150-ci “Qobustan

 

“Qobustan” sənət toplusunun əlamətdar bir sayı – 150-ci nömrəsi işıq üzü görüb İlk səhifədə yer alan “Unutmağa səbəb yox” başlıqlı məqalə görkəmli yazıçı-dramaturq, dilçi-alim, AMEA-nın müxbir üzvü Kamal Abdullanın 60 illiyi yubileyinə həsr olunub. Yazıçının “Sirriçində dastan və yaxud gizli Dədə Qorqud-2” kitabından ön söz və essesindən bir hissə də jurnalda yer alıb. “Polemik düşüncələr” başlıqlı səhifədə əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin “Rəssamlarımızın müasir görünmək istəyi” adlı yazısında təsviri sənətimizin çağdaş mənzərəsindən söhbət açılır. Toplunun “Teatr” guşəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aspirantı Leyla Əfəndiyevanın qələmə aldığı “Azərbaycan teatr səhnəsində bədii-estetik adaptasiya” başlıqlı məqalə verilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədlinin “Türk dünyasının ortaq şəxsiyyəti: Yusif Ziya Talıbzadə” başlıqlı araşdırması bu sayda oxuculara təqdim edilib. “Uzaqlardakı sənətçilərimiz” guşəsində Aydın Tağıyevin “Mən kökümlə bu torpağa bağlıyam” başlıqlı məqaləsi öz əksini tapıb. Yazıda Belorusda yaşayan həmvətənmiz, rəssam Kamil Kamalın həyat və yaradıcılğı haqqında geniş məlumat verilib. Jurnalın “Memarlıq” bölməsində AMİU-nun dizayn fakültəsinin əməkdaşı Aytən Şərifovanın yazdığı “Stalaktitlər və onların ilkin yaranış xüsusiyyətləri” məqaləsi var. Məqalədə Yaxın və Orta Şərq memarlığının əsas həcm-fəza elementi olan stalaktitlərdən, onların müasir yaradıcılığa inteqrasiyasından bəhs olunub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantı Tahir Çelikbağın “Türkiyə miniatürü XVI əsrin tarixi mənbəyi kimi” yazısı “Miniatür” bölməsindədir. “Rəngkarlıq” bölməsinə daxil edilən “Zaman prizmasından keçən dialoq” yazısında Azərbaycan Rəssamlıq Akademiyasının dissertantı Nərgiz Hacıyeva rəssam Mircavadın yaradıcılğının xüsusiyyətlərini açıqlayıb. Topluda həmçinin tanınmış xanəndə Əvəzxan Xankişiyev və xalq artisti Arif Quliyevlə müsahibələrə də yer verilib. Bəstəkarlar Rəşid Şəfəqin 70, Xəyyam Mirzəzadənin 75, Tofiq Bakıxanovun 80 illik yubileyləri, tanınımş teatr rejissoru, yazıçı-publisist Ağalar İdrisoğlunun 60 illiyi münasibətilə musiqişünas Şahin Qarayevin qələmə aldığı “Şəfəqli musiqi müjdələri” , sənətşünaslıq namizədi Kəmalə Ələsgərlinin “Xəyyam Mirzəzadənin yaradıcılığında bədii ifadə vasitələri”, Bakı Musiqi Akademiyasının dosenti Hökümə Əliyevanın “Böyük bir nəslin bəstəkar övladı”, Məleykə Alıqızının “Teatr rejissoru, yazıçı-publisist” başlıqlı məqalələri də jurnalın bu sayındadır. Toplunun digər səhifələrində Məlahət Ağayevanın “Şərtiliklə tarixiliyin üzvi vəhdəti”, Esmira Nəzərlinin “Xeyirxahlar arasında”, Vüqar Abdullayevin “Rəssam Nəcəfqulunun karikatura yaradıcılığı”, Aydanın “Cizgilərə hopan ömür”, İradə Ələsgərovanın “İlkin kitab illüstrasiyası şəklində”, Əhliman Rəhimovun “Şirvan aşıqlarının deyişmə məclislərində improvizə və bədahətçilik”, Tamaşa İsayevanın “Müasir memarlığın inkişafında irsi memarlığın rolu” və Ramiz Abbaslının “Xalq musiqisinə biganəlik” məqalələri verilib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 11 yanvar.- S.7.