Milli problemə ədəbi və
ictimai müstəvidə baxış: xeyir və şərin
mübarizəsi “Dolu”da
Tarixən xalqımızın başına çox fəlakətlər, bəlalar gəlib. Azərbaycan adlı bu məmləkətə böyük fatehlər, qəsbkarlar can atıb. Dünyanın ən nəhəng imperiyasını yaradan Çingiz xan, digər bir əzəmətli sərkərdə Teymurləngin orduları burada at oynadıb, qüdrətli Sasani imperiyası onu əsrlər boyu əsarətdə saxlayıb, ərəb orduları qılınc gücünə bu xalqa yeni din gətirib. İki yüz ilədək rus və sonra sovet imperiyasının əsarətində olub. Əgər Qızıl Ordu adlanan ordunun sarsılmaz mətanəti olmasaydı onun faşist ordusunun qanlı caynağına keçəcəyi də qaçılmaz idi. Bir mənada bunların hamısına müəyyən mənada haqq qazandırmaq olar. Bəs Ermənistan adlanan cırtdan bir dövlətin bu ölkənin zinət tacı olan Qarabağı, onun brilyant qaşı Şuşanı, dağlar gözəli Kəlbəcəri işğal etməsinə hansı haqqı qazandırasan?!
Bu barədə çox deyilib, çox yazılıb. Lakin Aqil Abbasın “Dolu” romanı xalqımızın bu tarixi ilə bağlı bir çox sualları cavablandıran və həm də daha dəqiq reallıqlara söykənən ən yaxşı bədii əsərlərdən biridir.
Əsərə rəy yazan professor Nizami Cəfərov onu növbəti “Qarabağnamə” adlandırsa da, (indiyədək səkkiz “Qarabağnamə”nin (professor Nazim Axundov) varlığı məlumdur və Aqil Abbasın “Batman qılınc” romanını doqquzuncu adlandırmaq da olar) bir mənada,
MƏN “DOLU”NU “AZƏRBAYCANNAMƏ” ADLANDIRARDIM.
Çünki burada cərəyan
edən hadisələr təkcə Qarabağın deyil,
bütün Azərbaycanın faciəsidir. Bu faciənin
kökündə çökməkdə olan rus (SSRİ)
imperiyası dayansa da, daha ümdə səbəb kimi bu, o
zaman Azərbaycana rəhbərlik edən bivec, səriştəsiz
rəhbərlərin ayağına yazılmalıdır və
Aqil Abbas da bunu nəzərə alıb onlara “Xədim ölkənin
xədim rəhbəri” kimi dəhşətli bir damğa
vurur. Lakin müəllifin “Xədim rəhbər” ( həm də
o dövrün neçə-neçə rəhbəri)
sözünə haqq qazandırmaq olsa da, ölkəyə bu
damğanı vurmaqla qətiyyən razılaşmaq olmaz.
Çünki bu ölkənin elə həmin əsərin qəhrəmanları
kimi minlərcə elə ayğır oğlanları var idi və
vardır ki, bu söz şəhidlərin də ruhunu incidə
bilər. Bu ruhlar onsuz da indi Ağdamın və
bütünlükdə Qarabağın üzərində
incik bir sükutla dolaşırlar. Elə bunu nəzərə
alaraq Ağdamın dəyərli yaradıcı
ziyalılarından olan Vahid Qazi bu yaxınlarda Bakıda
“Qafqazın Xirosiması” – “Ruhlar şəhəri” adlanan bir sərgi
də təşkil etmişdi.
Bəşəriyyət
tarixi insan övladı yaranan gündən xeyir və şər
qüvvələrin mübarizəsi tarixi olub. Bunlar zaman-zaman
bir-birini üstələyib. Ulu peyğəmbərlərimizdən
olan Zərdüşt də elə bu arasıkəsilməz
mücadiləni əsas götürərək
özünün “Avesta”sını yazmış, xeyir və
şər qüvvələri idarə edən iki
tanrının – Hürmüz və Əhrimənin
varlığını göstərmişdir.
