturalistcəsinə onu təqlid və təkrar
edirsə, insana, deməli həyata təsir imkanını
azaltmış olur, heç oxşamırsa onda həyatı dəyişməli
olan adamın –oxucunun diqqətindən kənarda qalacaq. Məqsədin
insanı göstərmək və bununla da dəyişmək
cəhdində (məncə həm də gücündə)
olan romanı, real olduğu qədər də qədər rəmzidir,
bəzən impressionist təsvir, bəzən də sürreal
görümlərlə, metaforalarla zəngindir. Roman bir nəfərin
(eyni zamanda böyüyün və uşağın) həyatını
anladır, bir gün içində yaşanan hisslər və
baş verən hadisələr nəql olunur romanda: “Bu
yarım gün ərzində bir yay kinoteatrı
sökülüb, bir sıra sənaye obyektinin sökülməsi
və yerində bulvar salınması barədə qərar
verilib, çox önəmli arxiv lentlərinin taleyi həll
edilib və nəhayət, Şəhər Merinin avtomobilindən
görünən yaşantılar yaşanıb”. Bəs, bir məğz
ki, biz abzasa sığa bilər, onda roman niyə
yazılır? Amma razılaşın, hər bir adamın
ölüm və doğum ilini tarixini göstərməklə
səkkiz (və ya on altı) rəqəmli bir cümləyə
də sığışdırmaq olar həyatını (amma
bir ildə, bir gündə, bir saatda nə qədər adam
anadan olur və ölür ?!)
Yaxşı, onda o uşaq və
o qəhrəman kimdir? Gəlin, bu suala əsərin qısa məzmununu
danışaraq cavab verək: sərt, bir qədər
soyuqqanlı ( bunu doğuran səbəblər var), savadlı
anasının himayəsində böyüyən bir uşaq;
təbii ki, ürəksiz və daha çox qapalı; o
böyüyüb, kinotetrda arxiv müdiridir, amma paralel, daha
artıq pul qazansın deyə kinoteatrda gözətçi
funksiyasını da yerinə yetirir; bir gün onu həyatında
güc sahibi olan Şəhər Meri peyda olur və onun
bütün həyatı bir gün içində dəyişir;
o sonucda kinoteatrın rəhbəri təyin olunur; amma o vaxta qədər
Şəhər Merinin avtomobilinə dəvətlə və səyahətlə
başlayan romanda çoxlu məsələlərə elə
avtomobilin içində aydınlıq gəlir; o
uşaqlığını xatırlayır; anasıyla
keçən günləri, hakmi-mütləq merin anasıyla
və üzünü görmədiyi atasıyla bir sinifdə
oxuduğunu, merin anasını sevdiyini amma qədərin
ironiyası və yazısıyla ( zorən,
qaçırdılaraq) atasına qismət
olması,atasının ölümü, merin onun bu vaxta qədər,
görünməsə belə taleyində (Moskva təhsilində
və sair) rol oynaması, onun dayəsi-anasının eyni olan
Anya xala ilə bağlı təəssüratları, əmisiylə
görüşü və sair və ilaxır; amma bu
faktoqrafik zənginliyin arxasında ən yadda qalan (daha
doğrusu yadda qalmalı olan) merin avtomobilindən adi sıravi
insanların heyvan başlı görüntüləridir ki, əsər,
vəzifəyə təyin olunandan sonra onun özünün
belə avtomobilə minən gözətçi tərəfindən
heyvan başlı görünməsiylə bitir; Açar da məhz
budur. Çünki bu əsər güc və
gücsüzlük, həyat və yaddaş haqqındadır.
