Əziz Əliyev, Səməd Vurğun, Rəsul Həmzətov, bir də mehriban “düşmənlərin” barışığı

 

(Əvvəli ötən sayımızda)

 

Mart ayının 5 də, saat 9-da Rəsul Patimat xanımla yola düşməliydi. Saat 10-da telefon açıram. Hələ evdədirlər, deyirlər – indicə çıxırıq. Saat 11-də – yenidən telefon zəngim. Qulluqçu qız: – Getdilər... –deyir.

Yarızarafat, yarıciddi tərzdə soruşuram:

– Hara getdilər?

– Deyəsən, Bakıya.

Qayakənd Rayonu Administrasiyasının başçısı Salamdan (heyf, qətl edildi, çox mədəni, yüksək tərbiyəli cavan adam idi), Dərbənd Rayonu Administrasiyasının başçısı, Dövlət Şurasının üzvü, el ağsaqqalı Səid Camal oğlu Qurbanovu narahat etməyə ürəyim gəlmir, o vaxtlar Dağıstan Parlamentinin deputatı (hazırda Dərbənd Rayonu Administrasiyasının rəhbəri) Qurban Qurbanovdan xahiş etmişdim ki, Rəsul Həmzətov onların ərazilərini keçdikcə mənə məlumat versinlər. Qusar Rayonu İcra Hakimiyyətinin başçısı İkram Əmirov isə onlar Samur çayından keçəndə məlumat verməliydi. Zənglər dalbadal gəlirdi, hər şey qaydasında idi.

Ancaq, görünür, belə diqqətlə hazırlanmış səfər də “sərgüzəştsiz” keçməli deyilmiş: Xaçmaz Rayonu İcra Hakimiyətinin başçısı Rafiq Niftəliyev öz rayonunun ərazisində qonaqları qarşılamalı və bir yerdə nahar etməliydilər. Lakin qonaqları müşayiət edən yol polisi əməkdaşlarına əvvəlcədən məlumat verilməməsi üzündən maşınlar başqa yolla Bakıya tərəf şütüyürlər. Rafiq Niftəliyev məsələni biləndə qonaqlar artıq Qubaya çatırmışlar. “Çıxış yolu” tapılır. Maşınlar başqa yolla Xaçmaza tərəf dönürlər və Rəsul Həmzətov bunu hiss etmir, elə bilir yolun davamıdır. Rafiq Niftəliyev onları qarşılayır, iştahla, şirin-şirin nahar edirlər.

Mən qonaqları Dövlət Yol Polisinin rəisi, general Ramiz Zeynalovla birlikdə Xırdalan dairəsində qarşıladım.

Birbaşa Prezidentin Qonaq evinə gəldik. Prezidentin göstərişi ilə baş korpus onlar üçün ayrılmışdı. Yerləşib, qısa istirahətdən sonra Nəbi Xəzrigilə getdik. Evin kandarında dayandıq. Gülarə xanımın xatirəsi ehtiramla yad olundu. Nəbi müəllimin ailə üzvləri – oğlu, gəlini, qızları, kürəkənləri orada idilər. Səmimi görüş oldu. Uzun müddət süfrə önündə əyləşib, Nəbi Xəzrinin evinin bərəkətindən daddıq, çox şeydən danışdıq, ancaq inciklik, barışıq xatırlanmadı, heç nə yada salınmadı, müzakirə olunmadı. Bütün bunları, şübhəsiz, hərə öz içində düşünürdü.

Martın 7-də Səməd Vurğunun anadan olmasının 90 illiyinin zirvə toplantısı Respublika Sarayında (indiki Heydər Əliyev sarayı) keçiriləcəkdi. Həmən gün, yubiley təntənəsindən öncə Prezident Heydər Əliyev qonağı qəbul edəcəkdi. Arada 6 mart qalırdı və mən əvvəldən düşünmüşdüm ki, bu “pəncərə gündə” imkanlardan maksimum istifadə edib, qonağa Bakıda yeni çox şey, xüsusilə Ermənistan müharibəsinin, keçmiş SSRİ rəhbərliyinin təcavüzlərini, törətdiyi müsibətləri göstərim.

Rəsul Həmzətov əvvəllər həmişə Bakıya gələndə Əziz Əliyevin və Səməd Vurğunun məzarlarını ziyarət edərdi. Səhər qonaq evindən çıxıb, birbaşa Fəxri xiyabana gəldik.