Yazıçının qələmə aldığı
dövrdə elə ölkəni idarə edənlərin səriştəsizliyindən
istifadə edən şər Allahı Əhrimənin xeyir
Allahı Hürmüzü üstələməsindən ibarətdir.
Müəllifin əsərində şər qüvvələr
arasında at oynadan şeytan balalarını tez-tez dilə gətirməsi
də bu reallıqla bağlıdır.
Məşhur Amerika
yazıçı-filosofu Robert Qrin “Hakimiyyəti idarə etməyin
48 qanunu” əsərində göstərdiyi şərtlərin
heç birisi o dövrün bir-birini əvəz edən rəhbərlərində
tamam-kamal yox idi. Çox vacib şərt kimi göstərilir
ki, gərək hakimiyyət başçısı zamanın
nəbzini tutub cəsarətlə hərəkət etməkdə
mahir olsun. İradəcə zəif və qətiyyətsiz bir
rəhbər kimi tanınan ölkə
başçısından bunu gözləmək
olardımı?!
Digər bir şərt
dövlət başçısından ləyaqətli
adamlarla durub-oturmağı vacib bilir. Adı tarixə “marionet”
kimi düşüb dələduz, bandit adamların göstərişi
ilə hərəkət edən rəhbər xalqı fəlakətə
aparmırdımı? Və yaxud, dövlət
başçısından özünü təmkinli,
sanballı aparmaq tələb olunur. Bəs xalq arasında
“bambılı” ayaması almış rəhbərin bu xalqa rəhbərlik
etməyə mənəvi haqqı vardımı?
O dövrün rəhbərlərinin
qətiyyətsizliyi, iradəsizliyi, ətrafında dələduz
adamların toplanması ucbatından ölkədə hərc-mərclik
yaranmışdı. Belə rəhbərlərdən nə
isə uğurlu bir şey gözləmək olardımı?
Bir çox tarixi kitablarda
oxuyuruq ki, xarici qəsbkarlar Azərbaycandakı hərc-mərclikdən
istifadə edib onun işğalına asanlıqla nail
olmuşlar. Qarabağın və ətraf rayonların
işğalının da başlıca səbəbi bu
olmayıbmı?
“DOLU” ROMANININ BÖYÜK TARİXİ DƏYƏRİ
bu hərc-mərcliyin ən
dəhşətli illərinin bədii təhlilini verməsindədir.
Yazıçı
Ağdamı “Dünyanın ən varlı şəhəri”
adı ilə obrazlaşdırır. Mən də on il bu
şəhərə rəhbərlik edib onun çörəyini
yeyib suyunu içən adam kimi əlavə edərdim ki, buraya
həm də “dünyanın ən bərəkətli
torpağı”, “dünyanın ən fədakar
adamlarının yurdu” adlarını vermək olar.
Yazıçının verdiyi “Dünyanın ən varlı
şəhəri” təşbehini də həmin iki
anlayışla əlaqələndirmək düz olardı.
Uzun illər ərzində respublikanın heç bir rayonu kənd
təsərrüfatı məhsullarının, xüsisilə
o zamanın aparıcı sahələri olan taxılın və
pambığın məhsuldarlığında Ağdamı
üstələyə bilməmişlər.
BİR TARİXİ EPİZOD YADA DÜŞÜR:
Bir dəfə Ağdam zəmilərini
gəzən respublika pambıqçılarının
ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı,
salyanlı Qüdrət Səmədov demişdi:
“İmkanım olsaydı, buradan torpaq aparıb Salyanda gübrə
əvəzinə işlədərdim”.
Xüsusilə taxılın
məhsuldarlığında Ağdam həmişə
rekordçu idi və dünyada ikinci, SSRİ-də birinci
“Çörək muzeyi”nin burada yaradılması da, mənfur
düşmənlərimizin ilk “Qrad” mərmisini bu muzeyə
atıb onu dağıtması da təsadüfi deyildir.