Amma daha qısa yazsaq, “Şəhər meri” romanı güc və
yaddaş haqqındadı. Təsadüfi deyil ki, gücü –
Şəhər Meri, yaddaşı isə- kinoteatrın arxiv (!)
müdiri(arxiv müdiri həm də gözətçidir; ən
doğru gözətçi isə elə
yaddaşımızdır da demək olar) təmsil edir, bəlkə
bu səbəbdəndi ki, romanda uzun müddətə qədər
birinci dərəcəli personajların adı çəkilmir,
yalnız düz ortada (bu təsadüfi simetriklik yox, ahəngardar
yazı prosesinin doğurduğu əlamətdir), 52 səhifəlik
romanın 25-26-cı səhifəsində təsadüfən
oxunan “Xatirə dəftərin”də (qəhrəman bunu
xatırlayır) həm oxucu, sanki həm də əsərin
baş qəhrəmanın özü (yaddaş-həm də
özünü bərpadır) və atası daxil olmaqla diqər
adamların (=personajların) adını birlikdə öyrənirik:
“... Şəhər Meri (merin adı da daxil olmaqla
bütün adlar iri hərflərlə yazılıb)
çoban Abbasın oğludur. O, Alimlə (atamın
adıymış, sonradan bildim) dostdur. Alim də Qəzənfərin
oğludur. Qəzənfər kəndimizin böyüyü,
qurd oğlu qurddur. Qəzənfər kolxozun sədridir. Şəhər
Meri Alimlə çox bərk dostdurlar. Lakin hər ikisi eyni
qızı sevir.
Qızın adı
Leyladır (anamı deyir). Leyla onlardan heç birinə
razılıq vermir. Amma məktəbdə bunlardan başqa
qolu bərk, dizi möhkəm cahıl yoxdu... Məktəbi
bitirənə yaxın, Boz ayda, Alim Şəhər Merinə
deyir:- Gəl, belə bir şərt kəsək, əgər
sən İnstituta girsən, Leyla sənindir, mən girsəm
mənim. Şəhər Meri deyir: – Birdən ikimiz də girsək?
Alim cavab verir: – Düz deyirsən... Onda gəl belə
danışaq, hansımız daha yüksək fakültəyə
girsək, Leylanı da o alsın. – Birdən ikimiz də eyni
fakültəyə girsək? – Şəhər Meri yenə
iradını bildirir. – Onda kim daha yüksək qiymət alsa,
o aparsın! – deyə, Alim cəld cavab verir. –
Danışdıq! – deyə Şəhər Meri cavab verir. ...
Alim, igid, ər oğlu ər,
özü qəsdən, həmin il instituta girmədi. Dədəsini
qəzəbləndirdi. Sonra da arağa-çaxıra
qurşandı. Şəhər Meri isə Moskvada Ali Hüquq
məktəbinə girdi. Xəbəri ona dedilər. Qəzənfərin
qurdu tərpəndi. Dedilər ki, Alim bilə-bilə dədəsini
xar elədi. Özü də Leylanın üstündə. Qəzənfər
götürdüb Leylanı evinə qaçırtdı.
Leylanın dədəsi İmamverdi ilə barışıq
elədi. Ona bir sürü qoyun cehiz verdi. Qəzənfər
Alimi o ki var budadı, bir neçə gün sonra da Alimlə
Leylaya toy vurdurdu. Alimin Leyladan bir oğlu oldu. Adını Fərəc
qoydular (məni deyir.). Amma Şəhər Meri də kişi
oğlu kişi kimi bir də kəndə dönməyəsən,
bir də bu yerin adını çəkməyəsən. Dədəmoğlu
Alim də Fərəcdən sonra təzədən içki
içəsən, kef çəkəsən, qayadan
yıxılıb tələf olasan. Leyla da üç gün
ağlayasan, beş gün ağlayasan... Fərəci də
götürüb Bakıya gedəsən, gözdən itəsən...”
Məqsəd Nur burda əslində ustacasına qrotesk edir,
şişirtmə, qabartma aparır. Məqsədin romanı
texnikasına (Le nouveau roman) görə Alen Rob-Qriye, Jan Mark
Roberin (“Özgə işlər”), bir az da Orxan Pamukun (“Bəyaz
qala”) romanları ilə qohumdur, bu yönüylə bitkindir.