Azərbaycanın böyük oğlu, Dağıstanın və bütün Cənubi Qafqazın alman faşistlərinin işğalından xilas edilməsində misilsiz xidmətlər göstərmiş, Dağıstan və Azərbaycan xalqlarını amansız repressiya rejimindən – Sibirə sürgündən xilas edən Əziz Əliyevin xatirəsini yad etdik. Bu böyük İnsan Rəsul Həmzətovun atası Həmzət Sadasının həyatında əvəzsiz rol oynamış, onların ailəsini Sada aulundan Mahaçqalaya köçürərək, Vilayət Partiya Komitəsinin yanında, özünün yaşadığı həyətdə ona mənzil vermiş, Ata-Oğul şairlərin yaradıcılığı üçün nə gərəkdirsə hər cür şərait yaratmışdı. Rəsul Həmzətov xatirələrində bu barədə çox səmimi yazıb, onu da deyib ki, məhz Əziz Əliyevin təşəbbüsü və təkidi ilə Moskvaya – Ədəbiyyat İnstitutuna oxumağa getmiş və əsərlərinin rus dilinə və başqa dillərə tərcüməsi, imzasının Sovetlər Birliyi məkanında, eləcə də dünyada tanınması həmin dövrdən sonra başlamışdı. Rəsul bu təklifi əvvəl başa düşməyib və qəbul etməyib, fikirləşib ki, məgər şair olmaq üçün “institut” bitirmək gərəkdir, ya vacibdir? Axı, Mahmud, Abutalıb, Həmzət Sadasa... hansı institutu bitiriblər? Ancaq Əziz Əliyevin şərhlərindən, məsləhətlərindən sonra, atasının xeyir-duası ilə Moskvaya yollanır və ədəbi karyerasında yeni mərhələ başlayır. Əziz Əliyev Rəsulu Səməd Vurğunla tanış edir və böyük şair istedadlı gənc avarın, qardaş Dağıstan övladının böyük ədəbiyyat arenasında tanınması üçün çox iş görür. Elə həmin gün Rəsul Həmzətov AzərTAc-ın müxbirinə deyirdi:

– Mən çoxdandır Azərbaycanda olmamışam. Əvvəllər çox vaxt Səməd Vurğunun dəvəti ilə, onun sədasına gələrdim. Onun sağlığında da, vəfatından sonra da belə olmuşdur. Mən hər dəfə onun yubileyində olmuşam. 50 illiyi yubileyinə gələndə şair ağır xəstə yatırdı.

Onunla görüşlərim çox olub. Səməd Vurğun mənim müəllimim və ən əziz adamım idi. Təəssüf ki, həmin yubiley ili onun dəfninə də gəlməli oldum. Burada, Fəxri xiyabanda dəfn mərasimində çıxış etmişəm. Sonralar şairin 60 illiyi, 70 illiyi yubileylərinə gəlmişəm. Lakın sonra əlaqələrimiz kəsildi, xeyir əvəzinə, daha çox böyük itkilər gətirən bədnam yenidənqurma başlandı.

İndi isə budur, mən Azərbaycan xalqının necə itkilərə məruz qaldığının şahidiyəm. Mən hər dəfə Bakıya gələndə Əziz Məmmədkərimoğlu Əliyevin məzarını ziyarət edirəm. Biz Mahaçqalada bir həyətdə yaşayırdıq. Cavan şair kimi mənə, habelə şair atama onun göstərdiyi diqqət və qayğını hiss edirdim. Bizi Azərbaycan mədəniyyətinə qovuşdurmaq üçün Əziz Məmmədkərimoğlu çox iş görmüşdür. Onun vaxtında Səməd Vurğun ilk dəfə Dağıstana gəlmiş, Süleyman Rüstəm orada olmuş, Bülbül Dağıstan səhnəsində oxumuşdur, bu bizim üçün kəşf idi. Bəstəkarlar gələrdilər, Niyazi də gəlmişdi. Əziz Məmmədkərimoğlunun vaxtında biz hamımız Azərbaycan mədəniyyəti ilə bağlı idik. Onun böyük ailəsini, qızı Zərifə xanımı yaxşı tanıyırdıq. Ancaq Zərifə xanımla görüşməyin mümkün olmayacağını düşünmürdüm, artıq o, həyatda yoxdur”.

Əziz Əliyevin, Zərifə xanımın və Səməd Vurğunun məzarlarının ziyarəti, hiss edirdim ki, protokol etikası ilə deyil, səmimi münasibətlərin ifadəsidir.