“Dünyanın ən fədakar
adamları” ifadəsinə gəldikdə, məhz onların
sayəsində bütün ölkəyə səs salan
böyük tədbirlər həyata keçirilirdi. Bəs
belə fədakar adamları olan rayon niyə düşmənə
təslim oldu?
“Dolu” romanının yüksək
dəyəri də ondadır ki, bu suala çox müfəssəl
cavab verir. Həm də təkcə həmin sualın deyil, bəzən
ağdamlılara “rayonu qoyub qaçmışsınız”
iradını bildirən nadan adamları da,
cavablandırır.
Bəli, mən on il ərzində
bunun canlı şahidi idim ki, Ağdamın və
ağdamlıların adı gələndə mənfur
qonşularımız tük salırdılar. Ona görə də
xəyanətkar və səriştəsiz rəhbərlərin
əli ilə hərc-mərclik yaradılıb bu rayonun
adamlarının gözünün odunu almaq onların ən
ümdə vəzifəsi olmuşdu.
“Dolu”nun ana xəttini insan
övladının yarandığı gündən onun bəşəri
faciəsi olan və yuxarıda qeyd etdiyim xeyir və şər
qüvvələrin mübarizəsi təşkil edir. Xeyir
qüvvələr arasında Vətən, torpaq, ana məhəbbətinin
ülviliyində dayanan, fədakar, igid, ölümlə
üz-üzə dayananda bir tükü belə ürpənməyən
“Dolu”nun qəhrəmanları Drakon, Pələng, Komandir kimi
oğlanlar olduğu halda, şər qüvvələri
torpağını, anasını pula satan şeytan balaları
idarə edirdi.
O dövrün
reallıqlarına söykənib belə adamların tipik
obrazlarını yaradan yazıçı oxucunu həm
sevincin, həm də sarsıntılar içərisində dərdin,
kədərin zirvəsinə qaldırır. Oxucunu dərd
yükü altında inlədən bir obrazlı ifadəyə
fikir verin: “Müharibə başlayandan bu şəhərin təyinatlıları
“Xədim rəhbərlərin” günahı ucbatından ermənilərin
topunun-tüfənginin qabağında aciz qalıb bu şəhəri
qoruya bilməyəndə təyinatsızlar bu şəhərin
ağırlığını öz üzərinə
götürdülər”.
Lakin şər qüvvələrin
“Təyinatlı” xəyanatkarlarının fitvası ilə
onlar bir-bir sıradan çıxarılmışdı.
Oxuyuruq: “Komandir özü də şəhəri kimi tək
qalmışdı. Eldar Bağırovu günün günorta
çağı Bakıda güllələmişdilər.
Qatır Məmmədi həbsxanada
öldürmüşdülər. Allahverdi Bağırovu
qumbaraatanla vurmuşdular. Şirin Mirzəyevi minaya
salmışdılar. General Dəli Ərşadı “Qrad”la
parçalamışdılar. (Fred Asifi də əlavə etmək
olardı). Sağ və sol əlləri olan Drakonla Pələng
də artıq yox idi... Xəyanətkar qüvvələr əsərin
baş qəhrəmanı olan Komandiri də həbs edib
yazıçının “vurğun vurmuş cavanlar” adı ilə
obrazlaşdırdığı xalqın vətənpərvər
oğullarını sanki əliyalın qoymuşdular.
Bunları oxuyub həm də bir reallığı da deməmək
mümkün deyil.
BİR FACİƏMİZ DƏ ONDA İDİ Kİ,
özünümüdafiə
batalyonları adlanan qüvvələrin və onların
başçılarının arasında lazımi birlik yox
idi, bəzilərinin özbaşınalıq və
özünəvurğunluğa düçar olub hərbi
taktika və strategiya elminə bələdçilikdən uzaq
olmaları elə onların da məhvinə səbəb olan
amillərdən idi. Bunun da səbəbi yenə o
dövrün bivec rəhbərləri idi. Onlar bu qüvvələri
birləşdirib təyinatlılarla təyinatsızlar
arasında vəhdət yarada bilsəydilər, sarsılmaz bir
qüvvə yaradıb mənfur qonşularımıza qan
uddura bilərdilər. Heç şübhəsiz,
yazıçının da bu istiqamətdə
yanaşmaları olsaydı əsərin dəyərini daha da
artıra bilərdi.