Atmosferinə görə “Qəsr” i xatırladır. “Şəhər
meri” bir günün hadisələrini nəqletməyi və
xatirələri ilə “Uliss”in eynidir, sadəcə “Şəhər
meri” “kamerniy roman”dır, şüur axını asketcə
lüğət tərkibiylə müşahidə edilir,
dialoqlar da azdır, bilərəkdən minimuma endirilib.
Mənim “Şəhər
merini” bu böyük əsərləri və qərbli müəllifləri
xatırlamaqla müqayisə etməyim bir tərəfdən
“Şəhər meri”nin də dəyərli olduğunu qeyd etməkdisə,
digər tərəfdən, onun “qərb tipi”,
çağdaş roman olduğunu deməkdir; bizdə təəssüf
ki, sakit üsluba belə, sonadək sadiqliklə yazılan
romanlar demək olar yoxdur... Roman çoxlu suallar qoyur. Məsələn,
gücün aynasından niyə sıravi adamlar
heyvanbaşlı görünür? Bu sualın birmənalı
cavabı yoxdur. Hə, biz tələsik cavab verib deyə bilərik
ki, istənilən güc və hakimiyyət özündən
aşağıya heyvandır nəzəriylə baxır. Bu
cavabın yalnız az bir hissəsi olardı. Amma güc idarə
eləmək üçündür, adamları yox, onların
içindəki ehtiras və istəkləri. Bəli, bizim hər
birimiz ehtiras və istəklərimizlə məhz heyvaniyik, elə
Merin özü də. Sadəcə ona baxmaq üçün
daha böyük gücün avtomobili və aynası
lazımdı ki, bu borxessayağı situasiya artıq başqa
romaçündü. Hərçənd bunu dolayı yolla
müəllif də nişan verir: arxiv müdirindən
kinotetrın müdirinə, yaddaşdan tamaşaya, gücə
(güc isə daha çox nümayişçündür,
ekstremal hallarda tətbiq olunur) çevrilən qəhrəman
özü də heyvanbaşlı kimi görünür
gözətçinin gözündə. Gəlin gördüklərimizə
və gürümlərə baxaq:: “Salonun küncünə
sığınmağa çalışsam da tez başa
düşdüm ki, yox, içəridə gəzişməyə
başlayan adamlar qan-qırmızı rəngli ayağaltı
xalçanı sıxıb-saxlayan mərmər pillələrin
künclərindəki dəmir saxlancları açıb
qırağa qoyur. Xalçanı bu dəmirlərin
altından çəkib-çıxararaq uzunlamasına
çırpmağa çalışdıqca ayağaltı
üzü aşağı dalğalanır və elə təəssürat
yaranır ki, bu bir qan selidi, üzüaşağı axıb
giriş qapısını və səkiləri yuyacaq.” Yaxud:
“Ətrafda tükürpədici səhnələr
görür və bu zaman dəhşətdən ürəyim
bulanırdı. Bütün küçədən keçən
– Çkalov küçəsiylə yuxarı qalxan və enən
adamların hər birinin çiynində heyvan başı gəzirdi
– bu adamların bir hissəsi qadın, digərləri
kişiydi. Onlar çox səliqəli geyinmiş, asta
addımlarla qənbərlik küçəylə
üzüaşağı və yuxarı gedirdilər.” Onun bu
metamorfoz görümü ( eyni zamanda metaforası) yalnız
başqalarına deyil, özünə (əslində roman boyu
hadisələri nəql edən qəhrəmana), hətta
anasına da münasibətdə də eynidir, var : “Ürəyim
döyünməyə, əllərim əsməyə başladı:
mənə elə gəldi ki, yolumu Qaqarin körpüsündən
salsam Şəhər Merinin karteji məni ötüb keçəcək
və o avtomobilinin pəncərəsindən məni görəcək:
mən də ördək başlıyam. Üstəlik, öz
gölməçəsindən küsüb gedən və
hara getdiyini özü də bilimədiyindən sallaq vəziyyətə
düşən atılmış bir ördək balası...”
