Təhsil Nazirliyində daha bir hesabat iclası olub

 

BU TOPLANTIDA DE-İNSTİTUTLAŞMA VƏ UŞAQLARIN MÜDAFİƏSİ İDARƏSİLƏ DƏRSLİK VƏ NƏŞRİYYAT ŞÖBƏSİNİN ÖTƏNİLKİ FƏALİYYƏTİ NƏZƏRDƏN KEÇİRİLİB

 

Dünən Təhsil Nazirliyində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi və Dərslik və nəşriyyat şöbəsinin 2010-cu il ərzində görülən işlərə dair hesabat iclası keçirilib. İclasda təhsil naziri Misir Mərdanov, nazir müavinləri və Təhsil Nazirliyinin mərkəzi aparatının struktur bölmələrinin müdir və əməkdaşları iştirak ediblər. İclasda çıxış edən De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva deyib ki, Nazirlər Kabinetinin 2010-cu il 13 yanvar tarixli qərarına əsasən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın səmərəli idarə olunmasının təmin edilməsi məqsədi ilə Təhsil Nazirliyinin nəzdindəki İşçi Qrupunun bazasında Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradılıb. İdarənin əsas vəzifələrii Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları arasında koordinasiyasını təmin etmək, nazirliyin sistemində olan dövlət uşaq müəssisələri və alternativ qayğı müəssisələrinə təşkilati-pedaqoji, tədris-metodiki rəhbərliyi həyata keçirmək, bu tipdən olan müəssisələrin fəaliyyətlərini Dövlət Proqramının tələblərinə uyğun qurulmasını təmin etmək, dövlət uşaq müəssisələrindən uşaqların bioloji və ya alternativ ailələrə verilməsini təmin etmək və onların vəziyyətinin dövri monitorinqini keçirməkdir. Dövlət uşaq müəssisələrində olan uşaqların sayının artmasının qarşısını almaq məqsədilə risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli şəkildə preventiv tədbirlər həyata keçirmək, övladlıq, qəyyumluq, himayədarlığa verilmə prosedurlarının icrasında birbaşa iştirak etmək, hüquqları pozulan, valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud olan uşaqların müdafiəsi, inkişafı, təhsilə cəlb olunması ilə bağlı tədbirlər görməkdir. Onun sözlərinə görə, idarə tərəfindən “Hər kəs üçün icma təşəbbüsü –Azərbaycan”, “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması”, “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” və sair layihələr həyata keçirilib. Şöbə müdiri bildirib ki, artıq “De-institutlaşma və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində uşaqların ailədə yaşamaq hüququnun təmin edilməsi və uşaqların müdafiəsi ilə bağlı iri həcmli layihələrin icrasına başlanmışdır ki, bunlardan biri də Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF tərəfindən birgə həyata keçirilən “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsidir. Layihənin həyata keçirilməsi üçün qeyd olunan təşkilatlar arasında imzalanan birgə əməkdaşlıq haqqında “Anlaşma Memorandumu” ötən ilin mayında prezidentin sərəncamı ilə təsdiq edilib. Layihənin məqsədi pilot seçilən rayonda uşaqların bioloji və ya alternativ ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi, risk qrupuna daxil olan uşaqların müəssisəyə düşməsinin qarşısının alınması üçün yerli səviyyədə uşaqların müdafiəsinin təmin edilməsidir. Eyni zamanda, Dövlət Proqramı çərçivəsində ailəni əvəz edən alternativ xidmətlərin yaradılması işinə başlanıb. 