Əsərdə insan
faktorunun mürəkkəb, ziddiyyətli, rəngarəng
nümunələrinin elə bitkin obrazları ilə üzləşirik
ki, onları istər-istəməz bugünkü həyatımızla
da saf-çürük edib dərin düşüncələrə
qərq oluruq. Yazıçının təsvir etdiyi şər
qüvvələr bu gün də öz işindədir.
Əsərdə diqqətçəkən
bir epizoda da işıq salmaq istəyirəm. Müəllifin
“Təyinatlılar” adlandıran toplusu arasında təkcə
birisi – o zaman səhiyyə nazirinin müavini işləyib
burada fəaliyyət göstərən qərargahın tərkibində
olan təyinatlı nümayəndəsini (onun adı çəkilməsə
də, Rahim Hüseynov olduğu məlumdur) onlardan
ayırıb xeyir qüvvələr sırasına keçirməsi
onun reallıqlara sadiq qaldığının nümunəsidir.
Mən də həmin Rahim
Hüseynovu yaxşı tanıyıram. Dövlətçiliyə
sadiq, vətənpərvər, qayğıkeş və
prinsipial bir şəxsiyyətdir və onun indi haralardasa
itib-batmasına təəssüflənməmək
mümkün deyil.
ƏSƏRDƏ RUS FAKTORU ÖZÜNÜN CANLI
ANALİTİK TƏQDİMATINI TAPIB.
Xankəndindəki 366-cı
polkun texnikası ermənilərə pulsuz verilir, Gəncədəki
hərbi hissənin komandiri rus generalı Şerbak isə
BMV-nin, BTR-in birini azərbaycanlılara 250 minə
satırdı. Şerbak dünyanın ən varlı
adamına çevrilmişdi. Respublika rəhbərliyi isə
onun başına dolanırdı. Əsərdə indiyədək
dünya ədəbiyyatında yaranan yəqin ki, minlərlə
ana obrazlarının ən orijinal birinin nümunəsi
yaranmışdır. O, Pələngin anasıdır. Mehriban,
qayğıkeş ana, vətənpərvər, insanpərvər
qadın, insan sevgisinin fövqündə dayanan bir ana
obrazıdır. Oxucu onu dönə-dönə xəyalında
canlandırıb düşünür ki, kaş bütün analar
belə olaydı, onda dünya necə də gözəlləşərdi.
Belə anaların övladları da Pələng kimi ideal dost
və nəhayət insan kimi dünyanı şər qüvvələrdən
xilas edərdilər.
Yazıçının
yaratdığı Drakon obrazı da Qarabağ
döyüşlərində Vətən, torpaq, ana, bacı məhəbbəti
ilə özünü ölümə atmaqdan belə çəkinməyən
yüzlərlə igidin nümunəsidir. Öz şəxsiyyətini
hər şeydən uca tutub bunu heç şeyə güzəştə
getməyən Drakon bircə şeyin – fədakar, vətənpərvər,
igid dostun qarşısında geri çəkilir.
Oxucu Pələngin də,
Drakonun da ölümünə için-için ağlamaqdan
özünü saxlaya bilmir. Yazıçı qəhrəman
oğlanlarını qurban verib əldən-ayaqdan
düşüb ölüm arzusu ilə yaşayan anaların
bu dəşhətli nisgilini nadir və çox orijinal bir təsvirlə
obrazlaşdırır və bizi həyatın ən dəhşətli
görüntüləri ilə üz-üzə qoyur:
“Baş-başa verib ötən xoşbəxt günlərini
xatırlayan iki ana Əzrayılın yolunu gözləyir. Əzrayılın
da dövlətinin gəlhagəli idi, gül kimi
sütül-sütül oğulları qoyub hay-hayı gedib,
vay-vayı qalmış, heç kimə, hətta özlərinə
belə, lazım olmayan bu qocaları neyləyirdi ki?!”.