Sonra Şəhidlər xiyabanına gəldik. Yaz ayı başlasa da Bakı üçün ənənəvi olmayan soyuq idi, gün az dəyən yerlərdə qar, ara-sıra buz vardı, yer donmuşdu. Qorxurdum ayağı sürüşər, yıxıla bilər. Ona görə qoluna girirdim. Ətrafda adamlar olanda qüruruna sığışdırmırdı, saçlarını oxşamaq bəhanəsilə qolunu çəkirdi.

Şair qüruruydu!

Dağların əzəmətiydi, başa düşürdüm. Asta-asta addımlarla Şəhidlər xiyabanının sonunacan getdik, alt sıradakı məzarların önüylə yavaş-yavaş geri döndük. Ermənistanın törətdiyi dəhşətli müharibə, minlərlə qurbanlar, 20 Yanvar müsibəti... barədə müfəssəl məlumat verdim. Onu da əlavə etdim ki, indi Azərbaycanın hər şəhərində, hər rayonunda belə Şəhidlər xiyabanı mövcuddur, minlərlə vətəndaşımız isə itkin düşüb.

Məhz bu müsibətdən sonra Rəsul Həmzətov Nəbi Xəzriyə absurd məktubunu yazmışdı, bu məktubdan sonra Azərbaycan xalqının ona münasibəti tamamilə pisləşmişdi, hətta bu yazının əvvəlində dediyim kimi, Azərbaycan onun kitablarını Mahaçqalaya, Moskvadakı evinə göndərmişdi.

Şəhidlərin məzarlarını gördükcə, mənim məlumatlarımı dinlədikcə müsibətin miqyasını dərk edir, dərindən təəssüflənirdi. Mən – Azərbaycanın hər şəhərində, hər rayonunda belə bir Şəhidlər xiyabanı var, – söyləyəndə heyrəti sanki gözlərinə sığışmırdı.

Ancaq bu heyrəti, bu təəssüfləri bir mən hiss edirdim, görürdüm, bir də Patimat xanım. Əgər Rəsul Həmzətov bu tanışlıqdan sonra fikirlərini, qənaətini, keçirdiyi hissləri mətbuata açıqlamasaydı həm Azərbaycan xalqının ona münasibəti olduğu kimi, həm də həqiqəti əks etdirməyən haqqında danışdığımız məktubu tarixdə təkzibsiz qalacaqdı. Ayrıca mətbuat konfransı keçirməyə necə baxacaqdı? Bilmirəm. Bəs nə etməli?

Əvvəlcədən düşünülmüşdü. Fəxri xiyabandan sonra yolumuz Səməd Vurğunun Ev Muzeyinə idi, ora öncədən xeyli jurnalist dəvət olunmuşdu və onlara lazımi tövsiyələr verilmişdi.

Yolüstü Şeyx Şamil küçəsindən keçdik, mən onun Azərbaycanda hədsiz sevildiyindən, akademik Heydər Hüseynovun böyük elmi fəthindən və bunun üstündə repressiya olunduğundan danışdım. Rəsul maraqla dinləyir, suallar verirdi...

Səməd Vurğunun evinin pillələriylə qalxanda Rəsul Həmzətovun neçə illər qabaq yazdığı şeiri xatırladım:    

 

SƏMƏD VURĞUNUN EVİNƏ GƏLƏRKƏN

 

Kaş sellərin ağzına atılaydım indicə,

Axına qarşı üzmək asan olardı, asan.

Qapına yaxınlaşmaq necə çətinmiş, necə!

Zəngi çala bilmirəm,

Şair dostum, hardasan?

Tək-tənhayam,

Yoxluğun ürəyimə çəkib dağ,

İnsaf elə, gəlmişəm,

Məni dindir, ay Səməd!

Sənsiz pillələr ilə sənin evinə qalxmaq

Zirvələrə qalxmaqdan

Çox çətindir, ay Səməd!

Səsləyirəm görüşək,

Çağırıram öpüşək,

Dəysin lopa bığların üzümə ilk qar kimi...

Evdə sükut inləyir matəm musiqisitək,

İşıq da ölgünləşib soyuq ulduzlar kimi.

Yetim qalıb kitablar,

Ağdır səhifələr də,

Zarafatın, gülüşün

Yayılmır otağına.

Elə qərib yerdəsən, elə uzaq səfərdə,

Sən qayıda bilmirsən öz doğma ocağına.