2010-cu ilin martında Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə qrant sazişi imzalanıb. Qrant sazişi Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilib. Layihə Avropa Komissiyası və Avstriyanın “Hilfsverk Beynəlxalq” təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi Azərbaycanda alternativ qayğı növü olan himayədar (foster) ailə sisteminin yaradılmasıdır. Layihə çərçivəsində himayədar ailələrin və uşaqların seçim meyarları, himayədar ailələrin maliyyələşdirmə mexanizmləri hazırlanacaq. Xəzər rayonu ərazisindəki internat məktəblərində yaşayan və övladlığa verilməsi mümkün olmayan, himayədar ailələrə veriləcək 50 nəfər uşaq və 50 himayədar ailə seçiləcək. Bununla yanaşı, övladlıq, qəyyumluq və ya himayədar ailələrə verilməsi mümkün olmayan uşaqlar üçün ailə tipli kiçik qrup evi həmçinin övladlığa, qəyyumluğa, himayəyə veriləcək uşaqlar və bununla bağlı namizəd ailələr üzrə məlumat bankı yaradılacaqdır. Hal-hazırda bu məqsədlə məlumatlar toplanılır. Layihə çərçivəsində “Hilfsverk Avstriya” təşkilatı tərəfindən cəlb edilmiş beynəlxalq ekspertin iştirakı ilə “Himayədar (foster) qayğı xidmətlərinin standart və qaydaları”, “Ailə tipli kiçik qrup evlərinin standart və qaydaları” adlı sənəd layihələri hazırlanıb. Hazırlanan sənədlərin layihələri ilə bağlı müzakirələr aparılır. M. Hacıyevanın dediyinə görə, Dövlət Proqramının Tədbirlər Planına əsasən qarşıda duran vəzifələrdən biri də dövlət uşaq müəssisələrində çalışan işçi heyətinin peşə yönümünü dəyişməklə onların sosial işçi kimi hazırlanmasıdır. Bu məqsədlə, 2010-11-ci tədris ilində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Sosial iş” ixtisası üzrə 9 aylıq kurs təşkil edilib. Dövlət uşaq müəssisələrində tərbiyəçi vəzifəsində çalışanlar içərisindən 16 nəfər seçilərək kursa cəlb olunub. İnkluziv təhsil sahəsində görülən işlərdən söz açan M.Hacıyeva vurğulayıb ki, ötən il Təhsil Nazirliyinin əmri ilə Azərbaycanda İnkluziv Təhsilin İnkişafı Proqramının hazırlanması üzrə İşçi Qrupu yaradılıb. Sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv təhsilə cəlb olunmasına hüquq verən xəstəliklərin siyahısı və inkluziv təhsilə cəlb olunma imkanlarının aşkar edilməsi üçün qiymətləndirmə meyarları hazırlanmış və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. 2010-11-ci tədris ilində sağlamlıq imkanları məhdud olan 9 nəfər uşaq inkluziv təhsilə cəlb edilərək I sinfə, 17 nəfər isə məktəbəqədər müəssisələrə qəbul edilib: “Ötən il idarə tərəfindən “Uşaq Qaynar Xətt” xidmətinin təqdimatı keçirilib. “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir və “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2010-cu ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilib”. M. Hacıyeva qeyd edib ki, rəhbəri olduğu idarə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Avropa Sosial Şəbəkəsinin üzvüdür və Şəbəkəyə üzv olan bütün təşkilatlarla əməkdaşlıq edir. Türkiyənin Sosial Xidmətlər və Uşaq Müdafiəsi Müdirliyi, Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Xidmətlər Nazirliyinin Sosial Xidmətlər Müdirliyi və Gürcüstan Respublikası Əmək, Səhiyyə və Sosial Problemlər Nazirliyinin Sosial Xidmətlər Agentliyi ilə əməkdaşlıq edir: “Məlumat üçün bildirim ki, ötən il təbliğat məqsədilə Avropa Sosial Şəbəkəsinin internet saytında yerləşdirilən “Azərbaycanda De-institusionalizasiya səylərinə dəstək” adlı məqalə təşkilatın 28 üzv təşkilatına göndərilib. Uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə 3 reklam çarxı çəkilib və “Uşaqlar ailədə böyüməlidir”adlı buklet çap olunub”. Qarşıda duran vəzifələr haqqında danışan idarə rəisi bildirib ki, bu il idarə tərəfindən normativ-hüquqi baza təkmilləşdirilməsi, dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək mexanizmləri tətbiq edilməsi, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə risk qrupundan olan uşaqlar və ailələr arasında preventiv tədbirlər görülməsi nəzərdə tutulub.