Bu müdhiş səhnəni
yaradan isə cəmiyyətin uğradığı faciə və
bunun səbəbkarı olan fərsiz (müəllifin dililə
desək, xədim) dövlət başçıları idi.
Yazıçının
yaratdığı Komandir obrazı bütöv şəxsiyyətdir.
Qəhrəmanlığı, cəsurluğu ilə oxucunu
riqqətə gətirir, öz qüdrətli şəxsiyyəti,
– vətəninə, xalqına sonsuz məhəbbəti və
bu yolda misilsiz şücaəti ilə insanlığın
zirvəsinə ucalır, rüşvətxor məmurların
qurbanına çevrilib həbs olunaraq mühakimə ediləndə
də, zindan həyatında da öz qürurunu sındırmır,
onu sındırmaq istəyənlərin üzərində mənəvi
qələbəsi ilə yüksəlir. Oxucuda belə
insanları məhv edən quruluşa sonsuz nifrət
yaranır.
Yazıçı oxucunu
Qarabağla bağlı faciəli günlərimizlə
yaşadıb başqa bir faciəli dövrə – keçən
əsrin otuzuncu illərinə körpü salır, Stalin
repressiyasının dəhşətləri ilə
üz-üzə qoyur. Ayna Sultanovanın başına gətirilən
müdhiş işgəncələrə hətta Əzrayıl
da dözə bilmir, çürük alma iylətməklə
canını alıb onu bu əzablardan qurtarmaqda aciz qalır.
İki dahi sənətkarımızın insan haqqında
dedikləri yenə yada düşür. Böyük Hüseyn
Cavidin dediyi “Cümlə xəyanətlərə bais, hər
kəsə xain olan insan nədir? İblis!” Və böyük
Səməd Vurğunun dediyi “Yazıqdır dünyanın əşrəfi
insan” sözləri.
BİR TƏRƏFDƏ – İNSANIN İBLİS XİSLƏTİ,
DİGƏR TƏRƏFDƏ DƏ DÜNYANIN YARAŞIĞI
OLAN İNSAN.
Bu iki insan xisləti əsər
boyu bir-birini izləyir, yazıçının bədii
obrazları ilə oxucunu həm məftun, həm də əzablı
düşüncələrə qərq edir.
Yazıçı Nəsimi, böyük türk oğlu Rəşad
paşa, Çingiz İldırım, Mikayıl Müşfiq
kimi tarixi faciələrimizi yada salıb
obrazlaşdırır. O, bizi öz igidliyi ilə dünya
şöhrətinə layiq və döyülməkdən
yumağa dönmüş Çingiz İldırım,
boğazına qurğuşun sıxılmaqla ölüm
hökmü alan Rəşad paşa, dərisi soyulan Nəsimi,
əri Həmid Sultanovun gözləri qarşısında
şeytan balaları tərəfindən zorlanan Ayna
Sultanovanın dəhşətli faciəsi, digər tərəfdə
də çürümüş alma iylətməklə
yüngül bir ölüm verən Əzrayılın təzadları
ilə üzləşdirir. Bu faciələr elə belə
xatırlanmır. Yazıçının demək istədiyi
odur ki, on illər, yüz illər bundan əvvəl baş verən
rəzalətlər bu gün də davam edir, insan
övladı bu gün də iblis xislətindən azad ola bilməmişdir.
Bəs varmı bundan xilas
olmağın yolları? Bunun üçün
yazıçı elə canlı və real insan obrazları
yaradır ki, onların timsalında insanlar təmizlənər
və bütövləşər. Əgər iblis xislətindən
özünü xilas edib təmizlənərlərsə, cəmiyyət
də təmizlənər. İnsanlar arasında baş verən
didişmələr aradan qalxar, ahəngdar, hamının
ürəyindən olan bir cəmiyyətə qovuşa bilərik.
Əgər müəllif
keçən əsrin 30-cu illərinə körpü
saldığı kimi bugünkü günlərimizə də
bir körpü salsaydı çox şey deyə bilərdi.