Bu əcayib, dəhşətli görüm yalnız
uşaqlara münasibətdə doğru deyil və yalnız
onlar həyatı dəyişə, təmizləyə, insaniləşdirə
bilər: : “Bu adamlar arasında bircə qadının
yanında uşaq vardı. Uşağın başı öz
yerindəydi – o, ceyran başlı anasına tərəf
boylanır və onu qucağına almasını istəyirdi.
Anası onu qucağına aldı. Yalnız bu anda
uşağın sifəti bərabarində xoş üzlü
– orta yaşlı bir qadın çöhrəsi görə
bildim.” Çünki yalnız uşaqlar təmizdir,məsumdur,
pisliklərdən uzaqdır, əsərin qəhrəmanı
(bu yerdə qəhrəmanı və yazarı birəbir eyniləşdirmək
də olar) daha çox onlara ümid edir. Hərçənd
bu dəhşətli görümü doğuran insanlara olan
sevgisizlik deyil, əsla: “Qoy, onlar hər şeyə
çevrilsinlər: heyvana, daşa, ağaca, torpağa, suya – bircə
itib-getməsinlər...”- bu Fellini sayaq (8 ? filmini
xatırlayın) görüm bir az ovqatın, bir az da əsərin
qəhrəmanının bütün əsər boyu
xatırlama yolu ilə nəql edilən uşaqlığı
ilə əlaqədardır. Yeri gəlmişkən,
romanın sonu da bu görümlə bitir ki, biz bunu dolayı
yolla fanilik qarşısında bütün güclərin və
hakimiyyətin məğlubiyyəti kimi də başa
düşə bilərik. Romanda çoxlu ikiqatlı, ikidibli
ironiya ilə müşahidənin sərhədini sezmək
çətin olan gözəl məqamlar var, məsələn:
“Gözətçimiz yenə avtomobilə quyruq bulayacaq.”
Yaxud: “Ətraf bir neçə dildə
xısınlaşır” Bir başqası: “Hər kəsin
üzündə böyük sevinc və bayram
alışqanlığı vardı” Daha biri:
“Niyə insan hər zaman şərəfli
ölmək istəyir – yəqin bunun cənnət və cəhənnəmlə
birbaşa əlaqəsi var. Yoxsa, insan öləndə də
komfort axtarır?..” İndi diqqət yetirin. Avtomobilə quyruq
bulamaq-yaltaqlığın gücüdürsə, onu göstərirsə,
başqa tərəfiylə dünya malına quyruq
bulamaqdır. Çevrədə müxtəlif dildə
danışan insanlar, kütlə varsa (əsərdə məhz
belədir) onların müxtəlif dildə xısınlaşması
əlbəttə, doğrudu, amma xısınlaşma, asta
danışıq o şeydi ki, hamı eşitməsin, deməli
bir az qeybətdir. Burda isə adamların “mindilliliyi”nə də,
“çoxüzlülüyü”nə də ustaca işarə
var. Bayram sevinci və bayram alışqanlığı...həqiqi
sevinc və təəssürat ilk dəfə yaşanan
deyilmi?! Bəs, bayrama alışqanlıq nədir? Sonuncu sitat
etdiyim cümləni isə şərh etmirəm, də
irfanidir ki, Qaraoğlan yadıma düşür: “ Sufilərə
söhbət gərək,/ Zahidlərə cənnət gərək,/Məcnunlara
Leyla gərək,/Mənə səni gərək, səni”
İroniya məsələsi konkret cümələlərdə
deyil,bəzən bütöv müqayisə dolu passajlarda da
sezilir,yenə də xəfif və asketcəsinə.