 

(Çevirəni Tofiq Bayram)

 

Aybəniz xanım, həmişə olduğu kimi, qonaqları səmimi və mehriban qarşıladı. Rəsul Həmzətov muzeyi ahəstə-ahəstə gəzdi, zəngin eksponatlarla diqqətlə tanış oldu, “Xatirə kitabı”na ürək sözlərini yazdı, gənc bəstəkar Xumar Qədimovanın ölməz sənətkarın sözlərinə yazdığı “Ana” mahnısını müəllifin ifasında dinlədi və ... jurnalistlərin əhatəsinə düşdü, bir saatdan çox oturub, suallara yerli-yataqlı cavab verdi. Rəsul Həmzətovun həmin mətbuat konfransında dediklərindən:

– “...Lakin məndə ən ağır, kədərli təsir doğuran Yanvar hadisələrinin qurbanları oldu. Burada ağır günlər olduğunu, yüzdən çox adamın öldürüldüyünü bilmirdim! Mənim ətrafımı yalan bürümüşdü, deyəsən, mənə demişdilər ki, burada guya cəmi 10 və ya 20 adam qurban getmişdir. Ancaq gördüklərim xalq qarşısında cinayətdir, özlərini xilaskar adlandıranların, dinc sakinlərə rəhm etmədən, Azərbaycanın ən yaxşı oğul və qızlarını öldürməklə Azərbaycanı azərbaycanlılardan “xilas etmək” istəyənlərin cinayətidir. Qarabağ müharibəsinin qurbanlarına baxmaq da çox faciəlidir. Azərbaycanlılar, dinc sakinlər Azərbaycan torpağında həlak olublar, bu, mənim daxilimdə hər şeyi alt-üst etdi. Bir az əvvəl onların məzarları üzərinə gül qoydum, xatirələrinə ehtiramla baş əydim. Həyəcanım hələ keçməyib, sözlərə çevrilməyib. Yəqin ki, bunu ifadə etmək üçün daha dəqiq sözlər tapacağam. İndi isə Azərbaycan xalqına və öz xalqıma, mənim qardaşlarıma keçirdiyim böyük kədərimi, hüznümü bildirmək istəyirəm...”

Azərbaycan televiziya, radio kanalları, mətbuat agentlikləri dərhal Rəsul Həmzətovun mətbuat konfransını dünyaya yaydılar, bu material ertəsi gün qəzetlərin manşetinə çıxarıldı, görünən yerlərində dərc edildi. Və Rəsul Həmzətov Bakıda ola-ola Dağıstandakı dostlar mənə telefon açdılar, məmnun olduqlarını bildirdilər.

Ertəsi gün Prezident Heydər Əliyev Rəsul Həmzətovu qəbul etdi. Ulu Öndər onu səmimiyyətlə salamladı və Bakıya gəlişindən məmnun qaldığını dedi.

AzərTAc-ın o görüşlə bağlı məlumatında deyilirdi:

“...Rəsul Həmzətov çoxdan olmadığı Azərbaycana gəlməyə dəvət etdiyinə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi, Şəhidlər xiyabanını ziyarət edərkən aldığı ağır təəssüratını bölüşdü. Səməd Vurğunun məzarını, vaxtilə yaradıcılığa yenicə başlayan gənc Rəsul Həmzətova, ailəsinə, Dağıstana qayğısına görə minnətdar olduğu Əziz Əliyevin məzarını ziyarət etdiyini dedi. Dağıstanda Şamilin 200 illiyi yubileyinin hazırlığını xəbər verən şair Bakı küçələrindən birinə Qafqaz müharibəsinin bu qəhrəmanının adı verildiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Şamilin yubileyi münasibətilə Kubaçi sənətkarlarının hazırladıqları suvenir xəncəri Azərbaycan Prezidentinə hədiyyə etdi. Şairin zövcəsi Patimat xanım bildirdi ki, xəncərin qını üzərindəki miniatürlər – Şamilin portreti və Qafqaz müharibəsinin epizodları Peterburq ustaları tərəfindən hazırlanmışdır. Rəsul Həmzətov özünün şeir kitablarını da Prezidentə hədiyyə etdi.

Hədiyyələrə görə təşəkkür edən Prezident Heydər Əliyev Rəsul Həmzətovun Bakıya Səməd Vurğunun yubileyinə gəlməsindən məmnun olduğunu bir daha vurğuladı. Dövlətimizin başçısı Səməd Vurğunun 70 illiyinin bayram olunmasından, 1975-ci ildə Bakıda sovet ədəbiyyatı günləri keçirilərkən Səməd Vurğunun ev-muzeyinin təntənəli açılışından, böyük Azərbaycan şairinin adı ilə bağlı digər tədbirlərdən söz açdı, Rəsul Həmzətovun bu tədbirlərin hamısında iştirak etməsi qeyd olundu. Prezident Heydər Əliyev dedi ki, Rəsul Həmzətov həmişə Azərbaycanın fəxri qonağı olub, burada onun istedadının çoxlu pərəstişkarı var.