Bununla yanaşı ailələrə verilən uşaqların vəziyyətinin dövri monitorinqinin aparılması, 2009-2015-ci illər ərzində transformasiyası nəzərdə tutulan müəssisələrin tipinin dəyişdirilməsi ilə bağlı tədbirlər həyata keçirilməsi planlaşdırılır.

Dərslik və nəşriyyat şöbəsinin müdiri Fail Şahbazlı isə bildirib ki, rəhbəri olduğu şöbə tərəfindən bu il ümumtəhsil məktəb dərsliklərinin nəşrə və çapa hazırlanması məqsədilə fənlər üzrə işçi qruplarının yaradılması, işin təşkili, məktəb dərsliklərinin nəşri, çapı, yerlərə çatdırılması üzrə satınalma müqavilələrinin hazırlanması, onların icrasının təmin edilməsinin təşkili, dərslik və dərslik komplektlərinin bölgüyə uyğun ünvanına çatdırılması işinin təşkili, 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin IV sinifləri üçün kurikulum əsasında dərslik komplektlərinin hazırlanması məqsədilə tədbirlərin görülməsi nəzərdə tutulub. Həmçinin dərslik komplektlərinin tələb olunan meyarlar üzrə qiymətləndirilməsinin şəffaf,obyektiv aparılması üçün DQŞ-nin üzvlərinin, ekspert qruplarının seminar-treninqlərinin təşkili, ümumtəhsil məktəblərinin III sinifləri üçün kurikulum əsasında dərslik komplektlərinin “Əsas şərtlər toplusu”na uyğun hazırlanması və tender təkliflərinin təqdim edilməsi üzrə nəşriyyatlarla seminar-müşavirələrin keçirilməsi, məktəb kitabxanalarının fəaliyyəti, dərslik kitabxana fondlarınını yaradılması, istifadəsi vəziyyətinin yerlərdə öyrənilməsi,əməli köməklik göstərilməsi, nəticələrin müzakirəsi, təkliflərin hazırlanması, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ayrı-ayrı fənlər üzrə hazırladığı test, digər vəsaitlərin mövcud proqram,dərsliklərə müvafiqliyinin araşdırılması, təhlili, onlara qrif verilməsi planlaşdırılır: “5-ci sinif dərsliklərinin 2012-ci ildə kurikulum əsasında hazırlanacağı, 7-ci sinif dərsliklərinin ehtiyatda kifayət qədər olduğu nəzərə alınaraq çap olunması planlaşdırılır. I, VI və VIII-XI siniflər üçün 70 adda dərsliyin nəşri və çapı nəzərdə tutulub”. F.Şahbazlı deyib ki, satınalmalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq 2010-2011-ci tədris ilinə (I,VI,VIII-XI siniflər) 70 adda dərsliyin və 1 adda müəllim üçün metodik vəsaitin nəşr və çapı üçün bu vəsaitləri xüsusi nəşretmə hüququna malik olan “Çaşıoğlu”, “Xəzər-Etiket”, “Aspoliqraf”, “Təhsil”, “Altun-Kitab”, “Bakı”, “Kövsər”, “XXI” YNE nəşriyyat-poliqrafiya müəssisələri ilə birbaşa satınalma müqavilələri bağlanılıb. Nəşriyyat-poliqrafiya müəssisələri bağlanan müqavilələrə uyğun olaraq işçi qrupları tərəfindən baxıldıqdan və təkliflər nəzərə alındıqdan sonra dərsliklərin son maketlərini nazirliyə təsdiq üçün təqdim ediblər. Müqavilə şərtlərinə, götürülən öhdəliklərə uyğun olaraq dərslik və müəllim üçün metodik vəsaitlərin çapına və onların Maddi-Texniki Təchizat İdarəsinə tam tirajla təhvil verilməsinə ciddi nəzarət olunub: “Ümumi təhsilin kurikulumu əsasında 2011-2012-ci tədris ilinə IV siniflər üçün dərslik komplektlərinin hazırlanması, çapı ilə əlaqədar müvafiq işlər görülüb. “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq tenderin “Əsas şərtlər toplusu” hazırlanıb, Maliyyə və İqtisadi İnkişaf Nazirliklərinin, Satınalmalar üzrə Dövlət Agentliyinin təklifləri nəzərə alınmaqla Tender Komissiyası tərəfindən təsdiq edilib. Tender yolu ilə hazırlanması və çap olunması nəzərdə tutulan VII-XI sinif dərsliklərinin Qiymətləndirmə meyarları hazırlanıb, Təhsil Nazirliyinin əmri ilə təsdiq olunub. Şöbə müdiri qeyd edib ki, 27 lot üzrə hazırlanacaq 38 adda VII-XI sinif dərsliklərinin fənn proqramlarının yenidən işlənilməsi məqsədilə ötən il nazir Misir Mərdanovun yanında Nazirliyin aidiyyəti qurumlarının əməkdaşlarının, alimlərin, Elmi-Metodik Şuranın aidiyyəti bölmə sədrlərinin, proqram müəlliflərinin, orta məktəb müəllimlərinin iştirakı ilə geniş müşavirə keçirilib, rəy və təkliflər dinlənilib, müvafiq tövsiyələr verilib. 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender elanına uyğun olaraq, həmin dərsliklərin proqramları yenidən işlənilib. VII-XI siniflər üzrə yenidən işlənən proqramlar, onların qiymətləndirmə meyarları təsdiq edilib və tenderdə iştirak edən iddiaçı nəşriyyat-poliqrafiya müəssisələrinə təqdim olunub. Ümumtəhsil məktəb kitabxanalarının iş fəlaiyyətinin yaxşılaşdırılması, kitabxana fondlarının zənginləşdirilməsi, nümunəvi məktəb kitabxanalarının yaradılması sahəsində müvafiq işlər görülüb: “Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin 1.2-ci alt-komponenti çərçivəsində ötən il müvafiq tədbirlər görülüb. Ölkədə çap edilən bütün təlim və oxu materialları haqqında məlumatları özündə əks etdirən kataloq hazırlanıb, çap edilib. Şöbənin əməkdaşları ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən sınaq və buraxılış imtahanlarında imtahan mərkəzinin rəhbəri, “İlin müəllimi” müsabiqəsində müxtəlif fənn müəllimlərinin açıq dərslərinin təşkili, keçirilməsində iştirak ediblər”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2010.- 8 yanvar.- S.11.