Tutalım qəhrəmanın Şəhər Merinin günəşə
rəğmən “vəsfi”, “müqayisə “olunması – əsərdə
bu bir çox yerlərdə, ümumiyyətlə əsər
boyu inkişaf elətdirilən bir təşbehdir, əlbəttə
əsər qəhrəmanının dilindən bu səmimiyyətdirsə,
onun arxasında dayanan müəllifin dilindən bu
ironiyadır həm də, məlum-məşum, tarixi,
ümumiyyətlə bayağı siyasi plakata və janrın
özünə xəfif təbssümdür. Məqsəd
Nurun romanında son qeyd eləmək istədiyim şey
romanın dili bağlıdır. Yeri gəlmişkən,
müəllifin əvvəlki əsərləri ilə
müqayisədə bir fərqi və eyniyyəti qeyd eləməyi
doğru sayıram. Məqsəd dilin stixiyasına
qoşularlaq, onunla ya bərabər, ya da bir adım geridə
addımlayan yazıçıdır, nəbadə ondan qabaqda
(bu isə təkcə Məqsədə yox, hamıya məncə
şamil ediləcək həqiqi ədəbi düsturdu) ; əgər
əvvəlki əsərlərində dildən qabağa
qaçmaq məqamları vardısa (bundan Tomas Vulf əziyyət
çəkiridi, nəticəsi də
çoxsözlülüyün girdabında batan
ideyasızlıq olurdu), “Şəhər merində” Məqsəd
dillə münasibətdə çox dürüst
davranır; hətta bəzən o qədər axıcı, bəzi
yerlərində isə ahəngdar, yüksək əyarlı
şeir diliylə danışır ki: “Siz bir işə
baxın! Bəlkə bu qaraqabaq qadın Şəhər
Merinin bacısıdır: olar! Sevgilisidir: olmaz, o
ağıllı adamdı, bu boyda kişi aşkarda sevgilisinin
yanına gəlməz. Qohumuymuş: olar... Yox, sən demə
bu bunun sinif yoldaşıymış!” Yaxud: “Anamın
üstündən gələn xoş ətirlər (o bu ətri
heç vaxt dəyişmirdi), Qaraşəhərin bir kəsiyi,
küləklər, məktəbə götürdüyüm
çantaların üstündəki şəkillər,
kitab-dəftərdəki yazılar, qapısının
yanından keçərkən gözümün ucuynan
anamın yataq otağında gördüyüm sehrli rənglər,
kinoteatra getməyimiz, Anya xala, evimizin mətbəxi, Novruz
Bayramı, anamın albomundakı foto, Moskva, kino-arxiv fakültəsinin
yataqxanası, Moskvanın soyuq, Xuruşşovkalar kimi
alçaq, sıxıcı səması, Bakıya qayıdan
kimi işə düzəldiyim kinoteatr (bu da ona görə dərhal
baş vermişdi ki, mənim göndərilmə
kağızımda merin öz imzası vardı) yadıma
düşsə də bu səhnələrin heç birinin
arasından bir nəfəri – Şəhər Merini silib ata
bilmirdim.” Məqsəd Nurun təyinatında “Şəhər
Meri”nin portretiylə bağlı qeydlərimi burda bitirirəm.
İnanıram ki, bu olduqca dəyərli əsər, ənənəvi
roman üçün kiçik, amma kiçik şedevr hələ
uzun müddət zövqümüzə “eşikaşası”
olacaq. Və siz də əziz oxucu, kitabın sonuna qoyulmaq
üçün nəzərdə tutulan bu yazını
oxuyanda , mənim “təşviqat” kompaniyamın səmimiliyinə
şübhəniz qalmayacaq. 2 dekabr 2011-ci il.
Səlim BABULLAOĞLU
525-ci qəzet.- 2010.- 8 yanvar.- S.16.