Ölkə Prezidenti dedi ki, Azərbaycan və Dağıstan xalqlarının dərin tarixi köklərə malik münasibətlərinin möhkəmlənməsi və inkişafında Dağıstan şairinin böyük xidməti var. Xalqlarımızı birləşdirən cəhətlərdən biri də budur ki, Dağıstanın ağır dövründə orada Əziz Əliyev işləmişdir. Bildirdi ki, Azərbaycanda bu görkəmli dövlət xadimi və alimin 100 illiyi qeyd olunur. Prezident Heydər Əliyev Azərbaycan və Dağıstan xalqları arasındakı qədim və mehriban münasibətlərin qorunub saxlanmasını arzuladığını bildirdi”.

Axşam isə böyük şairin yubileyiydi. O gecədə Ulu Öndərimiz dərin məzmunlu nitq söylədi, Səməd Vurğunun çoxsahəli yaradıcılığının mahiyyətini, xəlqiliyini dərindən təhlil etdi. Gecəni Baş nazirin müavini Elçin Əfəndiyev aparırdı. Yazıçılar Birliyinin sədri Anar, Türkiyədən ədəbiyyatşünas Hikmət Polad, Azərbaycan Elmlər Akademiyasının prezidenti Fərəməz Maqsudov, rus yazıçısı Mixail Alekseyev (Moskva), xalq şairi Mirvari Dilbazi çıxış etdilər. Rəsul Həmzətov yenə yaşına, səhhətinə uyğun gəlməyən enerji ilə kürsüyə qalxdı:

“Hörmətli Azərbaycan Prezidenti!

Hörmətli yoldaşlar!

Artıq on ildir ki, Azərbaycanda olmamışam və burada baş vermiş, baş verən hadisələr məni heyrətləndirdi, sarsıtdı, həyacanlandırdı. Mən tamam başqa Azərbaycan, adları dəyişdirilmiş küçələr, meydanlar, hətta şəhərlər gördüm. Burada daha sovet hakimiyyəti yoxdur, mən başqa bir aləmə düşmüşəm. Lakin burada böyük şairlərin adları qalıbdır, Səməd Vurğunun adı qalıb, buna görə də biz yenidən gəldik, çünki bu ad əbədidir. Sovet hakimiyyəti yoxdur, amma Səmədin hakimiyyəti – poeziya, musiqi, məhəbbət, gözəllik, xeyirxahlıq, sadəlik, dahilik hakimiyyəti var. Bütün bunlarda böyük Azərbaycan xalqının ülvi ruhu və mətin əzmi duyulur.

Siz mənə etiraz edib, deyə bilərsiniz ki, bu necə olan işdir, axı Səməd Vurğun sovet hakimiyyəti illərində yaşayıb-yaratmış, sovet dövrünü tərənnüm etmiş, zamanın salnaməsidir və dünyanın dəyişib yeniləşdiyi bu günləri özündə qoruyub saxlamışdır. Mən deyirəm: O, nə salnamədir, nə də zamanın kölgəsi, o, zamanın məşəlidir, o zamana, öz dövrünə işıq-nur saçmış, amma heç vaxt kölgə olmamışdır.

O, hər şeirində bənzərsiz idi, təkrarolunmaz idi. Onun son şeirləri öz yeniliyi ilə xüsusilə xoşuma gəlir. Bu şeirlərdə o deyirdi: “Görmək istədiyim çox şeyi görmək mənə qismət olmadı”. Lakin o, keçmişi də, indini də, gələcəyi də görüb ilhamla tərənnüm edirdi. Söhbət tayı-bərabəri olmayan Nizamidən, Füzulidən gedir. Elə bizim zəmanəmizdə də Səməd Vurğun mədəniyyətimizin, ədəbiyyatımızın başı səmalara dəyən Kazbek, Elbrus, Şahdağ kimi zirvəsidir.

Səməd Vurğun bir dövlət idi, dövlət xadimi idi – onun haqqında belə yazırdılar, bilmirəm, o, belə idi, ya yox. Bəzən mənim haqqımda da yazırlar ki, mən dövlət xadimiyəm. Amma şair məhz onunla fərqlənir ki, o, nə dövlət xadimidir, nə də dövlət məmurudur, o, Vətəninin qeyrətli, təpərli oğludur, xalqın ilhamlı şairidir. İndi bizdə xalq şairləri çoxdur. Hər respublikada xalq şairi adı verirlər. Guya ki, qeyri-xalq, xalqa zidd olan şairlər də var. İndi xalqın adından çox sui-istifadə edirlər. Lakin Səməd Vurğun əsl xalq şairi idi...”