Yazıçı Qarabağın və ətraf rayonların
niyə düşmən tapdağından azad ola bilməməsi,
bu gün də hələ aradan qaldırılmayan təzadlara
tarixi təhlil versəydi (həm də siyasi konyuktura gözləmədən)
əsərin tarixi dəyəri daha yüksək
olmazdımı?
Demək istədiyim
çatışmazlıqlardan biri də odur ki,
BUGÜNKÜ CƏMİYYƏTDƏ İNSANLAR
KİTAB OXUMAĞI YADIRĞAYIBLAR.
Gəncliyimdən bir epizodu
xatırlayıram. Keçən əsrin qırxıncı
illəri, tələbəlik illərim yadıma
düşür. Yazıçılar İttifaqının ilk
sədri, tanınmış yazıçı və o vaxtlar
“xalq düşməni” damğası ilə həbs olunan
Hacıbaba Nəzərlinin böyük fransız
yazıçısı Viktor Hüqonun “Səfillər”
romanına yazdığı ön sözə görə onun
oxunmasına qadağa qoyulmuş, kitabxanalardan
yığışdırılmışdı. Biz romanı ələ
keçirib balıncımızın altında gizlədir, gecələr
növbə ilə oxuyurduq. Bəzən bütün gecəni
yatmırdıq. Başqa bir epizod da yadıma düşür.
Dil-ədəbiyyat fakültəsinin ikinci kursunda görkəmli
professor Mikayıl Rəfili bizə rus ədəbiyyatından
mühazirələr oxuyurdu. İmtahan zamanı tələbələrdən
birinə Puşkinin “Yevgeni Onegin” mənzum romanı
düşmüşdü. Tələbə cavab verərkən
Yevgeninin Onegini, Oneginin də Yevgenini sevdiyini dedikdə, təbiətcə
çox təmkinli olan professor dəhşətə gəldi.
Ona iki yazıb sinifdən çıxartdı və buna
görə həmin tələbə kursda saxlanıldı. Ən
dəhşətlisi də bu oldu ki, həmin tələbənin
sorağı bütün instituta yayıldı. O isə
adamlardan qaçıb gizlənirdi. Çünki
gülüş obyektinə çevrilmişdi. Bu fakt həm də
buna səbəb olmuşdu ki, “Yevgeni Onegin”i tapmaq ( Səməd
Vurğunun tərcüməsində) müşkülə
çevrilmişdi. Bu hadisənin təsiri ilə mən həmin
romanı başdan-başa əzbərlədim və
üstündən altmış ildən çox keçməsinə
baxmayaraq bu gün də misrasına qədər
yadımdadır. Bir maraqlı cəhət də onda oldu ki,
kursda saxlanılan həmin tələbə sonralar filologiya
elmləri namizədi kimi uzun illər ali məktəblərdə
ədəbiyyatdan dərs dedi. Və tələbələrə
həmin faktı xatırlatmaqdan da çəkinmədi.
Başqa bir təqdirəlayiq
epizodu da xatırlayıram. Keçən əsrin 80-ci illərində
ixtisasca fizik olan Elmlər Akademiyasının prezidenti Həsən
Abdullayev aspiranturya qəbul olunan aspirantlarla yekun müsahibəsi
keçirirmiş. Əzbər şeir bilməyən, bədii
əsərlərdən bixəbər olanları qəbuldan məhrum
edirmiş. Bəs indi? Mən şübhə etmirəm ki,
heç ali məktəblərin müvafiq fakültələrində
də bədii mütaliyəyə lazımi tələbat
yoxdur. Bunu bəzən həmin fakültələrin məzunları
ilə apardığım söhbətlərdən bilirəm.
TELEKANALLARDA MƏNƏVİYYATSIZLIQ YAYAN ŞOULARA
SAATLARLA VAXT AYRILIR,
amma kitab təbliği ilə
əlaqədar, demək olar ki, heç bir ciddi iş
görülmür.