Bu təsirli çıxışı dinlədikcə çox narahat idim: görəsən, Rəsul Həmzətoğlu ölkədə və dünyada canlı yayımlanan bu gecədə son iki gündə gördüyü, duyduğu müsibətləri xatırlayacaqmı? Çıxışının axır cümlələrinədək intizarda qaldım, sonuna yaxın dediklərini bütün salon alqışladı: “... Bəziləri torpaqları qəsb etməyi sevirlər. Amma torpaqları yox, ürəkləri fəth etmək gərəkdir. Səməd Vurğun ürəklərimizi fəth etdi...”

Ulu Öndərimiz yubiley gecəsindən sonra öz iqamətgahında 10-12 nəfərlik xudmani ziyafət verdi. O ziyafətdə də hər şey səmimi və təbii idi. Əziz Əliyevin böyük oğlu görkəmli terapevt-professor Tamerlan Əliyev də ziyafətə dəvət olunmuşdu. (Tamerlan müəllimlə mənim yerlərimiz yan-yana verilmişdi. Uzun çəkən ziyafət boyu bu maraqlı ziyalının yüksək mədəniyyətinə, intellektinə, təbiiliyinə və səmimiyyətinə diqqət yetirməmək olmurdu). O gecənin baş mövzusu Əziz Əliyev, Səməd Vurğun, Rəsul Həmzətov, Azərbaycan-Dağıstan birliyi idi.

Prezident əvvəllər Azərbaycan-Dağıstan münasibətləri müzakirə olunarkən mənə söylədiyi bir çox önəmli xatirəni o axşam da andı: 1970-1982-ci illlərdə Bakıda və Azərbaycanda SSRİ və dünya miqyaslı çox böyük tədbirlər keçiriləndə Azərbaycanın rəhbəri Rusiya Federasiyası nümayəndə heyətindən əlavə, Dağıstandan da nümayəndə heyətini ayrıca dəvət edirdi və bu da, şübhəsiz, belə məsələlərdə çox “həssas” olan Sov. İKP MK-nı “qayğılandırırdı”. Axı, Dağıstan da başqa çoxsaylı muxtar respublikalar, vilayətlər...kimi Rusiya Federasiyasının subyektidir və narahatlıqla bunun səbəbini soruşurmuşlar, (Heydər Əliyev kimi nüfuzlu, güclü birinci katibdən bunu soruşan, təbii ki, Mərkəzi Komitənin adi işçisi deyildi, MK katibi, ən aşağısı – şöbə müdiri idi). Heydər Əlirzaoğlu həmişə qətiyyətlə cavab verirmiş ki, Azərbaycanla Dağıstanın tarixən xüsusi doğma münasibətləri olmuşdur, əgər belə yüksək tədbirlərə qonşu respublika xüsusi, ayrıca nümayəndə heyətilə dəvət olunmasa, bu Azərbaycanda da başa düşülməz, Dağıstanda da. Heydər Əlirzaoğlunun sözü o illərdə SSRİ-nin ən yüksək rəhbərliyində də tamam keçərli idi və Dağıstan nümayəndə heyətinin o illərdə Bakıda keçirilən böyük tədbirlərdə iştirakı həm Azərbaycanda, həm də Dağıstanda bu gün də xoş təəssüratla xatırlanır.

 

lll

 

Ertəsi gün Rəsul Həmzətov Baş nazir Artur Rasizadə ilə görüşdü. Səmimi söhbət oldu. Onu müşayiət edən iki nəfər qohumunun – iş adamının biznes işləri barədə də Baş nazirə müraciət etdi. Görüşdən sonra təəssüflə mənə deyirdi:

– Gör nə gündəsən, Rəsul Həmzətov, biznesmen olursan? Dağıdıb, yenidən quranda belə olur. Gərək qura-qura dağıdasan...

Rəsmi tədbirlər, rəsmi görüşlər başa çatandan sonra elə bil üstümdən dağ götürüldü. Daha mən ona və Patimat xanıma arxayın-arxayın Bakını göstərirdim, İçərişəhəri gəzirdik. Patimat xanım ulu abidələrə heyranlıqla baxır, fotoaparatını tez-tez işə salırdı. Birdən dönüb məndən soruşdu:

– Mahaçqalaya gələndə İncəsənət Muzeyinə baxarsınızmı?

– Əlbəttə, baxaram, Patimat xanım.

Patimat xanım peşəkar sənətşünas, Dağıstan İncəsənət Muzeyinin direktoru idi (Bir az qabağa gedib deyim ki, həmin ilin aprel ayının 27-də Əziz Əliyevin anadan olmasının 100 illiyi Mahaçqalada qeyd edilərkən Baş nazir Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Dağıstan İncəsənət Muzeyində də oldu).

O axşam mən süfrə açdım. Rəsul Həmzətoğluydu, Patimat xanım, mən və Zəfər. Zəfəri təqdim etdim:

– Zəfər Orucovdur.

– Elə bilirsən, familiyasını deməsəydin tanımayacaqdım? Özünsən ki var.

Biz o axşam keçmişdən, bu gündən, gələcəkdən – zamandan, çox məqamdan danışdıq, sağlıqlar dedik, səmimi ünsiyyətdə olduq, bəlkə də mənən paklaşdıq! Patimat xanımın sağlığına qədəh qaldırdım, dedim, Rəsul Həmzətov, uğurlarınızda Patimat xanımın çox payı, töhfəsi var. O, həmişəki kimi müdrikliklə yoğrulmuş zarafatından qalmadı:

– Mənim anamın da adı Patimatdır, xanımım da. Özüm isə – Patimat elmləri namizədi.

Rəsul Həmzətov Bakıya gəlişindən, Prezidentlə görüşlərindən, tədbirlərdə iştirakından və şübhəsiz, əsl həqiqəti öyrənib, ötən illərin yanlış təsəvvürlərinin pərən-pərən olmasından, səhvlərini səmimi etiraf etməsindən çox məmun idi. Elə bil onun da üstündən ağır bir dağ götürülmüşdü.

– Hidayət, sən mehriban “düşmənləri” barışdırırsan, sənin sağlığına! – Sevinclə, fərəhlə dedi, sonra sevincdən, fərəhdən bir az qəhərləndi.

– Bizi barışdıran Heydər Əlirzaoğludur, Rəsul Həmzətoğlu, mən onun köməkçisi, bu tapşırığının icraçısıyam.

Onun səmimiyyətinə bir də mənə hədiyyə etdiyi kitablarına öz dəst-xətti ilə dünyagörmüşlərcəsinə yazdığı avtoqraflarını oxuyanda duyğulandım:

“Dostuma və dostumun oğlu əziz Zəfərə – həmişə, hər yerdə və hər işdə ən yaxşılar sizin olsun. Qələbə ilə qoşa addımlayın.

Rəsul Həmzətov

08.03.1997.”

 

“Mənim əzizim Hidayətə – səmimiyyətindən doğan sevinc hissi, diqqətcilliyindən yaranan qədrbilənlik və xoş Dağıstan arzu-istəklərilə.

Rəsul Həmzətov

08.03.1997.”

Rəsul Həmzətoğlu üç gün qabaq mənə demişdi ki, həm İmam Mustafayevlə, həm də Vilayət Rüstəmzadə ilə görüşmək və ya danışmaq istəyir. Mən belə görüşləri və söhbətləri bilərəkdən rəsmi tədbirlərdən sonraya saxlamışdım. O axşam Vilayətə zəng çaldım, Rəsulla telefonla danışdılar. Sonra İmam Mustafayevin evinin telefonunu yığdım. Dəstəyi qızı qaldırdı, mətləbi ona bildirdim, “Xahiş edirəm telefonu Rəsul əmiyə verəsiniz,”- dedi.

Rəsul Həmzətoğlu telefonda xeyli dinlədi, sağollaşdı, sonra təəccüblə bildirdi:

– Deyir, o, ölüm ayağındadır – öz iş yerində...

(Bir neçə gün sonra İmam Mustafayev vəfat etdi.)

Məmməd Arazın bir misrası yada düşdü: “Böyüklərin faciəsi böyük olur...”

O axşam belə kədərli söhbətlər də oldu. Ancaq hər şey səmimi idi.

 ...Qonaqları ertəsi gün Dağıstana yola saldıq. Axşamçağı Rəsul Həmzətovun zəngi gəldi. “Hər şeyə görə təşəkkür edirəm, Heydər Əlirzaoğluna salamlarımı yetirin”, “Səni Dağıstanda gözləyirik” – dedi.

Az sonra, 1997-ci ilin aprel ayının 27-də, doğrudan da, respublikamızın Baş naziri Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Əziz Əliyevin anadan olmasının yüz illik yubileyi münasibətilə keçirilən zirvə tədbirində iştirak etmək üçün Mahaçqalaya getdim.