Bəs “Dolu”nu, bu gözəl
tarixi və müasir əsəri oxuyub-oxumaması barədə
min nəfərdən birisi görəsən müsbət
cavab verə bilərmi? Çox çətin!
Mən bu gün də, 84
yaşımda hər gün nə isə bir bədii əsər
oxumadan yata bilmirəm. Bunu övladlarıma, nəvə-nəticələrimə
də təlqin etməyə çalışsam da çox az
şeyə nail oluram. Səbəb bütünlükdə
kitab təbliğinin yarıtmaz vəziyyətdə
olmasıdır. Bu elə bir problemdir ki, bununla gərək
dövlət səviyyəsində nəzarətdə olan bir
sistem yaradılsın. Xüsusilə yaradıcı təşkilatlar,
mədəni-maarif müəssisələri, təhsil
ocaqları gərək ardıcıl iş aparsınlar və
başa düşsünlər ki, bu, cəmiyyətin mənəvi
zənginliyi üçün ən vacib məsələlərdən
biridir.
Bir zamanlar
yazıçıların kütlələrlə
görüşləri çox geniş intişar
tapmışdı. Görkəmli yazıçıların
rayonlara gəlişi əsl toy-bayrama çevrilirdi. İndi
yazıçıların sayı bəlkə də on dəfə
artmışdır. Lakin onları rayonlarda, kəndlərdə
görən yoxdur. Təqsir isə onlarda yox, bu sahədə
düşünülmüş bir tədbirlər sisteminin
olmamasındadır.
Deyirlər ki, bir gün
yazıçı İsi Məlikzadə rayonlardan birinə
görüşə gedibmiş. Birinci katib kolxoz sədrinə
onun kolxozçularla görüşünü təşkil
etməyi tapşırır. Sədr onu təqdim edərkən
deyir ki, ay yoldaşlar, bilirsiniz ki, dünyanın ən
böyük alimi Eynşteyn yazılanları oxuyub
böyük alim olub. Bu gün sizin görüşünüzə
yazanın özü gəlib, onu alqışlayaq və qulaq
asaq. Toplaşanların alqışları qopur.
İndi kütlələrlə
yazıçıların görüşləri əsasında
bədii ədəbiyyatın keyfiyyətini yüksəltmək,
KİTABA SEVGİNİ ARTIRMAQLA XALQIN MƏNƏVİYYATININ
YÜKSƏLMƏSİNƏ BÖYÜK TƏKAN
VERMİŞ OLARIQ.
Əziz oxucular, Aqil
Abbasın “Dolu” romanını oxuyun. Siz vətənimizin
çox ağrılı-acılı illərinin canlı
epopeyası ilə tanış olacaq, xalqımızın
neçə-neçə igid, fədakar oğullarının
vətən uğrunda döyüşlərdə qanları
ilə yazılmış qəhrəmanlıq dastanı ilə,
vətən xainlərinin iblis xislətilə tanış
olacaqsınız.
Əzizim, Aqil Abbas! Siz yaxşı bilirsiz ki, klassik nəsrimizin bir gözəl ənənəsi də var idi. O dövrün “uzaq vuran artilleriyası” adını almış böyük yazıçımız Süleyman Rəhimov əsərlərinin yeni nəşrinə ehtiyac olanda onları bir daha vərəvürd edib çoxlu əlavələr aparar, dəyərlərini daha da artırardı. Xüsusi ilə “Şamo”sunda belə əlavələr çox olub. Arzu edirəm ki, siz də “Dolu”nu daha da “doldurasınız”. Çünki bu elə bir mövzudur ki, hələ deməli söz çoxdur. Kimsə başqası bunları deməli olsa sizin dediklərinizi təkrar etməli olacaq. Belə güman edirəm ki, bu əsərin həcmini iki-üç dəfə artırsanız çox sanballı bir tarixi roman alınacaqdır. Bu arzularla sizə uğurlar diləyirəm.
Sadıq MURTUZAYEV,
filologiya elmləri namizədi,
“Qızıl qələm” mükafatı laureatı
525-ci qəzet.- 2011.- 12 yanvar.- S.6.