“Əziz Əliyev – Böyük ömrün anları” portretindən səhifələri xatırlayıram: “Mənə Dağıstanda çox yüksək səviyyəli, maraqlı tədbirlərdə iştirak etmək qismət olub. Amma Mahaçqalada keçirdiyim iki günü heç vaxt unutmayacağam: Şeyx Şamilin 200 illiyi, Əziz Əliyevin 100 illiyi yubileylərini! Bu bayramlar yalnız yüksək səviyyəli rəsmi dövlət tədbirləri deyil, el şənliyi idi, Dağıstanın bütün xalqlarının hər iki oğula hədsiz məhəbbətinin təntənəsinin ifadəsiydi. Əziz Əliyev adına Kaspiysk Tibb Məktəbində xatirə lövhəsi açılanda da, onun yaşadığı ev, adına olan küçə ziyarət ediləndə də, respublikanın yüksək rəhbərləri ilə görüş keçiriləndə də, Mahaçqala muzeylərində Əziz Əliyev bölmələrinə baxılanda da, ən nəhayət, zirvə tədbirində-Mahaçqalanın ən böyük teatr salonunda təntənəli gecədə hamının üzündəki sevinc, dodaqlarındakı xoş təbəssüm iki xalqın böyük oğluna ehtiramın və minnətdarlığının ifadəsi idi.

Xatirə lövhəsinin açılışında Kaspiysk Şəhər İcra Hakimiyyətinin başçısı Ruslan Hacıyevin, məktəbin direktoru Kazım Hacıyevin, Tibb Məktəbinin metodisti, ağbirçək Rövzənət Gitinovanın səmimi çıxışları məhəbbətlə qarşılandı. Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin çıxışını isə hamı xüsusi diqqətlə, maraqla dinləyirdi. Biz Mahaçqala küçələri ilə addımlayanda yoldan ötən adamlar bir-birinə Cəmil müəllimi göstərib pıçıldayırdılar: “Əziz Əliyevin oğludur!” Və bu pıçıltılar da üzlərdəki sevinc şölələri kimiydi.

Zirvə tədbirini Dağıstan Respublikası Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədov məzmunlu giriş sözü ilə açdı. Baş nazirin müavini Baqauddin Əhmədov geniş məruzə etdi. Artur Rasizadənin Əziz Əliyevin bütün regionda əvəzsiz xidmətlərindən, ənənəvi Azərbaycan-Dağıstan qardaşlığından, ölkəmizin gerçəkliklərindən bəhs edən əhatəli, mənalı məruzəsi çox maraqla dinlənildi.

Yubiley gecəsində çox səmimi çıxışlar oldu. Rəsul Həmzətovun, həmişə olduğu kimi, təsirli çıxışından xüsusilə bir məqamı ayırmaq istəyirəm: İkinci Dünya Müharibəsində Dağıstanın (həm də Azərbaycanın!) işğal olunmasının qarşısının alınmasında Əziz Əliyevin müstəsna xidmətlərini qeyd etdi!

“O, həqiqətən kədərli bir dövrdə – 1942-ci ildə gəlmişdi. Alman feldmarşalının qoşunları Mineralnıye Vodıda-Qafqaz torpağında azğınlıq edirdilər. Reyxin alpinistləri Elbrusun zirvəsinə üzərində faşist nişanı olan bayraq sancmışdılar. Bütün dünya Orconikidze (Vladiqafqaz – red.) yaxınlığında baş vermiş tank döyüşünün şahidi olmuşdu. Qroznını bombalayırdılar, Xasavyurd bombalardan od tutub yanırdı, Mahaçqalanın müdafiə xətlərinə alman təyyarələri amansız hücumlar edirdilər. Həmin təyyarələrin üzərində bu sözlər yazılmışdı: “Fürerin məğlubedilməz qoşunu tezliklə Mahaçqalada olacaq. Alman qoşunları sizə çörək və iş verəcəklər”. Vahiməyə düşənlər, fərarilər və quldurlar var idi. Belə bir vaxtda Dağıstanın ən yaxşı qüvvələrini, vətənpərvərlərini öz ətrafında, partiyanın ətrafında, sovet hakimiyyətinin ətrafında birləşdirib, vahid yumruğa çevirə biləcək insan lazım idi. Dağıstan xalqı bu sınağa tab gətirdi. Biz həmin günləri heç vaxt unutmayacağıq və ona görə də Əziz Əliyevə minnətdarıq...”.

 

 

(Ardı var)

 

 Hİdayət

 

525-ci qəzet.- 2011.- 7 yanvar.- S.4.